Azərbaycan Orta dəhlizdə strateji əhəmiyyətə malik ölkədir. Üstəlik, bu marşrutun dinamik fəaliyyətini təmin etmək üçün bir çox təşəbbüslərin müəllifidir. Ölkəmizdə bu məqsədlə uzun müddət nəqliyyat sahəsində ciddi struktur islahatları həyata keçirilib.
Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü logistika siyasəti, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində Azərbaycan regionda aparıcı nəqliyyat-logistika mərkəzinə çevrilib. Hazırda ölkəmiz 9 beynəlxalq hava limanına, regionda ən böyük Aviayük donanmasına sahibdir. Bununla yanaşı, Azərbaycanda Ələt BDTL-in tikintisi, Zəngəzur dəhlizinin açılması istiqamətində intensiv işlərin görülməsi, nəqliyyat-tranzit potensialından istifadə ilə bağlı ardıcıl proqramların icrası ölkəmizin nəqliyyat-logistika mövqeyini daha da gücləndirir. Bütün bunlarla yanaşı, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə strateji layihələr Azərbaycanın qlobal nəqliyyat xəritəsində aparıcı mövqeyini təmin edib.
Bakıda "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının təsisçilərinin ümumi yığıncağının keçirilməsi də ölkəmizə olan inamın nəticəsidir. Azərbaycan, Özbəkistan, Qırğızıstan və Tacikistan dəmiryol administrasiyalarını özündə birləşdirən təşkilat Azərbaycanın təşəbbüsü ilə yaradılıb. Bu, birgə qurum transregional daşımalarda kooperasiyanı gücləndirməyi hədəfləyir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji planlaşdırma şöbəsinin müdiri Aqil Əsədov "Orta dəhlizin strateji əhəmiyyəti: Trans-Xəzər marşrutu üzrə investisiya artımı və Azərbaycanın regional rolu" sərlövhəli məqaləsində Orta dəhlizin qlobal rolu barədə yazır: "Müasir nəqliyyat və logistika şəbəkələri ticarəti, idxal-ixracı, tranzit və regional əməkdaşlıqları inkişaf etdirərək ölkələrin iqtisadi gücünü artırır və beynəlxalq inteqrasiyanı sürətləndirir. Avropa İttifaqı, Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri, Türkiyə, beynəlxalq inkişaf bankları, özəl sektor və regional tərəfdaşların iştirakı ilə Özbəkistanın paytaxtı Daşkənddə "Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu"nda səsləndirilən fikirlər də nəqliyyat əlaqələrinin prioritetliyini bir daha ifadə edir".
Müəllif dünya logistikasında Orta dəhlizin əhəmiyyətini vurğulayaraq yazır: "Trans-Caspian International Transport Route" (TITR/Orta dəhliz) ötən illərdə beynəlxalq logistika və nəqliyyat arenasında önəmli yer tutmağa başlayıb. Bu dəhlizin inkişafı Asiya ilə Avropa arasında ticarət və nəqliyyat əlaqələrini sürətləndirərək dünya ölkələri üzrə resursların bərabər paylanmasına da öz töhfəsini verməkdədir. Qlobal miqyasda - Afrika, Asiya, Avropa və digər regionları əhatə edən infrastruktur layihələri, logistika dəhlizləri və yükdaşımaların optimizasiyası kimi məsələlərin prioritetliyi nəqliyyat sektoruna diqqəti daha da artırır, sahənin investisiya cəlbediciliyini yüksəldir".
Məlum olduğu kimi, hər bir layihənin reallaşması üçün investisiya yatırılmalıdır. Həmin forumun nəticələrinə görə, Trans-Xəzər nəqliyyat əlaqələrinin inkişafı üçün Avropa İttifaqı tərəfindən xüsusi layihə reallaşdırılacaq. "Avropa Komandası" 15 milyon avroluq proqram çərçivəsində ticarət prosedurlarını təkmilləşdirməyi, gömrük səmərəliliyini artırmağı, nəqliyyat qaydalarını uzlaşdırmağı və multimodal logistikanı inkişaf etdirməyi hədəfləyir. Dövlət-özəl tərəfdaşlığı, tarif sistemləri və aktivlərin idarə edilməsi üçün dəstək təmin edilir. İnvestisiya paketinə texniki-iqtisadi əsaslandırmalar, ətraf mühitin qiymətləndirilməsi və prioritet infrastruktur layihələrin müəyyən edilməsi də daxildir. Bütün bu işlərin reallaşdırılması üçün ümumilikdə 10 milyon avro xərclənəcək. Eyni zamanda 5 milyon avro ilə də Aİ və AYİB nəqliyyat dəhlizlərinin modernləşdirilməsini və aşağıkarbonlu nəqliyyat infrastrukturuna keçidi sürətləndirmək üçün texniki və investisiya öncəsi tədqiqatları maliyyələşdirəcək.
Aqil Əsədov həmçinin qeyd edir ki, "Trans-Xəzər Nəqliyyat Dəhlizi (TCTC) üzrə İnvestorlar Forumu"nda Qazaxıstanın Aktau limanına Aİ tərəfindən 10,4 milyon, AYİB tərəfindən isə 35 milyon avro kredit verilməsi açıqlanıb. Layihəyə körpülərin genişləndirilməsi, enerjiyə qənaət edən kranların quraşdırılması və konteynerlərin daşınması qabiliyyətinin artırılması daxildir. Forumda həmçinin investorlar tərəfindən Qırğızıstan, Qazaxıstan və Özbəkistanda yol tikintisi və infrastruktur quruculuğu işlərinə ümumilikdə 300 milyon avroya yaxın investisiya qoyulacağı da bildirilib.
Rüstəm KAMAL,
"Azərbaycan"