1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının dil, tarix, ədəbiyyat və mədəniyyət məsələlərinin elmi müstəvidə müzakirəsi baxımından mühüm tarixi hadisə olmuşdur. Qurultayda türk dillərinin əlifba, orfoqrafiya, ədəbi dil və terminologiya problemləri ilə bağlı məsələlərin müzakirəsi türkologiyanın sonrakı inkişafı üçün əhəmiyyətli elmi zəmin yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamı ilə Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsinin nəzərdə tutulması, eləcə də yubileyin qeyd olunması çağırışının Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşünün Qəbələ Bəyannaməsində əksini tapması bu tarixi irsin müasir elmi-mədəni əməkdaşlıq kontekstində yenidən dəyərləndirilməsinin aktuallığını artırır. Bu baxımdan, qurultayın elmi irsinin, xüsusilə türk dillərində terminoloji fikrin formalaşması və inkişafı ilə bağlı ideyaların araşdırılması müasir türkologiyanın aktual istiqamətlərindən biri kimi çıxış edir.
Birinci Türkoloji Qurultayda əlifba və orfoqrafiya məsələləri ilə yanaşı, terminologiya problemlərinin də müzakirə olunması türk dillərinin elmi ünsiyyət imkanlarının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Müasir dövrdə elmi-texniki tərəqqi, rəqəmsallaşma və beynəlxalq elmi əməkdaşlığın genişlənməsi türk dillərində terminoloji sistemlərin inkişafı, terminlərin yaradılması və standartlaşdırılması, eləcə də ortaq terminoloji prinsiplərin müəyyənləşdirilməsi məsələlərini yenidən aktuallaşdırır.
Bu kontekstdə Birinci Türkoloji Qurultayın terminoloji irsinin araşdırılması tarixi təcrübə ilə müasir dilçilik problemləri arasında əlaqələrin müəyyənləşdirilməsinə, milli terminoloji sistemlərin inkişaf xüsusiyyətlərinin öyrənilməsinə və türk dilləri arasında terminoloji uyğunlaşmanın nəzəri əsaslarının aydınlaşdırılmasına imkan verir. Tədqiqatın əsas istiqamətini qurultayda terminologiya ilə bağlı irəli sürülmüş ideyaların, onların elmi əsaslarının və sonrakı dövrdə türk dillərinin terminoloji fikrinin inkişafına təsirinin araşdırılması təşkil edir.
Terminoloji sistem yalnız ayrı-ayrı sözlərin məcmusu deyil. O, müəyyən elm və fəaliyyət sahəsində anlayışlar sistemi ilə sıx bağlıdır. Buna görə də termin yaradıcılığında ardıcıllıq, sistemlilik, dəqiqlik, birmənalılıq və normativlik əsas prinsiplər kimi çıxış edir. Türkoloji Qurultayın müzakirə etdiyi dil və təhsil məsələləri bu prinsiplərin gələcəkdə türk dillərinin terminoloji sistemlərinin inkişafında tətbiq olunmasına zəmin yaratmışdır.
Milli dilin daxili imkanlarından termin yaradıcılığında istifadə olunması türk dillərində dilin özünəməxsusluğunun qorunmasına xidmət edən əsas amillərdən biri idi. Azərbaycan dilində də termin yaradıcılığının tarixi inkişafında milli leksik-semantik resurslardan, söz yaradıcılığı modellərindən, dialekt və şivə materiallarından, eləcə də ümumtürk leksik fondunun imkanlarından istifadə edilmişdir.
Azərbaycan dili və ümumtürk terminologiyası. Azərbaycan dili türk dilləri ailəsinin oğuz qrupuna daxil olan zəngin və qədim yazılı ənənəyə malik dillərdən biridir. Azərbaycan dilinin terminoloji leksikasının formalaşması uzunmüddətli tarixi prosesin nəticəsidir. Orta əsrlərdə ərəb və fars dilləri elmi, dini və ictimai-siyasi terminologiyanın formalaşmasına ciddi təsir göstərmişdir. Sonrakı mərhələlərdə rus dili, XX əsrin sonlarından isə beynəlxalq elmi terminologiya Azərbaycan dilinin terminoloji sisteminə təsir göstərmişdir.
Bununla yanaşı, Azərbaycan dilində milli termin yaradıcılığı ənənəsi də daim mövcud olmuşdur. Dilin daxili imkanları əsasında yeni terminlərin yaradılması Azərbaycan terminologiyasının inkişafının mühüm istiqamətlərindən biridir. Xüsusilə müasir dövrdə informasiya texnologiyaları, ekologiya, iqtisadiyyat, hüquq, tibb, süni intellekt və digər sahələr üzrə yeni terminlərin meydana çıxması terminoloji sistemin daim yenilənməsini tələb edir.
