15 Dekabr 2025 16:12
360
İQTİSADİYYAT
A- A+
Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  


XIX əsrdə neft hasilatı əsasən dünya iqtisadiyyatında artım və sənaye inkişafına xidmət edirdisə, XX əsrdə bu amillərlə yanaşı, neft getdikcə geosiyasi mübarizənin mühüm vasitəsinə çevrildi. Bunun bariz nümunəsini SSRİ-yə qarşı Qərbin apardığı strateji mübarizədə görmək mümkündür. Bu gün də Rusiyanın aqressiv siyasətinə qarşı Qərbin həyata keçirdiyi tədbirlər sırasında dünya bazarında neftin qiymətinin aşağı salınması yolu ilə iri neft hasilatçısı olan Rusiyanın gəlirlərinin məhdudlaşdırılması xüsusi yer tutur.

Uzun illər Avropanı nüvə silahı ilə təhdid altında saxlayan Sovet dövləti dünya bazarına böyük həcmdə neft çıxararaq külli miqdarda xarici valyuta əldə edirdi. Yaxın Şərqi, Şərqi Avropanı, hətta ABŞ-ın “qulağının dibində” yerləşən və “azadlıq adası” adlandırılan Kubanı öz protektoratı altında saxlayan SSRİ qlobal təsir dairəsini genişləndirmişdi. Bu təhdid siyasəti 1962-ci ildə tarixə “Karib böhranı” kimi düşmüş hərbi-siyasi və diplomatik qarşıdurma ilə nəticələndi.

“Soyuq müharibə” dövründə dünya iki supergüc arasında artan gərginliyi həyəcanla izləyir, nüvə qarşıdurmasının baş verəcəyindən ehtiyat edirdi. Böhranın əsas səbəbi ondan ibarət idi ki, Türkiyə NATO-ya üzv qəbul edildikdən on il sonra, 1961-ci ildə ABŞ onun ərazisində hərbi baza yaradaraq “orta mənzilli” raketlər yerləşdirmişdi. İzmir şəhəri yaxınlığında yerləşdirilən 15 raket 2400 kilometr uzaqlıqdakı hədəfi vurmaq imkanına malik idi ki, bu da onların birbaşa Moskvaya tuşlandığını göstərirdi. Buna cavab olaraq Sovet İttifaqı 1962-ci ilin aprelində hərbi gəmilərini Karib dənizinə çıxararaq Kubada 4000 kilometr məsafəni vura bilən nüvə başlıqlı raketlər yerləşdirdi. Sovet ordusunun Baş Qərargahı “Anadır” kod adlı əməliyyat çərçivəsində 85 hərbi gəmi vasitəsilə Kubanın Kasilda limanına təxminən 40 min hərbçi göndərdi.

Vəziyyət o həddə çatdı ki, ABŞ Prezidenti Con Kennedi televiziya vasitəsilə xalqa müraciət edərək ölkənin ağır günlər yaşadığını etiraf etdi. Həmin dövrün ABŞ mətbuatı Şimali Karolina ştatından əhalinin köçürülməsi, eləcə də ölkə üzrə nüvə hücumundan qorunmaq üçün sığınacaqların hazırlandığı barədə məlumatlar dərc edirdi. SSRİ rəhbəri Nikita Xruşov da televiziyada çıxış edərək geri çəkilməyəcəyini bəyan etdi. Hər iki ölkənin silahlı qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirildi.

Nəhayət, beş ay davam edən gərginlikdən sonra Prezident Kennedi SSRİ-nin ABŞ-dakı səfiri Anatoli Dobrınini Ağ Evə dəvət etdi. Səfir öz memuarlarında yazırdı: “Prezidentin kabinetindəki divanda səliqəsiz vəziyyətdə yorğan var idi ki, bu da onun gecələr kabinetində yatdığını göstərirdi. O, son dərəcə narahat idi və hərbçilərin təzyiqlərinə baxmayaraq müharibənin başlamasını istəmirdi”. Görüş zamanı ABŞ Prezidenti təklif etdi ki, Sovet İttifaqı BMT-nin nəzarəti altında Kubadakı raketləri geri çəksin, əvəzində ABŞ da Türkiyədə yerləşdirdiyi raketləri BMT-nin nəzarəti ilə söksün. Təklif Moskvaya çatdırıldı və tərəflər arasında razılıq əldə olundu. Nəticədə raketlər qarşılıqlı şəkildə geri götürüldü.

