Bakıda belə bir məkanın olduğunu bilirdinizmi?
Keçmişi qarşımızda kitab kimi açan muzeyləri ziyarət edəndə, qədimdən qədim olan tarixi abidələrə baxanda özümüzdən asılı olmadan bizi xoş hisslər bürüyür. Bu hisslərin təsiri altında sanki gördüyümüz abidələr, eksponatlar bir anlıq əlimizdən tutub bizi arxada qalmış illərə, əsrlərə aparır. O illərə, əsrlərə ki biz onları nə zamansa tarix kitablarından oxumuşuq. Yəqin elə buna görə də xəyalən uzaq keçmişlərə səyahət etmək üçün yolumuzu muzeylərdən tez-tez salırıq. Muzeylərə hər gedişimizdə isə nəsə dəyərli bir şey öyrənir, bilik və məlumatlarımızı daha da zənginləşdiririk.
Bəs saat muzeylərini ziyarət etmisinizmi? Məlumat üçün qeyd edək ki, dünyanın inkişaf etmiş bir çox ölkəsində saat muzeyləri fəaliyyət göstərir. Ziyarətçilər həmin muzeylərə həvəslə gedir, saat nümunələrinə maraqla tamaşa edirlər. Zəngin saat muzeylərindən biri Rumıniyanın Ployes şəhərindədir. Bu, Şərqi Avropada yeganə olan Qədim Saatlar Muzeyidir. 1963-cü ildə yaradılan muzeydə 500 növdə gün, qum və su saatları qorunub saxlanılır və nümayiş etdirilir.
Ölkəmizdə də saat muzeyi fəaliyyət göstərir. Bu muzey Bakının qədim kəndlərindən biri olan Maştağada yerləşir. İxtisasca energetik olan və kiçik yaşlarından elektronika dünyasına həvəs göstərən kənd sakini Ramiz Əliyev ömrünün 30 ildən çoxunu bu işə həsr edərək böyük zəhmət bahasına, bir-birinə bənzəməyən və təkrarlanmayan 3 minə yaxın saat növü toplayıb. Bu günlərdə soraqlaya-soraqlaya Ramiz Əliyevin uzun illər ərzində eksponatlarını yığıb topladığı muzeyini görmək üçün onun yaşadığı ünvana getdik.
Günəş və su saatları...
Əvvəlcə tarixə dönək. Bəşər övladı həmişə yeniliyə, kəşflərə can atıb. Zamanın hiss olunmadan axması, vaxtın keçməsi, gecənin gündüzlə əvəz olunması və yaxud prosesin əksinə baş verməsi insanlar üçün həmişə maraqlı olub. Əsrlər boyu insanlar zamana, vaxta hakim olmaq arzusu ilə onu ölçmək üçün cihazlar, alətlər axtarışında olublar. Sonda vaxtı dəqiqləşdirmək üçün Günəş saatını kəşf ediblər. Günəş saatları ən qədim saatlar hesab olunur. Bu cür saatı düzəltmək misirlilərin qismətinə düşüb. Onlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğmasını, müəyyən vaxtlarda göy üzünün müxtəlif nöqtələrində olmasını, batmasını müşahidə edərək ən qədim saatı kəşf ediblər.
Zaman keçdikcə günəş saatı yavaş-yavaş yerini su saatına verib. Su saatının yaranması eramızdan əvvəl II əsrdə qədim Misirdə yaşamış yunan riyaziyyatçısı, mühəndisi Ktesibiosun adı ilə bağlıdır. Su saatı həmin dövr üçün böyük yenilik hesab olunub. Çünki insanlar günəş saatı ilə vaxtı, zamanı yalnız gündüzlər ölçə bilirdilər. Günəş qürub edəndən sonra zamanı ölçmək olmurdu. Su saatı icad olunandan sonra isə insanlar vaxtı gecələr də ölçə biliblər.
Günəş və su saatlarından sonra qədim insanlar qum saatını icad ediblər. Ələnmiş narın qumu ortası boğma şüşə qaba tökür və sonra qabı tərsinə çevirirdilər. Amma bu saatın yanında gərək kimsə növbə çəkəydi. Çünki qum şüşənin alt hissəsinə tökülüb qurtaran kimi yenidən qab tərsinə çevrilməliydi. Qum saatı demək olar ki, eyni hərəkət və prinsip əsasında işləyirdi.
