Bu bağın iki əsrə yaxın yaşı var. İlk dəfə “Qorodskoy sad”, yəni “Şəhər bağı” adlansa da, sonralar adı dəfələrlə dəyişdirilib. “Mixaylovskiy sad”, sonra xeyli müddət “Qoburnat bağı”, yaxud “Qubernator bağı” adlanıb. Sovet dönəmində bağın adı yenidən dəyişdirilərək “Pioner” olub. Burada Vahidin heykəli qoyulandan sonra isə bağı şairin adı ilə çağırmağa başlayıblar. Hazırda biz bu gözəl istirahət guşəsini “Filarmoniya bağı” kimi tanıyırıq.
Filarmoniya bağı bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerlərindən olmaqla yanaşı, həm də şəhərin hüsnünə gözəllik bəxş edən bir məkandır. Onun tikilib quraşdırılmasında İtaliya intibahının elementləri, Şərq müsəlman memarlığının cizgiləri və milli ornamentlərdən bir-biri ilə vəhdətdə istifadə olunub. İçərişəhərin qala divarları ilə əhatə olunması isə ona başqa bir gözəllik verir.
Ötən illər ərzində bağ çox dəyişib. Əvvəllər paytaxtın sərt iqlimi və su çatışmazlığı nəticəsində burada yaşıllıq az olub. Bağa heç də hər arzu edəni buraxmayıblar. Giriş qapalı olduğu üçün buraya yalnız yüksək rütbəli məmurlar və Bakı varlıları gələ bilərdilər.
Zaman keçdikcə bağın ərazisi genişləndirilib və bura şəhər sakinlərinin ən çox üz tutduğu istirahət yerlərindən birinə çevrilib. Sonuncu dəfə aparılan quruculuq və abadlıq işləri onu daha da gözəlləşdirib,
Şəhər sakinləri və turistləri bağdakı fəvvarəni çox xoşlayırlar. O, isti yay günlərində bağda dincələnlərə sərinlik bəxş etməklə yanaşı, həm də gözəlliyi ilə onların zövqünü oxşayır. Burada quraşdırılmış heykəllər sanki bağın ümumi görünüşünü tamamlayaraq ona bir zənginlik də bəxş edir.
Bütün bunlara görə Filarmoniya bağında həmişə qələbəlikdir. Xüsusilə bu isti yay günlərində.
Fərman BAĞIROV (foto),
“Azərbaycan”