Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İlk dəfə olaraq Azərbaycanda yeni tədris ilinə dövlət suverenliyinin tam təmin olunduğu bir şəraitdə başlanılması hər birimizə fərqli sevinc və sonsuz qürur hissləri bəxş edir. Məhz Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman hərbçilərimizin şücaəti sayəsində həm 44 günlük Vətən müharibəsində, həm də bir gündən az davam edən antiterror tədbirlərində əldə olunmuş parlaq tarixi qələbələr nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa edilmişdir.
Qarabağ Universitetinin açılması tarixi hadisədir
Qürurvericidir ki, tarixi Zəfərin qazanılması ilə gücünü bütün dünyaya göstərən Azərbaycan dövləti postmünaqişə dövründə də möhtəşəm uğurlara imza atır, beynəlxalq siyasi arenada mövqeyini və nüfuzunu daha da möhkəmləndirir. İşğaldan azad olunmuş doğma yurdlarımız çox qısa müddətdə sürətlə dirçəldilir, bölgədə irimiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilir. Böyük qayıdış proqramı uğurla icra olunur. Qarabağın və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına reinteqrasiyası və hərtərəfli tərəqqisi istiqamətində aparılan kompleks və sistemli işlər bölgənin simasını tamamilə dəyişdirir və onun dayanıqlı inkişafı üçün münbit şərait formalaşdırır.
Regionda sosial-mədəni həyatın dirçəldilməsi istiqamətində də dövlətimiz mühüm addımlar atır. Bu baxımdan, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa diqqət və qayğısı ilə işğaldan azad edilmiş bölgələrdə tarixi, dini və mədəni abidələrin, milli adət və ənənələrin bərpası və qorunması üçün görülən işlər xüsusi vurğulanmalıdır.
Təqdirəlayiq haldır ki, azad olunmuş doğma yurdlarımızda sosial, iqtisadi və mədəni ekosistemin gücləndirilməsində təhsilin rolu, təhsil mühitinin canlandırılması, o cümlədən ali təhsil ənənələrinin bərpası və inkişafı ön plana çəkilmişdir. Bu baxımdan, 2023-cü il noyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması strateji əhəmiyyət kəsb edir. Dövlət suverenliyinin bərpa edilməsindən düz bir il sonra bu ali təhsil müəssisəsinin müasir infrastrukturla, peşəkar heyətlə və yüzlərlə yüksək ballı tələbələrlə fəaliyyətə başlaması həm dövlətimizin gücünün təzahürlərindən biri, həm də tarixi Zəfərin növbəti təntənəsi olaraq dəyərləndirilməlidir. Bu, həm də tarixi Zəfəri yaşamış gənclərimizə məhz tarixi Zəfərin qazanıldığı məkanda ali təhsil almaq, layiqli vətəndaş və yüksəkixtisaslı kadr kimi yetişmək, eləcə də əzəli torpaqlarımızın bərpası və inkişafında pay sahibi olmaq üçün geniş imkanlar və fürsətlər qazandırır.
Bu kontekstdə təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və iştirakı ilə Qarabağ Universitetinin açılışı məhz 20 Sentyabr Dövlət Suverenliyi Günündə baş tutdu. Dövlət başçımızın qeyd etdiyi kimi, "Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir".
Həqiqətən də, belə əlamətdar tarixi gündə Qarabağ Universitetinin açılışının keçirilməsi hər birimizdə böyük sevinc və fəxarət hissləri yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz".
Dövlət başçısının açılış tədbirində iştirakı, onun tədris binasında və yataqxanalarda mövcud şəraitlə tanış olması, tələbə və müəllim heyəti ilə görüşü və proqram xarakterli çıxışı doğma Xankəndidə qurulmuş bu ali təhsil müəssisəsinə göstərilən yüksək diqqətin bariz nümunələrindən olması ilə yanaşı, professor-müəllim və tələbə heyəti qarşısında olduqca böyük məsuliyyət və vəzifələr qoyur. Xüsusilə vurğulamaq lazımdır ki, açılış mərasimində dövlət başçımızın ölkə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanan çıxışı zamanı səsləndirdiyi fikirlər Qarabağ Universitetinin yol xəritəsini formalaşdırdı.
