22 Dekabr 2021 01:24
3660
SİYASƏT
A- A+

Müzəffər Ali Baş Komandanın Zəfər salnaməsi

 

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HƏSƏNOV:

 

“Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern hərbi gücə çevriləcək”

 

Böyük Zəfərdən zaman ötdükcə qələbə ilə nəticələnən döyüşlərin bütün istiqamətlər üzrə gedişi, nəticələri, yaratdığı dəyişikliklər daha dərindən araşdırılacaq, öyrəniləcək. Yerli və xarici tarixçilər, hərbi tədqiqat mərkəzləri, ekspertlər yalnız 44 günlük döyüş əməliyyatları dövrünü deyil, eyni zamanda müharibədən əvvəlki və sonrakı mərhələləri də dəqiqliklə təhlil edib araşdırmalar aparacaq, mükəmməl salnamələr yaradacaqlar. Gələcək nəsillər tarixin gedişini dəyişən 44 günlük Vətən müharibəsinin mənzərəsini dərindən, obyektiv və müfəssəl öyrənməli və düzgün nəticə çıxarmalıdır. Bu tarixin yazılmasında Ali Baş Komandan olmaqla “Dəmir yumruq” əməliyyatının iştirakçıları olan bütün şəxslərin mülahizələri və xatirələri xüsusi önəm daşıyır.

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir HƏSƏNOV da söhbətimizə elə bu məqamdan başlayır. Ömrünün 50 ilə yaxın bir dövrünü hərbi xidmətə həsr etmiş müsahibimiz söyləyir ki, indi Vətən müharibəsi ilə bağlı yazılan, deyilən fikirlər sabah mənbə kimi istifadə və istinad ediləcək. Ona görə də bu prosesə yanaşmada yüksək məsuliyyət hissi və əsl vətəndaş mövqeyi həmişə öndə olmalıdır. Müdafiə nazirinin bu müsahibəsi də Vətən müharibəsi salnaməsinin obyektiv və ədalətli izahı, Zəfərə aparan yolun mərhələlərini dolğun ifadə edən mənbə olacaqdır...

- Cənab nazir, Vətən müharibəsinin Zəfərlə tamamlanmasından bir ildən artıq vaxt keçir. Azərbaycan Ordusunun böyük rəşadətlə azad etdiyi mövqelər, yaşayış məntəqələri indi quruculuq məkanına, inkişaf ünvanına çevrilir. Dəyişikliklər hər istiqamətdə, hər sahədədir və hər gün daha geniş vüsət alır, miqyası böyüyür. Qalib ordumuzun şəxsi heyəti bu dəyişiklikləri hansı hisslərlə yaşayır?

- Ən əsası böyük məsuliyyət hissi ilə. Azad edilmiş ərazilərimizin qorunmasına görə daşıdığımız cavabdehliyə və etimada görə. Eyni zamanda böyük qürur, iftixar hissi ilə - başqa cür ola da bilməz. Vətən müharibəsinin qalibi, möhtəşəm Zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandanımıza hədsiz minnətdarlıq və sonsuz sədaqət bütün şəxsi heyətin əsas amalıdır.

Haqq savaşında canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə əbədi ehtiramımız daim davam edəcək, onların xatirəsi yaddaşlarda əbədi yaşayacaq.

Vətən müharibəsi bundan sonra da əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, şanlı qəhrəmanlıq salnaməsi olacaqdır. Ali Baş Komandanımızın müdrik hərbi strategiyası əsasında Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı rəşadət və şücaət göstərərək düşmənin 30 ildən artıq davam edən hərbi təcavüzünə son qoymaqla Vətən və xalq qarşısında olan şərəfli vəzifəsini layiqincə yerinə yetirdi. Azərbaycan Ordusunun şəxsi heyətinin Vətən müharibəsində nümayiş etdirdiyi döyüş ruhu, qələbə əzmi, igidlik və qorxmazlıq, müasir ümumqoşun döyüşünün aparılması taktikası, o cümlədən tətbiq etdiyi yeni nəsil silah, hərbi texnika və digər döyüş vasitələri şanlı Zəfərimizə verilən qiyməti daha da yüksək edir.

