16 Aprel 2024 08:05
624
CƏMİYYƏT
A- A+

Prezidentin Gəncəyə növbəti səfəri də şəhərin tarixinə yeni səhifələr yazdı

 

Prezident İlham Əliyevin milli maraqlara söykənən və konkret hədəflərə hesablanan uğurlu islahatları nəticəsində ölkəmizin bütün bölgələrində həm abadlıq-quruculuq işləri aparılır, həm də nəhəng infrastruktur layihələri icra olunur. Bunu ölkənin ikinci böyük şəhəri olan Gəncənin timsalında daha aydın görmək mümkündür. 
Zəngin mədəniyyətə malik Gəncə Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində demək olar ki, son illər yenidən qurulmuş, regionun abad şəhərlərindən birinə çevrilmişdir. Bu yenilənmə dövlət başçısının qədim Nizami yurduna hər səfərindən sonra daha geniş vüsət alır, o sırada şəhərdə yeni-yeni park və xiyabanlar salınır, mədəniyyət, təhsil, idman obyektlərinin siyahısına yeniləri əlavə olunur, müasir sənaye müəssisələri istifadəyə verilir. Və çox fərəhli haldır ki, onların əksəriyyətinin təməli də Prezident İlham Əliyev tərəfindən qoyulur.
Ortayaşlı gəncəlilər yaxın 20-30 il əvvəlki Gəncənin vəziyyətini xatırlamamış olmazlar. Xüsusən şəhərin Bakı istiqamətində olan girişinin necə baxımsız olduğu hamının yaxşı yadındadır. Boz düzənlik, daşlı-kəsəkli ərazi, adda-budda ağaclar ürək ağrıdırdı. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsinin ətrafı da baxımsız vəziyyətdə idi. İndi həmin istiqamətdə şəhərə yaxınlaşanda müasir və qədim bir şəhərə qədəm qoyduğunu hiss edirsən. 75 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağını, Qoşa Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Abidə Kompleksini, geniş ərazini əhatə edən yaşıllığı, gözoxşayan fəvvarələri seyr etdikcə adamın ürəyi dağa dönür. 
Şəhərin gözəlliyinə gözəllik qatan, Prezident İlham Əliyevin bünovrəsini qoyduğu və iki il sonra açılışını etdiyi Heydər Əliyev Park-Kompleksi bu gün Gəncənin əsas istirahət məkanlarındandır. Parkın yenidən qurulması üçün təsdiq edilmiş layihənin təqdimatı keçiriləndə çoxları onun reallaşacağına inanmırdı. Lakin Ulu Öndərə olan ehtiram və məhəbbət insanlara elə bil güc-qüvvət verdi. İki il sonra açılışında iştirak edən dövlət başçısı park-kompleksi möcüzə adlandırdı. Çox çəkmədi buradakı Heydər Əliyev Mərkəzi, "Zəfər Tağı", "Amfiteatr", uşaqların və böyüklərin urəyincə olan attraksionlar və s. həm şəhər sakinlərinin, həm də qonaqların sevimli istirahət yeri oldu.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Gəncəyə etdiyi bütün səfərlər şəhərin tarixinə yeni səhifələr yazır. 460 hektarda salınan park-kompleksi, zəngin eksponatlı 5 muzeyi, milyondan  çox ağac əkilməsini, mədəniyyət və istirahət parklarının sayının artmasını, Sadıllı, Məhsəti, Natəvan, Şeyxzamanlı və Cavad xan qəsəbələrinin tamamilə yenidən qurulmasını, məktəblərin və uşaq tərbiyə müəssisələrinin yenilənməsini, müasir səhiyyə ocaqlarının istifadəyə verilməsini, şəhərin görkəminə xüsusi yaraşıq verən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasını, Gəncə Dövlət Dram Teatrı üçün tikilən yeni binanı və s.-ni başqa nə cür adlandırmaq olar?! 