Müasir, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gənclərin yetişdirilməsi
Gənc nəslin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi hər bir xalqın gələcək inkişafı və kimliyinin qorunması üçün vacib addımlardan biridir. Qarabağ Universitetinin tələbə və müəllim heyəti ilə görüşündə tarixi Zəfəri şərtləndirən əsas amillərdən bəhs edən dövlət başçımız məhz gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyəsini və mənəvi psixoloji üstünlüyünü önə çəkmişdir. Qeyd etmişdir ki, "Birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır. Təbii ki, peşəkarlıq, qəhrəmanlıq, texniki təchizat - bütün bunlar da vacib amillərdir. Ancaq mənəvi üstünlük olmasa, milli düşüncə olmasa, heç bir ən güclü ordu heç vaxt heç bir qələbə qazana bilməz". Xüsusilə, uzun illər işğala, ikili standartlara və ədalətsizliklərə məruz qalmış bir dövlətdə gənclərin hərtərəfli inkişafı və hazırlığı önəmli vəzifələrdən hesab olunmalıdır.
Bu baxımdan, Qarabağ Universitetində gənclərin vətənpərvərlik tərbiyəsinin məzmununu formalaşdırarkən onlarda vətən sevgisi, tarix və mədəniyyətə hörmət, milli irsə bağlılıq və sosial məsuliyyət hisslərini inkişaf etdirmək əsas məqsədlər olaraq müəyyən edilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, milli dəyərləri və maraqları hər şeydən üstün tutaraq ömrünü Azərbaycan xalqının gələcəyinə həsr etmiş və bu yolda titanik fəaliyyətlər göstərmiş Ulu Öndər Heydər Əliyevin zəngin irsinin və nümunəvi xidmətlərinin Qarabağ Universitetinin tələbələri arasında təbliğ edilməsi onların layiqli vətəndaş və peşəkar mütəxəssis kimi yetişmələri baxımından müstəsna əhəmiyyətə malik olacaqdır.
"Güclü iradə, peşəkarlıq, vətənpərvərlik, milli ruhda tərbiyə olunan gənc nəsil olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz", "Əgər inam qırılsa, onda heç vaxt ədalət zəfər çala bilməz", "44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər", "Bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax bu, əsas hədəflərimizdir", "Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!" tövsiyələrini bildirməklə dövlət başçımız müasir gənclərimizlə bağlı gözləntilərini və gənclərin vətəndaş məsuliyyətini aydınlaşdırmış oldu. Bu tezislər ədalətsizliklərlə barışmayan, təsir dairəsinə düşməyən, ölkəmizi dünyada layiqli şəkildə təmsil edən və bütün bunlar üçün müasir bilik və bacarıqlara yiyələnən, möhkəm iradəyə sahib, inamlı, həmrəy və özünə güvənən gənclərin yetişdirilməsi vəzifələrini təhsil müəssisələri üçün bir daha aktuallaşdırdı. Bütün bunlar, Qarabağ Universitetində də gənclərin qeyd olunan keyfiyyətlərə malik vətənpərvər şəxsiyyət kimi hərtərəfli inkişafını dəstəkləyəcək akademik mühitin qurulmasını prioritetləşdirir.
"İki tərbiyə mənbəyi var - ailə və müəllim" fikirlərini qeyd edən Azərbaycan Prezidenti tarixi Zəfərin qazanılmasında mühüm pay sahibi olan gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində adət-ənənələrimizin və ailə dəyərlərimizin üstünlüyünü vurğulamaqla yanaşı, müəllimlərin rolunu da önə çəkdi. "Müəllimlər uşaqların, gənclərin biliklərini artırmaq, eyni zamanda onların vətənpərvərlik ruhunda tərbiyəsi üçün fəal və səmərəli işləyirlər. İkinci Qarabağ müharibəsi bunu göstərdi" ifadələri ilə dövlət başçımız müəllimlərin əməyini yüksək qiymətləndirmiş və eyni zamanda ölkəmizlə bağlı tarixi həqiqətlərin unudulmaması və gənc nəslə çatdırılması işində onların üzərinə çox böyük vəzifələrin düşdüyünü xüsusi qeyd etmişdir.
