Qubanın ən çox üz tutulan turist marşrutlarından olduğu çoxdan məlumdur. Bu müddət ərzində Qubada turizm infrastrukturunun yaradılması və inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb.
Burada müasir istirahət mərkəzləri, yeni hotellər tikilib, qədim tarix-mədəniyyət abidələri təmir olunub, sənətkarlıq nümunələrinin nümayiş etdirilməsi üçün şərait yaradılıb və s. Olimpiya idman kompleksi, SPA mərkəzləri, Xınalıq, Cek, Qrız və digər kəndlər, qədim xalçaçılıq sənətinin inciləri və onlarca digər göstəricilər bu gün Qubanın turizm simasıdır. Rayonda 140-dan çox tarix-memarlıq, o cümlədən 70 təbiət abidəsi də var. Təbii fəlakətlər zamanı yaranmış bu abidələrə yerli əhali təbiət möcüzəsi deyir.
"Gəlin qayası", "Qızıl qaya", "Gülcahan daşı", "Xan bulağı", "Daş gəlinlər", "Ağacda ev", "Xaltan suyu"nu başqa necə adlandırmaq olar ki… Onu da qeyd edək ki, rayon ərazisindəki 60-dan çox arxeoloji abidənin böyük hissəsi IV-XVII əsrlərə aiddir. Əvvəlki illərdə onların bir çoxunun yolu təmirsiz idi. Sonralar yollar təmir edilmiş, bəzi ərazilərdə isə yeni turizm infrastruktur sahələri yaradılmışdır.
Rayonda turizmin inkişafında Quba Destinasiya Menecmenti Təşkilatı əhəmiyyətlli rola malikdir. Turizm bürosunun təşkilatçılığı ilə "Şimal və şimal-qərb regionunda dağ turizm marşrutlarının tədqiqi və cığırların işarələnməsi" layihəsi çərçivəsində Quba dağ turizmi üzrə dörd piyada marşrutu hazırlanıb. Xınalıq-Qalaxudat, Qalaxudat-Qrız, Qrız-Qrızdəhnə marşrutları üzrə yüzlərlə insan ecazkar təbiəti seyr edir, adrenalin yaşantıları onların yaddaşında xatirəyə çevrilir.
Turizm həm də beynəlxalq əlaqələrin inkişafı deməkdir. Məsələn, Dövlət Turizm Agentliyi və İsrailin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi məqsədilə "Qırmızı qəsəbə"də yeni turizm məlumat nişanları hazırlanaraq istifadəyə verilib. Yaxın zamanda daha bir neçə ölkənin məlumat lövhələrinin açılışı gözlənilir.
Turistlərin gəzinti zamanı görmək istədikləri yerlərdən biri də Quba Memorial Soyqırımı Kompleksidir. Azərbaycanlıların vəhşicəsinə qətlə yetirildikləri yerdə ucaldılan kompleksdə ermənilərin yerli əhaliyə tutduqları divan konkret faktlarla ziyarətçilərə təqdim olunur. Ziyarətçilərin isə sayı az deyil. Təxmini hesablamaya görə, son bir ildə kompleksi 15 mindən çox xarici turist ziyarət edib.
Rayonda kənd turizminin inkişafı istiqamətində də xeyli iş görülüb. Susay, Təngəaltı, I Nügədi, II Nügədi, Pirvahid və digər kəndlərdə hər mövsüm saysız-hesabsız turist dincəlir. Bu yolla evləri kirayə götürən turistlər həm yerli sakinlərin ailə büdcələrini artırır, həm də özləri səs-küylü bahalı istirahət məkanlarından uzaq olub təbii kənd həyatının ləzzətini yaşayırlar.
Bu cür istirahət və səyahət həvəskarları daha çox Xınalığa yol alır və kəndin mədəniyyəti, dili barədə məlumatlarla maraqlanırlar. Həmin istiqamətdəki Qrız kəndi də onların marağından qaçmır. Bir çox turistlər isə özləri ilə gətirdikləri çadırları kəndlərin ətrafında quraraq istirahətlərini torpaqla təmasda keçirirlər. Məsələn, yayın əvvəlindən bəri Təngəaltı, Xuçbala, Qrız, Gültəpə istiqamətində bir neçə təbii turist düşərgəsi salınıb.
Artıq payızın astanasındayıq. Qubada bu fəslin gözəlliyi heç də yaydan geri qalmır. Ağacların 7 rəngli xəzəlləşən dünyasını müşahidə etmək insan ruhunu və gözünü oxşayır. Bu hissi də yaşamaq istəyirsinizsə, Quba sizin yolunuzu gözləyir.
Akif ƏLİYEV,
"Azərbaycan"