Gəncədə şəhər təsərrüfatının daim yenilənməsi, bütün sahələrdə idarəçiliyin dinamik və çevik olması, əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də əhalinin sosial qayğılarının həlli diqqət mərkəzindədir. Şəhər rəhbərliyinin bu istiqamətlərdə atdığı addımlar gəncəlilər tərəfindən böyük razılıqla qarşılanır. Sürət və tərəqqi yolunun əyani göstəriciləri isə yeni inşa edilən müxtəlif təyinatlı obyektlər, təməli Prezident İlham Əliyev tərəfindən qoyulan əzəmətli tikililər, eləcə də salınan yaşıllıqlar, abadlaşdırılan yollardır. Həyata keçirilən regional inkişaf proqramları nəticəsində Gəncə daha da gözəlləşmiş və böyümüşdür. Xüsusilə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə şəhərin tarixi-mədəni şöhrəti bərpa edilmiş, Gəncə nəinki Azərbaycanın, bütövlükdə regionun müasir sənaye və turizm mərkəzinə çevrilmişdir. Dövlət başçısının hər səfərindən sonra bir-birinin ardınca icra olunan layihələr Gəncənin simasını tanınmaz dərəcədə dəyişmişdir. Dəyişən, həmçinin şəhərin və şəhərətrafı qəsəbələrin, yaşayış məntəqələrinn abadlığı, əhalinin kommunal xidmətlərə olan ehtiyaclarının ödənilmə səviyyəsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, tarixi-memarlıq abidələrinin görkəmi, sahibkarlığın inkişafına münasibət, yeni istehsal müəssisələrinin təyinatı, sakinlərin məşğulluğunun təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və digər sahələr olmuşdur.
Prezident İlham Əliyevin Gəncəyə hər səfərindən sonra həyata keçirilən yeni layihələr onu deməyə əsas verir ki, dövlətin bu qədim şəhərə xüsusi münasibəti  var. Gəncəni başdan-başa bürüyən tikinti-abadlıq işləri bunu sübut edir. Hamının şahidlik etdiyi sadə bir misal - uzun illər yalnız şəhərin mərkəzi meydanı gül-çiçək və yaşıllığı ilə diqqəti cəlb edirdisə, indi Gəncənin bütün əraziləri rəngbərəng çiçəklərə bürünüb. Gəncəlilər şəhərdə həyata keçirilən bu cür genişmiqyaslı işlərin dövlət başçısı İlham Əliyevin şəxsi tapşırığı və tövsiyələri ilə həyata keçirildiyini yaxşı bilirlər. Yaxşı bilirlər ki, cənab İlham Əliyev Gəncəni daim diqqət mərkəzində saxlayır, onun sürətli inkişafı istiqamətində nə lazımdırsa, onu da edir. 
Dövlət başçısının Gəncəyə növbəti səfəri də bu baxımdan istisna olmadı. Prezident səfər çərçivəsində Gəncə İdman Sarayının açılışında iştirak etdi, nəinki Azərbaycanda, eləcə də Qafqazda ilk olan Ekoloji Park Kompleksinə baş çəkdi, Gəncə Şəhər Stadionunun təməlini qoydu. Şəhər icra hakimiyyətinin başçısı Niyazı Bayramov dövlət başçısına məlumat verərək dedi ki, Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanılmışdır. Gəncəçay çayının sağ sahilində yerləşən kompleks 11 hektar ərazini əhatə edir. Unikallığı ilə seçilən kompleksdə insanların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün bütün lazımi şərait yaradılır. Kompleksə sahəsi 1285 kvadratmetr olan ikimərtəbəli oranjereya binası daxildir. Binanın əsas hissəsi dəmir-beton, metal və şüşə-vitraj konstruksiyalarla yığılıb. Fərqli dizaynı ilə seçilən kompleksdə turistlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Burada bütün fəsillərdə müxtəlif növ nadir gül-çiçək, kol bitkiləri, eləcə də ağac tingləri yetişdiriləcək. Bu işi həyata keçirmək üçün oranjereya binasının daxilində bitkilərin normal inkişafını təmin edəcək xüsusi havalandırma sistemləri quraşdırılıb. Hazırda binada 7 növ ağac, 16 növ gül, 8 növ kol, 9 növ isə kaktus bitkisi yetişdirilir. Ekoloji Park Kompleksinin ərazisində əyləncə mərkəzlərinin, idman qurğularının, iaşə obyektlərinin yaradılması da nəzərdə tutulur. Bura gələn ziyarətçilər müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi işləri ilə də tanış ola biləcəklər. Onu da qeyd edək ki, kompleksin ərazisində yeni yollar çəkilmiş, avtomobil dayanacağı salınmış, müasir işıqlandırma sistemi quraşdırılmışdır. İstixanalar damcı suvarma sistemləri ilə təchiz edilmişdir.
