Lənkəran Dövlət Dram Teatrının quruluşçu rejissoru, Azərbaycan Respublikasının Əməkdar artisti Adil Ağakərim oğlu Zeynalov yaratmaq eşqi tükənib-bitməyən sənətkarlarımızdan idi. Hazırladığı tamaşaları ilə teatr sənətimizin bugünkü simasını ləyaqətlə təcəssüm etdirən, digər həmkarları ilə çiyin-çiyinə sənət salnaməmizin canlı tarixini yaradan aktyor eyni zamanda milli rejissorluq məktəbimizin parlaq nümayəndəsi olmuşdur.
A.Zeynalov zəmanəmizin görkəmli sənətkarı, Xalq artisti Yaşar Nurinin yetirməsi idi. Böyük müəllimindən aldığı yaradıcılıq estafetini o, sonralar davam etdirməklə özünü geniş, hərtərəfli imkanlara malik əsl sənətçi kimi tanıtdırmış, orijinal dəst-xəti ilə Azərbaycanın teatr tarixində bənzərsiz simasını tapmış, sözünü demiş, yerini tutmuş aktyor və rejissor kimi ad çıxarmışdı.
Adil Zeynalov 1960-cı il fevralın 20-də Lənkəran şəhərində anadan olmuşdur. Hələ orta məktəb illərindən səhnə sənətinə marağı onu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) gətirib çıxarmışdır. Müsabiqədən keçməməsi Adili heç də həvəsdən salmamış, ilk əmək fəaliyyətinə də məhz 1977-ci ildə hələ uşaqlıq dövründən arzusunda olduğu sənət ocağında - Lənkəran Dövlət Dram Teatrında səhnə maşinisti vəzifəsində başlamışdır.
Bir ildən sonra Adil bilik və bacarığını sınamağa qərar verərək sənədlərini yenidən ADMİU-ya təqdim etmiş, xoşbəxtlikdən bu dəfə bəxti gətirmiş, bütün imtahanların öhdəsindən müvəffəqiyyətlə gələrək, musiqili komediya aktyorluğu şöbəsinə qəbul olunmuşdur.
Ali məktəb illərində sənət müəllimi, Xalq artisti Yaşar Nuridən və vokal müəllimi, Əməkdar artist Tatyana Bədirovadan aldığı dərslər bütün fəaliyyəti dövründə onun ömür yolunda çıraq kimi şölə saçmış, hərtərəfli bilikli, yetkin fikirli aktyor kimi yetişməsində mühüm rol oynamışdır. Hərdən söz düşəndə Adil müəllimlərinin xatirəsini dönə-dönə hörmətlə yada salaraq bir aktyor kimi xüsusən komik ampluada formalaşmasında Yaşar Nurinin zəhmətinin hədsiz olduğunu etiraf etmiş, əldə etdiyi bilik və bacarığına görə bütün ömrü boyu böyük sənətkara minnətdar olduğunu bildirmişdir.
Ali təhsilini başa vuran Adil həqiqi hərbi xidmətə çağırılmış, ikiillik qulluqdan sonra - 1983-cü ildə təyinatla yenidən doğma kollektivə - Lənkəran Dövlət Dram Teatrına qayıtmışdır.
Bu sənət ocağında gənc aktyorun ilk rolu Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasında Lal obrazı olmuşdur. Mahiyyətcə bu rolun səhnədə bircə kəlmə belə sözünün və qabarıq imkanlarının olmamasına baxmayaraq, Adil məharətli ifa tərzi ilə ilk səhnələrdən tamaşaçıların diqqətini özünə cəlb etmişdir. Sonrakı dövrlərdə onun səhnədə yaratdığı Ü.Hacıbəylinin "Olanlardan-keçənlərdən" tamaşasında Hakim, Müəllim və Tələbə, Ə.Nesinin "İntihar"ında Emin Əfəndi, Ə.Haqverdiyevin "Bəxtsiz cavan"ında Hacı Səməd ağa, "Ağa Məhəmməd şah Qacar"da Cəfərqulu xan, M.F.Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahim, Mustay Kərimin "Piyada Mahmud"unda Mahmud, H.Mirələmovun "Pənah xan Cavanşir" dramında Nadir şah, Sofoklun "Şah Edip" faciəsində Korifey və onlarca digər bu kimi rollar Adil Zeynalovun kamil bir aktyor səviyyəsinə qalxmasında tramplin olmuşdur.
