İlham ƏLİYEV: "Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq,
həm iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyi var”
1991-ci ilin dekabrında dünyanın nəhəng və
söz sahibi ölkələrindən biri - SSRİ-nin süqutu ilə faktiki müstəqilliyinə qovuşan
Azərbaycanın da seçdiyi liberal bazar iqtisadiyyatının sübuta ehtiyacı olmayan üstünlükləri ilə bərabər, sosial
bərabərsizlik kimi hamı tərəfindən qəbul edilməyən cəhəti də var.
Xüsusən iqtisadiyyatı və ideoloji təbliğatı
sosial bərabərlik üzərində qurulan keçmiş sovetlər birliyində yaşamış adamlar üçün
bu cəhət indi də aktualdır. Baxmayaraq ki, o, sosial ideologiya olaraq ölkənin,
yaxud dövlətin özü kimi 28 ilə yaxındır süquta uğramışdır, həmin təbəqə hələ də
eyni cür pis dolanışığı müxtəlif səviyyədə yaxşı yaşamaqdan üstün tutur.
Bunun bir səbəbi utopik kommunist təbliğatı
ilə formalaşıb daşlaşmış şüurla bağlıdırsa, digər səbəbi yeni iqtisadi münasibətlərin
tələblərindən baş çıxarmamaqla və ya el arasında deyildiyi kimi, bacarıqsızlıqla
əlaqədardır.
Bununla belə, biz liberal bazar münasibətlərinin
şərtlərinin hamının öhdəsindən gələ biləcək qədər asan olduğunu da iddia etmirik.
Belə olsaydı, müstəqilliyinin yaşı heç 30-a çatmayan Azərbaycanı demirik, hətta
bazar münasibətlərinin oturuşduğu inkişaf etmiş ölkələrdə cəmiyyət maddi cəhətdən
məlum səviyyədə təbəqələşməzdi. Kiminsə milyonları və milyardları fonunda bir başqasının
iş, yaxud başının üstünə dam axtarması liberal bazar iqtisadiyyatı üçün adi və qəbuledilən
haldır.
Amma ilk baxışdan təzadlı görünən bu yolu
seçmiş ölkələrdə dövlətin, hökumətin boynuna ikincilərin sosial problemlərini həll
etmək kimi bir missiya da düşür. Və çox yaxşı haldır ki, Azərbaycanda dövlət bu
missiyanın öhdəsindən layiqincə gəlir. "Bizim bütün iqtisadi fəaliyyətimizin məqsədi
əhalinin sosial müdafiəsini gücləndirməkdir” deyən Prezident İlham Əliyev bunu həyata
keçirdiyi islahatlar və həmin çərçivədə imzaladığı fərman və sərəncamlarla sübut
edir. Təkcə cari ilin əvvəlindən reallaşmağa başlamış sosial paketə daxil olan tədbirlərin
ölkə əhalisinin təxminən üçdəbirini əhatə etməsi İlham Əliyevin bu istiqamətdəki
hədəflərinin aydın göstəricisidir.
Dövlət başçısının son illər sosial sahədə
xüsusi diqqət və əhəmiyyət verdiyi məsələlərdən biri də özünüməşğulluqdur. Təsadüfi
deyil ki, özünüməşğulluq əmək ehtiyatlarından dolğun istifadənin təmin olunması,
əhalinin məşğulluq imkanlarının artırılması baxımından ölkənin dayanıqlı və uzunmüddətli
inkişafını təmin edən dövlət siyasətinin strateji məqsədləri sırasındadır. Dövlət
başçısının təşəbbüsü və tapşırığı əsasında icra edilən bu sosial proqram çərçivəsində
aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından
asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına
və sahibkarlığa çıxış imkanı qazanmalarına şərait yaradır. Məhz bu amilləri əsas
tutan Prezident Nazirlər Kabinetinin 2019-cu ilin ilk rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında özünüməşğulluq proqramının
əhəmiyyətini bir daha qeyd etmişdir. "İş yerlərinin yaradılması üçün, əlbəttə ki,
vacib amillərdən, vasitələrdən biri özünüməşğulluq proqramıdır. Biz buna da başlamışıq.
Bu proqram çox böyük rəğbət qazanıb. Biz hər il özünüməşğulluq proqramı çərçivəsində
təqribən 7 minə yaxın insanı işə cəlb etmək fikrindəyik. Ancaq yerlərdən gələn sifarişlər
qat-qat çoxdur. Bunu biz nəzərə almalıyıq və öz planımıza düzəlişlər etməliyik”
deyən dövlət başçısı Azərbaycanda özünüməşğulluq proqramının həm məşğulluq, həm
iqtisadi inkişaf, həm də istehsal baxımından çox böyük gələcəyinin olduğunu vurğulamışdır.
