Zəfər Günü münasibəti ilə Neftçala Peşə Məktəbində “Zəfərin zirvəsində” adlı tədbir keçirilib. Tədbirdə RİH-in nümayəndələri, YAP rayon təşkilatının və şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri, mədəniyyət işçiləri, məktəbin pedaqoji heyəti və tələbələri, eləcə də qonaqlar iştirak ediblər.
Rəsmi hissə dövlət bayrağının təntənəli şəkildə səhnəyə gətirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad olunub.
Məktəbin direktoru Tarıyel Yaqubov çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, dövlət-xalq-ordu birliyinin gücündən bəhs edib. O, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin daim ehtiramla anılmasının, qazilərimizin fədakarlığının yüksək qiymətləndirilməsinin və vətənpərvərlik ruhunun gənc nəsildə formalaşdırılmasının vacibliyini vurğulayıb.
YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev, məktəbin tələbəsi - Birinci Qarabağ müharibəsi şəhidi Rövşən Ağamalıyevin övladı Balaoğlan Ağamalıyev, Vətən müharibəsi qazisi baş leytenant Yusif Abdullayev Zəfərə aparan tarixi yoldan, xalqımızın mübarizə əzmindən, şəhid və qazilərimizin, əsgərlərimizin göstərdiyi misilsiz qəhrəmanlıq nümunələrindən söz açıblar.
Tədbirin bədii hissəsi Zəfər ruhunu, milli-mənəvi dəyərlərimizi və Vətən sevgisini özündə əks etdirən rəngarəng çıxışlarla davam edib. Mədəniyyət nümayəndələrinin təqdim etdiyi musiqi nömrələri, tələbələrin ifaları, milli rəqslər, o cümlədən “Xarıbülbül” rəqsinin təqdimatı tədbirə xüsusi məzmun və emosional çalar qatıb. Həmçinin tələbələrin ifasında vətənpərvərlik mövzusunda səhnəciklər nümayiş etdirilərək Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi bədii formada canlandırılıb.
Tədbir çərçivəsində məktəbin aşpazlıq və qənnadı qruplarının tələbələrinin hazırladıqları əl işlərindən ibarət sərgilər də təşkil olunub. Sərgi guşələrində tələbələrin peşə bacarıqlarını, yaradıcılıq qabiliyyətlərini və Qarabağın tarixi-mədəni irsini əks etdirən nümunələr nümayiş etdirilib.
Tədbirin sonunda Vətən müharibəsi qazilərinin iştirakı ilə Zəfər tortunun kəsilməsi mərasimi keçirilib. Bu mərasim tarixi Qələbəmizə, qəhrəmanlarımıza və xalqımızın sarsılmaz birliyinə həsr olunmuş tədbirin rəmzi məqamlarından biri olub.
Seyran CAVADOV,
“Azərbaycan”