Bir məqamı da xüsusi olaraq vurğulayım ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Böyük Qələbə, Şanlı Zəfər Azərbaycan tarixinin ən möhtəşəm səhifələrindən biri olmaqla yanaşı, dünya hərb salnaməsinə də dərin iz qoyub. Bu hərbi nailiyyət Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin edilməsi, bölgənin inkişafı üçün həlledici amilə çevrildi, həmçinin yeni və daha effektiv hərbi, siyasi, iqtisadi və ticarət konfiqurasiyasının formalaşmasına, region ölkələri və xalqları arasında sağlam əməkdaşlıq mühitinin yaranmasına, inkişafına istiqamət verdi.

- Müdafiə naziri olaraq azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində yeni inşa olunan hərbi hissələrdə mütəmadi olursunuz. Əsgər və zabitlər ilə görüşlərinizdə onlarda hansı ovqatı, əhvali-ruhiyyəni görürsünüz?

- İşğaldan azad olunmuş ərazilərimizdə hərbi qulluqçuların xidmət, təchizat, təminat və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Ali Baş Komandanın verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq bu bölgələrə davamlı səfər edirəm. Hərbi hissələrə, yeni inşa edilən, əsaslı təmir olunmuş hərbi infrastruktura baxış keçirir, hərbi xidmətin vəziyyətini öyrənir, hərbi qulluqçular üçün yaradılan xidməti və sosial-məişət şəraiti ilə yerində yaxından tanış oluram, müvafiq tapşırıqlar verirəm.

Görüşlər zamanı şəxsi heyəti hər zaman olduğu kimi ayıq-sayıq, gümrah, məğrur, əzmkar və xoş əhvali-ruhiyyədə görürəm. Onlar hərbi xidməti tarixi torpaqlarımızda, qədim yurd yerlərimizdə yerləşən hərbi hissələrdə keçdikləri üçün qürur duyur və bunu həyatlarının ən şərəfli mərhələsi kimi dəyərləndirirlər. Hərbi qulluqçularımız mürəkkəb relyefli, çətin iqlim şəraitində xidmət edərək ölkəmizin təhlükəsizliyi və ərazi bütövlüyünün keşiyində mətin dayanaraq, Vətənə sədaqətlərini sübut edir, onlara göstərilən yüksək etimadı doğruldurlar.

Uzun illər işğal altında qalan, qoşunların təmas xətti və düşmənin səngər qurduğu, sədlər yaratdığı bu yerlərdə yaradılan yeni birləşmə və hissələrdə Azərbaycan Ordusunun xeyli sayda hərbi qulluqçusu xidmət edir. Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimiz Azərbaycan-Ermənistan, Azərbaycan-İran sərhədlərini, Arazboyu ərazilərdən Murovdağ silsiləsinə qədər olan Vətən torpaqlarını düşməndən azad edərək tam nəzarətə götürüb. Bu gün Füzulidən Kəlbəcərə, Xocavənddən Zəngilana, Ağdamdan Laçına, Cəbrayıldan Qubadlıya, Suqovuşandan Hadruta qədər torpaqlarımızda, eləcə də Zəfər simvolumuz olan Şuşada Azərbaycan bayrağı dalğalanır.

Əsgər, çavuş, gizir və zabitlərlə söhbətlərimdə Ali Baş Komandanımızın salamlarını çatdırdıqdan sonra torpaqlarımızı azadlığa qovuşduran şəhid döyüş yoldaşlarımızı yad edirik. Onların xatirəsi yalnız ailələrinin, yaxınlarının yaddaşında deyil, bütün xalqımızın yaddaşında yaşayır və yaşayacaqdır. İşğaldan azad olunmuş ərazilərimizin hər bir qarışında da əziz şəhid və qazilərimizin əməyi hörmətlə anılır.

Hərbi xidmət ciddi nizam-intizam tələb edir və xidməti fəaliyyət sərt hərbi qaydalarla tənzimlənir. Ancaq elə məqamlar olur ki, orada yüksək vəzifə və ali rütbələr sanki unudulur, hamımız döyüşçü və səngər qardaşlarına çevrilirik. Bu hissi yalnız döyüş və hərbi əməliyyatlar zamanında deyil, elə qəhrəmanlıqla azad edilən ərazilərdə xidmət keçərkən, burada olarkən də yaşayırıq. Yayın qızmar istisində, qışın sərt soyuğunda, mürəkkəb coğrafi relyefin yaratdığı çətinliklərə baxmayaraq bir an da olsun ayıq-sayıqlığını itirməyən, torpaqları şərəflə qoruyan əsgərləri öz övladlarımız, onların komandirlərini isə kiçik qardaşlarımız kimi qəbul edir, onlarla səmimi söhbətlər edirik. Ali Baş Komandanımızın təbiri ilə desək, “Qarabağı azadlığa qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından sonra dünyaya gəliblər. Bu vətənpərvər gənc nəsil Qarabağı görmədən onun həsrətini yaşayıblar və işğaldan qurtulması üçün qanlı mübarizəyə atılıblar”.