Bütün bunlardan sonra Orta əsrlərdə mexaniki saatların kəşf olunması zamanın dəqiq ölçülməsinə geniş imkanlar yaratdı. İlk sadə mexaniki saat 1335-ci ildə İtaliyanın Milan şəhərində düzəldilib. İllər ötdükcə mexaniki saat mütəxəssislər tərəfindən daha təkmilləşdirilib. Müasir mexaniki saatı X.Hüygens 1657-ci ildə ixtira edib. Saatın sonrakı təkmilləşməsi ingilis mütəxəssis U.Klementin, C.Qraqamın, sonra yenə də Hüygensin adı ilə bağlıdır. XVI əsrin sonunda dəqiqə əqrəbi, 1760-cı ildə isə saniyə əqrəbi kəşf edilib. Yavaş-yavaş saatlara ayın tarixini, həftənin günlərini göstərən əlavə mexanizmlər yerləşdiriblər. Bütün bunlar insanların vaxtı bilmələrini xeyli asanlaşdırıb.
Daha sonra isə qüllə, divar, stolüstü, cib və qol saatları yaradılıb. İlk cib saatları XIX əsrin əvvəllərində istehsal olunub. 1800-cü ildə isə ilk elektrik və elektromexaniki saatlar buraxılmağa başlanıb. Hazırda saat istehsalı üzrə yeni üsullar işlənib hazırlanmaqdadır. Bu gün saatlar təkcə zamanı dəqiqliyi ilə göstərən mexanizm deyil, həm də insanların cəmiyyətdə çəkisini göstərən vasitəyə çevrilib. Dünyada İsveçrə ənənəvi saat ölkəsi kim tanınır.
Saat muzeyi, qeyri-adi məkan
Müxtəlif illərdə, müxtəlif ölkələrdə kəşf edilən saatlar hazırda da zamanı ölçməkdə, vaxtı təyin etməkdə insanlara kömək edir, bir növ onlara xidmət göstərir, işlərini xeyli asanlaşdırır. Maştağa kəndinin sakini Ramiz Əliyevin də elə illərdən bəri müxtəlif çeşidli, müxtəlif ölçülü saatları öz vəsaiti hesabına alıb toplamaqda, muzeyi yaratmaqda məqsədi insanlara xidmət etməkdir.
Muzeyə addımımızı qoyanda sanki özümüzü qeyri-adi bir məkanda, zamanın gur axınında hiss etdik. Muzeydə müxtəlif çeşidli, müxtəlif formalı 3 mindən çox saat eyni vaxtda işləyir, zamanı göstərirdi.
Saatların əqrəblərindən eyni anda qopan ritmik səslərin pıçıltısı altında böyük əziyyətlər bahasına muzey yaratmış Ramiz Əliyevin ömür yolu ilə qısaca tanış oluruq. Öyrənirik ki, atası Əlimirzə kişi uzun illər saatsaz işləyib. Sənətinin, işinin peşəkarı olub. Buna görə də kiçik yaşlarından Ramizin ürəyində bu sahəyə sevgi və məhəbbət yaranıb. 1970-ci ilin sonlarında Bakıdakı texniki peşə məktəblərindən keçmiş ittifaqın şəhərlərində oxumağa göndərilən 20 gəncdən biri də o olub. Yekaterinburqda Mühəndis Pedaqoji İnstitutunu bitirib. Əmək fəaliyyətinə Bakının Dərnəgül qəsəbəsindəki 67 nömrəli liseydə peşə istehsalat təlimi ustası kimi başlayıb, sonra müxtəlif vəzifələrdə çalışıb. İndi də energetik kimi fəaliyyətini davam etdirir. Atasının vəfatından sonra onun xatirəsini yaşatmaq üçün saat kolleksiyası yığmağa başlayıb. Yığılan kolleksiya isə yavaş-yavaş bu gün eksponatlarına böyük maraqla baxdığımız muzeyə çevrilib.