Bu baxımdan I Türkoloji Qurultayın tarixi təcrübəsi müasir Azərbaycan terminologiyası üçün də əhəmiyyətlidir. Qurultayın irəli sürdüyü və müzakirə etdiyi ümumi dilçilik problemləri türk dilləri arasında elmi-mədəni əlaqələrin gücləndirilməsi, milli dillərin inkişafı və dilin daxili imkanlarından səmərəli istifadə baxımından bu gün də metodoloji əhəmiyyət daşıyır.
Müasir mərhələdə türk dillərinin terminoloji sistemlərinin qarşılaşdırılması və ortaq terminoloji resursların yaradılması xüsusi aktuallıq kəsb edir. Elmi və texnoloji tərəqqi yeni anlayışların bütün türk dillərində paralel şəkildə ifadə edilməsini zəruri edir. Bu isə yalnız ayrı-ayrı terminlərin uyğunlaşdırılmasını deyil, həm də termin yaradıcılığının ümumi prinsiplərinin müəyyənləşdirilməsini tələb edir.
Müasir dövrdə I Türkoloji Qurultayın irsinin aktuallığı. Bu gün türk dünyasında inteqrasiya proseslərinin genişlənməsi dil və terminologiya məsələlərinə yeni baxış tələb edir. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, elm və təhsil əlaqələrinin güclənməsi, rəqəmsal texnologiyaların inkişafı və ortaq informasiya məkanının formalaşması türk dilləri arasında terminoloji yaxınlaşmanı daha da aktuallaşdırır.
Müasir dövrdə ortaq terminoloji resursların yaradılması üçün ilk növbədə hər bir türk dilinin milli terminoloji bazası sistemləşdirilməli, terminlər müqayisəli şəkildə araşdırılmalı və anlayışlararası münasibətlər müəyyənləşdirilməlidir. Bu prosesdə elektron terminoloji lüğətlər, rəqəmsal korpuslar, avtomatik termin çıxarılması texnologiyaları və süni intellekt imkanlarından istifadə etmək mümkündür.
Lakin ortaq terminologiyanın yaradılması milli dillərin fərdi xüsusiyyətlərinin aradan qaldırılması demək deyil. Əksinə, əsas məqsəd türk dillərinin tarixi və struktur yaxınlığından istifadə etməklə qarşılıqlı anlaşmanı asanlaşdıran terminoloji paralellər yaratmaqdır. Bu baxımdan ümumtürk terminoloji əməkdaşlığı milli terminologiyanın inkişafına alternativ deyil, onu tamamlayan elmi istiqamət kimi qiymətləndirilməlidir.
I Türkoloji Qurultay türk xalqlarının dilçilik və mədəniyyət tarixində mühüm dönüş nöqtələrindən biridir. Qurultayda müzakirə olunan dil, əlifba, təhsil və elmi terminologiya ilə bağlı məsələlər türk dillərinin sonrakı inkişafında mühüm izlər buraxmışdır. Terminologiya məsələsi isə milli dillərin elmi funksionallığının artırılması, yeni anlayışların ifadəsi və türk xalqları arasında elmi kommunikasiyanın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qurultayın tarixi irsi göstərir ki, milli dilin daxili imkanlarından istifadə, termin yaradıcılığında sistemlilik və dilin milli xüsusiyyətlərinin qorunması davamlı terminoloji inkişafın əsas şərtlərindəndir. Eyni zamanda türk dillərinin struktur və genetik yaxınlığı ümumi terminoloji resursların yaradılması üçün geniş imkanlar açır.
Bu gün qarşıda duran əsas vəzifələrdən biri I Türkoloji Qurultayın dilçilik irsini müasir elmi yanaşmalar əsasında yenidən qiymətləndirmək və onun ideyalarını rəqəmsal dövrün tələbləri ilə əlaqələndirməkdir. Türk dillərinin terminoloji sistemlərinin qarşılaşdırılması, ortaq terminoloji bazaların və elektron terminoloji resursların yaradılması, terminlərin standartlaşdırılması və elmi kommunikasiya üçün vahid prinsiplərin müəyyənləşdirilməsi bu istiqamətdə mühüm addımlar ola bilər.
Beləliklə, 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultay yalnız tarixi bir elmi hadisə kimi deyil, həm də müasir türkoloji tədqiqatlar, milli terminologiyanın inkişafı və türk dilləri arasında terminoloji əməkdaşlıq üçün mühüm elmi-mədəni irs kimi qiymətləndirilməlidir. Qurultayın ideyalarının müasir texnologiyalar və yeni dilçilik metodları ilə birləşdirilməsi türk dünyasının ortaq elmi-mədəni məkanının formalaşmasına əhəmiyyətli töhfə verə bilər.
Mətanət Əmrahova
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)
"Azərbaycan dili" kafedrasının dosenti