Bu perspektivi Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən aldığımız məlumatlar da təsdiqləyir. Məlumatda bildirilir ki, özünüməşğulluq
proqramı üzrə verilmiş aktivlər hesabına yaradılan təsərrüfatların 83 faizi kənd
təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma
və s.), qalan hissəsi isə xidmət və istehsal sahələrini əhatə edir. Həmin təsərrüfatlar
ölkədə qeyri-neft sektorunun inkişafına və bu sektorda məhsul istehsalının artımına,
üstəlik gələcəkdə vergitutmaların əhatə dairəsinin genişlənməsinə əlavə dəstək verir.
Ayrı-ayrı iqtisadi fəaliyyət növləri ilə yanaşı, xalçaçılıq, misgərlik və s. üzrə
də ailə təsərrüfatları yaradılır ki, bu da eyni zamanda qədim xalq sənəti növlərinin
yaşadılmasına hesablanıb.
Ümumiyyətlə, adıçəkilən nazirlik tərəfindən
icra olunan özünüməşğulluq proqramına 2018-ci ildə cəlb edilənlərin sayı 2017-ci
illə müqayisədə 6,5 dəfə artaraq 7896 nəfərə çatmışdır. Bu vətəndaşlar ilkin mərhələdə
Beynəlxalq Əmək Təşkilatının təlimçiləri tərəfindən keçirilən kurslara cəlb edilmişlər.
Kurslarda onlara kiçik ailə biznesinin təşkili, idarə olunması və inkişaf etdirilməsi
üçün zəruri bilik və bacarıqlar öyrədilmişdir. Təlim kursunu uğurla bitirən və qiymətləndirmələr
zamanı biznes planları keçərli hesab edilən 7267 nəfər proqramın iştirakçısı olmuşdur.
Onu da bildirək ki, iştirakçılara biznes-planlarına uyğun aktivlər (mal-materiallar)
verilərkən onların keyfiyyətinə nazirlik tərəfindən ciddi nəzarət olunur və bu barədə
proqram iştirakçılarının rəyi nəzərə alınmaqla akt tərtib edilir.
Proqrama cəlb olunmaq üçün müraciət edənlər
arasında həssas qruplara aid vətəndaşlara üstünlük verilməsi də xüsusi vurğulanmalıdır.
Belə bir yanaşmanın nəticəsidir ki, ötənilki proqram iştirakçılarından 1255 nəfəri
məcburi köçkünlər, 816 nəfəri ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri,
913 əlil şəxslər, 1026 nəfəri gənclər, 158 nəfəri şəhid ailələrinin üzvləri olmuşlar.
Bu şəxslərin hamısı proqram çərçivəsində verilən aktivlər hesabına öz kiçik ailə
təsərrüfatlarını yaratmışlar. Baxış zamanı proqram iştirakçılarının təsərrüfatlarını
nəinki normal idarə etdikləri, hətta fəaliyyətlərini genişləndirmək üçün səylə çalışdıqları
müşahidə olunmuşdur.
Yeri gəlmişkən, özünüməşğulluq proqramının
genişlənməsinə, bu proqram vasitəsilə kənd təsərrüfatının mühüm sahəsi olan bağçılığın
inkişafına Heydər Əliyev Fondu fəal dəstək verir. Bu dəstəyin sayəsində Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf”
İctimai Birliyi arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən "Sosial
bağlar” layihəsi üzrə 41 rayonda həssas qrupları əhatə edən 125 ailə üçün intensiv
meyvə bağları, tərəvəz və bostançılıq təsərrüfatları yaradılmışdır. Cari ildə də
davam edən layihənin iştirakçıları deyirlər ki, qısa müddətdən sonra artıq bağlardan
yaxşı gəlir götürə biləcəklər.
Proqramın icrası çərçivəsində aparılan işlər
eyni zamanda ölkədə ailə təsərrüfatlarının sayının artmasına şərait yaradır ki,
bu da əmək resurslarının səmərəli məşğulluq imkanlarını artırmaqla bərabər, iqtisadiyyatda
mühüm faktorlardan sayılan ailə biznesinin genişlənməsinə, kiçik və orta sahibkarlığın
inkişafına əlavə imkanlar açır. Bu fikirlərin arxasında real faktların dayandığını
sübut etmək üçün proqram sayəsində işsizdən kiçik ailə biznesi sahibinə çevrilmiş
bir neçə konkret misal çəkək.