"İstədim ki, Azərbaycanda da Saat muzeyi olsun"
Ramiz deyir ki, nəsillərində ustalıq irsi keçicidir: "Ailəmizdə saatsazlıqla yanaşı, yaxşı rəngsaz da, dülgər də, bənna və başqa sənətkarlar da olub. Ənənə bu gün də davam edir. Atamdan bizə dörd-beş saat yadigar qalmışdı. Mən indiyə qədər onları yaşadığım evdə saxlayıram. Daha da maraqlı olması üçün yaratdığım muzeyə formaca, quruluşca bir-birini təkrarlamayan saatları toplamışam. Yaxşı bilirəm ki, istənilən bir yerdə təkrarçılıq insanı tez yorur, zövqünü oxşamır. Ona görə də çalışmışam ki, saatlar quruluşca bir-birinə bənzəməsin, fərqli olsun. Yalnız bir saat var ki, ondan muzeydə iki ədəddir. O da səbəbsiz deyil. Onların formaları eyni olsa da, işləmə prinsipi bir-birindən fərqlidir. Saatlardan biri irəli, o biri isə geri işləyir. Əvvəllər ziyarətə gələnlərin arasında muzeydə geriyə işləyən saatın olub-olmadığını soruşanlar çox olurdu. İnsanların marağını nəzərə alaraq iki eyni saatı muzeyə qoydum. Sonra bu eynilikdən insanlara zövq verən bənzərsizlik yaratdım. İndi onlardan biri zamanı irəli, digəri isə geri sayır. Öyrəndiyim məlumatlara görə, başqa təyinatlı muzeylərə baxanda saat muzeyləri çox ölkədə yoxdur. Ona görə də çalışıram ki, yaratdığım muzey ölkəmizin, xalqımızın adına layiq olsun. Əslində, mən qarşıma məqsəd qoymamışdım ki, nə vaxtsa muzey düzəldim. Saat toplamaq sadəcə mənim hobbimdir. Amma unutmayaq ki, böyük alovlar kiçik bir qığılcımdan yaranır. Mənim də kiçik hobbim artıq sədləri, sərhədləri aşmaqdadır. Bacardığım qədər muzeydəki eksponatların sayını da, onların formalarını da artırmağa çalışıram. Çünki eksponatlar çoxaldıqca, insanların da maraq dairəsi böyüyür. Bu gün muzeydə dünyanın bir çox ölkəsində istehsal olunmuş ən müxtəlif saatları görmək də, onların səslərini eşitmək də mümkündür. Məktəb, kilsə, vağzal saatlarının zəngi... Divar, qol, cib, günəş, qum saatları, gəmi, stolüstü, zəngli və qədim saatlar... Eksponatlar arasında İsveç, Fransa, Almaniya, İran, Hollandiya, Rusiya və digər ölkələrin də saatlarını görə bilərsiniz. Amma onu da deyim ki, saatların forması, rəngi və başqa əlamətləri fərqli olsa da, eyni funksiyanı yerinə yetirir, vaxtı, zamanı göstərirlər".
Söhbət zamanı bəlli oldu ki, Ramiz Əliyevin topladığı eksponatların bəziləri işlək halda olmayıb. Amma bu, onu həvəsdən salmayıb. Özündən deyən ustaların düzəldib işə sala bilmədiyi həmin saatları alaraq bərpa edib, onların bəzilərinə ikinci, bəzilərinə isə üçüncü həyat verib. Muzeydəki 3 minə yaxın eksponatın arasında çoxlu kişi və qadın qol saatları, cib saatları, divar saatları və digər saatlar var. Kolleksiyada həmçinin üzük boyda olan kiçik qadın qol saatları da ziyarətçilərin diqqətini cəlb edir. Muzeydəki eksponatların arasında dünya işığından məhrum olan insanlar üçün nəzərdə tutulmuş saatlar da ziyarətçilərin diqqətini çəkir. Muzeydəki qiymətli eksponatlardan biri də mexanizmi taxtadan olan XVIII əsrə aid saatlardır. Ramiz müəllim deyir ki, bunlar yüklərlə işləyir. Saatlar işlədikcə yüklər aşağı enir, sonra onu yuxarı qaldırırlar. Beləcə, saat dayanmadan işləyir, vaxtı, zamanı ölçməyinə davam edir. Bu saatlar artıq üçüncü əsrdir ki, dayanmadan işləyir. Qədim və nadir saatlar arasında kəfgirin oynadığı saat da öz orijinallığı ilə ziyarətçiləri heyran qoyur.