Yadımdadır, 1990-1992-ci illərdə respublikanın digər sənət ocaqları kimi, Lənkəran teatrı da ölkədəki sosial-iqtisadi və siyasi sistemin bərbad vəziyyətə düşməsi səbəbindən az qala dağılmaq təhlükəsi qarşısında qalmışdı. Teatrın baş rejissoru və aktyorların əksəriyyəti doğma iş yerini tərk edib getsələr də, Adil Zeynalov az sayda həmkarları ilə birlikdə bütün mövcud çətinliklərə sinə gərərək teatrın fəaliyyətinin dayanmasına imkan vermədi. Ailələrini dolandırmaq naminə hətta fəhləlik etməkdən belə çəkinməyən Adil və məsləkdaşları doğma teatrın yaşaması üçün bütün bilik və bacarıqlarından, istedadlarından maksimum istifadə edərək son nəticədə teatrın böhrandan çıxmasına nail oldular.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra incəsənət, o cümlədən teatr sahəsində də inqilabi dəyişikliklər baş verdi. Teatrların maddi-texniki bazasının gücləndirilməsinə dövlət qayğısı qat-qat artırıldı.
Bu dövrdə aktyor Adil Zeynalov həm də rejissor kimi çalışmağa başlamışdı. Onun quruluş verdiyi tamaşalar təkcə sənətsevərlərin deyil, eləcə də teatr mütəxəssislərinin diqqətini özünə çəkmişdi. Çox keçmədi ki, teatrın rəhbərliyi Adil Zeynalovun quruluşçu rejissor ştatına götürülməsini Mədəniyyət Nazirliyindən xahiş etdi. Teatrın xahişi nazirlik tərəfindən müsbət qarşılandı.
Tamaşalarda oynamaqla yanaşı, o həm də müxtəlif səpkili əsərlərin quruluşunu verirdi. Ayrı-ayrılıqda H.Cavidin "Ana", Y.Əzimzadənin "Nəsrəddin", L.Korsinskinin "Kələkbaz", Ə.Səmədlinin "Dəyirman əhvalatı", "Toyda Çelentano oxuyur", V.Nuşiçin "Nazirin xanımı", M.İbrahimbəyovun "Kərgədan buynuzu", Elçinin "Dəlixanadan dəli qaçıb", V.Səmədoğlunun "Mamay kişinin yuxuları", İ.Əfəndiyevin "Qəribə oğlan", Ş.Başbəyovun "Dəmir qadın", Elçinin "Cəhənnəm yuxuları", A.Şaiqin "Qoç Polad", Əli Əmirlinin "Köhnə ev", Hafiz Mirzənin "Moskvalı gəlin", ümumilikdə isə 50-dək pyes A.Zeynalovun rejissor süzgəcindən keçmiş, uğurlu səhnə həyatı qazanmışdır.
Adil Zeynalovun kinoda yaratdığı rolları da diqqət çəkir. Aktyor "Qətl günü", "Bığ əhvalatı", "İyirmi ildən sonra", "Durnalar qayıtdı", "Qırxıncı qapı", "Susmuş vicdan" və digər bədii filmlərdə, teleseriallarda bir-birindən maraqlı obrazlar yaratmışdır. "Qətl günü" və "Durnalar qayıtdı" filmlərində yaratdığı Lal və Bağı rolları ona Gürcüstan Kino Akademiyasının keçirdiyi festivalda "Ən yaxşı kişi" rolunun ifaçısı mükafatını qazandırmışdır.
A.Zeynalov Lənkəran teatrının kollektivi arasında böyük hörmətə malik idi. O, teatrda Yeni Azərbaycan Partiyası ilk təşkilatının sədri, Bədii Şuranın və həmkarlar təşkilatı idarə heyətinin üzvü kimi ictimai fəaliyyəti ilə böyük nüfuz qazanmışdır.
Prezident İlham Əliyevin 9 may 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə A.Zeynalov "Əməkdar artist" fəxri adına layiq görülmüşdür.
Səmimi olduğu qədər də həssas, təmkinli insan olan Adil Zeynalov öz davranışı ilə ətrafdakılara hər zaman inam və qətiyyət, məhəbbət və hörmət hissləri aşılayırdı. O həm də vətənpərvər insan idi.
Təəssüf ki, 12 mart 2020-ci ildə amansız ölüm istedadlı sənətçini ailəsinin, sənət dostlarının, pərəstişkarlarının əlindən aldı. Bu gün o, cismən onların yanında olmasa da, ruhən, mənən onlarladır və şübhə yoxdur ki, dünya durduqca yaşayacaq, xatırlanacaqdır.
Ağaddin BABAYEV,
Lənkəran