Qarabağ Universitetində yaradılan imkanlar və qarşıya qoyulan vəzifələr
Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi "Qarabağ Universiteti bizim aparıcı ali məktəblərdən birinə çevriləcəkdir" ifadəsi artıq universitetimizin əsas hədəfi və devizi olaraq müəyyən edilmişdir. Təqdirəlayiq haldır ki, qarşıya qoyulan bu hədəfə nail olmaq üçün dövlətimiz tərəfindən həm maddi infrastruktur, həm də məzmun baxımından bütün imkanlar təmin edilir və yüksək dəstək göstərilir.
Dövlət başçımızın birbaşa diqqət və qayğısı nəticəsində qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılmışdır. Belə ki, bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilmiş, əsas tədris binasının fasadı yenilənmiş, bütün kommunikasiya xətləri quraşdırılmış, tədris və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunmuşdur.
Elm və Təhsil Nazirliyinin dəstəyi və birbaşa iştirakı ilə fəaliyyətə başlayan Qarabağ Universiteti hazırda 3 tədris binasında yerləşir. Əsas tədris binasında Pedaqoji, Mühəndislik, Humanitar və sosial elmlər, İqtisadiyyat və Turizm fakültələri, 2-ci tədris binasında İncəsənət fakültəsi, 3-cü tədris binasında isə Beynəlxalq dil mərkəzi fəaliyyət göstərir.
Əsas tədris binasında (6800 m2) 37 auditoriya, 55 inzibati otaq, 1 kitabxana, 6 laboratoriya, 1 akt zalı, 2 iclas zalı, 1 yeməkxana, 1 tibb məntəqəsi, 2 idman zalı və 55 texniki otaq olmaqla ümumilikdə 161 otaq istifadəyə verilmişdir.
İncəsənət fakültəsinin yerləşdiyi ikinci tədris binasında (1900 m2) 17 ixtisas otağı, 5 auditoriya, 2 emalatxana, 1 kitabxana, 1 studiya, 1 konsert zalı, 1 akt zalı, 1 tibb otağı, 6 inzibati otaq və 7 texniki otaq olmaqla ümumilikdə 42 otaq mövcuddur.
Beynəlxalq dil mərkəzinin yerləşdiyi üçüncü tədris binasında (4000 m2) 23 auditoriya, 6 inzibati otaq, 6 texniki otaq, 1 akt zalı və 1 yeməkxana olmaqla ümumilikdə 37 otaq var.
Tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi üçün ilk tədris ilinin müvafiq ehtiyacları nəzərə alınmaqla universitetdə 6 laboratoriya yaradılmışdır. Bunlar fizika, kimya, mexatronika, robototexnika, kompüter və qrafiki dizayn, kompüter və proqramlaşdırma laboratoriyalarıdır.
Müasir standartlara uyğun şəkildə dizayn edilmiş universitet kitabxanasının xidmətlərindən eyni anda 200 tələbə istifadə edə bilər. Kitabxananın kitab fondunda Azərbaycan, ingilis və rus dillərində 6000-dən çox dərslik, dərs vəsaiti və digər ədəbiyyatlar mövcuddur. Kitabxanada tətbiq olunan avtomatlaşdırılmış sistem vasitəsilə müvafiq ədəbiyyatları asanlıqla tapmaq və sifariş etmək mümkündür. Eyni zamanda tələbələr "Elektron kitabxana" sisteminin geniş imkanlarından faydalana bilərlər. Bundan başqa, kitabxanada elmi məqalələr, tədqiqatlar və digər akademik materiallarla zəngin "Scopus", "Web of Science" və digər mötəbər elmi məlumat bazalarına çıxış imkanları təqdim olunur. Kitabxanada müəllim və tələbələrin qrup şəklində fəaliyyətləri üçün müzakirə otaqları yaradılmışdır.