Gəncə şəhərindən olan Şərqiyə Abbasova və
Rauf Abbasov özünüməşğulluq proqramı çərçivəsində çörək-şirniyyat istehsalı üzrə
kiçik müəssisə yaradıb və bununla onlar ələbaxımlıqdan qurtulublar. Neftçala sakini
Sona Hüseynova isə deyir ki, rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatda olub:
"İşləmək istəyirdim. Arzumsa sahibkar olmaq, istehsalyönümlü kiçik müəssisə yaratmaq
idi. Amma buna maddi imkanım yox idi. Odur ki, özünüməşğulluq proqramı barədə eşidəndə
çox sevindim. İştirak üçün müraciət etdim və ailəmizin müəyyən potensialı nəzərə
alınaraq proqrama cəlb olundum. Əvvəlcə təlim kursunda kiçik biznesin təşkili və
idarə edilməsini öyrəndim. Kursu bitirəndən sonra biznes-planım bəyənildi və istədiyim
aktivlər, materiallar verildi. Bu gün artıq çörək və şirniyyat məmulatları istehsal
edən kiçik ailə müəssisəmiz var. Artıq özünüməşğulluq proqramı hesabına işsizdən
kiçik sahibkara çevrilmişəm deyə bilərəm”.
Qazaxlı Rəşid Namazov və Ümid İsmayılov isə
işsiz vətəndaşların proqrama cəlb olunmasında həssas qruplara üstünlük verilməsindən
razılıq edirlər. Çünki əlil olmalarına baxmayaraq, onlar proqrama çox rahat qoşulublar
və verilmiş heyvanlar hesabına öz heyvandarlıq təsərrüfatlarını yaradıblar. İmişli
rayonundan Nadir Əliyev, Zaur Mustafayev, Seymur Cəfərov da həssas qruplardan olanlara
proqramda geniş iştirak imkanının yaradılmasını humanist addım kimi dəyərləndirirlər:
"Bizdə də proqrama qoşulanların əksər hissəsi əlillər, müharibə veteranları, evində
sağlamlıq imkanları məhdud uşağı olanlar, məcburi köçkünlər, sosial yardım alanlar,
aztəminatlılardır. İşsiz olan insanların öz səmərəli məşğulluqlarını qurmaları və
ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramı əsasında təmənnasız
dəstək verilməsi, mal və materialların hədiyyə edilməsi kiçik güzəşt deyil. Bizi
də bu proqram çərçivəsində heyvandarlıq üzrə ailə təsərrüfatımızı yaratmaq üçün
mal-qara ilə təmin etdilər. Yaxşı bilirik ki, artıq bundan sonrakı işlərimiz öz
səylərimizdən asılıdır”.
Çox yaxşı haldır ki, bu proqram Cocuq Mərcanlıda
da icra olunur. Kənddə yaşayan 25 ailəyə heyvandarlıq üzrə kiçik ailə təsərrüfatlarını
yaratmaları üçün mal-qara verilib. İndi onlar təsərrüfatlarını genişləndirməklə
məşğuldurlar. Nazirliyin məlumatına görə, cari ildə də daha bir qrup Cocuq Mərcanlı
sakininin özünüməşğulluq proqramına cəlb olunması nəzərdə tutulur. Söz ki cəbhə
bölgəsindən düşdü, Tərtəri qeyd etməmək düzgün olmazdı. Tərtərli proqram iştirakçıları
Məhiyyədin Rəhimov, Gülyanaq Əliyeva, Elşən Kərimov, Ramil Mahmudov, Emin Həsənov
deyirlər ki, indi onlar öz kiçik ailə təsərrüfatlarına malikdirlər və hazırda işlərini
genişləndirmək, gəlirlərini artırmaq üçün gecə-gündüz çalışırlar.
Cari ilin birinci rübü ərzində görülən işlərə
gəldikdə isə, artıq 1000-dən çox işsiz özünüməşğulluq proqramına cəlb olunub. Bu
dəfə də onların əksəriyyəti əlillər, şəhid ailəsi üzvləri, məcburi köçkünlər, gənclərdir.
Nazirliyin cari il ərzində proqrama cəlb olunanların sayının 10 minə çatdırılacağı
qeyd edilən məlumatında o da bildirilir ki,
özünüməşğulluq proqramının genişləndirilməsi sahəsində Dünya Bankı ilə əməkdaşlıq
imkanlarından geniş istifadə edilir və bu hesaba 2020-ci ildə proqram çərçivəsində
15 min mikromüəssisənin yaradılması planlaşdırılır.
Proqramın icra mexanizminin təkmilləşdirilməsi,
sosial yardım alanların, daha çox sosial müdafiəyə ehtiyac duyanların proqramda
iştirak səviyyəsinin artırılması da diqqətdə saxlanılır. Həmin çərçivədə nəzərdə
tutulan işlər sırasında isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş
elektron informasiya sisteminin "Məşğulluq” altsistemində özünüməşğulluq proqramı
iştirakçılarının hər birinin ayrıca kabinetinin yaradılmasının planlaşdırıldığını
göstərmək olar. Elektron kabinetdə vətəndaşın özünüməşğulluq proqramına müraciəti
və proqrama qəbulu, bu çərçivədə təlim kursu keçməsi, müdafiə etdiyi biznes-plan,
eləcə də proqram iştirakçısının biznes-planına uyğun verilən aktivlərlə bağlı bütün
məlumatlar yerləşdiriləcək.
Raqif MƏMMƏDLİ,
"Azərbaycan”