Yay fəslinin gəlişi ilə artan temperatur, Günəş şüalarının intensivliyi, havadakı rütubət səviyyəsinin dəyişməsi və gündəlik həyat ritminin yenilənməsi insan orqanizminin də bu prosesə adaptasiyasına ehtiyac yaradır. Bədənimiz də dəyişən hava şəraitinə, qidalanma rejiminə və həyat tərzinə uyğunlaşmağa çalışır.
Bu mövsümdən maksimum fayda əldə etmək sağlamlıq, əhvali-ruhiyyə və enerji ilə birbaşa bağlıdır. Buna görə də, bədənimizi bu dövrə fiziki, bioloji və emosional baxımdan düzgün hazırlamalıyıq.
Toksinlərdən təmizlənmək üçün ideal vaxt
Yay ayları yüngül və təbii qidalanma ilə bədəni toksinlərdən təmizləmək üçün ideal vaxtdır. Enerjini bərpa etmək və orqanizmi mövsümə hazırlamaq üçün təbii detoks üsullarına üstünlük verilməlidir. Yay detoksu zamanı ilk və əsas addım düzgün qidalanmaya diqqət yetirilməsidir. Bunun üçün gündəlik qida rasionuna həm su, həm də vitaminlərlə zəngin xiyar, pomidor, göyərti, qarpız, yemiş, moruq, giləmeyvə, albalı kimi mövsümi meyvə və tərəvəzlər, liflə bol yulaf, çia və kətan toxumu, tam buğda məhsulları, orqanizmi sakitləşdirən bitki mənşəli zəncəfil, nanə, çobanyastığı və qarabaşaq çayları əlavə edilməlidir.
Detoks zamanı həm su, həm də çay şəklində hazırlanan içkilərdən istifadə etmək məqsədəuyğundur. Olduqca faydalı olan detoks çayları individual hazırlanmalıdır. Belə ki, bu içkinin tərkibində olan məhsullar insana mənfi təsir də edə bilər. Yüksək təzyiq, diabet, sümük, qanazlığı və ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, habelə hamilələr, 16 yaşından aşağı uşaqlar, fiziki ağır işdə çalışanlar və sağlamlıq problemi olan yaşlılar detoks içkilərinin istifadəsi zamanı xüsusilə ehtiyatlı olmalıdırlar.
Detoks çayları bir çox bitki və meyvə qarışığından ibarət olduğundan gün ərzində onları tez-tez içmək tövsiyə edilmir. Mütəxəssislər belə çayları səhər oyandıqdan sonra və gecə yatmazdan əvvəl istehlak etməyi məsləhət görürlər. Gecə yatmazdan əvvəl çayın sakitləşdirici təsirindən faydalanmaq imkanı artır və yuxu prosesində toksinlər təmizlənir. Səhər yuxudan duranda detoks çayı içmək isə təravətləndirici təsir göstərir və gün ərzində bədəndən toksinləri çıxarmağa davam edir.
Detoks içkisi hazırlayarkən suya meyvə və tərəvəzlərlə yanaşı, darçın çubuqları, mixək, qara bibər kimi ədviyyatların əlavə edilməsi də faydalıdır. Suyun 1-12 saat dəmlənməsini, yəni tərəvəz, meyvə və ədviyyatların dadının, vitamin və minerallarının suya keçməsini gözləmək lazımdır. Gözləmə müddətini azaltmaq istədikdə tərəvəz və meyvələr yüngülcə əzilib suya əlavə edilə bilər. Detoks suları bədəndən bütün zərərli maddələri çıxararaq, bağırsaqları təmizləməyə kömək edir. Lakin bu sular bağırsaq tənbəlliyinə səbəb ola biləcəyi üçün uzunmüddətli istifadəsi tövsiyə olunmur. Suya əlavə edilən ərzaqların həddindən artıq istehlakı kalium, kalsium, sink, fosfor və bəzi vitaminlərin bağırsaqlar tərəfindən sorulmasına mane ola və əzələ spazmlarına səbəb ola bilər. Buna görə də, detoks içkilərini qəbul etməzdən əvvəl onun tərkibini diqqətlə araşdırmaq lazımdır.
