Su həyatdır, yəni maddi nemətlər bolluğudur, flora və faunadır. Elə buna görədir ki, Goygöl Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin kollektivi gecəni gündüzə qataraq əkin sahələrini su ilə təmin etmək üçün əllərindən gələni əsirgəmirlər.
Artıq kənd adamlarının işi bir qədər səngimişdir. Suvarmaya da bir o qədər ehtiyac yoxdur. Lakin belə bir dövrdə də melioratorların işi başdan aşır - onlar növbəti mövsüm üçün hazırlıq işlərinə başlamışlar. İdarənin balansında olan meliorasiya və irriqasiya sistemlərinin normal saxlanılması və qəzasız fəaliyyətini təmin etmək üçün hər iş plan çərçivəsində həyat keçirilir.
İdarənin rəisi İsmayıl Əvəzov deyir ki, Göygöl sudan əziyyət çəkən rayonlar sırasındadır: "Buna baxmayaraq, bütün imkanlardan istifadə edilərək, təsərrüfatları susuz qoymuruq. Nəticələrimiz yaxşıdır. Məsələn, cari ildə də rayonda taxılçılığın inkişafına diqqətlə yanaşılmış, 4382,5 hektarda dənli bitkilər əkilmişdir. Bunun 2310,5 hektarı buğda, 2016,5 hektarı arpa, 55,5 hektarı xəsil olmuşdur. Taxıl sahələrinin vaxtında suvarma suyu ilə təmin olunması nəticəsində zəmilərdən 12328 ton məhsul götürülmüşdür. Bundan əlavə, əkin sahələrinin vaxtında suvarılması sayəsində 437 hektarda tərəvəz, 21 hektarda dən üçün qarğıdalı yetişdirilmişdir".
Söhbət zamanı o da məlum oldu ki, cari il ərzində kənd təsərrüfatı bitkilərinin normal suvarılması üçün kanalların su təminatı təmin edilmişdir. Bu məqsədlə ümumi uzunluğu 25 kilometr olan magistral su borusundan və ümumi tutumu 6350 kubmetr olan su anbarlarından istifadə olunmuşdur. Həmin magistral su kəmərlərində və mənbələrində, eləcə də şəhərdaxili anbarlarda təmizləmə və dezinfeksiya işləri, şəhərdaxili su şəbəkəsində bərpa işləri aparılmış, baş vermiş qəzalar vaxtında aradan qaldırılmışdır.
Qeyd edək ki, Göygöl Rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi suvarma mənbələrindən ilin bu 11 ayı ərzində 85391 min kubmetr su qəbul etmişdir. Kanallarda 668 min kubmetr həcmində lildən təmizləmə işləri aparılmış, əlavə olaraq 50 hidrotexniki qurğu, 30 hidropost cari təmir edilmiş, xeyli arx və kanal kol-kosdan təmizlənmişdir. Bundan başqa, qapalı boru kəmərinin 6 kilometrində təmir işləri görülmüşdür.
İdarənin əməkdaşları sel sularının və daşqınların qarşısının alınması üçün də xeyli iş görmüşlər. Gəncəçay, Kürəkçay və Qoşqarçayın mühafizə zolaqlarında bənd bərkitmə işləri aparılmış, ağır texnikaların köməyi ilə 240 min kubmetr təmizləmə işləri görülmüşdür. İdarənin balansındakı 12 nasos stansiyası da cari təmir olunmuşdur. 302 subartezian quyusundan 198-i təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Təmirə yaramayan 25 nasos aqreqatı isə yenisi ilə əvəz olunmuşdur.
Sabir ƏLİYEV,
"Azərbaycan"