19 Mart 2023 02:43
2350
Elm və texnika
A- A+
Novruz gəlir, yaz gəlir...

Novruz gəlir, yaz gəlir...

 

Yeni gün bayramı, Bahar bayramı kimi adlandırılan Novruz türkmənşəli xalqlara məxsusdur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması, oyanışı, yeni ilin başlanğıcı kimi bayram etdiklərinə görə belə adlandırılıb. Şimal yarımkürəsində astronomik yazın başlanğıcı, gecə-gündüzün bərabərliyi martın 21-dən hesablanır. 
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu əsərlərində göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs edərək onun təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd edib.
Nizam-ül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi söz açıb. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramının ən təmtəraqlı keçirildiyi ölkə Azərbaycandır desək, yanılmarıq. Martın 21-nə qədər 4 çərşənbə xalqımız tərəfindən yüksək əhvali-ruhiyyə ilə qeyd olunur. Bu ərəfədə Novruza hazırlıqlar başlayır, təmizlik işləri görülür, bayram şirniyyatları bişirilir, süfrələr bəzədilir. 

 

Kainatın yaradılışı - su, od, yel, torpaq

 

Qədim inanclara görə, kainat 4 ünsürdən - su, od, yel və torpaqdan yarandığına görə, hər il Novruzdan əvvəl dörd çərşənbə qeyd olunur.
İlk çərşənbə - Su çərşənbəsidir. Dağlarda qarın əriməyə başlaması, buzlaqların açılması, çaylarda sululuğun artması ilə təbiət sanki yavaş-yavaş oyanmağa başlayır. Bu çərşənbədə hər kəs səhər tezdən durub bulaq başına su gətirməyə gedir. Sonra su evin ətrafına, həyətə çilənir, bunun ruzi-bərəkət, bolluq gətirəcəyinə inanılır.
İkincisi Od çərşənbəsi adlanır. Bunu günəşin yavaş-yavaş torpağı isitməsi ilə bağlayırlar. Bu çərşənbədə tonqallar qalayır, hər ailə üzvünün adına bir şam yandırırlar. Tonqalın üstündən atlanaraq bütün ağırlıqlarının, bəlanın, xəstəliyin odda yanmasını arzulayırlar.
Üçüncüsü Yel çərşənbəsidir. İnanclara görə, külək oyanmış torpağı, təzəcə açmış çiçəkləri, tumurcuqları əsdirir.
Sonuncu isə Torpaq çərşənbəsidir. Artıq dördüncü çərşənbədə torpaq oyanır və yazın gəlişindən xəbər verir. Qədim dövrlərdə ilk yaz əkininə xışla-kotanla məhz Torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğdanı isladıb cücərdirmişlər.

 

Səma cisimlərini xatırladan şirniyyatlar

 

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başlayıb. Buna baxmayaraq, əksər xalqlar Bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlayıblar.
Novruzun böyüklü-kiçikli sevilən tərəfi bayram ərəfəsində xonçaları bəzəmək, bayram süfrəsi hazırlamaq üçün müxtəlif şirniyyatların bişirilməsidir. Bayramın olmazsa olmazına çevrilənlər isə paxlava, qoğal, şəkərbura və badamburadır. İnanclara görə isə hər bir şirniyyat bir səma cisminə bənzəyir. Məsələn, qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Təbii ki, bunlarla yanaşı, müxtəlif bölgələr bayramda digər şirniyyatlar da hazırlayırlar. Səməni halvası da Novruz bayramında hazırlanan və süfrəni bəzəyən təamlardan hesab olunur. 
Novruz qədim bayramlardan olduğu kimi, həm də adət-ənənələri ilə fərqlənən bayramdır. Elə buna görədir ki, özündə əyləncəni, mehribanlığı, bol ruzi-bərəkəti, yazın gəlişini, təbiətin oyanışını ehtiva edərək kiçikdən-böyüyə hər kəsin səbirsizliklə gözlədiyi bayramdır. Hər bayramın, xüsusi günlərin atributları olduğu kimi, Novruz deyəndə də ilk ağla gələn Kosa və Keçəldir. Keçəl qışın, Kosa isə yazın müjdəçisidir.  Bu günlərdə bayramla əlaqəli keçirilən bütün tədbirlərdə Kosa və Keçəl personajlarına rast gəlmək mümkündür. Bayram şənliklərində Bahar qızın xüsusi rolu olur. O, geyimi, üzündəki təbəssümü ilə yazın gəlişindən, təbiətin, ağacların çiçəklənməsindən xəbər verir.  

 

Papaq atmaq, üzük və qulaq falı...

