Astara Pedaqoji Kollecində YAP rayon təşkilatının və kollecin təşkilatçılığı ilə “8 Noyabr – Zəfər Günü” münasibətilə tədbir keçirilmişdir.
YAP rayon təşkilatının sədri Həbib Cəfərovun, Təhsil sektorunun müdiri Xədicə Əliyevanın, Gənclər və idman sektorunun müdiri Rufan Şirinovun, rayon Ağsaqqallar Şurasının sədri Natiq İbadovun, şəhid ailələrinin, müəllimlər və tələbələrin iştirak etdiyi tədbirdə öncə kollecin həyətində yerləşən abidə ziyarət olunub, önünə gül dəstələri düzülüb və şəhidlərin xatirəsi ehtiramla anılıb.
Tədbiri açan Astara Pedaqoji Kollecinin direktoru, filologiya elmləri doktoru Kamran Kazımov iştirakçıları salamlayaraq deyib: “8 Noyabr – Zəfər Günü xalqımızın tarixində müstəsna əhəmiyyətə malikdir. Bu tarixi Qələbənin qazanılmasında şəhidlərimiz misilsiz qəhrəmanlıq, fədakarlıq göstəriblər. Zəfər tarixini gələn nəsillərə çatdırmaq bizim müqəddəs borcumuzdur”.
Natiq çıxışının davamında 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasında Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqdan, xalqımızın sarsılmaz birliyi və milli həmrəyliyindən, ölkəmizdə qazilərə və şəhid ailələrinə göstərilən diqqətdən danışıb.
Digər çıxış edənlər də Zəfər Gününün tarixi və mənəvi əhəmiyyətindən, qanı bahasına yağını məhv edən qəhrəmanların Vətənə sevgi və sədaqət nümunəsindən söz açıblar.
Tədbirin bədii hissəsində tələbələrin və dəvət edilmiş qonaqların ifasında vətənpərvərlik ruhlu şeirlər, mahnılar, rəqs nömrələri ifa olunub.
Zəfər ORUCOĞLU,
Astara