Qidanı az-az və tez-tez qəbul etmək lazımdır
İsti havalarda ağır, yağlı yeməklər orqanizmi yorur və həzm sisteminə əlavə yük yaradır. Bu səbəbdən tərəvəzli yeməklər, buğda məhsulları, bişmiş və ya buxarda hazırlanmış qidalara üstünlük vermək daha münasibdir. Yay mövsümündə bol olan, vitamin və minerallarla zəngin meyvə və tərəvəzlər orqanizmi ehtiyac duyduğu antioksidantlarla təmin edir. Orqanizmin zülala olan tələbatını qarşılamaq üçün isə toyuq və balıq kimi ət məhsulları, paxlalılar, yumurta və süd məhsulları istifadə edilməlidir.
Gün ərzində az-az və tez-tez qidalanmaq bədəni yükləmədən enerji ilə təmin edir. Qızartmalar, yağlı və ağır yeməklər, şəkərli və qazlı içkilər, paketlənmiş və yarımfabrikat qidaların yeyilməsi tövsiyə olunmur. Xüsusilə günün isti saatlarında (12:00-16:00) ağır yeməklərdən çəkinmək məsləhətdir. Yayda qidalanma təkcə bədən formasını qorumaq üçün deyil, həm də sağlamlıq və enerji səviyyəsinin yüksək qalması üçün vacibdir.
Yayda orqanizmin bakterial və virus mənşəli infeksiyalara qarşı dözümlülüyü də zəifləyir. Buna isti havalarda qida məhsullarının tez xarab olması, su mənbələrinin çirklənməsi və günvurma halları səbəb olur. Sağlam bağırsaq mikroflorası isə orqanizmin immun sistemini gücləndirir. C, D və E vitaminləri ilə yanaşı, qəbul edilən sink və selen elementi də immunomodulyator rolunu oynayır.
Gündə minimum 2-2,5 litr sadə və ya detoks suyu içmək tövsiyə olunur
Yay fəsli imkan yaradır ki, açıq havada hərəkəti intensivləşdirəsən. Səhər saatlarında yürüş, üzgüçülük, velosiped sürmək orqanizmi həm fiziki, həm də psixoloji cəhətdən gücləndirir. Açıq səma altında idmanla məşğul olmağın əsas müsbət cəhəti beynin oksigenlə qidalanması və D vitamini qəbuludur. Günəş şüaları D vitamini sintezini artırsa da, uzun müddət qorunmadan gün altında qalmaq dəridə yanma, erkən qocalma və hətta onkoloji xəstəliklərə yoluxma riskləri yarada bilər. Buna görə də günəş kremi, papaq və gün eynəyi kimi qoruyucu tədbirlərdən istifadə etmək lazımdır.
Günvurma və dehidrasiya riski yüksək olduğu üçün fiziki aktivliklə günün isti saatlarında məşğul olmaq tövsiyə edilmir. Hər yaş üçün uyğun olan optimal variant isə 30 dəqiqəlik səhər gəzintisidir.
İdmanla məşğul olarkən, maye qəbuluna ciddi fikir vermək lazımdır. İsti havalarda bədən qəbul etdiyindən daha çox maye itirir. Dehidrasiyanın qarşısını almaq üçün gündə minimum 2-2,5 litr sadə və ya detoks suyu içmək tövsiyə olunur.
Yay aylarında gün işığının artması ilə hormonal balansda dəyişikliklər baş verir. Günəş işığı serotoninin (xoşbəxtlik hormonu) səviyyəsini artırır. Bu əhvalın yaxşılaşmasına səbəb olsa da, yuxu ritmini pozur. Yuxu rejimini qaydaya salmaq üçün meditasiya və nəfəs məşqləri etmək, sakitləşdirici musiqi dinləmək lazımdır. Mütəxəssislərin verdikləri bu tövsiyələrə əməl edərək yay mövsümünü sağlam və enerjili keçirmək mümkündür.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"