Universitetin bütün ərazisində genişmiqyaslı abadlıq işləri həyata keçirilmişdir. Əsas tədris binasının qarşısında 2,3 hektar ərazidə müasir tələblərə uyğun yeni park salınmışdır. Universitetin həyətində 1,1 hektar sahədə yaşıllaşdırma işləri həyata keçirilmişdir.
İlk tədris ilində Qarabağ Universitetində 6 fakültə yaradılmışdır: Pedaqoji, İncəsənət, Humanitar və sosial elmlər, Mühəndislik, İqtisadiyyat və Turizm.
Pedaqoji fakültədə "Riyaziyyat müəllimliyi", "İbtidai sinif müəllimliyi", "Xarici dil müəllimliyi (ingilis dili)", "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" ixtisasları üzrə tədris həyata keçirilir. İncəsənət fakültəsi "Musiqi müəllimliyi", "Dekorativ-tətbiqi sənət", "Dizayn", "İnstrumental ifaçılıq" və "Vokal sənəti" ixtisaslarını əhatə edir. Humanitar və sosial elmlər fakültəsində "Beynəlxalq münasibətlər", "Hüquqşünaslıq", "Tarix" və "Psixologiya" ixtisasları üzrə kadr hazırlığı təşkil edilmişdir.
Mühəndislik fakültəsində "Elektrik və elektronika mühəndisliyi", "İnşaat mühəndisliyi", "Kompüter mühəndisliyi", "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi", "Mexatronika və robototexnika mühəndisliyi" ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulmuşdur. İqtisadiyyat fakültəsində "Beynəlxalq ticarət və logistika", "İqtisadiyyat", "Maliyyə", "Menecment", "Mühasibat", "Dövlət və bələdiyyə idarəetməsi" ixtisasları tədris olunur. Turizm fakültəsində isə "Turizm işinin təşkili ixtisası" üzrə yüksəkixtisaslı mütəxəssis hazırlığı aparılır.
2024-2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planında ümumilikdə 1120 yer nəzərdə tutulmuşdur. Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanların nəticələrinə əsasən, 1104 tələbə qəbul olmuş və qəbul planı 98,5 faiz yerinə yetirilmiş, 1094 tələbə qeydiyyatdan keçmişdir.
Qarabağ Universitetinə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən çox bal, 385 nəfəri isə 500-dən çox bal toplamışdır. Ən yüksək nəticə 683,8 balla Hüquqşünaslıq ixtisası üzrə qeydə alınmışdır. Olimpiada qalibi olan 1 abituriyent universitetin Elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilmişdir. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə qəbul olan tələbələrin orta qəbul balı 467,6 təşkil etmişdir. Tələbələrin 54 faizi (625) oğlan, 46 faizi (529) isə qızdır. İlk tələbələrimiz respublikamızın bütün regionlarını təmsil edir.
Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində Hüquqşünaslıq, Xarici dil müəllimliyi (ingilis dili), Maliyyə və Mühasibat ixtisasları üzrə SABAH qrupları təşkil olunmuşdur. Müxtəlif ali təhsil müəssisələrinin birinci tədris ilini (kursunu) bitirmiş tələbələri arasında keçirilən müsabiqədə uğur qazanan 60 tələbə sözügedən 4 ixtisas üzrə Qarabağ Universitetinin SABAH qruplarında ikinci tədris ilində təhsil alır.
Beləliklə, hazırda Qarabağ Universitetində 1154 tələbə ilə cari tədris ilinə start verilmişdir.
Hazırda Qarabağ Universitetinin ümumilikdə 160 nəfər əməkdaşı var. Bunlardan 62 nəfər akademik heyət üzvü, 83 nəfər inzibati heyət üzvü, 15 nəfər isə texniki heyət üzvüdür. Əməkdaşlar arasında 16 nəfər məcburi köçkün, 2 nəfər müharibə veteranı, 2 nəfər şəhid ailəsi üzvü vardır.
