Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov sentyabrın 12-də Xidmətin Naxçıvan MR üzrə baş idarəsinin inzibati binasında vətəndaşlarla görüşüb.
Bu barədə AZƏRTAC-a Dövlət Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Görüşdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Həmçinin Heydər Əliyev Muzeyinə baş çəkilərək Uli Öndərin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olunub.
Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb.
Görüşdə Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan 48 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, həqiqi hərbi xidmətə bərpa olunma, Vətən müharibəsində iştiraka görə təltif olunma, müharibə veteranı adı və vəsiqəsinin verilməsi, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.
Mürsəl İbrahimov görüşdə hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həlli üçün müvafiq tapşırıqlar verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, görüş Prezident İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin 2023-cü ilin sentyabrında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilib. Bölgələrdə vətəndaşlarla görüşlər müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.