10 Oktyabr 2026 16:21
242
SİYASƏT
A- A+
Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir


Azərbaycanın müstəqillik illərində qazandığı əsas uğurlardan biri beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirməsi və müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirməsidir. Bu gün respublikamız yalnız regional məsələlərdə deyil, beynəlxalq səviyyədə də fəal iştirak edir, dövlətlər arasında siyasi dialoqun inkişafına və əməkdaşlığın genişlənməsinə töhfə verir. Qarşıdakı illərdə Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda üzərinə götürəcəyi məsuliyyətlər bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Belə ki, 2027-2028-ci illərdə Azərbaycan müxtəlif nüfuzlu beynəlxalq və regional təşkilatlarda sədrlik, həmsədrlik və ev sahibliyi missiyalarını həyata keçirəcək. 2026-cı il oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində təşkil olunan MDB Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyev bu beynəlxalq təşkilatla Azərbaycanın uğurlu əməkdaşlığından danışıb. Dövlətimizin başçısı 35 illiyini qeyd edən MDB-nin ötən illər ərzində siyasi dialoqun dəstəklənməsi, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqlədiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın 2027-ci ildə MDB-yə həmsədrlik etməsi qərarına dəstək verilməsinə görə minnətdarlığını bildirib: “Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq. Azərbaycan, həmçinin 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə və həmin ilin payızında MDB Dövlət Başçıları Şurasının iclasına ev sahibliyi etməyə hazırdır”.

Azərbaycanın ilk dəfə MDB-yə sədrlik etməyə hazırlaşması ölkəmizin təşkilat daxilində əməkdaşlığın daha güclənməsinə təkan verəcək. Bu çərçivədə siyasi məsləhətləşmələrin, iqtisadi əlaqələrin, nəqliyyat və logistika əməkdaşlığının, eləcə də humanitar münasibətlərin genişləndirilməsi mühüm istiqamətlər ola bilər. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində artan rolu da bu sahədə əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Beləliklə, MDB gələn il Özbəkistanın sədrliyi dövründə Azərbaycan həmsədr qismində fəaliyyət göstərəcək, 2028-ci ildə isə Birliyə sədrlik edəcək. Bu ardıcıllıq ölkəmizə təşkilatın gündəliyində fəal iştirak etmək, üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və qarşılıqlı maraqlara əsaslanan təşəbbüsləri irəli sürmək üçün əlavə imkanlar verəcək.

Türkmənistan, Özbəkistan və Azərbaycanın bu prosesdəki ardıcıl iştirakı Mərkəzi Asiya və Cənubi Qafqaz arasında siyasi dialoqun əhəmiyyətini də ön plana çıxarır. Üç ölkənin iştirakı ilə formalaşan keçid mərhələsi regional əməkdaşlığın davamlılığı və MDB daxilində koordinasiyanın gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Azərbaycanın MDB-yə ilk dəfə sədrliyə hazırlaşması, eyni zamanda, müstəqilliyin bərpasından sonra keçilmiş mürəkkəb siyasi yolun kontekstində dəyərləndirilməlidir. Belə ki, uzun illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində meydana çıxan siyasi reallıqlar ölkəmizin bir sıra regional proseslərdə iştirakına təsir göstərirdi. Ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yaranmış yeni şərait Azərbaycanın regional münasibətlərdə daha geniş gündəliklə çıxış etməsi üçün yeni imkanlar açıb.

MDB-yə sədrlik həm də üzv dövlətlər arasında siyasi məsləhətləşmələrin, iqtisadi əlaqələrin, nəqliyyat və logistika əməkdaşlığının, humanitar mübadilənin və digər qarşılıqlı fəaliyyət istiqamətlərinin inkişafına töhfə vermək baxımından məsuliyyətdir. Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində artan rolu bu istiqamətdə əməkdaşlıq üçün mühüm potensial yaradır.

Azərbaycanın beynəlxalq gündəliyində mühüm yer tutan digər hadisə 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Zirvə Konfransının Bakıda keçiriləcəyidir. Bu barədə Prezident İlham Əliyevin Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının iştirakçılarına ünvanladığı müraciətdə qeyd olunub. Dövlətimizin başçısı müraciətində həmçinin İƏT-də Sədrliyin Azərbaycana keçəcəyini də vurğulayıb:  "2027-ci ildə Azərbaycanda İslam Zirvə Konfransının 16-cı Sessiyası keçiriləcək və ölkəmiz İƏT-də Sədrliyi öz üzərinə götürəcək. Sədrliyimiz dövründə üzv dövlətlərin ümumi maraqlarının təşviqi, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi, İslam həmrəyliyinin möhkəmləndirilməsi və böyük gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunması üçün əlimizdən gələni əsirgəməyəcəyik".

Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra müsəlman dövlətləri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirib. İƏT çərçivəsində əməkdaşlıq siyasi, iqtisadi, mədəni və humanitar münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Respublikamızının paytaxtında düzənlənəcək İslam Əməkdaşlıq Təşkilatının 16-cı İslam Zirvə Konfransı üzv dövlətlər arasında dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə, elmi-texnoloji inkişaf və humanitar məsələlərin müzakirəsinə imkan yaradacaq.

Azərbaycanın xarici siyasətində türk dövlətləri və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq da mühüm yer tutur. Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafı ortaq tarix və mədəniyyətlə yanaşı, nəqliyyat, enerji, ticarət, rəqəmsal inkişaf və qarşılıqlı investisiyalar kimi sahələri də əhatə edir. Orta Dəhlizin imkanlarının genişləndirilməsi bu əməkdaşlığın əsas istiqamətlərindən biridir.

Respublikamızın əlverişli coğrafi mövqeyi Mərkəzi Asiya ölkələri ilə Qafqaz və Avropa arasında əlaqələrin inkişafına yol açır. Nəqliyyat və logistika, enerji, ticarət və rəqəmsal infrastruktur sahələrində əməkdaşlığın yüksəlməsi həm ölkəmizin, həm də tərəfdaş dövlətlərin iqtisadi maraqlarına xidmət edir.

Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) sədrliyi ilə də çoxtərəfli diplomatiyada fəal iştirakını davam etdirir. Bu platformada əsas məqsədlərdən biri Asiya dövlətləri arasında etimadın möhkəmləndirilməsi, siyasi dialoqun genişləndirilməsi və ortaq problemlərin həlli üçün əməkdaşlığın inkişafıdır. İnstitusional inkişaf, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələləri də bu baxımdan əhəmiyyətlidir.

Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin inkişafı da xarici siyasətin mühüm istiqamətlərindəndir. 2028-ci ilin mayında Avropa Siyasi Birliyinin Zirvə toplantısının ölkəmizdə keçirilməsi Avropa ilə siyasi dialoqun genişləndirilməsi və regional təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından da diqqətə layiqdir. Bu platforma müxtəlif dövlətlərin rəhbərlərini bir araya gətirərək ortaq problemlərin müzakirəsinə və qarşılıqlı anlaşmanın gücləndirilməsinə xidmət edir.

Azərbaycanın həm Avropa, həm də Asiya məkanında müxtəlif əməkdaşlıq formatlarında iştirakı onun beynəlxalq əlaqələrinin genişliyini göstərir. Ölkəmizin enerji potensialı, nəqliyyat infrastrukturu və mühüm tranzit mövqeyi bu əlaqələrin inkişafında xüsusi rol oynayır.

Əsas məqsəd imkanlardan səmərəli istifadə edərək dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirmək, iqtisadi və humanitar əlaqələri genişləndirmək, regional sabitliyə və beynəlxalq əməkdaşlığı uğurla davam etdirməkdir. Azərbaycanın qarşıdakı illərdə həyata keçirəcəyi diplomatik fəaliyyətin nəticələri ölkəmizin beynəlxalq mövqeyinin möhkəmlənməsi ilə yanaşı, regionlar arasında əlaqələrin inkişafı baxımından da əhəmiyyətli olacaq.


Zöhrə FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər

17:01
10 Oktyabr

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB

16:27
10 Oktyabr

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar

16:24
10 Oktyabr

Ölkəmizin beynəlxalq mövqeyi möhkəmlənir

16:21
10 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:29
10 Oktyabr

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı səkkiz nəfərə çatıb

15:12
10 Oktyabr

Yeni regional əməkdaşlıq mərhələsi

14:58
10 Oktyabr

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

14:38
10 Oktyabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı

13:59
10 Oktyabr

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

13:31
10 Oktyabr

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

12:39
10 Oktyabr

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

12:25
10 Oktyabr

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

12:23
10 Oktyabr

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

12:08
10 Oktyabr

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

12:06
10 Oktyabr

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

12:04
10 Oktyabr

Azərbaycan nefti 130 dollardan baha satılır

11:10
10 Oktyabr

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər 

11:08
10 Oktyabr

Dünya birjalarında neftin qiyməti artıb

11:07
10 Oktyabr

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi  

11:06
10 Oktyabr

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

11:05
10 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!