Münxen Təhlükəsizlik
Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında baş tutmuş debat (bəzi mətbuat orqanları buna
"Duel” də deyirlər) bir çox məqamları ilə əlamətdar oldu. Əvvəla, iki sərhəd qonşusu
- eyni zamanda separatçı ermənilər sayəsində düşmən olmuş ölkələrin liderlərinin
dövlət və hökumət başçısı kimi səviyyələri ortaya qoyuldu. Münxendə məntiqlə məntiqsizlik,
savadla savadsızlıq, ziyalılıqla meydan boşboğazlığı üz-üzə durdu.
Açığı, özündən
asılı olmayaraq nizamsız fikirləri (fikirsizliyi) ilə miskin vəziyyətə düşmüş Paşinyan
çox məzlum görünürdü. Dili topuq çalırdı. Prezident İlham Əliyev Dağlıq Qarabağın
ərazi kimi hansı respublikaya mənsub olduğu barədə konkret, tarixi faktlarla məlumat
verdi. Təbii ki, debatın qaydalarına əsasən, qarşı tərəf kontur sübutlar, arqumentlər
gətirməklə rəqibinə cavab verməli idi. Təkzibolunmaz faktlar qarşısında çaşqın vəziyyətdə
qalmış Paşinyan mətləbə dəxli olmayan bir əfsanə ilə tədbir iştirakçılarının da
təəccübünə səbəb oldu. Bu təəccübün içində ona qarşı bir ironiya, gülüş də var idi.
Dedi ki, eramızdan əvvəl Böyük Tiqran adlı kral olub. Onda Qafqazlarda ancaq ermənilər...
Bu məqamda İlham Əliyev onun sözünün davamı olaraq rişxəndlə "və yenə ermənilər
yaşayıb” dedi. Bu replikadan sonra zalda əyləşənlərin çoxu artıq gülüşünü içərilərində
boğub saxlaya bilmədilər.
Paşinyan tarixi
dəlil əvəzinə, necə deyərlər, "Məlikməmməd nağılı” danışdı. 45 dəqiqədən çox çəkən
debat Paşinyan üçün əsl cəhənnəm əzabı oldu. O, başa düşdü ki, Münxen Təhlükəsizlik
Konfransı kürsüsü Yerevanın kütlələrin toplaşdığı mitinq meydanı deyil. Burada pafos,
erməni xalqının beyninə hopdurulmuş yalanlar keçmir.
O, İlham Əliyevlə
üzbəüz oturub. O liderlə ki, xalqının, torpağının, dövlətçiliyinin tarixini, uğurlarını,
faciələrini çox yaxşı bilir. Dünyanın nəhəng dövlətlərinin liderləri ilə bərabər
səviyyədə diplomatik, siyasi əlaqələr qurmaqda mahir olan İlham Əliyevlə!
Yeri gəlmişkən,
hamıya indi aydın oldu ki, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyan
niyə Azərbaycan lideri ilə görüşləri müxtəlif bəhanələr gətirməklə yarımçıq tərk
ediblər, əslində qaçıblar. Çünki İlham Əliyevlə təkbətək söhbət etməyə səviyyə,
savad, bilik, məntiqlə danışmaq bacarığı və nəhayət, cəsarət lazımdır.
Münxen debatında
erməni siyasətçilərinin uzun onillərdən bəri davam edən saxta, uydurma "faktlar”,
hadisələr üzərində qurulmuş təbliğat maşını da beynəlxalq səviyyədə ciddi zədə aldı.
Ona görə ki, Paşinyan nə dedisə, hamısı yalan çıxdı. Gah dedi Qarabağ Stalin hakimiyyəti
tərəfindən Atatürkə xatir Azərbaycana verilib. Gah dedi Dağlıq Qarabağda Şaumyan
yaşayış məntəqəsi olub. Gah da dedi Xocalı soyqırımını azərbaycanlılar törədib.
