Müasir beynəlxalq münasibətlər sistemində və qlobal iqtisadiyyatda baş verən köklü dəyişikliklər dövlətlərin inkişaf prioritetlərini əsaslı şəkildə yenidən müəyyənləşdirir. Dünyada artıq rəqabət yalnız təbii sərvətlər, istehsal gücü və ya coğrafi mövqe üzərində qurulmur. Yeni dövrün əsas rəqabət üstünlüyü rəqəmsal texnologiyalara sahib olmaq, innovasiya yaratmaq, süni intellekt imkanlarından səmərəli istifadə etmək, kibertəhlükəsizliyi təmin etmək və yüksək ixtisaslı insan kapitalı formalaşdırmaqla ölçülür. Məhz buna görə də inkişaf etmiş dövlətlərin iqtisadi siyasətində rəqəmsallaşma milli inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilmişdir.
Azərbaycan da Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial-iqtisadi islahatlar nəticəsində bu istiqamətdə mühüm uğurlar əldə etmişdir. Ölkədə rəqəmsal dövlət quruculuğu, elektron hökumət, innovasiya iqtisadiyyatı, süni intellekt və kibertəhlükəsizlik sahəsində həyata keçirilən sistemli tədbirlər göstərir ki, rəqəmsal inkişaf artıq ayrıca bir sektor deyil, bütün dövlət idarəçiliyinin yeni inkişaf fəlsəfəsidir. Qarşıya qoyulan əsas məqsəd dövlət xidmətlərinin sadəcə elektronlaşdırılması deyil, dövlətin idarəetmə modelinin tamamilə yeni prinsiplər əsasında qurulması, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir.
Məhz bu məqsədlə 2026-cı ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən geniş müşavirədə ölkənin rəqəmsal gələcəyini müəyyən edən mühüm qərarlar qəbul olundu. Həmin müşavirədə rəqəmsallaşma, elektron hökumət, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrinin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi, dövlət idarəçiliyində yeni koordinasiya mexanizmlərinin yaradılması barədə mühüm tapşırıqlar verildi. Bu qərarlar Azərbaycanın gələcək inkişaf modelinin məhz yüksək texnologiyalar üzərində qurulacağını bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı" isə bu siyasətin əsas yol xəritəsinə çevrildi. Sənəd dövlət idarəçiliyinin optimallaşdırılması, iqtisadiyyatın rəqəmsal transformasiyası, süni intellekt texnologiyalarının tətbiqi, innovasiya ekosisteminin inkişafı, kibertəhlükəsizliyin gücləndirilməsi və insan kapitalının inkişafını vahid strateji çərçivədə birləşdirir.
Fəaliyyət Planının mühüm xüsusiyyətlərindən biri ondan ibarətdir ki, burada rəqəmsallaşma yalnız texniki proses kimi deyil, dövlət idarəçiliyinin, iqtisadiyyatın və cəmiyyətin bütün sahələrini əhatə edən kompleks inkişaf modeli kimi nəzərdə tutulur. Məhz buna görə də sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə tam uzlaşdırılmışdır.
Bu strateji yanaşmanın institusional təminatı məqsədilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurası yaradıldı. Şuranın yaradılması rəqəmsal transformasiya proseslərinin vahid mərkəzdən idarə olunmasına, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsinə və qəbul edilən qərarların daha operativ icrasına xidmət edir. Eyni zamanda Prezidentin tapşırığına əsasən bütün dövlət qurumlarında rəqəmsallaşmaya cavabdeh rəhbər müavinlərinin müəyyən olunması bu sahədə məsuliyyət mexanizmini daha da gücləndirdi.
2026-cı il iyunun 29-da keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclası Azərbaycanın rəqəmsal inkişaf siyasətində yeni mərhələnin başlanğıcı oldu. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən iclasda Fəaliyyət Planının icrası, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması geniş müzakirə edildi.
Birinci vitse-prezident Mehriban Əliyeva çıxışında vurğuladı ki, rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik qarşıdakı illərdə dövlət siyasətinin əsas prioritetləri olacaq. O bildirdi ki, texnoloji inkişaf milli maraqların qorunmasına xidmət etməli, bütün qərarlar Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi prinsipi əsasında qəbul olunmalıdır.
İclas zamanı rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev dövlət qurumları üzrə hazırlanmış yol xəritələri, Milli Məlumat Hövzəsinin yaradılması, Hökumət Buludu platformasının genişləndirilməsi, "mygov" ekosisteminin inkişafı, süni intellekt həllərinin tətbiqi və milli kibertəhlükəsizlik infrastrukturunun qurulması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.
Prezidentin köməkçisi Şahmar Mövsümov innovasiya iqtisadiyyatının inkişafını təmin edəcək geniş qanunvericilik paketinin hazırlandığını bildirdi. Elm və təhsil naziri Emin Əmrullayev isə təhsil sistemində rəqəmsallaşma, "Rəqəmsal məktəb", "STEAM Azərbaycan" və "Rəqəmsal bacarıqlar" layihələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən işləri təqdim etdi.
