Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra hərbi, siyasi, iqtisadi cəhətdən ağır duruma düşən Ermənistana bir şans verərək sülh təklif edib.
Azərbaycanın təklif etdiyi sülh şərtlərindən biri də nəqliyyat və kommunikasiyaların açılması, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran başqa sahələrdə əməkdaşlığın qurulmasıdır. Bu şərt Zəngəzur nəqliyyat dəhlizinin açılmasını da əhatə edir. Hansı ki Ermənistanın baş nazirinin yalvararaq imzaladığı, sonradan müxtəlif bəhanələrlə şərtlərini yerinə yetirməkdən boyun qaçırdığı üçtərəfli Bəyanatda da öz əksini tapıb.
Zəngəzur dəhlizinin açılması Azərbaycan ərazisindən keçməklə Asiya ilə Avropanı birləşdirən Şərq-Qərb dəhlizinin bir hissəsinə çevriləcək, Azərbaycan Avropa iqtisadi halqasını Şərqi Asiya ilə birləşdirən yeni bir qovşaq olacaq. Bu layihənin Cənubi Qafqaza gətirəcəyi iqtisadi dividenddən regionun bütün ölkələrinin bəhrələnə biləcəyini izah etməyə qəti ehtiyac yoxdur. Layihənin işə düşməsi daha çox iqtisadi cəhətdən tənəzzül yaşayan Ermənistana lazımdır. Amma Ermənistan nə edir? Öz məkrli xislətindən əl çəkmir. Yenidən revanş götürmək, itirdiklərini hərbi yolla bərpa etmək "mərəzinə" tutulub. Sülh danışıqlarını lüzumsuz yerə uzadıb danışıqlar adı ilə siyasi manipuilyasiya edib. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək əvəzinə daha çox silahlanmaya, problemi yenidən güc yolu ilə həll etmək niyyətinə düşüb. Hindistandan və İrandan yeni silahlar alıb, müharibə tədarükünə başlayır. Eyni zamanda ermənilər məkrli niyyətlərindən əl çəkməyərək ölkəmizin əleyhinə apardıqları iyrənc təbliğatı gücləndirirlər.
Tez-tez maskasını dəyişmək ermənilərin xislətindədir. Müharibədən məğlub çıxan Ermənistan və onun sifarışlərini yerinə yetirən Qarabağdakı qulbeçələri bu dəfə "yazıq", "məzlum" donu geyib, həşir qoparıb "blokadada qaldıqlarını", "humanitar fəlakət" yaşadıqlarını, "acından qırıldıqlarını" erməni lobbisinin maddi vəsaiti hesabına ələ aldıqları KİV-də tirajladırlar. Məsələni bir qədər də şişirdib Fransa Prezidenti Makronun vasitəçiliyi ilə BMT-də müzakirəyə çıxardırlar.
Məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsi ermənilərə istədiklərini vermədi. BMT-dən istədiyini ala bilməyən Ermənistanda gərginlik bir qədər də artdı.
Ermənistan rəhbərliyi və Qarabağdakı separatçılar "humanitar yük" adı ilə sərhədlərimizə cəmlədikləri avtomobil konvoyunun Laçın yolu ilə ərazilərimizə buraxılmayacağını bilirdilər. Əvvəlcədən onlara alternativ olaraq Ağdam-Xankəndi yolu təklif olunmuşdu. Ermənilər Azərbaycan əleyhinə təbliğat aparmaq, "humanitar böhran" şousu yaratmaq üçün bu oyunu qurmuşdular. Nəticəsi də bəlli oldu. Bundan sonra avtomobil konvoyunu necə geri qaytaracaqları barədə özləri düşünsünlər. Məsələ burasındadır ki, Ermənistan tutduğu hərəkətdən utanmaq əvəzinə maskasını dəyişib öz mənfur sifətini göstərdi.
BMT Təhlükəsizlik Şurasında aparılan müzakirənin səhərisi Qarabağda "acından ölən", "humanitar fəlakət" yaşayan xuntanın rəhbəri Araik Arutyunyan "xalq könüllü silahlı dəstəsi"nin bir qrup döyüşçüləri ilə toplantı keçirib. Toplantıda "mövcud çətinliklərin öhdəsindən gəlmək üçün döyüşçülərin üzərinə düşən vəzifələr və təhlükəsizliyin təmin edilməsi, bütün səylərin birləşdirilməsinin zəruriliyi" vurğulanıb.
Bir neçə gündür ki, elektron izləmə vasitələri ilə aparılan müşahidələr zamanı Qarabağda olan silahlı birləşmələrin yerlərini dəyişmələri məlum olub. "Xalq könüllü silahlı dəstəsi"nin üzvləri ilə görüş keçirməklə kifayətlənməyən separatçıların başçısı ertəsi gün - avqustun 18-də "respublika müdafiə ordusu" adlanan silahlı qüvvələrin komanda heyəti ilə də görüş keçirib. İyirmi nəfərlik komanda heyəti ilə baş tutan görüşdə "respublikanın müdafiə qabiliyyəti" müzakirə edilib. Bundan iki gün əvvəl isə yeni "spiker", general-mayor daşnak Kamo Vardanyan hərbçilərlə görüş keçirmişdir.
Burada bir məsələyə xüsusi diqqət yetirməyi vacib sayırıq. Bu o deməkdir ki, Ermənistan və separatçılar "məzlum", "yazıq" erməni oyununun nəticə vermədiyini anlayıb ritorikanı dəyişərək 44 günlük Vətən müharibəsindəki məğlubiyyətdən sonra yenidən güc toplamaq həvəsinə düşüblər. Deyə bilərik ki, artıq Ermənistan cəmiyyətində müharibəyə hazırlaşmaq barəsində açıq söhbət gedir.
Heç kimə sirr deyil ki, Nikol Paşinyanın sülh müqaviləsini uzatmaqda məqsədi zaman qazanmaq, yenidən güc toplamaq idi. Şübhəsiz ki, uydurma "humanitar böhran" şousu yaradıb, BMT-də tamaşaya qoyanlar Ermənistana yeni vədlər verib. Dünən "acından öldüklərini", "humanitar fəlakət" yaşadıqlarını, "yağ, ərzaq, çörək dalınca uzaq-uzaq yerlərə getdiklərini" iddia edən bir millətin bu gün müharibəyə hazırlaşması qəribə görünür. Bunu edənlər utanmaq hissindən məhrum olmuş ermənilərdir.
Azərbaycan dəfələrlə bəyan etdiyi kimi, heç kimin ərazisində gözü olmayan, regionda sülhə, sabitliyə daha çox töhfə verən, eyni zamanda prinsiplərinə sadiq, müstəqil siyasət aparan bir ölkədir. Bizi tutduğumuz haqq yolundan nə erməni kələyi, nə Fransa küləyi sapdıra bilməz. Sülh danışıqlarını pozub, zorun gücü ilə danışmaq həvəsinə düşənlər anlamalıdırlar ki, onlara verilən son şansdan istifadə edə bilməsələr, günah onların özlərindədir. Torpaqlarımızda bizimlə silahın dili ilə danışmaq istəyənlər düşünsünlər ki, belə bir səhvə təkrar yol verərlərsə, yalnız Bakıdakı Qənimətlər Parkının ərazilərini genişləndirə bilərlər.
Elşən QƏNİYEV,
"Azərbaycan"