 

Novruz bayramının ən maraqlı adətlərindən biri papaq, keçmiş dövrlərdə isə xurcun atmaqdır. Belə ki, bayram axşamı uşaqlar ev-ev gəzərək qapıları döyüb papaq ataraq özlərinə bayram sovqatı toplayardılar. Torbanı boş qaytarmazdılar.  
Bayramın digər adətlərindən biri isə qulaq falına çıxmaqdır. Əsasən qızlar arzu tutaraq qulaq falına çıxırlar. İnanclara görə,  dinləmək üçün gedilən evdən xoş sözlər eşidilərsə, bu, arzunun yerinə yetəcəyinə işarə olurdu.
Yumurta döyüşdürmək də Novruz bayramının maraqlı oyunlarından və adətlərindəndir. Bayramda ailə sayına görə qaynadılmış və bəzədilmiş yumurtaları döyüşdürürlər. Nəticədə məğlub olan tərəf qalib şəxsin tələblərini yerinə yetirməli olur. 
Üzük falı qızların Novruzda ən sevdiyi ənənələrdəndir. Qızlar üzüyü saçlarının telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayırlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Xalqımızın ən yüksək tutduğu məqam isə ailə dəyərləridir. Xüsusən Novruz bayramında böyükləri ziyarət etmək, əllərini öpmək xüsusi önəm daşıyır. Eyni zamanda bayramda küsülü qalmazlar deyimi ilə, küsülülər barışarlar.
Şam yandırmaq da Novruz bayramının bir əlamətidir. Bayram axşamında xonçanın ətrafına düzülmüş şamlar ətrafa işıq saçır. Ailə üzvlərinin sayı qədər şam yandırmaq vacib adət hesab olunur.  

 

Novruz oyunları

 

Novruz bayramı milli xalq oyunları ilə də fərqlənir. Novruz günlərində Cıdır, qurşaqtutma, haxışta, kos-kosa, güc sınağı kimi bir çox oyunlar nümayiş etdirilir. Məsələn, Cıdır oyunu atçılıq oyunlarından biridir. Cıdırın keçirildiyi meydan və gün əvvəlcədən müəyyən edilir. Adlı-sanlı, tanınmış cavanlar bu yarışa xüsusi hazırlıq görür, təlim almış atlarını cıdıra hazırlayırlar. Cıdır iştirakçılarından kim məsafəni birinci qət edərsə, o, yarışın qalibi sayılır və adət üzrə ona xonça təqdim olunur. Qalib çıxmış atın isə alnına bir yumurta vurub sındırır, boynuna qırmızı rəngli kəlağayı və ya parça bağlanılır. Cıdırın digər iştirakçılarına da müəyyən hədiyyələr verilir. Cıdır əyləncələrini zurnaçılar dəstəsi müşayiət edirlər. 
Novruzda haxışta əsasən toylarda, Novruz bayramında və digər el şənliklərində gənclər və uşaqlar arasında geniş yayılmış oyun növüdür. Ha xışla ifadəsindən götürülən milli rəqs çox coşqun, şən, əsasən yüngül hoppanmalar xarakterində ifa olunur. Bəzi rəqslərdə, xüsusən "Halay" rəqsində olduğu kimi dəstələr üzbəüz dayanırlar. Aradakı məsafə 5-6 metr olur. Dəstənin ortasında solist qız dayanır. Onu rəqsə dəvət edir və bu hərəkətləri edərkən mətni oxuyur. Qalan qızlar isə həmin sətirdən sonra uca səslə "Haxışta" deyirlər. 
Qılıncoynatma oyununda isə meydana çıxanlar bir-birlərinin əllərindən qılınc düşənə qədər döyüşürlər. Bu oyun bəzən at üstündə də keçirilir. Oyundan qalib çıxana Novruz hədiyyəsi verilir.
Bayramın digər qədim oyunlardan olan "Güc sınağı" xüsusən gənclərin maraq dairəsinə aiddir. Bu oyunla gənclər öz gücünü nümayiş etdirirlər. "Güc sınağı"nda atlı çaparaq qabaq və arxa ayaqları bağlanmış qoyun və ya keçini yerdən götürüb yəhərə qaldırır. Oyunun müxtəlif variantları mövcuddur. 
Qurşaqtutma da Azərbaycanda geniş yayılmış oyunlardan biridir.  Bu, zorxana idman oyunlarında güləş yarışının ən qədim ənənəvi adlarından biridir. Bu güləş növündə olan yarış, adətən, Novruz bayramı və digər el şənliklərində oynanılır. Müxtəlif şənlik, bayram və yığıncaqlarda pəhləvanlar qoşa zurnanın cəsarət, güc, döyüşkənlik aşılayan zil səsi, zərb alətlərinin gur sədası altında meydana gəlir, igid cavanları güləşə çağırırlar.
Geniş yayılmış, Novruz bayramı oyunlarında daha çox diqqətçəkən Kos-kosada Kosa və Keçəl personajlarıdır. Onlar məzəli oyunlar göstərir, lətifələr danışır və Kosa-kosa oyunu ilə  insanları  şənləndirirlər. Oyuna qatılanlar qurd, tülkü, çaqqal qılıqlarına girərlər. Kosabaşı üzərinə götürdüyü kürkü tərs geyər. Belinə və boynuna zınqırov asar. Kosa kimin evinə girsə, o evə bərəkət gələr və il boyunca əskik olmaz. Bəzi bölgələrdə bu oyun uşaqlar, bəzilərində isə qadınlar tərəfindən icra olunur. 
Artırma oyununda uşaqlar iki dəstəyə ayrılır və püşk atırlar. Püşk hansı dəstəyə düşərsə, o dəstə aşağı əyilir. O biri uşaqlar bir-bir onların üstündən atılır, axıra çatan uşaq yerə əyilir. Bu minvalla sıra əvvəldən artır, axırdan azalır. Uşaqların hər dəstəsində on uşaq olarsa, onu da aşağı əyilir. İkinci dəstənin üzvləri bir-bir onların üstündən hoppanıb birinci dəstənin sırasında aşağı əyilirlər. Hamı atılıb qurtarandan sonra aşağıya əyilmiş yeni bir dəstə yaranır. Birinci dəstənin uşaqları bir-bir ayağa qalxıb aşağı əyilən uşaqların üstündən hoppanırlar. Bu minvalla oyun davam edir.