Bu çıxışlar göstərdi ki, rəqəmsal inkişaf təkcə bir nazirliyin deyil, bütün dövlət idarəçiliyinin ümumi strateji fəaliyyət istiqamətidir.
Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiyanın mərkəzində vətəndaş dayanır. Dövlət xidmətlərinin məqsədi yalnız elektron platformaya keçirilməsi deyil, onların daha əlçatan, daha operativ, daha şəffaf və daha keyfiyyətli şəkildə təqdim edilməsidir.
Bu məqsədlə "mygov" platformasının imkanları davamlı şəkildə genişləndirilir. Artıq müxtəlif dövlət qurumlarının təqdim etdiyi xidmətlər vahid platformada birləşdirilir. "e-Sosial", "e-Təbib", "e-Su", "e-Polis", "Mobil Notariat", "Azərişıq", "MigAz", "Reseptim", "ASAN Müraciət" və digər xidmətlərin inteqrasiyası nəticəsində vətəndaş dövlət xidmətlərini bir məkandan əldə edə bilir.
Bu yanaşma dövlət xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, dövlət idarəçiliyində pərakəndəliyin aradan qaldırılmasına, idarəetmənin səmərəliliyinin artırılmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Rəqəmsal transformasiyanın növbəti mühüm istiqamətlərindən biri dövlət xidmətlərinin proaktiv model əsasında təşkili və məlumat əsaslı idarəetməyə keçidin təmin edilməsidir. Müasir dövrdə dövlət idarəçiliyinin səmərəliliyi yalnız xidmətlərin elektron formada təqdim olunması ilə məhdudlaşmır. Əsas məqsəd vətəndaşın ehtiyacını əvvəlcədən müəyyənləşdirən, müraciət etmədən xidmət göstərən, məlumatların təkrar təqdim olunmasını aradan qaldıran və bütün prosesləri avtomatlaşdıran ağıllı idarəetmə modelinin qurulmasıdır. Bu baxımdan Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər dövlət xidmətlərinin keyfiyyətini tamamilə yeni mərhələyə yüksəltməyə xidmət edir.
Artıq yaşa görə əmək pensiyasının təyin olunması zamanı vətəndaşın əlavə müraciət etməsinə ehtiyac qalmır. Müvafiq şərtlər ödənildikdə dövlət informasiya sistemlərində mövcud olan məlumatlar əsasında pensiya avtomatik qaydada təyin edilir. Eyni yanaşmanın uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi, sənədlərin etibarlılıq müddətinin başa çatması barədə əvvəlcədən məlumatlandırma və digər sosial xidmətlərdə də tətbiqi nəzərdə tutulur. Bu isə vətəndaş məmnuniyyətini artırmaqla yanaşı, dövlət xidmətlərinin operativliyini və şəffaflığını da təmin edir.
Rəqəmsal transformasiyanın əsas elementlərindən biri də Milli Məlumat Hövzəsinin yaradılmasıdır. Dövlət qurumlarında mövcud olan məlumatların vahid platformada toplanması onların dəqiqliyinin, tamlığının və etibarlılığının artırılmasına imkan verəcək. Bu sistem müxtəlif dövlət qurumlarının informasiya bazalarını əlaqələndirməklə yanaşı, böyük verilənlərin (Big Data) analitik emalını və süni intellekt texnologiyalarının tətbiqini də mümkün edəcək. Gələcəkdə vətəndaşların fərdi ehtiyaclarının əvvəlcədən müəyyən olunması və onlara uyğun xidmətlərin proaktiv şəkildə təqdim edilməsi məhz bu məlumat bazası üzərində qurulacaq.
Rəqəmsal iqtisadiyyatın inkişafında innovasiya ekosisteminin gücləndirilməsi də xüsusi yer tutur. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, iqtisadi artımın əsas mənbələrindən biri innovativ sahibkarlığın inkişafıdır. Bu baxımdan Azərbaycanda vençur maliyyələşdirilməsi mexanizmlərinin yaradılması, "mələk investorlar" institutunun formalaşdırılması, kraudfandinq platformalarının hüquqi əsaslarının müəyyən edilməsi və "Fondlar Fondu" modelinin tətbiqi innovasiya sektorunun maliyyə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.
Hazırlanmış qanunvericilik paketi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. İlk dəfə olaraq rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və frilanser fəaliyyəti kimi anlayışlar qanunvericilikdə dəqiq hüquqi status qazanacaq. Bununla yanaşı, texnologiya şirkətləri üçün uzunmüddətli vergi güzəştləri, yüksək ixtisaslı mütəxəssislər üçün vergi stimulları, texnoloji avadanlıqların idxalı üzrə güzəştlər və proqram təminatı sahəsində yeni hüquqi mexanizmlər nəzərdə tutulur. Bu dəyişikliklər Azərbaycanın investisiya mühitini daha da yaxşılaşdıracaq və ölkəni regionun innovasiya mərkəzlərindən birinə çevirmək məqsədinə xidmət edəcək.