Universitetin kadr heyətinin seçimi zamanı Qarabağ Universitetinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün vacib olan bilik və bacarıqlara sahib peşəkar mütəxəssislərə üstünlük verilmişdir. Hazırda peşəkar və təcrübəli yerli və xarici professor-müəllim heyətinin akademik fəaliyyətə cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu prosesdə xaricdə yaşayan azərbaycanlı alimlər, eləcə də müvafiq dövlət proqramları ilə nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil alan gənclər diqqət mərkəzində saxlanılır.
Universitet şəhərciyində tələbələrin və əməkdaşların yaşaması üçün ayrılmış binalarda mənzillər əsaslı təmir olunmuş və müvafiq avadanlıqlarla təchiz edilmişdir. Universitet əməkdaşlarının və onların ailələrinin yaşaması üçün nəzərdə tutulan 4 binada ümumilikdə 186 mənzil mövcuddur. Hazırda bütün əməkdaşların və onların ailə üzvlərinin məskunlaşması təmin olunmuşdur. Əməkdaşların universitetdə çalışdıqları müddətdə həmin mənzillərdə ödənişsiz əsaslarla yaşaması nəzərdə tutulmuşdur. Eyni zamanda tələbələrin yaşaması üçün nəzərdə tutulan mənzil tipli 5 yataqxana binasında yaşayış şərtləri müasir kampus konseptinə uyğunlaşdırılmış və bütün tələbələrin ödənişsiz əsaslarla məskunlaşması təmin edilmişdir.
Qarabağ Universitetində ölkəmizin hərtərfli inkişafında mühüm rol oynayacaq yüksəkixtisaslı mütəxəssis hazırlığı həyata keçiriləcəkdir. Bu baxımdan, bütün ixtisaslar üzrə təhsil proqramları qabaqcıl milli və beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni məzmunda hazırlanmışdır. Universitetin məqsədi tələbələrin ixtisasları üzrə zəruri kompetensiyalara yiyələnməsini təmin etmək, nəzəri biliklərlə yanaşı, onların praktiki bacarıqlarını da gücləndirməkdir.
Qarşıya qoyulan əsas vəzifələrdən biri ən müasir universitet idarəetmə modelinin tətbiq edilməsidir. Qarabağ Universiteti tələbə-əsaslı universitet konsepti əsasında qurulur. Başqa sözlə, Qarabağ Universitetində tədris prosesi və akademik mühit müasir Azərbaycan gəncinin arzu, istək və maraqlarına uyğun şəkildə formalaşdırılır. Tələbələrin Ulu Öndərimizin ideyalarına sadiq, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ və innovativ düşüncəli olması əsas məqsədlərdəndir. Bununla yanaşı, tələbələrin texnoloji, xarici dil, tədqiqat, startap, sahibkarlıq, kommunikasiya və digər yumşaq bacarıqlarının yüksək səviyyədə olması xüsusi diqqət mərkəzində saxlanılır.
Qarabağ Universitetində tələbələrə onların hərtərəfli inkişafını dəstəkləyəcək maraqlı sosial həyat və məzmunlu tələbə mühiti təmin edilir. Əsas məram müasir Azərbaycan gəncini xoşbəxt etmək üçün bütün imkanların mövcud olduğu universitet yaratmaqdır.
Qarabağ Universiteti tədqiqat-əsaslı bir universitet modelində qurulur. Belə ki, universitetin müasir infrastrukturu, laboratoriya bazası və yüksək akademik potensialı Qarabağ və Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın sosial-iqtisadi inkişafına real töhfələr verə biləcək elmi-tədqiqat nəticələrinin əldə olunmasına imkan yaradacaqdır. Qarabağ Universitetinin nüfuzlu beynəlxalq elmi tədbirlərə evsahibliyi etməsinə, professor-müəllim və tələbə heyətinin beynəlxalq elmi platformalarda layiqincə təmsil olunmasına xüsusi önəm veriləcəkdir.