Yeni istifadəyə verilən hərbi hissələrdə, kazarmalarda, qurulan postlarda, səngərlərdə xidmət keçən igid övladlarımızla Zəfərimizdən və onun əhəmiyyətindən danışıram. Onlara həm də ordu quruculuğunun çətin və məsuliyyətli mərhələlərindən bəhs edirəm. Bugünkü Zəfərə gedən yolun başlanğıc məqamlarını, tarixi proseslərin mahiyyətini onlara açıqlayıram. Fikrimcə, bu, müdafiə nazirindən başlayaraq bütün komandir-rəis heyətinə qədər hamının əsas vəzifəsidir. Xatırlayıram, əvvəllər tarixi torpaqlarımıza qoşunların təmas xəttindəki səngərlərdən binokl vasitəsi ilə baxırdıq. Ali Baş Komandan hər dəfə ordu rəhbərliyinə qətiyyətlə bildirirdi ki, qarşıdakı əraziləri azad etmək bizim müqəddəs vəzifəmizdir və bu vəzifəni ləyaqətlə yerinə yetirməliyik. Ali Baş Komandanımızın bu əzmkarlığının tezliklə reallaşacağına zərrə qədər də şübhəmiz olmayıb. Biz daim hazır vəziyyətdə onun “İrəli!” əmrini şərəflə icra edəcəyimiz günü gözləyirdik.

Dünənədək hədəf kimi baxdığımız ərazilərimizdə bu gün Azərbaycan bayrağını möhtərəm Prezidentimizin şəxsən qaldırması, yeni layihələrin təməlini qoyması və qısa müddət ərzində xeyli infrastruktur obyektlərinin açılışını etməsi Ulu Öndərin əsasını qoyduğu mükəmməl ordu quruculuğu siyasətinin nəticəsidir.

- Cənab nazir, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan hərbi islahatları adətən ordu quruculuğu prosesinin əsas keyfiyyət dəyişikliyi kimi səciyyələndirirlər. Sizin münasibətiniz necədir?

- Azərbaycanın döyüş meydanında qələbəsini şərtləndirən əsas amillər güclü dövlət, zəngin iqtisadiyyat, siyasi iradə, məqsədyönlü diplomatiya və ən nəhayət, məhz ordu quruculuğunda aparılan genişmiqyaslı islahatlardır. Bütün bunlar nəticə etibarilə ölkənin Silahlı Qüvvələrinin gücünü formalaşdırır. Bu sahələrin vəhdətini və eyni vaxtda uğurlu olmasını təmin edən şəxs isə bacarıqlı dövlət başçısıdır. Biz bunu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin yorulmaz fəaliyyəti nəticəsində dövlətimizin əldə etdiyi nailiyyətlərdə və qazanılan böyük Zəfərdə aydın gördük.

Möhtərəm Prezident İlham Əliyev 2013-cü ilin oktyabr ayında məni müdafiə naziri vəzifəsinə təyin edərkən tapşırıq və göstərişlər verdi, Silahlı Qüvvələrdə islahatların yeni və daha səmərəli mərhələsinin başlandığını bildirdi. Ordu quruculuğunda tam yeni yanaşmaların, daha effektiv forma və metodların, üsulların, qabaqcıl dünya ordularında mövcud olan müasir hərbi innovasiyaların tətbiqini vacib sayan Ali Baş Komandan birmənalı bəyan etdi ki, Azərbaycan Ordusunun bütün şəxsi heyəti peşəkar olmalı və istənilən vaxt tarixi vəzifənin icrasına tam hazır olmalıdır.

