Bu ilin yanvar-avqust ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Bu barədə AZƏRTAC-a İşçi Qrupundan məlumat verilib.
Bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5561 cinayət faktı aşkarlanıb. Onlardan 1402-si narkotik vasitələrin qanunsuz satışı, 4033-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 123-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 994 kiloqram 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin 5 ton 928 kiloqram 804,897 qramını marixuana, 376 kiloqram 894,303 qramını heroin, 139 kiloqram 795,918 qramını tiryək, 247 kiloqram 630,147 qramını həşiş, 15,849 qramını kokain, 129 kiloqram 889,443 qramını digər narkotik vasitələr və 171 kiloqram 927,36 qramını psixotrop maddələr təşkil edib. Bunlarla yanaşı, 37082 həb metadon, 17372 çətənə bitkisi, 29 həb psixotrop maddə, 1,018 qram prekursor, 32,658 qram və 276 ədəd güclü təsir edən, eləcə də 970,1 qram zəhərli maddələr aşkar edilərək götürülüb.
Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1447,5 hektar sahədən yaş kütləsi 391 ton 163 kiloqram olan 4 milyon 124 min 541 yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.
Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 994 kiloqram 958,417 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 208 milyon 472 min manat kimi qiymətləndirilir.
Məsuliyyətə cəlb edilmiş 42 xarici ölkə vətəndaşından ümumilikdə 510 kiloqram 042,296 qram və 2778 həb müxtəlif növ narkotik vasitələr, 3 həb güclü təsir edən maddə və 3 ədəd (880 qram) çətənə bitkisi götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 136 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 849 kiloqram 351,642 qram və 23 min 29 həb metadon narkotik vasitə çıxarılıb.
Ümumilikdə aşkarlanan cinayətlərin 146-sı qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 439 kiloqram 027,718 qram və 950 həb metadon narkotik vasitə və psixotrop maddə, eləcə də 4,8 qram güclü təsir edən maddə və 1,018 qram prekursor müsadirə edilib.
2032 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib və onlardan 1 ton 738 kiloqram 184,71 qram müxtəlif növ narkotik vasitə müsadirə edilib.
Təhlil göstərir ki, 2025-ci ilin yanvar-avqust ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 313, narkotik vasitələrin qanunsuz satışı ilə bağlı faktların sayı 416, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 41, narkotiklərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı faktların sayı 24, qrup halında olan cinayətlərin sayı 37 fakt, məsuliyyətə cəlb edilmiş xarici ölkə vətəndaşlarının sayı isə 25 nəfər azalıb. Həmçinin narkotik vasitələrin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 143, digər cinayətlərlə bağlı faktların sayı 1 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 79 nəfər və qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 1 ton 002 kiloqram 927,4979 qram artıb.
Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 928 kiloqram 804,897 qramını (84,7 faiz) marixuana təşkil edib. Onun da 4 ton 960 kiloqram 902,137 qramı (83,6 faiz) tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olub. 967 kiloqram 902,76 qramı (16,6 faiz) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilib.
Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə yanvarın 30-da və iyunun 11-də qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş külli və xüsusilə külli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə Komissiya tərəfindən ümumilikdə 1471 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 6 ton 013 kiloqram 620,899 qram, 162 min 759 həb müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 4745 həb, 240 paket güclü təsir maddələr, eləcə də 13 min 367 ədəd çətənə bitkisi aidiyyəti təşkilatların və media nümayəndələrinin iştirakı ilə yandırma üsulu ilə məhv edilib.
Eyni zamanda, hesabat dövründə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş az və xeyli miqdarlarda olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi üzrə komissiyaların birgə təşkilatçılığı ilə 37 rayon və şəhərdə 965 məhkəmə hökmü üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş ümumi çəkisi 32 kiloqram 203,463 qram müxtəlif narkotik vasitələrin, psixotrop maddələrin, 136 ədəd çətənə bitkisi və 27 həb güclü təsir edən maddənin məhv olunması təmin edilib.
Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 62 min 227 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 4397 nəfərdən 2173-nün istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin olunub.
Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 675 xəstə (Respublika Narkoloji Mərkəzində 262, QİÇS-lə Mübarizə Mərkəzində 290, Sumqayıt Narkoloji Mərkəzində 123 nəfər) müalicə alır.
Cari ilin yanvar-avqust ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 620 vətəndaş müraciəti daxil olub ki, onların 88-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 46-sı narkotik asılılıqdan müalicə, 486-sı isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd edilən müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 134 məktub ünvanlanıb.
“802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçilərinin könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na əsasən Dövlət Komissiyasının İşçi Qrupu ilə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Milli Antidopinq Agentliyi və Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə birgə tədbirlər planının icrası istiqamətində bu ilin yanvar-avqust ayları ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarının nümayəndələrini cəlb etməklə ümumilikdə 234 tədbir (168 maarifləndirici və təşkilati tədbir, təlim, 66 maarifləndirici sosial aksiya) təşkil edilib.