Rusiyanın Sankt-Peterburq şəhərinə kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var. Leninqrad vilayətində bir qadın və üç uşaq dəm qazı zəhərlənməsi simptomları ilə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, Sankt-Peterburq qubernatoru Aleksandr Beqlovun yenilənmiş məlumatına görə, şəhərdə 12 çoxmənzilli bina və iki fərdi evə ziyan dəyib. Gecə təxliyə edilən sakinlər evlərinə qayıdırlar.
Yanğınsöndürənlər Sankt-Peterburq neft terminalında, “Ruçyi” neft anbarında və Kolpino rayonundakı sənaye anbarlarında yanğınları söndürməyə davam edirlər. Daha əvvəl şəhərin meri Nevski, Krasnoselski, Krasnoqvardeyski və Moskva rayonlarında mülki infrastruktur obyektlərində yanğınlar barədə məlumat vermişdi. Şəhərdə xüsusi qrup fəaliyyət göstərir və mobil internet xidmətində problemlər yaranıb.
Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenkonun son məlumatına görə, bölgə üzərində 144 dron vurulub. Vsevolojsk rayonunda yaşayış binasına dron parçalarının düşməsi nəticəsində yanğın baş verib. Bir qadın və üç uşaq xəstəxanaya yerləşdirilib. Leninqrad vilayətinin Qatçina şəhərində də çoxmənzilli binalara dron qalıqları düşüb. Eyni bölgədəki Novoselye kəndində park edilmiş 55 avtomobilə ziyan dəyib. Bölgənin Kirovski rayonunda, Temp və Vosxod-2 bağçılıq icmalarında iki evdə də yanğınlar baş verib, xəsarət alan olmayıb.
Leninqrad vilayətinin Yanino kəndində iki transformator yarımstansiyasının sıradan çıxması təxminən 20 min insanı elektriksiz qoyub.
Rusiyanın "VKontakte" sosial şəbəkəsinə sahib olan VK texnologiya şirkəti Leninqrad vilayətindəki data mərkəzinə dron hücumu barədə məlumat verib. Şirkət bildirib ki, xidmətləri istifadəçilər üçün həmişəki kimi əlçatandır.
Sankt-Peterburqdakı Pulkovo hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər qoyulub. Hava limanının mətbuat xidmətinin məlumatına görə, Moskva vaxtı ilə səhər saat 08:00-a olan məlumata görə, 32 uçuş təxirə salınıb, 21 aviareys ləğv edilib və 11 təyyarə alternativ aerodromlara yönləndirilib. Sərnişinlər və işçilər təhlükəsiz yerlərə aparılıb. Hava limanının infrastrukturuna ziyan dəyməyib.
Bundan əlavə, Oryol vilayətinin qubernatoru Andrey Klıçkov bölgəyə gecə hücumu barədə məlumat verib. Onun sözlərinə görə, hava hücumundan müdafiə qüvvələri iki raket və 15 dron vurub. Bir telekommunikasiya qülləsi və poçt binası zədələnib, lakin xəsarət alan olmayıb. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Rusiyanın bölgələri üzərində 1015 dron məhv edilib.