Uzun illər xalqını qara günə qoymuş Qaregin indi özü qara gündədir
44 günlük müharibədə qazandığımız tarixi Zəfərimizdən sonra Ermənistanda başlanan təlatüm səngimək bilmir. Əvvəllər dünyaya sırınan "erməni cəmiyyətinin bütövlüyü" yalanı daha işləmir. Ümumiyyətlə, İkinci Qarabağ savaşından sonra Ermənistan cəmiyyətinin pozulan növrağı düzəlmir və yəqin ki, heç düzəlməyəcək də.
Məğlubiyyətin ilk dövrlərində siyasi gərginlik iqtidarla müxalifət arasında uçurumu daha da dərinləşdirmişdi. Birincisi hakimiyyətini qorumaq, ikincisi isə yenidən hakimiyyətə qayıtmaq üçün hər cür hiylə və şantajdan istifadə etməyə başlamış və beləliklə, gərginlik pik həddə çatmışdı. Bu zaman dünya siyasi tarixində çox nadir hallarda rast gəlinən siyasi hadisə baş verdi. N.Paşinyan, yəni müharibəni uduzan baş nazir yeni parlament seçkilərinə getdi və qalib gəldi. Sual oluna bilər: erməni xalqı niyə ölkəni ağır məğlubiyyətə düçar edən Nikol Paşinyanı yenidən hökumət başçısı görmək istədi?
Bu sualın cavabını ondan əvvəlki iqtidarlarda axtarmaq lazımdır. Qarabağ klanı Ermənistanda hakimiyyətə gəldikdən sonra milyardların sahibi oldu. Erməni xalqı isə ac-yalavaclar cəmiyyətinə çevrildi. Korrupsiya, qanunsuzluq, özbaşınalıq Ermənistanda baş alıb getdi. Erməni gəncləri zorla Qarabağda ağır şəraitdə hərbi xidmət keçməyə məcbur edilirdi. Qarabağ erməniləri Ermənistandan gələn soydaşlarına olmazın əzablar verirdilər. Atəşkəs olsa da, Ermənistana göndərilən əsgər tabutlarının ardı-arası kəsilmirdi. Rəsmi məlumatlara görə, onların guya Azərbaycan əsgərlərinin açdıqları atəş nəticəsində öldükləri bildirilsə də, cidanı çuvalda gizlətmək mümkün olmurdu. Erməni mətbuatında onların Qarabağ erməniləri tərəfindən öldürüldüyü barədə çoxsaylı məlumat dərc olunurdu. Bir də İrəvan mətbuatı yazırdı ki, Qarabağ klanı öz oğullarını ya Qarabağa göndərmir, ya da onlar "əsgərlik"də olsalar da, cəbhə xəttinə getmirlər, evlərində yatıb, restoranlarda yeyib-içib kef edirlər. Bütün bunlar Ermənistan cəmiyyətində hakimiyyətdə olan Qarabağ klanına qarşı sonsuz nifrət yaratmışdı. Odur ki, məğlubiyyətdən sonrakı siyasi vəziyyət erməni xalqını ayıq düşünməyə vadar etdi. Atalar demiş, "göz gördüyündən qorxar". Elə ona görə də erməni xalqı savaş avantüristlərinə yox, sülh deyən N.Paşinyana səs verdi.
İndi qarşıdan növbəti seçkilər gəlir. Erməni müxalifəti və onların havadarları müxalifətin bu seçkini də təkbaşına uda bilməyəcəyini anlayıb kilsəni bu işə qoşub. Erməni kilsəsi isə həmişə anti-türk, anti-Azərbaycan fitnəsini körükləməklə məşğul olub. O üzdən kilsə bu çağırışa can-başla qoşularaq iqtidarı yıxmaq üçün özünün zəngin tarixi fitnə-fəsadlarından istifadə etməyə başlayıb.
