Filippin, Tayvan, Çin və Yaponiyanın sahil bölgələrində yaşayan insanlar üçün sərt hava şəraiti gündəlik həyatın bir hissəsidir. Lakin son bir neçə ay olduqca qeyri-adi keçib.
"El-Ninyo" hava hadisəsinin daha da şiddətləndirdiyi, güclü və bəzən gözlənilməz fırtınalar silsiləsi Şərqi Asiyanın geniş ərazilərində onlarla insanın ölümünə səbəb olub, iri hava limanlarının fəaliyyətini dayandırıb, həmçinin kənd təsərrüfatı məhsullarını və infrastrukturu məhv edib.
Oktyabr ayında 23 milyon əhalisi olan Tayvan adasını bütövlükdə əhatə edə biləcək nəhəng bir fırtına adanın şimal-şərq sahillərinə doğru irəliləyərkən, ölkədə həyat demək olar ki, tamamilə dayanıb. Beşinci kateqoriyalı qasırğaya bərabər olan "Çampi" tayfununun saatda 295 km sürətlə əsən küləkləri evləri yerlə-yeksan etmək və dağıdıcı dalğalar yaratmaq gücünə malik idi.
"El-Ninyo" təbii iqlim hadisəsi olub, Sakit okeanın şərq hissəsində isti suların toplanması və külək rejimlərinin dəyişməsi nəticəsində bütün dünyada ekstremal hava hadisələrinə səbəb olur. Bu hadisə təxminən hər iki-yeddi ildən bir baş verir və təxminən bir il davam edir. Böyük Britaniya Meteorologiya Xidmətinin proqnozuna görə, yaddaşlarda qalan ən güclü hadisə olacağı gözlənilən builki "El-Ninyo"nun fevral və ya mart ayına qədər davam edəcəyi ehtimal olunur.
"El-Ninyo" səbəbindən rekord səviyyədə qızan Sakit okean hazırda tayfun enerjisi ilə doludur. Bu, mövsüm ərzində baş verən fırtınaların ümumi intensivliyini ölçən "Toplanmış Siklon Enerjisi" (ACE) göstəricisi ilə təsdiqlənir. Proqnozlara əsasən, bu il Cənub-Şərqi və Şərqi Asiya regionu üçün ACE göstəricisi son 30 ilin orta səviyyəsindən təxminən iki dəfə yüksək olacaq.
"El-Ninyo", həmçinin külək rejimlərinə də təsir göstərir. Bu isə o deməkdir ki, tayfunlar adətən olduğundan daha şərqdə formalaşmağa meyillidirlər. Bundan əlavə, onlar isti suların üzərində daha uzun müddət qaldıqları üçün daha da güclənirlər.
Filippinin milli meteorologiya bürosunun iqlimşünaslıq şöbəsinin rəhbəri Ana Liza Solis Sakit okeanı "qızdırmadan yanan" birinə bənzədir. O, sentyabr ayında Manilada keçirilən mətbuat brifinqində: "Tezliklə onda qıcolmalar başlaya bilər", – deyə bildirib.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"