Karib böhranı başa çatsa da, “soyuq müharibə” davam edirdi. Qərb SSRİ-ni iqtisadi baxımdan zəiflətmək məqsədilə neft amilindən sistemli şəkildə istifadə etməyə başladı. İlk növbədə, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün ABŞ-da və Şimal dənizində geniş kəşfiyyat və qazma işləri aparıldı. Norveç və Niderlandda iri neft və qaz yataqları aşkar edildi və hasilata başlanıldı. Paralel olaraq Səudiyyə Ərəbistanının təhlükəsizliyini öz üzərinə götürən ABŞ bu ölkəyə dünya bazarına böyük həcmdə neft çıxarmaq üçün şərait yaratdı.

Bu tədbirlər ötən əsrin 70-ci illərinin sonlarından etibarən dünya bazarında neftin ucuzlaşma tendensiyasını gücləndirdi. Əgər 1973-cü ildə bir barel neftin qiyməti 60–65 dollar arasında idisə, 1980-ci ildə 38 dollara, 1984-cü ildə 28 dollara, 1989-cu ildə isə 11 dollara qədər düşdü. Bu proses SSRİ-yə ağır iqtisadi zərbə vurdu və nəticədə dövlətin dağılmasını sürətləndirdi. Maraqlıdır ki, Sovet İttifaqı dağıldıqdan sonra, 1991-ci ildən etibarən dünya bazarında neftin qiyməti yenidən artmağa başladı və 2008-ci ildə rekord həddə çataraq bir barel üçün 145 dollar oldu.

Bu gün oxşar taktikanın yenidən tətbiq edildiyini müşahidə edirik. Avropa və ABŞ-da yeni yataqlar istismara açılır, Səudiyyə Ərəbistanı bazardakı payını qorumaq məqsədilə ucuz neft siyasətini davam etdirir, OPEC hasilatı artırır və daha çox maliyyə resursu əldə etmək istəyən istehsalçılar bazara əlavə neft çıxarırlar. Bütün bunlar dünya bazarında qiymətlərin aşağı istiqamətdə hərəkətini stimullaşdırır.

Bununla belə, Qərb mütəxəssisləri hesab edirlər ki, qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq. Əgər 1962-ci ildə geosiyasi qarşıdurmanın kəsişmə nöqtəsi Kuba idisə, bu gün həmin kəsişmə nöqtəsi Ukraynadır.

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Süveyş kanalı yenidən risk altında: iri gəmiçilik şirkətləri keçidi dayandırır

18:19
03 Mart

Fövqəladə hallar naziri BMMT-nin İcraiyyə Şurasının növbədənkənar sessiyasında iştirak edib  

18:18
03 Mart

Yaxın Şərqdə müharibənin uzanması Avrozonada inflyasiyanı artıra bilər

18:17
03 Mart

Küləkli hava şəraiti ilə əlaqədar sarı xəbərdarlıq verilib

18:01
03 Mart

Hava bəzi yerlərdə yağıntılı olacaq, dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:27
03 Mart

Pakistan 389 əfqan qaçqını ölkədən çıxarıb

16:25
03 Mart

Türkiyənin xarici işlər naziri ABŞ-nin Ankaradakı səfirini qəbul edib

16:23
03 Mart

Donald Tramp Britaniya Baş nazirinin İranla bağlı mövqeyini tənqid edib  

16:22
03 Mart

Qurban Yetirmişli: Şamaxıda baş verən zəlzələdən sonra 600-ə yaxın afterşok qeydə alınıb

15:58
03 Mart

“Politico”: Trampın Oval Ofisdə xarici liderlərlə mətbuat konfransları dayandırılıb  

15:54
03 Mart

Rusiya Hökumətinin sədri vətəndaşlarının İrandan təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib  

15:52
03 Mart

Azərbaycandan ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci olub

15:51
03 Mart

Analitiklər neft qiymətlərinin 100 dollaradək bahalaşma ssenarilərini qiymətləndirirlər  

15:50
03 Mart

MDB Baş Prokurorlarının Əlaqələndirmə Şurası Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsinə önəm verir  

15:45
03 Mart

Zelenski Ukrayna Silahlı Qüvvələrinin cənubdakı əks-hücumu haqqında danışıb

15:28
03 Mart

“Şahdağ”da keçiriləcək Avropa çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb  

15:26
03 Mart

Azərbaycan Prezidenti: Alternativ enerji ilə bağlı planlarımız imzalanmış müqavilələrə əsaslanır  

15:25
03 Mart

Prezident: 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsi üzrə hasilatın başlanmasını gözləyirik  

15:24
03 Mart

Prezident İlham Əliyev: Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır  

15:23
03 Mart

Türkiyə XİN başçısı: Tərəfləri yenidən danışıqlar masasına qaytarmağa cəhd göstəririk  

15:22
03 Mart

Aİ komissarı: Azərbaycanın qaz təchizatı İttifaqın enerji təhlükəsizliyinin mühüm sütunu olaraq qalacaq

15:20
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!