Prezident İlham Əliyevin müstəqil, uzaqgörən və praqmatik siyasəti sayəsində Azərbaycan həm ölkə, həm də beynəlxalq miqyasda xeyli uğurlar qazanıb. Ötən 21 illik zaman kəsimində böyük inkişaf yolu qət edən, xarici siyasətində məharətli diplomatiya həyata keçirərək dünyada adından söz etdirən ölkəmizin qlobal arenada özünəməxsus yeri və rolu olduğu danılmazdır.
Reallıqdır ki, Cənubi Qafqazın aparıcı aktoru olan respublikamızla hərtərəfli əlaqələr qurmaqda maraqlı olan ölkələrin sayı durmadan artır. Çünki, sözü imzası qədər dəyərli olan Prezident İlham Əliyev Azərbaycana dünyada etibarlı, güvənilən ölkə adı qazandırıb. Bütün bunlara görədir ki, ölkəmizin rəhbəri hər zaman qlobal əhəmiyyətli tədbirlərə dəvət alan ali qonaqlar sırasında olur.
Mayın 15-də Prezident İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib. Dövlətimizin başçısının "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirakı bir daha ölkəmizin xarici siyasət kursunun uğurunu təsdiqlədi.
Uğurlu xarici siyasət
Bu gün ölkəmiz həm də yeni və ədalətli dünya nizamı naminə həyata keçirdiyi siyasəti, baş verən münaqişələrdə daim ədalətin və beynəlxalq hüququn yanında olması, problemlərin dialoq yolu ilə həll olunmasına tərəfdar çıxması ilə böyük diqqət və rəğbət görür. Ötən cümə axşamı Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Prezident İlham Əliyevə zəng edərək Hindistanın ölkəsinə qarşı hərbi hücumları və atəşkəsin əldə olunduğu haqqında məlumat verməsi, baş vermiş böhran zamanı Azərbaycanın göstərdiyi diplomatik, siyasi dəstəyə və Pakistan xalqı ilə həmrəyliyinə görə təşəkkürünü ifadə etməsi də elə bu qəbildəndir.
Ümumiyyətlə, Bakının həyata keçirdiyi çoxşaxəli beynəlxalq siyasət ölkəmizin həm Şərq, həm də Qərb ölkələri ilə uğurlu əlaqələr qurmasına mühüm zəmin yaradır.
Apreldə Prezident İlham Əliyevin Türkiyəyə və Çinə səfər etməsi, həmçinin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın, İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə gəlmələri buna nümunədir.
Bu il aprelin 22-dən 24-dək Prezident İlham Əliyevin Çin Xalq Respublikasında dövlət səfərində olması da bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Səfər zamanı Pekində Prezident İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" imzaladılar. Sözügedən bəyanatda da deyilir ki, tərəflər xalqlarının seçdiyi və milli şərtlərə uyğun olan inkişaf yolunu seçməkdə bir-birini möhkəm dəstəkləyir, hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında bir-birinə qətiyyətli dəstək verirlər.
Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanla Çin arasında bəyanatın imzalanması ölkəmiz üçün həqiqətən mühüm nailiyyətdir.
Xatırladaq ki, aprelin 10-da ölkəmizin rəhbəri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 4-cü Antalya Diplomatiya Forumunda iştirak etmək üçün adıçəkilən ölkədə işgüzar səfərdə olub. Həmin səfər zamanı dövlətimizin başçısının Antalyada Prezident Rəcəb Tayyib Ərdoğan, eləcə də digər ölkə rəhbərləri ilə görüşlər keçirməsi Azərbaycanın beynəlxalq siyasətdəki vacib rolunu bir daha təsdiqlədi.
Avropanın ümid yeri
Azərbaycanın region ölkələri ilə əlaqələri də bölgədə təhlükəsizliyə, inkişafa və tərəqqiyə hesablanıb. Bu baxımdan, Azərbaycan-İran əlaqələri mühüm diqqət çəkir. Bu il aprelin 28-də İran Prezidenti Məsud Pezeşkianın ölkəmizə səfər etməsi göstərdi ki, qonşu dövlətlərlə münasibətlər Azərbaycanın xarici siyasətində hər zaman prioritetdir.
Strateji coğrafi bölgədə yerləşməsi, o cümlədən ənənəvi və bərpaolunan enerji ehtiyatları ilə zəngin olması ölkəmizi daim dünyanın diqqət mərkəzinə çevirir. Enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımından Avropa ölkələrinin Azərbaycana ehtiyacının artması da günümüzün reallığıdır.
Hazırda Azərbaycanın qaz satdığı 10 Avropa ölkəsindən 8-i Avropa İttifaqının üzvüdür. Azərbaycan enerji sahəsində etibarlı tərəfdaş olduğu üçün burada qaz təchizatımızın coğrafiyası da gündən-günə genişlənir.
Aprelin 25-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Prezident İlham Əliyevlə görüşü zamanı qeyd etmişdi ki, Avropa İttifaqı Azərbaycanla əlaqələri yüksək dəyərləndirir və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır. O həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayaraq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini demişdi.
Bu nümunələrdən də göründüyü kimi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən xarici siyasət sayəsində Azərbaycan təkcə regionda deyil, dünya miqyasında tanınan və böyük etimad göstərilən nüfuzlu ölkəyə çevrilib.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"