Süni intellekt texnologiyalarının inkişafı da yeni mərhələyə qədəm qoyur. Dünyada süni intellekt artıq yalnız informasiya texnologiyaları sahəsinin elementi deyil, səhiyyədən təhsilə, maliyyədən sənayeyə qədər bütün sahələrin inkişafına təsir göstərən əsas texnoloji platformaya çevrilmişdir. Azərbaycan da bu istiqamətdə qabaqcıl yanaşmanı seçərək dövlət xidmətlərinin optimallaşdırılması və idarəetmənin keyfiyyətinin artırılması üçün süni intellekt həllərinin tətbiqini sürətləndirir.
Artıq "mygov" platformasında vətəndaşlara fasiləsiz xidmət göstərən virtual köməkçi istifadəyə verilib. Eyni zamanda səhiyyə, gömrük, təhsil və digər dövlət qurumlarında tətbiq ediləcək yeni süni intellekt layihələri hazırlanır. Milli hesablama infrastrukturunun qurulması məqsədilə yüksək məhsuldarlıqlı qrafik prosessorlarının alınması, süni intellekt üzrə "Regulatory Sandbox" mexanizminin yaradılması və innovativ layihələrin təhlükəsiz hüquqi mühitdə sınaqdan keçirilməsi ölkəmizin bu sahədə uzunmüddətli inkişaf strategiyasının mühüm elementləridir.
Rəqəmsal inkişafın etibarlı şəkildə davam etdirilməsi üçün kibertəhlükəsizliyin təmin olunması əsas prioritetlərdən biridir. Müasir dünyada kibertəhlükələr iqtisadi sabitlik, dövlət idarəçiliyi və milli təhlükəsizlik üçün ciddi risklər yaradır. Buna görə də Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli CERT və Təhlükəsizlik Əməliyyatları Mərkəzinin fəaliyyətə başlaması, kritik informasiya infrastrukturunun qorunması və dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına köçürülməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.
Bununla yanaşı, ali təhsil müəssisələrində beynəlxalq kibertəhlükəsizlik proqramlarının tətbiqi, əhalinin kibergigiyena üzrə maarifləndirilməsi və yüksək ixtisaslı mütəxəssislərin hazırlanması kibermüdafiə sisteminin dayanıqlığını daha da artıracaq.
Rəqəmsal transformasiya siyasətinin mühüm istiqamətlərindən biri də təhsil sisteminin müasirləşdirilməsidir. Son illər məktəblərdə internet infrastrukturu əhəmiyyətli dərəcədə gücləndirilmiş, yüz minlərlə kompüter təhsil müəssisələrinə təqdim olunmuş, "Rəqəmsal məktəb" platforması istifadəyə verilmişdir. Bu platforma müəllimləri, şagirdləri, valideynləri və məktəb rəhbərliyini vahid rəqəmsal mühitdə birləşdirərək təhsil prosesinin daha səmərəli idarə olunmasına şərait yaradır.
"Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri vasitəsilə yüz minlərlə şagird proqramlaşdırma, robototexnika, mühəndislik və digər müasir texnologiyalar sahəsində biliklər əldə edir. Gələcək mərhələdə süni intellekt əsaslı fərdiləşdirilmiş tədris sistemlərinin tətbiqi, müəllimlərin inzibati yükünün azaldılması və məlumat əsaslı tədris modelinin qurulması təhsil sisteminin keyfiyyətini daha da yüksəldəcək.
Bütövlükdə həyata keçirilən bütün bu islahatlar göstərir ki, Azərbaycan rəqəmsal inkişafı yalnız texnoloji yenilik kimi deyil, dövlət quruculuğunun yeni inkişaf modeli kimi qəbul edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyən edilmiş strateji kurs ölkənin rəqəmsal suverenliyinin möhkəmləndirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, innovasiya əsaslı inkişafın sürətləndirilməsinə və insan kapitalının gücləndirilməsinə xidmət edir.
Bu gün Azərbaycanda formalaşdırılan rəqəmsal inkişaf modeli gələcəyin çağırışlarına cavab verən, müasir texnologiyalara əsaslanan və milli maraqları qoruyan kompleks inkişaf konsepsiyasıdır. Bu siyasətin ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmiz regionun aparıcı rəqəmsal iqtisadiyyatlarından birinə çevriləcək, yüksək texnologiyalar sahəsində beynəlxalq əməkdaşlığını genişləndirəcək və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün möhkəm təməl formalaşdıracaq.
Şahin Seyidzadə,
Milli Məclisin deputatı