Pakistanın “Dispatch News Desk” (DND) portalında kommunikasiya fəlsəfəsi üzrə tədqiqatçı Şazia Ənvər Çimanın Prezident İlham Əliyevin Qərb mediası və Avropa Parlamentinin ikili standartları ilə bağlı mövqeyinə həsr olunmuş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, müəllif Prezident İlham Əliyevin müxtəlif çıxışlarında Qərb mediasında faktların manipulyasiya olunması, məqsədyönlü narrativlərin formalaşdırılması və media məkanından siyasi təsir aləti kimi istifadə edilməsi məsələlərinə dəfələrlə diqqət çəkdiyi barədə yazıb. Tədqiqatçının fikrincə, Azərbaycan Prezidenti bu cür informasiya kampaniyalarını konkret faktlar və nümunələr əsasında təhlil edən siyasi liderlərdən biridir.
Şazia Ənvər Çima vurğulayır ki, uzun müddətdir Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışlarını izləyir. Onun sözlərinə görə, dövlət başçısının rəsmi internet saytında yayımlanan çıxışlarının mətnləri kommunikasiya fəlsəfəsi və narrativlərin formalaşdırılması prosesini öyrənən tədqiqatçılar və tələbələr üçün mühüm materialdır. Bu çıxışlarda saxta narrativlərin necə yaradılması, xarici təsir mexanizmləri və gənclərin informasiya kampaniyalarının əsas hədəfinə çevrilməsi kimi məsələlərə də toxunulur.
Müəllif yazır ki, müəyyən xarici güclərin hegemonluğunu qəbul etmək əvəzinə müstəqil və balanslaşdırılmış xarici siyasət yürütmək istəyən Azərbaycan kimi ölkələrə qarşı media təzyiqi daha da güclənir. Şazia Ənvər Çimanın fikrincə, Qərb media mühitinin özündə də, xüsusilə akademik fəaliyyətlə praktik medianı birləşdirən mütəxəssislər arasında, bu yanaşmaya tənqidi münasibət formalaşmağa başlayıb. Onlar bildirirlər ki, ictimaiyyət üçün müxtəlif mənbələrdən faktları yoxlamaq imkanlarının artması fonunda Qərb mediasının etibarlılığı zəifləyir. Müəllif qeyd edir ki, bu ekspertlər Qərb mediasını öz roluna yenidən baxmağa, ölkələrə nə etməli olduqlarını diktə etmək əvəzinə, onların özləri üçün hansı yolun daha uyğun olduğuna qərar verməsinə imkan yaratmağa çağırırlar. Onların qənaətinə görə, media artıq Qərb dövlətlərinin siyasi xəttinin köməkçi aləti kimi çıxış etməməlidir.
Şazia Ənvər Çima hesab edir ki, Prezident İlham Əliyev sübutlar, konkret nümunələr və məlumatlar təqdim etməklə Qərb mediasındakı bu yanaşmaları ifşa edən nadir siyasi liderlərdən biridir. Məqalədə Prezident İlham Əliyevin narrativin həqiqətə əsaslanmalı, reallığı əks etdirməli və qərəzli olmamalı olduğu barədə mövqeyi də xüsusi vurğulanır. Pakistanlı tədqiqatçı bu baxımdan Şuşada keçirilən Qlobal Media Forumlarındakı müzakirələrə də toxunub. O qeyd edib ki, Prezident İlham Əliyev koordinasiyalı və məqsədyönlü informasiya kampaniyalarını “media hücumu” kimi xarakterizə edib, bu cür kampaniyaların çox vaxt mühüm geosiyasi proseslərlə eyni dövrə təsadüf etdiyinə diqqət çəkib. Prezident İlham Əliyev daha əvvəl də media materiallarının obyektiv olmasının vacibliyini vurğulayıb.
Məqalədə Prezident İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibini, təşkilatın müsəlman dini idarə rəhbərləri Şurasının üzvləri və müşahidəçilərini, eləcə də bir sıra beynəlxalq dini qurumların nümayəndələrini qəbul edərkən səsləndirdiyi fikirlərə xüsusi yer ayrılıb.