Peşəkar ordunun formalaşdırılması çoxşaxəli prosesdir. Bunun üçün uzun illər, bəzən onilliklər tələb olunur. Bizim işimizi yüngülləşdirən və əvvəlcədən də nəticənin uğurlu olacağına təminat verən amil Ali Baş Komandanın ordu quruculuğunu prioritet məsələ elan etməsi, bu proseslə bağlı səmərəli ideyaların, aydın təsəvvürlərin və onun rəhbərliyi altında aparılan hərbi islahatların, atılan addımların konkret istiqamətləri üzrə dəqiq proqramın olmasıdır. Həmçinin yeni hərbi islahatlar və quruculuq tədbirləri birbaşa olaraq möhtərəm Prezidentin şəxsi nəzarəti, diqqəti və himayəsi altında idi. Bu isə, ilk növbədə, məsuliyyət, səmərəlilik və şəffaflıq kimi meyarların təmin edilməsini nəzərdə tutur.

Cənab Prezidentin müdrik hərbi strateq olmasını xüsusi qeyd etməyim də əslində elə sadaladığım faktlara əsaslanır. Vətən müharibəsi bir daha təsdiq etdi ki, cənab Prezident nəinki Silahlı Qüvvələrin peşəkarlığını formalaşdıran və yüksəlişinə xidmət edən təkmil nəzəriyyənin müəllifidir, o, eyni zamanda bu nəzəriyyəni olduqca mürəkkəb şəraitdə, döyüş meydanında, gərgin hərbi əməliyyatlarda uğurla tətbiq etməklə qələbə qazanan Müzəffər Ali Baş Komandandır.

Ordunun təşkilati-ştat strukturunun təkmilləşdirilməsi və yenidən təşkilatlandırılması, optimallaşdırılması tədbirləri də Ali Baş Komandan tərəfindən prioritet kimi elan olundu. Azərbaycan Ordusunun qoşun növləri və qismlərində operativ, dayanıqlı və keyfiyyətli idarəetmə sistemi yaradıldı. Döyüş qabiliyyəti tələb edən vəzifələrə ixtisaslı mütəxəssislərin təyin edilməsi prosesi sürətləndirildi. Ordunun fəaliyyətini təmin edən və tənzimləyən qanunvericilik bazası daha da təkmilləşdirildi, müvafiq hüquqi sənədlər, şəxsi heyətin sosial təminatını yüksəldən proqramlar qəbul olundu.

Digər mühüm istiqamət ordunun silahlanmasıdır. Dünyanın ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi məsələsi birbaşa Ali Baş Komandanın şəxsi nəzarətindədir. Döyüş hazırlığının artırılması və düşmən üzərində daim hərbi üstünlüyün qorunub saxlanılması məqsədilə ordumuzun silahlanmasına inkişaf etmiş ölkələrin hərbi sənayesinin istehsalı olan yüksək dəqiqlikli, müasir və keyfiyyətli silah və döyüş texnikası, eləcə də digər hərbi təyinatlı məhsullar daxil edilir.

Cənab Prezidentin rəhbərliyi altında aparılan hərbi islahatların digər istiqaməti şəxsi heyətin döyüş qabiliyyətinin artırılmasını təmin edən hərbi infrastrukturun təkmilləşdirilməsi və yenilənməsidir. Son 8 il ərzində Ali Baş Komandanın birbaşa göstərişi ilə Azərbaycan Ordusunun birləşmə, hərbi hissə və əlahiddə bölmələrinin mövcud dislokasiya yerlərinin infrastrukturu, hərbi şəhərciklərin, təlim poliqonlarının və digər hərbi təyinatlı obyektlərin təxminən 90 faizi yenidən tikilib. Şəxsi heyətin məişət şəraiti, qidalanması, geyimlə təmin edilməsi və digər təminat növləri ilə bağlı məsələlər tam həcmdə həll edilib. Bu sahədə Azərbaycan Ordusu dünyada ən yaxşı göstəricilərdən birinə malikdir.

Xidməti-döyüş fəaliyyətlərinin icrasında da əhəmiyyətli dönüş yaranıb. Ali Baş Komandanın tapşırığına əsasən şəxsi heyətin sırf döyüş hazırlığı ilə məşğul olması məqsədilə mətbəx, təmizlik və digər məişət işlərinin görülməsi üçün müvafiq vəzifələrə mülki şəxslər cəlb olunub. Beləliklə də, şəxsi heyət təsərrüfat və məişət işlərindən uzaqlaşdırılaraq yalnız hərbi xidmətlə bağlı tapşırıqların icrasına cəlb olundu. Həyata keçirilən bu islahatların nəticəsində 20 mindən artıq mülki şəxs yeni iş yerləri ilə təmin olundu.

Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir.

Qeyd etdiyim faktlar Ali Baş Komandanın həyata keçirdiyi hərbi islahatlar konsepsiyasının müəyyən bir hissəsidir. Möhtərəm Prezident Azərbaycan Ordusuna dair bütün məsələləri diqqət mərkəzində saxlayır. Məhz Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən ordu kimi formalaşıb.

Ali Baş Komandan qəbul etdiyi qərarların səmərəli icra yollarını bizə göstərməklə yanaşı, bütün proseslərin özünün şəxsi nəzarəti altında həyata keçirilməsini tələb edir. İşğal altında olan torpaqlarımızın azad olunması cənab Prezidentin fəaliyyətində ən əsas, ən vacib məsələ idi. O, bu məsələni daim diqqət mərkəzində saxlayır, hər gün bizə konkret tapşırıqlar verirdi.

Ordunun, döyüş hazırlığının, silahlanmasının, hərbi qulluqçuların maddi təminatının və digər sahələrin vəziyyəti barədə dövlət başçısına gündəlik məruzə olunurdu. Müvafiq tapşırıq və göstərişlər alınır, komandir-rəis heyətinə çatdırılır və tapşırıqların operativ icrası təmin edilirdi. Cənab Prezidentin islahatlarının əsas hədəflərindən biri olan ordunun bütün hərbi hissələrinin vahid mərkəzdən və operativ idarə edilməsinin təmin olunması ən böyük nailiyyətlərdən sayılmalıdır.

Ali Baş Komandan nəinki yeni tikilən böyük və ortamiqyaslı hərbi infrastruktur obyektlərinin, hətta cəbhə xəttindəki səngərin vəziyyəti ilə belə maraqlanırdı. Ordumuzla bağlı ən sadə detallar belə onun diqqətindən yayınmırdı. Onun tapşırığına əsasən mən və nazirliyin rəhbər heyəti davamlı olaraq təmas xəttində, ən ucqar, ən hündür nöqtələrdə olarkən cənab Prezidentə vəziyyətlə bağlı birbaşa oradan məruzə edilirdi. Bəli, Ali Baş Komandanın iş metodu, fəaliyyət üslubu belə idi, indi də eyni tərzdə davam edir.

Bu gün də dövlət başçısı ön xətdə yerləşən hərbi hissələri ziyarət edir, hərbi qulluqçularla dost kimi söhbət edir, qayğıları ilə maraqlanır, onları mükafatlandırır və bir süfrə arxasında nahar edir. Belə tədbirlər şəxsi heyətin mənəvi-psixoloji durumuna müsbət təsir edir və hərbi qulluqçularda xoş əhvali-ruhiyyə yaradır.

Cənab İlham Əliyevin göstərişinə əsasən və rəhbərliyi ilə müxtəlif hərbi təlimlərin keçirilməsi, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, ordumuzun müasir silah, hərbi texnika ilə təchiz edilməsi və bir sıra digər tədbirlər Azərbaycan Ordusunun Ermənistan ordusu üzərində qazandığı üstünlüyün qorunub saxlanmasını təmin edir.

- Ali Baş Komandan Zəfərə gedən yolun ən mühüm dönüş mərhələsi kimi Aprel döyüşlərini vurğulayır. Bu döyüşlərin əsas nəticəsi nə oldu?

- Bir faktı xüsusi vurğulamalıyam ki, Azərbaycan Ordusunun ən müasir, yeni nəsil silahlarla təchiz olunması, hərbi təlimlərdə məşq etdirilən xüsusi döyüş tapşırıqları Müdafiə Nazirliyi tərəfindən tam həcmdə açıqlanmırdı. Çünki müharibə vəziyyətində olan ölkənin hərbi potensialı məxfi saxlanılmalıdır.

