CAMCA Regional Forumu həqiqətən də nadir bir işə imza atıb. O, Mərkəzi Asiya, Monqolustan, Cənubi Qafqaz və Əfqanıstan regionundan olan hökumətləri, akademiya nümayəndələrini, biznesi və gənc liderləri bir araya gətirib. İnanıram ki, builki forumun mövzusu çox düzgün və vaxtında seçilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov CAMCA Regional Forumunda deyib.
Nazir bildirib ki, forum sonuncu dəfə Bakıda keçiriləndən bəri ötən son 8 ildə bəzi şeylər dəyişib. Bunların arasında, əlbəttə ki, Cənubi Qafqazdakı sülh prosesini xüsusi qeyd etmək istərdim. Bu proses Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin müstəqilliyini bərpa etməsindən bəri ilk dəfə olaraq regionu müharibədən, ərazi münaqişələrindən və iddialardan azad edib.
“Qlobal iqtisadiyyat ziddiyyətli meyillərlə hərəkət edir. Bir tərəfdən, qlobal artımın zəiflədiyini görürük. Bu, əvvəlki illərin ortalamasından aşağıdır. Lakin söhbət, eyni zamanda, bunun səbəblərindən birinin Yaxın Şərqdə enerji bazarlarını silkələyən və qlobal miqyasda böyük təsir göstərən davamlı böhran olmasından gedir. Digər tərəfdən isə, rəqəmsallaşma və əsasən də süni intellektin tətbiqi və bununla bağlı təsirlər hesabına artan tələbatı və iqtisadi imkanları müşahidə edirik. İnvestorlar fərqli davranırlar. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransına (UNCTAD) əsasən, investorlar daha az sayda, lakin daha böyük kapitaltutumlu sektorlardakı layihələrə diqqət yetirirlər. Bu o deməkdir ki, kapital bir tərəfdən daha seçici olub, digər tərəfdən isə miqyas getdikcə daha böyük əhəmiyyət kəsb edir. İqtisadiyyatlarının çoxu orta və ya kiçikhəcmli olan region üçün bu, həm bir xəbərdarlıq, həm də imkandır. Çünki biz birlikdə fərqli bir şey təklif edə bilərik - əlaqəli və daha böyük bazarlar, yəqin ki, ən vacibi insan kapitalı və istedadı. Azərbaycan nümunəsində, zənnimcə, hekayə yaxşı məlumdur. Bizim iqtisadi tariximiz "Əsrin müqaviləsi" ilə başlayıb. Bu gün biz eyni müştərilərə və eyni bazarlara yaşıl enerji dəhlizindən danışırıq. Amma bir fərq var. Fərq ondadır ki, biz qonşularımızla və regionumuzla, bu dəfə Xəzərin şərq tərəfi ilə çox daha yaxın işləyirik”, - deyə Mikayıl Cabbarov əlavə edib.