"Azərbaycanın ATƏT-in Minsk qrupu ilə bağlı illərlə davam edən siyasi mövqeyinin reallaşması çağdaş diplomatik gündəliyin ən mühüm nailiyyətlərindən biri kimi qiymətləndirilməlidir. Minsk prosesinin və ona bağlı strukturların rəsmi şəkildə ləğv edilməsi təkcə simvolik addım deyil, həm də regionda yeni təhlükəsizlik arxitekturasının formalaşması istiqamətində Bakının uzunmüddətli və ardıcıl siyasətinin hüquqi-siyasi təsdiqidir. Bu qərar 30 ilə yaxın davam etmiş, nəticə verməyən bir vasitəçilik modelinin tarixin arxivinə göndərilməsi, eyni zamanda 2020-ci ildən etibarən Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqların beynəlxalq səviyyədə tanınması deməkdir".
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.
O qeyd edib ki, Azərbaycan Minsk qrupu ilə bağlı hədəfinə nail olmaqla, postmünaqişə mərhələsində diplomatik gündəliyin ən mühüm elementlərindən birinə son qoyub. Bu, təkcə simvolik qərar deyil, eyni zamanda Azərbaycanın bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması və proseslərin yalnız ikitərəfli, regional əsasda həllinə üstünlük verilməsi istiqamətindəki siyasətində əldə etdiyi mühüm nəticədir: "ATƏT-in Minsk prosesi və ona bağlı strukturların rəsmi şəkildə ləğvi 30 ilə yaxın davam etmiş, nəticəsiz vasitəçilik modelinin hüquqi və siyasi cəhətdən tarixə çevrilməsi anlamına gəlir. Minsk qrupunun ləğvi ilə bağlı tələbin Ermənistan tərəfindən uzun süründürməçilikdən sonra qəbul edilməsi iki məqamı göstərir. Birincisi, İrəvan artıq əvvəlki vasitəçilik formatlarının bərpasının mümkün olmadığını anlayır, ikincisi, Ermənistanın regional proseslərdən tam təcrid vəziyyətində qalmaqdan çəkinməsi onu Bakının irəli sürdüyü şərtlərə uyğun davranmağa vadar edir.
Azərbaycan həm Vyana, həm Brüssel, həm Moskva, həm də Vaşinqton formatında aparılan müzakirələrdə münaqişənin artıq bitdiyini, vasitəçilik mexanizmlərinin isə yeni reallıqlara uyğun yenidən qurulmalı olduğunu prinsipial şəkildə bildirərək vahid mövqedən çıxış edib. Nəticədə 57 ölkənin konsensusla qərar qəbul etməsi Azərbaycanın mövqeyinin legitimliyini, beynəlxalq hüquqa əsaslandığını və geniş diplomatik dəstəyə malik olduğunu nümayiş etdirir".
Deputatın sözlərinə görə, mövcud reallıqlar Ermənistan üçün bir sıra hüquqi-siyasi öhdəlikləri də gündəmdə saxlayır. Bunların arasında iki istiqamət xüsusi strateji əhəmiyyət daşıyır: "Birinci istiqamət, Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycana qarşı ərazi iddialarına son qoyulmasıdır. Ermənistan Konstitusiyasının preambula hissəsi bu ölkənin Müstəqillik Bəyannaməsinə istinadən Azərbaycana qarşı ərazi iddilarını əks etdirir ki, bu da sülh sazişinin mahiyyətinə ziddir. Prezident İlham Əliyevin "əks halda sülh sazişinin mənası olmayacaq" fikri Azərbaycanın bu məsələdə qəti və dəyişməz mövqeyini göstərir. Ərazi iddialarına konstitusion səviyyədə son qoyulması sülh müqaviləsinin imzalanması üçün baza şərtdir və bu addımın gecikdirilməsi prosesin yenidən dalana dirənməsi riskini artırır.
İkinci istiqamət, Avropa İttifaqının Ermənistandakı mülki missiyası ilə bağlıdır. Azərbaycan bu missiyanı bölgədə geosiyasi balansı pozan, Ermənistanın təhlükəsizliklə bağlı əsassız mülahizələrini birtərəfli şəkildə qeyri-region ölkələrinə yönəldən və sərhəd məsələlərinin həllinə kənar müdaxilə yaradan mexanizm kimi dəyərləndirir. Bakı dəfələrlə bildirib ki, Ermənistan sülh müqaviləsini imzalamaqda həqiqətən maraqlıdırsa, bu missiyanın davam etməsi məqsədəuyğun deyil. Ermənistanın Aİ missiyasına ehtiyac duyduğunu göstərməsi isə regionda təhlükəsizlik məsələlərinin yalnız üçüncü tərəflərin iştirakı ilə həll edilə biləcəyi kimi yanlış təsəvvür formalaşdırır və prosesi süni şəkildə uzadır".
Elçin Mirzəbəyli qeyd edib ki, Ermənistanın bu addımları atıb-atmayacağı bir neçə amildən asılıdır. Paşinyan hökumətinin daxili siyasi təzyiqlərlə üzləşməsinə baxmayaraq, həm Vaşinqton razılaşmasının mövcudluğu, həm də ölkənin real alternativ təhlükəsizlik mexanizmlərinə malik olmaması onu Bakının müəyyən etdiyi çərçivə daxilində irəliləməyə məcbur edir. Ermənistan iqtisadi geriləmə, kütləvi miqrasiya və təhlükəsizlik boşluğu fonunda əlavə gərginlik yaratmaq imkanına malik deyil. Bu səbəbdən Konstitusiya dəyişiklikləri və Aİ missiyası ilə bağlı qərarlar qaçılmazdır. Əsas sual onların nə qədər tez və real siyasi iradə ilə həyata keçiriləcəyidir.
"Nəticə etibarilə, Minsk qrupunun ləğvi Azərbaycanın diplomatik müstəvidə daha bir strateji hədəfə çatdığını göstərir və sülh prosesinin yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Ermənistanın qarşıdakı addımları isə sülh müqaviləsinin taleyini, regionun uzunmüddətli təhlükəsizlik modelinin konturlarını və İrəvanın Cənubi Qafqazda davamlı sabitliyin təmin olunmasında maraqlı olub-olmadığını müəyyən edəcək. Azərbaycanın isə hədəfi aydındır: ərazi iddiaları tam və geri dönməz şəkildə ləğv olunmalı, sərhədlərin dəqiqləşdirilməsi prosesi sürətləndirilməli və regionda kənar hərbi-siyasi iştiraka son qoyulmalıdır. Bu tələblər təkcə Azərbaycanın milli maraqlarına deyil, həm də regionda dayanıqlı sülhün və qarşılıqlı etimad mühitinin formalaşmasına xidmət edir", - deyə deputat vurğulayıb.