Məlum olduğu kimi, uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət almışdır. Bu mötəbər yarışlarda Gəncə idmançıları da Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyurlar. Söz yox ki, bu nailiyyətlər dövlət başçısının idmana, eləcə də idmançılara göstərdiyi diqqətin, verdiyi dəstəyin nəticəsidir. Bunun növbəti təzahürü Gəncədə inşa edilən Gəncə İdman Sarayıdır. Azərbaycan Prezidentinin sərəncamına əsasən inşa edilən nəhəng idman qurğusunun tikintisinə 2018-ci ilin iyununda başlanılmışdır. Yüksək keyfiyyətlə aparılan tikinti işləri cari ilin mart ayında başa çatdırılmışdır. 
Müasirliyi ilə diqqəti cəlb edən və 40 min kvadratmetrə yaxın olan sarayda bütün zəruri infrastruktur yaradılıb. Böyük zalda beynəlxalq standartlara uyğun olaraq basketbol, voleybol, həndbol, mini-futbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Zalda 2200 nəfərlik oturacaq yeri olan tribuna, 850 nəfərlik mobil oturacaq və fiziki məhdudiyyəti olan tamaşaçılar üçün 20 yer ayrılıb. Burada həmçinin VİP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələr və konfrans zalı yaradılıb.    
İdman sarayının üzgüçülük hovuzu Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Hovuzun uzunluğu 50, eni 21, dərinliyi 3 metrdir. Burada 4, 2,2 və 1,2 metrə qədər qalxa bilən mobil hərəkətli döşəmə də quraşdırılıb. Zalda üzgüçülük yarışlarını 1400-dən çox tamaşaçı izləyə biləcək. Fiziki məhdudiyyəti olan tamaşaçı üçün isə 16 yerlik ərazi təşkil olunub. Üzgüçülük hovuzu VİP bölmə, idmançılar və hakimlər üçün müxtəlif təyinatlı sahələrdən ibarətdir. İdman sarayının kiçik zalı müvafiq olaraq 2, 3 və 4 yerə bölünmək imkanına malikdir. Burada digər atletika, güləş, cüdo və boks zalları, müxtəlif təyinatlı otaqlar fəaliyyət göstərəcək və idmanın ayrı-ayrı sahələri tədris ediləcəkdir. 
Bundan başqa, nəhəng idman qurğusunda Beynəlxalq İdman Atıcılığı Federasiyasının (İSSF) standartlarına uyğun atıcılıq zalı, həmçinin müxtəlif ölçülü yoqa, pilates, atletika, fitnes, boulinq masaüstü tennis, şahmat, kross-fit zalları, SPA mərkəzi, bilyard masası, uşaq otağı, 3 konfrans zalı, böyük restoran, kofe-breyk bölmələri və marketlər fəaliyyət göstərəcək. Sarayda 80 nömrəsi olan mehmanxanada 160 idmançının qalması və istirahət etməsi üçün bütün şərait yaradılmışdır.
Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində futbolsevərləri də sevindirmişdir. O, yeni inşa ediləcək 15 min 464 yerlik yeni stadionun təməlini qoymuşdur. Dövlət başçısına məlumat verilmişdir ki, stadionda VVİP, VİP, SKY-box, media nümayəndələri və fiziki imkanları məhdud olan tamaşaçılar üçün  müvafiq sayda oturacaq sahələri, futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, həkimlər, texniki heyət üçün otaqlar və s. zəruri sahələr nəzərdə tutulub. Eyni zamanda stadionun daxilində bilet satışı, eləcə də müxtəlif ictimai iaşə obyektləri, yerüstü avtodayanacaqlar, nəzarət-buraxılış məntəqələri yaradılacaq. Stadion UEFA tələblərinə uyğun işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik, giriş-çıxış sistemləri ilə təchiz olunacaq. Bir sözlə, stadionun istifadəyə verilməsi istər yerli, istərsə də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Göründüyü kimi, Azərbaycanın böyük sənaye və mədəniyyət mərkəzi olan Gəncə dövlət başçısının qayğısı ilə inkişafının yeni mərhələsini yaşayır və şəhər sürətlə inkişaf edir. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video