 

Novruza məxsus təamlar digər ölkələrdə də var

 

Novruz bayramı yalnız Azərbaycanda deyil, Əfqanıstan, Qırğızıstan, İran, Tacikistan, Özbəkistanda da keçirilir. Məsələn, Əfqanıstanda bayram süfrəsi yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər, "həft meyvə", yəni yeddi meyvə adlanan təam da var.  Bu, quru meyvələrdən hazırlanır. "Həft meyvə" yalnız bayrama məxsusi olaraq hazırlanır.  Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür. Novruz şənliklərinin mərkəzi Məzari-Şərif şəhəridir. İnanclara görə, Məhəmməd peyğəmbərin kürəkəni Əlinin məzarı bu şəhərdədir. İnsanlar həmin şəhərə toplaşır, Əlinin ziyarətgahında xüsusi sərgilər, mərasimlər, şoular, yarışlar, çərpələng uçurtma kimi oyunlar təşkil edirlər. Novruzda xoruz döyüşdürür, it boğuşdururlar. Bu yarışmalar hətta 3-4 ay çəkə bilər. 
Qırğız süfrəsində Novruzda məxsusi olaraq  beşbarmaq bişirirlər. Bu, quzu ətindən və makarona oxşar un məmulatından hazırlanır. Adı isə yeməyin əllə yeyilməsi ilə bağlıdır.
Qırğızıstanda Novruzda tonqal qalanılmır, amma evin, həyətin odla pak edilməsi adəti var. Bu zaman üzərlikdən istifadə olunur. Qırğızlara görə, bu, qədim türk şamanlarından qalma adətdir.
Özbəklər isə Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir, ağ şokolada bənzəyir. Özbəkistanda Novruzla əlaqəli fərqli adətlər var. Məsələn, əhali Surxəndəryada yağış yağmasını gözləyir. Üzlərini Sus xatının şəklinə tutub yağış istəyirlər. "Sus xatın, susma xatın, yağmur yağdır", - deyə mahnı oxuyurlar. Həmçinin Novruzda Özbəkistanda öküzlərin buynuzunu yağlayırlar. Məmləkətin yaşlı adamı əlini yağa batırar və öküzlərin buynuzunu yağlar ki, yeni il bərəkətli olsun.
Tacikistanda Novruz martın 20-də başlayır və 3-4 gün davam edir. Uşaqlar  yaz çiçəklərindən yığıb qapıları döyüb onu ev sahiblərinə verir və bayram payı istəyirlər. Ev sahibləri də onlara konfet, yumurta, pul  və sair verirlər. Pul vermək ölkəmizdəki kimi son illərin adətidir. 
Novruz bayramı 2009-cu il sentyabrın 30-da YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ilin fevralın 23-də isə BMT-nin Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i Beynəlxalq Novruz Günü elan edilib. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə qırıcıları ölkənin hava məkanını pozan PUA-nı endirib  

22:32
15 Dekabr

Güləş ulduzları Xankəndidə məktəblilərlə görüşüb  

22:27
15 Dekabr

Prezident Ərdoğan: Türkiyə insan hüquqları sahəsində dünyaya dərs verib

22:06
15 Dekabr

Premyer Liqa: “Neftçi” xal itirib  

21:03
15 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Qubadlıya səfər edib 

20:36
15 Dekabr

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!