Belə bir ritorik sual yaranır: Ermənistanda müxalifət və onları himayə edən xarici qüvvələr nədən N.Paşinyan iqtidarına qarşı kilsəni qabağa verib? Bəri başdan deyək ki, dünyanın bütün tərəfsiz və qərəzsiz tarixçiləri erməni tarixinin yalan və uydurulmuş əfsanələrdən ibarət olduğunu söyləyirlər. Bunu təkcə başqa millətlərdən olan elm adamları deyil, ağlı başında olan erməni tarixçiləri də yazırlar. Real tarixdə nə "böyük Ermənistan" kimi ölkə olub, nə də böyük tiqran kimi dövlət başçısı. Ermənilər bütün tarix boyu başqa imperiyaların tərkibində təbəə kimi yaşayıblar. Odur ki, erməni icması ilə yaşadıqları dövlət arasında olan münasibətlər həmişə kilsə vasitəsilə həll olunub. Yəni tarix boyunca erməni icması kilsə tərəfindən idarə edilib, onlar müxtəlif adlar altında kilsəyə vergi ödəyib, bəxşiş verib. Bu səbəbdən də erməni keşişləri həmişə erməni xalqından fərqli olaraq yağ-bal içində yaşayıblar.
Ermənistanda 1918-1920-ci illər hakimiyyətdə olan daşnaklar erməni kilsəsinin dediyi ilə oturub-durublar və bu barədə çoxlu tarixi faktlar var. Ermənistanda sovetlər dönəmində hakimiyyətdə olan kommunistlər də açıq və ya gizli şəkildə kilsə ilə sıx əməkdaşlıq ediblər. Həmin dövrdə Ermənistan Kommunist Partiyasında diasporla iş şöbəsi vardı. Kommunist cildinə girən erməni millətçiləri bu şöbəyə rəhbərlik etməyi qeyri-rəsmi şəkildə kilsəyə həvalə etmişlər. Ona görə ki, xaricdəki soydaşları ilə bütün gizli əlaqələr kilsə vasitəsilə aparılırdı.
N.Paşinyan ikinci dəfə baş nazir seçilənədək erməni kilsəsi toxunmaz statusunda idi və bura müqəddəs yer sayılırdı. Ancaq N.Paşinyan belə statusla barışa bilməzdi. Odur ki, müxalifətlə birləşən kilsəyə qarşı açıq şəkildə savaş elan etdi. Bu, ilk baxışdan erməni cəmiyyətində şok effekti yaratsa da, N.Paşinyan kilsədə kök salmış "müqəddəs"lərin çirkin simasını açıb erməni cəmiyyətinə göstərə bildi.
İndi daxildə mövqeyinin sarsıldığını görən II Qaregin xaricdəki erməni kilsə rəhbərlərinə kömək üçün yalvarır. Amma bu yalvarışlara daxildə nə N.Paşinyan, nə də erməni cəmiyyəti ciddi yanaşır. Çünki cəmiyyətdə kilsəyə olan inam sarsılıb, çünki erməni xalqının çoxu bir daha müharibədə oğlanlarının ölməsini istəmir, çünki artıq hamı başa düşüb ki, Azərbaycanla yeni müharibə Ermənistanın məhvi ola bilər.
Erməni kilsəsi ilə iqtidar arasında başlanan savaş əsrlər boyu "müqəddəs" sayılan erməni kilsəsinin cəmiyyətdə olan dayaqlarını sarsıdıb. N.Paşinyan kilsənin bu vaxtadək gizli qalan fəaliyyətinin qaranlıq tərəfinə işıq sala bilib. Baş nazirin ən böyük uğuru isə əvvəlki kimi qıraqdan deyil, içəridən II Qareginin düz ürəyinə zərbə endirməsidir. İndi bir çox nüfuzlu din xadimi, yumşaq desək, II Qareginin üzünə ağ olub onun istefasını istəyir. Ermənistan cəmiyyətində kilsənin nüfuzdan düşməsi isə qarşıdakı seçkilərdə N.Paşinyanın xeyrinə işləyir. Elə Ermənistanın və erməni xalqının da...
Rüstəm KAMAL,
"Azərbaycan"