Soydaşlarımız bu günü səbirsizliklə gözləyirlər
Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələrdən, işğal, etnik təmizləmə, zorla köçürülmə və soyqırımlarından böyük əziyyət çəkmişdir. Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatdırılmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayırlar.
Ancaq həqiqət ondan ibarətdir ki, ermənilərin hiyləgərliyi və sovet hakimiyyətinin haylara verdiyi dəstək nəticəsində Qərbi Azərbaycandan 1948-ci və 1953-cü illərdə dövlət səviyyəsində deportasiya adı altında yurdundan zorla qovulanlar, onların oğul və qızları, nəvə və nəticələri ömrü boyu həmin yerlərə qayıtmağın arzusu ilə yaşayıblar, yeri gələndə israrla tələb ediblər. Təəssüf ki, nə sovet hakimiyyəti, nə də ermənilərin dünyanın müxtəlif siyasi dairələrdə kök salan lobbiləri bunun reallaşmasına bütün variantlarda mane olublar. Ancaq Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyevin qətiyyəti və şanlı Azərbaycan Ordusunun şücaəti sayəsində 2020-ci ilin noyabrında tarixi qələbə ilə başa çatan Vətən müharibəsinin yaratdığı yeni reallıqlar ictimaiyyətdə böyük inam yaradıb ki, vaxtilə Qarabağdan və ölkəmizin digər ərazilərindən qaçqın və köçkün düşən insanlar dədə-baba yurdlarına qayıtdıqları kimi, Qərbi Azərbaycandan olan insanlar da öz doğma torpaqlarına dönəcəklər. Onlarda bu inama tam yəqinlik yaradan, ilk növbədə Prezident
İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalıların bir qrupu ilə görüşündə: "Qarabağın məcburi köçkünlər icması artıq öz torpaqlarına qayıdır. Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.
Bunu deməyə əsas verən bir çox amil var. Onlardan yəqin ki, ən önəmlisi xalqımızın tarixi yaddaşıdır.
Bu gün Zəngilan rayonunun Ağalı kəndinin nümunəsi bunu deməyə əsas verir. Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar" deməsidir.
Ölkə rəhbərinin bu çıxışından sonra Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə hazırlanmış Qayıdış Konsepsiyası geniş ictimaiyyətdə rəğbətlə qarşılanmış, habelə Qərbi azərbaycanlıların statusu məsələsi aktuallaşmışdır. Qərbi Azərbaycandan deportasiya edilən soydaşlarımız öz statuslarının geri qaytarılmasını gözləyirlər. Məsələ Milli Məclisin yaz sessiyası müddətində gündəmdə olacaq.
Xatırladaq ki, Qərbi Azərbaycan İcması 1988-1991-ci illərdə indiki Ermənistandan qovulmuş 50 mindən çox ailənin 20 minə qədərinə dəymiş ziyanı hesablanıb. Hazırda isə bu işlər dəqiqliyi ilə davam etdirilir. Həmin illərdə Qərbi Azərbaycanın 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb, 130 kəndin siyahısı tamamlanıb. Təşkilat Qərbi Azərbaycanda tarixi və mədəni irsimizin bütün nümunələrinin dəqiq siyahısının hazırlanması üzərində ciddi iş aparır. Qeyd edək ki, sovet dönəmində erməni daşnakları məqsədli şəkildə yazdıqları, yaydıqları kitab, qəzet və jurnallarda mədəniyyətimizin, zəngin irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin guya ermənilərə mənsub olduğunu iddia etməyə çalışıblar. Eyni zamanda ermənilər tərəfindən azərbaycanlıların mənfi obrazının formalaşdırılması cəhdləri də unudulmayıb.