Qədim saatlar, radiolar, plastinkalar...
Eksponatlar arasında indiyə qədər heç yerdə rastlaşmadığımız saatları da gördük. Çünki həmin saatları kolleksioner özü düzəldib. Məsələn, hər 15 dəqiqədən bir zəng vuran orijinal saatlardan biri zamanın bütün göstəricilərini - ayın tarixini, həftənin gününü və ilin hansı ayı olduğunu özündə əks etdirir.
Kolleksiyadakı cib saatları da maraq doğururdu. Xronometr, repitr, gün və ay göstəricisi olan saatlar ziyarətçilərin daha çox diqqətini cəlb edirdi. Fransada istehsal olunmuş mərmərdən düzəldilən, hər saatın tamamında qu quşu səsi çıxaran divar saatları da gözümüzdən yayınmadı. Lampa-saat isə həm estetik, həm də orijinaldır. Bu saat gecələr həm vaxtı göstərir, həm də otağı işıqlandırır. Divar saatlarının bir neçəsi isə göstəriciləri ilə görənləri heyran edir. Onların arasında zınqırovlu, müəyyən fiqurların əks olunduğu, quş səsi çıxaranları da var. Muzeydə Ulu Öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Məmməd Əmin Rəsulzadənin, marşal Æukovun və başqa tarixi şəxsiyyətlərin şəkilləri olan saatlar da var.
Söhbətimiz zamanı Ramiz Əliyev cib saatları haqqında da qısa məlumat verdi. Dedi ki, cib saatları bütün zamanlarda dəbdə olub. Ondan daha çox ovçular, səyyahlar istifadə ediblər. Bəzi cib saatları var ki, həm də zəng çalır. Bu da yolçuluqla bağlıdır.
Muzeydə "ağıllı saat"lar da var
Ramiz Əliyev saat ustası deyil, energetikdir. Muzeydə ziyarətçi olsa da, olmasa da, o, tez-tez bu sevimli məkana gəlir, böyük həvəslə topladığı eksponatlarla "görüşür", onlara sığal-tumar çəkir. Kolleksioner deyir ki, saatların ölçüləri, formaları fərqli olsa da, mexanizmləri, iş prinsipləri eynidir. Buna görə də sıradan çıxanda onları eyni bir sistem üzrə bərpa etmək mümkündür.
Muzeydə nümayiş olunanlar arasında "ağıllı saat"lar da var. Bu saatlar elə quraşdırılıb ki, onlar yalnız gündüzlər saatın tamamında zəng çalır. Gecələr isə insanları narahat etməmək üçün "susmağa" üstünlük verirlər.
Eksponatları toplayarkən uşaqlar da unudulmayıb. Muzeydə uşaq saatları da var. Valideynlərinin yanında bu məkana gələn uşaqlar başqa nümunələrlə yanaşı, bu saatlara da böyük maraqla tamaşa edirlər.
Bir zamanlar eksponatları yeni-yeni toplamağa başlayanda bu işinə görə bəzən onu qınayanlar da olub. Amma bu sözlər Ramizin əlini işdən soyutmayıb. O, böyük əziyyətlər bahasına düzəltdiyi muzeyi daha da zənginləşdirmək üçün yeni saat formaları axtarmağa davam edir. Deyir ki, muzeydə olmayan hansısa bir eksponat qarşıma çıxanda necə olursa-olsun, onu əldə etməyə çalışıram: "İstəyirəm ki, muzeydə saat nümunələri daha çox, daha zəngin olsun. Xarici ölkələrə gedəndə də axtarışlarımdam qalmıram".
Muzeydə gördüklərimizdən, Ramiz müəllimin dediklərindən belə qənaətə gəldik ki, onun kimi insanlar ömürlərini mənasız yaşamırlar. Daim çalışırlar ki, içində yaşadıqları cəmiyyət üçün gərəkli, yaddaqalan işlər görsünlər.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"