Təbii ki,
hər üç iddiası cənab İlham Əliyevin tarixi sənədlərdən gətirdiyi sitatlarla təkzib
edildi. Yuxarıdakı iki səhvini bəlkə də savadsızlığının, necə deyərlər, cığallığının
ayağına yazmaq olardı. Amma Xocalı haqqında iftiralarını riyakarlıqdan, insani hisslərdən
xaliliyindən başqa heç nə ilə yozmaq mümkün deyil.
Dünya Paşinyanın
simasında erməni xalqının bu xislətini də gördü. Dünya artıq inanmağa başladı ki,
bu xislətli erməni "tarixçilərinin” Osmanlı Türkiyəsinin ayağına yazdıqları "erməni
soyqırımı” da şərdən, böhtandan, qarayaxmadan başqa bir şey ola bilməz. Beləliklə,
cənab İlham Əliyev Münxen debatında dünya ictimaiyyətində saxta "erməni soyqırımı”na
da əsaslı şübhələr yaratdı.
İlham Əliyevin
çıxışlarını istər beynəlxalq, istərsə də respublika miqyasında izləyənlər təsdiq edə bilərlər ki, o, sözləri zərgər dəqiqliyi
ilə cilalayır və nəzərdə tutduğu hədəfi sərrast zərbə ilə nokaut vəziyyətinə salır.
Yəqin ki, ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday”
Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında hörmətli
Prezidentimizin söylədiyi nitq oxucuların yadındadır. Həmin nitqində o, ermənilərin
milli qəhrəman səviyyəsinə qaldırdığı, hətta Həştərxanda büstünü qoyduqları faşist
Qaragen Njdenin II Dünya müharibəsində sovet xalqlarına qarşı törətdiyi cinayətləri
Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu çıxış Rusiyada böyük əks-səda yaratdı.
Və tezliklə Həştərxanda erməni faşistinin büstü biabırçı şəkildə söküldü.
Münxendəki
debat isə faşist ideologiyasının təəssübkeşi, müdafiəçisi və icraçısı Nikol Paşinyanın
baş nazir kimi gələcəyini sual altında qoydu. Görünür, onu da Njdenin büstünün aqibəti
gözləyir. Artıq bu aqibətin əlamətləri özünü büruzə verməkdədir. Hətta Ermənistanın
qucağına sığındığı Amerika Birləşmiş Ştatlarından, Rusiyadan Nikolun acizliyi, Azərbaycanın
isə Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf olduğu etiraf edilir.
ABŞ-ın "The
USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin "Münxendə söz dueli və onun
qalib "revolveri” məqaləsində Paşinyana heç bir anlayışı olmadığı beynəlxalq hüquq
barəsində mülahizə yürütməyi irad tutdu. Müəllif məqalənin sonunda yazır: "Söz dueli
Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi "yaralar”
və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə
aldı”.
"Hər hansı
lider bir dəfə səhvə yol verə bilər, lakin bütün dünya arenası qarşısında, mühüm
siyasi diskussiya zamanı, dünya təhlükəsizliyi üzrə əsas tədbirdə bunu etmək sadəcə
bağışlanılmazdır. Bu onu göstərir ki, İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin
sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir”. Bu sözləri isə Münxen Təhlükəsizlik
Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin panel
müzakirəsini şərh edən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini
Darya Qrevtsova demişdir.
Ermənistanın Respublika partiyasının sədr
müavini Armen Aşotyan isə öz ölkəsinin baş nazirini "patoloji yalançı və fərasətsiz qorxaq” adlandırmışdır.
Münxen debatı Azərbaycan diplomatiyasının,
Azərbaycanın dövlət siyasətinin parlaq qələbələrindən biridir. Qarabağın həqiqi
sakinlərinə qaytarılması uğrunda mübarizəmizin mühüm mərhələlərindəndir, qələbəmizin
möhtəşəm başlanğıcıdır.
Səttar MÖHBALIYEV,
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti