Müsəlman ölkələri
içərisində İmadəddin Nəsimi ən çox Azərbaycanda öyrənilir və təbliğ edilir. Bu,
bir tərəfdən onun vətənimizdə doğulması, Şirvan ədəbi məktəbinə məxsus olması ilə
bağlıdır. Lakin başqa tarixi səbəblər də var. Nəsiminin ana dilində divanı hələ
1926-cı ildə Bakıda Salman Mümtazın tərtibində çap olunub. Kitabın çapına Bolşevik
Maarif Komissarlığı maliyyə vəsaiti ayırıb. O zaman 1920-ci dərs ilindən yaradılmış
azərbaycandilli orta və ali təhsil müəssisələri üçün anadilli mətnlər çatmırdı.
Bu nəşr Nəsimi
irsinin xalqa çatdırılması istiqamətində bir mərhələ açdı.
XIX əsrdə
Cənubi Azərbaycanda Füzuli divanı ana dilində dəfələrlə çap olunurdu. Amma Nəsimiyə
münasibətdə bu, müşahidə edilmirdi. Halbuki dilinin sadəliyi və xəlqiliyi cəhətdən
Nəsiminin müəyyən məziyyətləri aşkar idi. Bunun səbəbi dahi şairin məxsus olduğu
təriqətlə və bu təriqətin onun şeirlərində güclü ifadəsi ilə bağlı idi. İran ruhaniləri
hürufi mətnlərini həm də fars dilində oxuyurdular. Məlumdur ki, hürufiliyin bir
məzhəb kimi dili farscadır və bu, onların Quranı sayla bilən və Fəzlüllahın
(1340-1394) özü tərəfindən 1374-cü ildə yazılmış "Cavidannamə”də təsdiqlənib. Bəzi
ruhanilər hürufi mətnlərini, "Cavidannamə”ni orijinalda oxuyub rəsmi islamla tam
uyğun gəlməyən məqamlar tapır və bunlardan hürufiliyə qarşı qısqanclıq niyyəti ilə
istifadə edirdilər. Belə hallar Osmanlı dövləti ərazisində də var idi.
***
Bütün bunlara
görə Nəsiminin türk divanının 1926-cı il Bakı nəşri təkcə şairə münasibətdə yox,
bütünlükdə türkdilli hürufi mətnlərin yenidən elmi dövriyyəyə çıxarılmasında tarixi
rol oynadı. Xatırladaq ki, Nəsimi divanının Salman Mümtaz nəşrindən əvvəlki daş
basımı 1844-cü ildə İstanbulda buraxılmışdı, aradan 80 ildən çox vaxt keçirdi. Həm
də mühümdür ki, Nəsimi irsi onun vətənində ana dilimizin zirvə abidələrindən və
zirvə şairlərindən biri kimi bərpa edildi. Məhz Bakıda şairin hürufi əqidəsi onun
sevilməsində və qiymətlənməsində maneə olmadı. Hürufilik isə bu gün Azərbaycan alimləri
tərəfindən xalqımızın dini-fəlsəfi irsinin qiymətli hissəsi kimi araşdırılır.
Təxminən
50 il sonra - 1973-cü ildə o zaman Azərbaycanın rəhbəri olan Heydər Əliyev Nəsiminin
yubileyinin qeyd edilməsi barədə rəsmi dövlət qərarı verdi və çox sevdiyi şair üçün
Azərbaycan tarixində görunməmiş bir yubiley təşkil etdi. Həmin il şairin 600 illiyi
UNESKO xətti ilə bütün dünyada qeyd edilirdi. Bu yubiley münasibətilə nəsimişünaslığı
yeni mərhələyə çıxaran elmi və təbliği işlər görüldü. İlk dəfə olaraq şairin dünya
kitabxanalarında saxlanan bütün anadilli şeirləri üç cilddə çap edildi. Şairin dilinin
lüğəti buraxıldı, çoxlu nəşrlərinə geniş elmi şərhlər yazıldı, ikihissəli bədii
film çəkildi, heykəli ucaldıldı.
İlk dəfə idi
ki, yubiley tədbirlərinə xərclənən vəsaitə heç bir məhdudiyyət yox idi. Çünki pul
deyil, görülən işlər əsas sayılırdı. Bakı yenidən nəsimişünaslığın mərkəzinə çevrildi. Biz Nəsimini milli tarixi
və bədii irsimizin misilsiz nailiyyəti kimi yenidən dərk etdik. Nəticədə Türkiyə
və İranda da Nəsimi irsinə maraq artdı, yeni elmi kitablar və nəşrlər meydana gəlməyə
başladı. Azərbaycanda isə Salman Mümtazın davamçıları olan Həmid Araslı, Zümrüd
Quluzadə, Cahangir Qəhrəmanov, Rüstəm Əliyev, Məmmədəli Əsgərov, Əliyar Səfərli,
Qəzənfər Paşayev və digər nəsimişünaslar yetişdi və elmi fikrimizi zənginləşdirdi.
Ədəbiyyatımızı
və dilimizi sevənlər, elmi ictimaiyyət, söz və sənət adamları Azərbaycan Respublikasında
2019-cu ilin "Nəsimi ili” elan edilməsi haqqında Prezidentin 11 yanvar tarixli sərəncamını
razılıqla qarşıladılar. Milli tarixi irsimizə Heydər Əliyev qayğısı ölkəmizdə dövlət
səviyyəsində davam edir. Bu, müstəqil dövlət quruculuğunun ən fundamental istiqamətlərindən
biridir. 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının
600 illiyi qeyd edilmiş, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi
şeir, incəsənət və mənəviyyat festivalı keçirilmişdir. Builki tədbirlər isə şairin
vəfatının 650 illiyinə təsadüf edir. Əlamətdar hadisənin layiqincə qeyd edilməsi
məqsədilə Prezidentin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin
qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırıldı.
***
Nəsiminin
divanı hürufi görüşlərini ifadə etməklə yanaşı, ana dilimizin poetik gücünü və gözəlliyini
ifadə edən misilsiz bir ədəbi abidədir. Həm də bütün divanlarda (qədim nüsxələrdə
fars və türkcə şeirlər bir yerdə toplanırdı) onun türkcə şeirləri farsca şeirlərindən
sayca iki-üçqat çoxdur. Ona görə 600 ildən çoxdur ki, onun divanı bir tərəfdən şeir
dilimizin, düşüncəmizin misilsiz gücünü yaşadır, təbliğ edir və dolayısı ilə hürufiliyi
də bir əqidə kimi yeni nəsillərə ötürür. Lakin o da qeyd edilməlidir ki, tarixən hürufilik də türk şeir və nəsr dilinin inkişafına
çox güclü təkan vermişdir və buna görə biz həmin təriqətin bütün əli qələmli nümayəndələrinə
minnətdar olmalıyıq. Bütün ədəbi dillərin yaranması dini maariflə bağlı olmuşdur
və biz də bundan istisna deyilik. Türkdilli divan ədəbi dilin XIV əsrdən islamın
böyük ərazilərdə yaşayan türklər arasında yayılması səyləri ilə bağlı idi. Fəzlüllah
da öz dini təlimini yaradanda onun türklər tərəfindən qəbul edilməsinə böyük ümidlər
bəsləyirdi. Çünki türk tayfalarının hamısı hələ islamı tam mənimsəməmişdi, hətta
mənbələrdə onun Əmir Teymurla görüşü barədə məlumatlar da var. Lakin bu görüş Teymurun
hürufiliyə rəğbəti ilə bitməyib və yəqin ki, bununla hürufiliyin geniş yayılması
şansı aradan gedib. Hürufi mətnlərinin yaradılması prosesi XIX əsrə qədər davam
edib.
Müsəlman mətn
mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan hürufilik ilk növbədə Şərqin özünün
qabaqcıl adamları tərəfindən qorunub saxlanmışdır. Avropa və fransız maarifçiliyində ateist görüşlərin yayılması, dinin
dövlətdən ayrılması orta əsr təriqət cərəyanlarına təmiz elmi-fəlsəfi, mədəni münasibət
üçün yol açmışdır. Müsəlman təzkirə ənənəsində hürufilik həmişə sufiliklə bağlı
və oxşar bir hadisə sayılıb. Gerçək həyatda doğrudan da belə olmuşdur. Hürufi hərəkatında
və xanəgahlarında bütün təriqətlər birgə olmuş, xüsusilə sufilər daha çox hürufiliyə
meyil göstərmişlər. Lakin yazılı abidə və sənədlərdə, xüsusilə hürufilərin müqəddəs
kitab bildikləri "Cavidannamə”də bu məzhəbə aid dəqiq fəlsəfi və ehkami hüdudlar
var. Nəsiminin dini şeirlərinin məna tərəflərini anlamaqda bu hüdudların prinsipial
əhəmiyyəti mövcuddur. Nəsimi bir çox şeirlərində "Cavidannamə”nin müqəddəs kitab
kimi adını böyük pərəstiş hissləri ilə xatırlayır və onun köklü ehkamlarını sadə
bir türk dilində ifadə edirdi.
Təsadüfi deyil
ki, hürufiliyin qurucusu Fəzlüllah 1394-cü ildə Naxçıvandakı Əlincə qalasında öldürülməzdən
əvvəl Nəsimini öz doqquz xəlifəsindən biri elan etmiş və bununla ona hürufiliyin
türkdilli ərazilərdə yayılması işini tapşırmışdı. Fəzlüllahın qətlindən sonra hürufilik
yarıleqal bir məzhəbə çevrildi. Türklərin yaşadığı böyük əraziləri və Azərbaycanı
dərviş kimi addım-addım gəzən Nəsimi şeiri hürufi əqidəsini yaymaqla böyük hərəkat
yaradırdı. Onun qətl edilməsinin əsl səbəbi də bu idi. Həmin hadisənin baş verdiyi
XV əsrin əvvəllərində Osmanlı İmperatorluğunun böyük ərazilərində və İranda dini əqidəyə görə fərdi məhkəmələr və qətllər
nadir hadisələr idi. Lakin Nəsiminin dini məhkəmə tərəfindən mühakimə edilməsi onun
yaradıcılığının və ana dilində yazdığı şeirlərin böyük hərəkat yaratması və yəqin
ki, siyasi qüvvəyə çevrilməsi ilə bağlı idi. Bu, Nəsiminin tarixi hünəri idi. Çünki
o dövrdə hətta Osmanlı sarayında üstünlük ərəb-fars dillərinə verilirdi, türkcənin
isə rəsmi statusu yox idi. Lakin məhz Nəsimi şeir dilinin və əqidəsinin təsiri ilə
hələ 1417-ci ildə Amiloğlu adlı bir hürufiməslək şair və mütəfəkkir Fəzlüllahın
"Ərşnamə” əsərini şeirlə türkcəyə tərcümə etmişdi. Bu tərcümə 2015-ci ildə İstanbulda
"Arş-nametercümesi” adı ilə Türkiyə Əlyazma Əsərlər Qurumu tərəfindən 504 səhifə
həcmində latın əlifbası ilə çap edilib. Hürufilərin özlərinin türkcəyə çevirdiyi
daha bir əsər vardır: bu, Fəzlüllahın "Məhəbbətnamə” əsəridir. Bu əsər hələ latın
əlifbasında buraxılmayıb.
Bir necə kəlmə
bu nəşrin tərtibçisi doktor Fatih Usluər (1976) haqqında demək lazımdır. Mən öz
adımdan deyə bilərəm ki, o, bu gün dünyada hürufiliyin bir saylı bilicisi və yayıcısıdır.
Yaşı 40-ı təzə keçib, ərəb-fars və fransız, ingilis dillərini bilir, qədim əlyazmalarını
oxumaq və şərhlərlə nəşr etməkdə ən yaxşı müasir türk alimlərindən biridir. Onun
həyatının əsas layihəsi hürufi mətnlərinin hamısını latın əlifbasında nəşr və şərh
etməkdir. 2012-ci ildə Fəzlüllahın müqəddəs kitab sayılan "Cavidannamə”sinin türkcəyə
XVII əsrdə edilmiş tərcüməsini də çapa hazırlayıb elmi şərhlərlə İstanbulda çap
etdirən odur. Bu kitab 700 ilə yaxın vaxt ərzində "Cavidannamə”nin orijinalın dilində
olmasa da, ilk çapıdır. Bu nəşr türkologiyada bir hadisədir. Fatih bəy Ankaradakı
TOBB Ekonomi və Teknoloji Universitetində dərs deyir. Ərdoğanın hakimiyyətə gəlməsi
qardaş ölkədə Osmanlı və müsəlman türk irsinə münasibətdə yeni yollar açıb və Fatih
Usluərin fəaliyyəti də bu yöndədir.
***
Bir faktı
da qeyd edək ki, sufiliklə hürufiliyin eyniləşdirilməsi meyli hürufi mətnlərinin
ortaya çıxarılmasına və öyrənilməsinə uzun zaman maneə törətmişdir. Bu maneənin
aradan qaldırılması adətən fransız şərqşünası Klement Huartın (1854-1926) adı ilə
bağlanılır. O, Avropada ilk dəfə hürufi mətnlərini sufi şeirlərindən fərqləndirə
bilib və hürufi şeirinin özəlliyini nəzərə almaqla orada çap etdirib. Lakin insaf
naminə deməliyik ki, xristian ruhaniləri əvvəlki əsrlərdə də hürufilərə rəğbətlə
yanaşır və onların bəzi müsəlman ruhanilər tərəfindən məhv edilən əlyazmalarını
öz kitabxanalarında qoruyurdular. Bunun əsas səbəbi hürufilərin İsa Məsihə böyük
rəğbət göstərmələri idi. Nəsimi öz şeirlərində Fəzlüllahı İsayi-sani adlandırır,
məşhur "Söz” qəzəli isə İsa Məsihə həsr edilmişdir.
Avropa maarifçiliyindən
sonrakı dövrdə hürufiliyi ayrıca məzhəb yaratmaq təşəbbüsü kimi anlayan və qiymətləndirən
böyük türkoloq alim Əli Əmiri (1857-1924) olmuşdur. O, Osmanlı dövlətində varlı
ailədən olan böyük vəzifəli vergi məmuru idi və müxtəlif bölgələrdə xidmət etmişdi.
Maliyyəçiliklə yanaşı, ömrü boyu qədim əlyazma kitablarını toplamaqla məşğul olmuşdur.
Məsələn, o, Mahmud Kaşğarinin "Divane-lüqət-ət-türk” kitabını Türkiyədə elmi dövriyyəyə
gətirən şəxsdir. Onun gördüyü işlər sırasında 1500-ə yaxın hürufi əlyazma mətnlərini
ayrıca kataloq kimi toplayıb tərtib etməyidir. Əlbəttə, Əli Əmiri əfəndi hürufi
mətnlərini sufi yazılarından ayıra bilməsəydi, bu kataloqu tərtib edə bilməzdi.
Onun kataloqunda Klement Huartın çap etdirdiyindən yüz dəfələrlə çox hürufi mətnlərinin
dəqiq ünvanı və təsviri var. Ona görə müasir elmi hürufişünaslığın əsl banisi Diyarbəkirdə doğulmuş
Əli Əmiri əfəndi sayılmalıdır. O, İstanbulda 1908-ci ildə Milli Əlyazmalar Kitabxanasını
yaratmış, ömrünün sonuna qədər onun rəhbəri olmuşdur.
***
Müasir dünyadakı
böhranlı vəziyyəti sivilizasiya və dinlərin toqquşması kimi anlayanlar daha çoxdur.
Bu baxımdan hürufiliyin üç təkallahlı dini birləşdirmək missiyası çox müasir səslənir.
Bu missiya "Cavidannamə”nin əsas leytmotividir. Təsadüfi deyil ki, Fəzlüllah böyük
Əmir Teymurla görüşündə öz yolunu "etiqadi-vəhdətiyyə” kimi təqdim etmişdi. "Cavidannamə”də
də "İxtilafların dəf edilməsi” adlı 118 saylı bab vardır. Burada deyilir ki, Adəm
övladı olmaqla insanlar zahiri cəhətdən eyni cürdülər. Amma batini etiqad cəhətdən
insanlar bir-birinə müxalifdirlər, çünki "ümməti-vahid” olmayıblar, bir olan Allaha
tərəf düz yolu tapmayıblar. Hürufilərin təlimi bu yolu tapmalı və açmalı idi, onda
Adəm övladı etiqad cəhətdən də bir cür olacaqdır, necə ki, zahiri cəhətdən bir cürdülər.
Məlumdur ki, Quranda Musaya, İsaya və Məhəmmədə göndərilən kitablar eyni həzrəti
Əhədiyyətə aid olması, əhli-kitab anlayışı dəfələrlə təkrarlanır. "Cavidannamə”dəki
bir necə bab tərsalara müraciətlə "ey tərsa” xitabı ilə səslənir, çünki xristianların
da bu yola gələcəyinə böyük ümidlər vardı. Nəsimi "vəhdət meyin nuş etdilər dərvişilər”
deyəndə bu layihədən danışırdı.
Nəsimini böyük
şair və mütəfəkkir kimi sevdirən cəhətlərdən biri hürufilərin insan haqqında təlimlərini
misilsiz bir inam və səmimiyyətlə tərənnüm etməsi idi. Bu təlimdə həqiqətən insanı
müqəddəsləşdirən bir yenilik vardı. Təkallahlı mifologiyada Allahın insanı Özünə
oxşar və gözəl şəkildə yaratması barədə təsəvvürlər vardır. Xilqət məsələsinə ciddi
önəm verən Fəzlüllah "Cavidannamə”də bu məsələyə geniş yer vermiş, müxtəlif dini
kitablarda, Quranda və hədisdə insanın
40 gündə yaradılması barədə detalları yeni bir məntiqlə təkrarlamışdır. Adəmi xəlq
edəndə Yaradan onu Özünə oxşar yaradıbsa, deməli, insan sifətində və vücudunda Allahın
cizgiləri və qətrələri vardır. Hər bir insan öz üzündə Yaradanın xilqətdə adamlara
bəxş etdiyi yazını daşıyır və bu yazı müqəddəsdir. Ona görə Nəsimi deyir:
Hər nə var,
adəmdə var,
adəmdən istə sən həqi,
Olma İblisi
şəqi, adəmdə
sirrüllahi var.