Konsepsiyaya əsasən, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlıların və onların törəmələrinin öz vətənlərinə qayıtmaq hüququ var. İcma Azərbaycan Respublikasının və Qərbi azərbaycanlıların məskunlaşdığı digər dövlətlərin əhali reyestr xidmətlərinin yardımından istifadə edərək müvafiq beynəlxalq metodologiya əsasında icma üzvlərinin siyahıyaalınmasını həyata keçirir. Bu cür siyahıyaalınmada effektiv vasitələrdən birinin aidiyyəti şəxslərin özünü təqdim etməsi olduğu nəzərə alınaraq, onları bu addıma təşviq etmək üçün vətənindən qovulmanın ciddi hüquq pozuntusu olması barədə geniş informasiya kampaniyası aparılacaq, təhlükəsiz və ləyaqətlə geri qayıtmaq yanaşmasının mahiyyəti geniş ictimaiyyətə izah ediləcək.
Bu konsepsiya indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün icmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.
Qürurverici haldır ki, bu günlərdə Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyi Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciətini BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur.
1948-ci ildə Stalin deportasiyasına məruz qalan Şadlinskilər nəslinin nümayəndəsi, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, professor Vaqif Şadlinski bildirmişdir ki, indiki Ermənistan ərazisindən qovulmuş bütün azərbaycanlılar və onların varislərinin öz vətənlərinə qayıtmaq hüququ var. Bu onların haqqıdır. Son 200 ildə başımıza gələn müsibətlərdən dolayı icma təhlükəsizlik məsələlərində, əlbəttə ki, Ermənistan hökumətinə etibar etmir. Bu təbiidir. Ona görə də konsepsiyamızda da qeyd olunur ki, müvafiq mandatla beynəlxalq təhlükəsizlik missiyası qayıdış olacaq ərazilərə yerləşdirilməlidir. Həmçinin missiya Qərbi azərbaycanlıların etimad göstərdiyi ölkələrin qüvvələrindən ibarət olmalıdır.
Azərbaycanlılara qarşı törədilən bütün hüquq pozuntuları, indiyə qədər yaşadığımız ağrı-acılı hadisələr kimi mülkiyyət hüququnun pozulması və onların nəticələrinin aradan qaldırılmasına görə məsuliyyəti də Ermənistan hökuməti daşıyır. Ermənistan hökuməti bizə məxsus mülkiyyətin və icma torpaqlarının qaytarılmasını təmin etməli, vurulan zərərə görə kompensasiya ödəməli, həmçinin azərbaycanlıların mülkiyyət hüquqlarının bərpasından irəli gələn bütün xərcləri ödəməli və digər lazımi tədbirləri görməlidir. Bundan başqa, deportasiya edilmiş azərbaycanlılar qayıtdıqdan sonra ilk dövrlərdə humanitar yardıma, sonra uzunmüddətli sosial və iqtisadi inkişaf üçün reinteqrasiya və reabilitasiya proqramlarına və yardımlara ehtiyac duyacaqlar. İcma bu sahədə müvafiq proqram həyata keçirmək üçün beynəlxalq qurumlar və donorların əsas tərəf-müqabili olmaqda qərarlıdır.
V.Şadlinski həmçinin bildirib ki, bizim missiyamız təkcə qayıdış məsələsi ilə məhdudlaşmır. İcma Qərbi azərbaycanlılar öz vətəninə qayıtdıqdan sonra da təşkilat kimi fəaliyyətini, o cümlədən orada yaşayan azərbaycanlıların maraqları, hüquqları, inkişafı və təhlükəsizliyinin təmin edilməsi üzrə səylərini, bu məqsədlə Azərbaycan Respublikası, xarici dövlətlər və beynəlxalq təşkilatlar, eləcə də Ermənistan hökuməti və Ermənistan ictimaiyyəti ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirmək niyyətindədir. Bizə - Qərbi azərbaycanlılara qarşı böyük haqsızlıqlar törədilib, görülməz müsibətlər yaşamışıq. Bu ağrılı keçmişi tarixi yaddaşımızda saxlayacağıq. Bununla bərabər, icmamız qəbul edir ki, sülh və inkişafın təmin edilməsinin yolu barışıqdan keçir. Qərbi azərbaycanlılar onların vətəninə başqa ölkələrdən köçürülən ermənilərlə dinc və yanaşı yaşamağa hazırdırlar. Eyni zamanda Ermənistan hökuməti azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasətini dayandırmalıdır.
R.SALMANLI,
"Azərbaycan"