Qarabağ Universiteti təhsil, tədqiqat və sosial xidmətləri ilə Qarabağın bərpası, işğaldan azad olunmuş torpaqlarda həyatın canlanması, sosial-iqtisadi və mədəni landşaftın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən kompleks və sistemli fəaliyyətlərə töhfə verəcəkdir.
Bununla yanaşı, ölkənin və regionun əmək bazarının tələbləri nəzərə alınaraq universitetdə kadr hazırlığı istiqamətləri genişləndiriləcəkdir. Qarabağın müxtəlif ərazilərində ali təhsil xidmətlərinin göstərilməsini təmin etməklə universitet şəhər və rayonlar arasında birləşdirici mövqeyini gücləndirəcək. Ölkə başçısının qeyd etdiyi kimi, "Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Yəni bu, bir neçə şəhəri birləşdirən universitet olacaq. Əlbəttə ki, Qarabağa qayıdacaq keçmiş köçkünlər, onların uşaqları burada oxuyacaq və ölkəmizin hər bir yerindən gənclər buraya gələcəklər".
Beləliklə, dövlətin yüksək diqqət və qayğısı sayəsində müasir tələblər səviyyəsində qurulan Qarabağ Universiteti ortamüddətli perspektivdə regional ekosistemin drayveri olmaq, "yaşıl transformasiya" hədəfli layihələrin reallaşdırılacağı məkana çevrilmək və davamlı inkişafı dəstəkləyən innovativ həllərin təşəbbüskarı qismində çıxış etmək imkanlarına sahib olacaqdır. Qısa bir zamanda, Qarabağ Universiteti ölkəmizin əsas elm, təhsil və innovasiya mərkəzlərindən birinə çevriləcək.
Qarabağ Universitetinin yaradılmasına və qısa müddət ərzində fəaliyyətə başlamasına göstərilən yüksək diqqət və qayğıya görə möhtərəm Prezidentə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlığımızı bildiririk. Əmin edirik ki, qarşımıza qoyulmuş hədəflərə çatmaq üçün Qarabağ Universiteti ailəsinin bütün üzvlərinin bilik və bacarıqları səfərbər olunacaqdır.
Şahin BAYRAMOV,
Qarabağ Universitetinin rektoru
ABŞ-də fövqəladə vəziyyət elan edildi
Ali Məhkəmənin hakimləri təyin edilib – QƏRAR
“Milan”ın futbolçusu iki oyunluq diskvalifikasiya edilib
Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir Prezident İlham Əliyev iclasda iştirak edir YENİLƏNƏCƏK
X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Şuşaya həsr olunan sərgilərin təqdimatı keçirilib
Bu il istehlakçılara 130,6 milyon manat ƏDV qaytarılıb
Təhsilin İnkişafı Forumu keçirilib YENİLƏNİB
RF Prezidentinin köməkçisi: Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü nəzərdə tutulmur
Azərbaycanın ən ağır çəkidə çıxış edən cüdoçusu dünya reytinqində liderliyi ələ keçirib
Şuşada Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası keçirilib YENİLƏNİB
Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunub
Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub YENİLƏNİB - 2
Daha 16 ailə Şuşaya köçüb, onlara yeni evlərinin açarları təqdim olunub
Fizika sahəsində Nobel mükafatına layiq görülən alimlərin adları açıqlanıb
Prezident Vladimir Putin: Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir
Oktyabrın 15-dən “Vahid tələbə kartı”nın verilməsinə başlanılır
Fransız dilinin mövqeyi zəifləyir
Sabahın havası: Günəş də var, yağış da var, külək də...
Prezident İlham Əliyev: Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası kifayət qədər nəzərə çarpır
Qərbi Azərbaycan İcması ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində yan tədbir keçirib
Doqquz ayda 25 mindən çox şəxsə yaşa görə əmək pensiyası təyin olunub
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!