Beləcə, insan
Allahı tanımaq üçün qapı və güzgü olur. Lakin bu qabiliyyət hamıya verilməyib. Öz
vücudunda ilahi əlamətləri görə bilənlər əhli-nəzər, bunu bacarmayanlar isə əyri-nəzər
adlanırdı. İnsan sifətinin müqəddəsliyi Nəsiminin sevimli motivlərindən biridir.
Təsadüfi deyil ki, onun Fəzlüllaha həsr olunan qəzəllərinin birinci beyti həmişə
Fəzlüllahın üzünün müqəddəsliyinə və ilahi cizgilər daşıması məsələsinə həsr olunur.
Hürufilər insanı öldürməyi ən böyük günah sayırdılar.
Bundan əlavə,
hürufilərin yaratdığı güclü etik tərbiyə sistemi də insan vücudundakı ilahi cizgi
və xətlərlə bağlanırdı. Ənənəvi dində əxlaq tərbiyəsi Allah qorxusu, fasiləsiz dua
və ibadət, xristianlar üçün gəlmiş on əmr üzərində qurulurdu. Hürufilərdə isə tərbiyə
və özünütərbiyə insanın öz vücudunda ilahi yazı və əlamətləri tapmağı tələb edirdi.
Beləliklə, tərbiyə təkcə iradəni yox, ağlı, fəhmi, psixikanı da təkmilləşdirmək
tələb edirdi. Bu nəyə lazım idi? İlk növbədə insanların Allaha sarı yolu tapması
və Ona qovuşması üçün lazım idi. Bu qovuşma müvəhhidlik vəziyyəti adlanırdı və hürufinin
həyat idealı sayılırdı. Çox güman ki, hürufi hərəkatına güclü axın ən çox bu müvəhhidlik
qapısının verilməsi ilə bağlı idi. Hürufilər ibadət formalarından ancaq namaza üstünlük
verirdilər. "Cavidannamə”də ən düzgün və ən səmimi o namazdır ki, onu qılanda, nəhayət,
Allahın Üzü görünür sənə. Beləcə, mistika ilə realizm hürufilikdə birləşirdi.
***
Hürufilər
gələcəyə baxan, gələcəyə tələsən insanlar idilər. Dünyada dini sülh yaratmaq istəyirdilər.
Orta əsrlərdə onları hər kəs anlamırdı. Lakin onların müqəddəs kitabı "Cavidannamə”ni
oxuyanda onun sağlam, müasir səslənən fikir və görüşlərlə necə zəngin olduğuna təəccüb
edirsən. Nəsiminin və hürufilərin ən yaxşı arzuları bizim xalqımıza da xidmət edir,
bizi zənginləşdirir. Prezident İlham Əliyevin sözügedən sərəncamından biz klassik
ədəbiyyatımızın daha geniş tədqiqi və təbliği üçün istifadə etməliyik. Xüsusilə
türkdilli hürufi şairlərin heç də hamısı nəşr və tədqiq edilməyib. Onların arasında
Nəsimi miqyasında olanı yoxdur. Amma son 50 ildə hürufişünaslığın inkişafı bu hərəkatı
və onun türkdilli mətn ənənəsini ədəbiyyat tarixlərində daha geniş işıqlandırmağı
tələb edir. Bu baxımdan məktəb dərsliklərinə də baxmaq olar. Hürufi hərəkatı tarixi
baxımdan da geniş araşdırılmalıdır.
Nəsimi - insanlıq
tarixində məlum olan ən böyük əqidə şəhidlərindən biridir. Onun bütün şeirləri sığındığı
Allahı haqqındadır, bu şeirlərin sidqi və səmimiyyəti bu gün də insanları heyran
qoyur. Lakin onun qətl fitvasında küfr sözü də yer aldı. Tarixdə belə məntiqsizlik
çox olub. Yaxşı ki, tarix özünü təshih də edə bilir. Belə şairlərlə bütün bəşəriyyət
fəxr edir, çünki insanlar arasında hər bir tərəqqi yeni təsəvvür və layihələrdən
doğur. Bu layihələrdən qorxanlar əslində gələcəkdən qorxurlar. Belə layihələrin
qədrini bilən xalqlar və dövlətlər özləri də ucalırlar.
Rəhim ƏLİYEV,
filologiya
elmləri doktoru