2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səsləndirdiyi fikirlər bir daha sübut etdi ki, ölkəmizdə idman sadəcə yarış və nəticələr toplusu deyil, strateji dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir.
Bu gün qürurla deyə bilərik ki, Azərbaycan idmanı tarixi nailiyyətlər mərhələsini yaşayır. 2025-ci ildə idmançılarımızın beynəlxalq arenalarda 2000-dən artıq medal, o cümlədən 600-dən çox qızıl medal qazanması rekord göstəricidir. Bu nəticələr ardıcıl və düşünülmüş dövlət siyasətinin, idmana göstərilən sistemli qayğının məntiqi nəticəsidir.
Ölkə başçısının vurğuladığı kimi, idman infrastrukturunun demək olar ki, sıfırdan qurulması, regionlarda Olimpiya İdman Komplekslərinin sayının 46-ya çatdırılması Azərbaycanın hər bir bölgəsində gənclər üçün bərabər imkanların yaradıldığını göstərir. Gəncə və Yevlaxda yeni komplekslərin istifadəyə verilməsi regionların sosial-iqtisadi inkişafına da mühüm töhfədir.
Sağlam gənc nəsil güclü dövlətin təməlidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xüsusi olaraq qeyd etdiyi bu məqam bizim üçün prinsipial əhəmiyyət daşıyır. Fiziki cəhətdən sağlam, mənəvi baxımdan saf, vətənpərvərlik ruhunda böyüyən gənclik Azərbaycanın sabahıdır. İdman bu tərbiyə prosesində əvəzsiz rol oynayır və gənclərdə həm məsuliyyət, həm də Vətənə bağlılıq hissini gücləndirir.
İdmançılarımızın beynəlxalq arenalarda üçrəngli bayrağımızı yüksəltməsi hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Xüsusilə son beş ildə əldə etdiyimiz şanlı Qələbədən sonra idmançılarımız artıq müzəffər xalqın nümayəndələri kimi çıxış edir və bu, onların məsuliyyətini daha da artırır.
MDB ölkələrinin III Oyunlarının yüksək səviyyədə, bir neçə şəhəri, o cümlədən, Gəncə və Xankəndini əhatə etməklə keçirilməsi, eləcə də ilk dəfə Bakıda təşkil olunan UFC turniri və ənənəvi Formula 1 yarışları Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz nümunəsidir. Bu tədbirlər təkcə idman yox, eyni zamanda ölkəmizin turizm, mədəniyyət və iqtisadi potensialının dünyaya təqdimatıdır.
Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi isə görülən işlərə verilən beynəlxalq qiymətin təzahürüdür. Bu, həm böyük şərəf, həm də böyük məsuliyyətdir.
Sonda qeyd etmək istəyirəm ki, idmançılarımızın və idman mütəxəssislərimizin əməyinin dövlət tərəfindən qiymətləndirilməsi ədalətli və davamlı ənənədir. Azərbaycan idmanının şöhrətini ucaldan hər bir vətəndaşın zəhməti daim diqqət və ehtiramla qarşılanmalıdır.
Azərbaycan idmanı yüksələn xətlə inkişaf edir və bu yolun əsas memarı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsidir. Bu uğurlar hər birimizin qürurudur.
Fatma YILDIRIM,
Milli Məclisin deputatı