İfa etdiyi mahnılarla sanki adamın ruhuna lay-lay deyirdi. Həzin səsi könülləri oxşayırdı. Elə bir insan tapılmazdı ki, o, "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" mahnılarını ifa edərkən onu dinləməsin, səsinin, avazının sehrinə düşməsin.
Söhbət Xalq artisti Gülağa Məmmədovdan gedir. O müğənnidən ki, musiqi sənətinə gəlişinin də nağıl kimi tarixçəsi var. Hələ kiçik yaşlarından qonşu uşaqları başına yığıb onlara mahnılar oxuyan Gülağa 12 yaşındaykən adəti üzrə həmyaşıdlarına "konsert" verərkən təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir bəy Hacıbəyli sehrli uşaq səsini eşidib ayaq saxlayır. Sən demə, Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar o gün balaca istedadı Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Kim nə deyir desin, bu, alın yazısı, Tanrının Gülağanın qarşısına çıxardığı bir qismət idi.
Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar məhəlləsində olduqca kasıb ailədə anadan olub. Pinəçi işləyən Allahverdi kişi cüzi qazancı ilə ailəsini çətin dolandırırdı. Bir tərəfdən də ailənin kirayədə yaşaması vəziyyəti daha da ağırlaşdırırdı.
Üzeyir bəyin dəvəti ilə Bakıya gələn Gülağa Üzeyir bəyin özündən, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarlardan ibarət münsiflər heyətinin olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir. Beləliklə, 13 yaşlı Gülağa 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində maestro Niyazinin müşayiətilə Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyasını ifa edərək uğur qazanır.
Üzeyir bəy Hacıbəyli Gülağanın ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənir, onun Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə anası ilə birgə yanına çağırır və tapşırır ki, xoşlarına gələn evi seçib ünvanı desinlər. Mirzağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Beləliklə, ailə Üzeyir bəy Hacıbəylinin dəstəyi ilə ikiotaqlı mənzilə köçür. Gülağaya həmçinin 250 manat da təqaüd ayrılır.
15 yaşı olanda Gülağa Məmmədov Səid Rüstəmovun ansamblına qəbul edilir. Konservatoriyada ali musiqi təhsili alan müğənni 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənir. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus idi. Görkəmli bəstəkar Səid Rüstəmov mahnılarının əksəriyyətini Gülağa Məmmədovun səs tembrinə uyğun yazırdı. Bir qayda olaraq Tofiq Quliyevin və Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqiləri ifa edən müğənni respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansamblları və simfonik orkestrləri ilə birgə çıxışlar edib.
Korifey sənətkar bir müddət Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında da çalışıb. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) Xalq Çalğı Alətləri Ansamblının solisti olub.
İkinci Dünya müharibəsi zamanı Gülağa Məmmədov oddan, alovdan keçərək Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramları ilə çıxış edir. Müharibə qurtarandan sonra isə Gülağa evlənmək qərarına gəlir. Müğənninin ailə qurmasının da qəribə, özünəməxsus tarixçəsi var. Gülağa məktəbdə oxuyan zaman bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza aşiq olur. Amma qızın valideynləri Gülağanın ali savadı olmadığı üçün onların evlənməsinə razı olmurlar. Şərt də bu olur ki, Gülağa ali təhsil aldıqdan sonra evlənsinlər. Bir tərəfdən də gənclərin sevgi macərasından xəbər tutan Aliyənin dayısı onlara göz verib, işıq vermir. Gülağa bir gün Aliyəyə deyir ki, evlər idarəsinin müdirinin tapşırğı ilə bütün qonşuların pasportlarını yığıram, sən də öz pasportunu mənə ver. Bir qədər sonra Aliyə öz pasportunu geri alanda pasportunda evli olması barədə qeydi görüb təəccüblənir.
Gülağa Məmmədovla Aliyə xanımın uzun illər övladları olmayıb. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini də deyiblər. 1956-cı ildə evlənən cütlüyün 10 il sonra yeganə övladları - Gülarə dünyaya gəlib. Gülarə xanım atasıyla bağlı xatirələrini mətbuata danışarkən deyib: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi anamın pasportuna evlənmələri barədə vurdurduğu möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "hazırlaş, xaricə gedirik", - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə demək olar dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, ərəb ölkələri, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar".
1982-ci ildən Xalq artisti olan Gülağa Məmmədov 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında musiqi nömrələri ifa edib. "Nəsimi" filmində Nəsiminin səhrada dərvişlərin əhatəsində gəzərkən oxunan "İstəmə" qəzəlini də Gülağa Məmmədov ifa edib. "Dəli Kür" bədii filmindəki "Ana Kür" mahnısı ilə müğənni musiqisevərlərin yaddaşına öz adını əbədi həkk edə bilib. Deyilənə görə, efirdə muğam oxumayan sənətkarın yaxşı muğamat oxumağı da olub. Bu barədə ona sual verəndə "oxuyacağam" cavabını verərmiş. 1942-ci ildən radionun Bədii Şurasının üzvü olan sənətkar şit, bayağı mahnıları efirə gətirmək istəyən olanda öz fikrini qəti şəkildə "Efirə buraxmaq olmaz!" - deyərmiş.
Müğənninin qızı atasının son günlərini xatırlayaraq deyib: "1994-cü il iyunun 7-də səhər yeməyini yedikdən sonra atamın halı pisləşib. Anam nə qədər təkid etsə də, onu işə getmək fikrindən daşındıra bilməyib. İşə getmək üçün evdən çıxıb. Həyətə düşəndə halı daha da pisləşib. Qonşular atamı çətinliklə pilləkənlərdən qaldıraraq evə aparıblar. Təcili yardım gəlib müğənnini infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirib. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə getmə, sən yanımda qal". Amma həkimlər etiraz ediblər. Anam otaqdan çıxarkən onu arxayın edib: "Heç yerə getmirəm. Qapının ağzında gözləyirəm". Bir müddət sonra palatadan çıxan tibb bacısı anama "o vəfat etdi", - deyib.
Elşən QƏNİYEV,
"Azərbaycan"