Lakin düşmən Azərbaycan Ordusunun güclü olduğunu çox yaxşı bilir və hərbi potensialımızda baş verən müsbət dəyişiklikləri diqqətlə izləyirdi. Ermənistanın xüsusi xidmət və hərbi kəşfiyyat orqanlarının bu məsələdə nə qədər həssas olduğunu bilirdik. Eyni zamanda anlayırdıq ki, Ermənistan vəziyyəti gərginləşdirmək məqsədilə hərbi təxribatlar planlaşdırır. Belə bir cəhd 2016-cı ilin 2-5 aprel tarixlərində baş verdi. Erməni silahlı birləşmələri bütün cəbhəboyu mövqelərimizi, yaşayış məntəqələrimizi, mülki infrastrukturu və dinc əhalini iriçaplı silahlardan və artilleriya qurğularından intensiv atəşə tutdu. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri, endirdiyi dəqiq zərbələr nəticəsində düşmən canlı qüvvə və döyüş texnikası sarıdan böyük itkilərə məruz qaldı və Ermənistanın törətdiyi təxribat onun özünün sarsıdıcı məğlubiyyəti ilə nəticələndi.

Əməliyyatların başladığı ilk dəqiqələrdən etibarən hərbi vəziyyəti və döyüşlərin idarə edilməsini Ali Baş Komandan birbaşa olaraq öz üzərinə götürdü. Prezident həmin gecə Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitindən qayıtdı. Aprelin 2-də Təhlükəsizlik Şurasının iclasını çağıraraq konkret əmr və göstərişlər verdi. Cənab Prezidentin rəhbərliyi ilə ordumuz qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı sarsıdıcı cavab tədbirləri həyata keçirdi, bütün istiqamətlərdən əks-hücuma keçərək düşmən mövqelərinə ağır zərbələr endirdi.

Cəbhənin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə əməliyyatı zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti yarıldı, strateji əhəmiyyətə malik yüksəkliklər, ümumilikdə isə 2000 hektardan çox ərazi düşməndən azad olundu. Geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də azad edilərək bölmələrimizin nəzarətinə keçdi. Döyüşlərdə düşmənə məxsus tanklar, artilleriya və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, 300-dən çox hərbi qulluqçusu öldürüldü və 500-dən artıq hərbçisi yaralandı. Aprelin 5-də vasitəçi dövlətlərin, beynəlxalq qurumların müraciətlərini nəzərə alan Azərbaycan rəhbərliyi atəşkəsə razılaşdı və Azərbaycan Ordusu düşmənə qarşı əks-həmlə əməliyyatını dayandırdı, azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərinə başladı.

Aprel döyüşləri Ali Baş Komandan İlham Əliyevin yeni mərhələdə həyata keçirdiyi hərbi islahatların və ordu quruculuğunun ilk təntənəsi idi. Bu əməliyyatlar Azərbaycan Ordusunun gücünü bütün dünyaya, o cümlədən Ermənistana bir daha nümayiş etdirdi.

2018-ci ilin aprelində Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlməsi, təəssüf ki, onları ənənəvi təxribat cəhdlərindən çəkindirmədi. Həmin ilin may ayında Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən növbəti təxribata əl ataraq vəziyyəti gərginləşdirməyə cəhd göstərdi. 2018-ci il mayın 20-dən 27-nə qədər bu istiqamətdə keçirilən Günnüt əməliyyatı zamanı Şərur rayonunun Günnüt kəndi, Ağbulaq, Qızılqaya və Qaraqaya yüksəklikləri, ümumilikdə 11 min hektardan artıq ərazi azad olundu. Dərələyəz mahalının Arpa kəndi, dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin azad edilməsi nəticəsində isə böyük strateji əhəmiyyətə malik İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yolu, yəni Böyük Zəfərədək işğal altında olan Qarabağ ərazisi ilə Ermənistanın cənubunu birləşdirən əsas magistral xəttin mühüm hissəsi nəzarətimiz altına keçdi. Beləliklə, Ermənistanın növbəti təxribatı yenə də onun məğlubiyyəti ilə nəticələndi.

- Elə Tovuz təxribatını da buna aid etmək olar. Bu döyüşlər həm də həlledici zərbədən öncəki son sınaq idi...

- Bu mövzuya keçməmiş bir məqamı da vurğulayım ki, 2019-cu ilin oktyabr ayının 4-də “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında Prezident İlham Əliyevin bəyan etdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” fikri bir an içində Azərbaycan dövlətinin və xalqının yeni məramına, ümumxalq şüarına çevrildi. Azərbaycan Ordusunun şəxsi heyəti də “Qarabağ Azərbaycandır!” milli şüarını müasir dövrün yeni çağırışı, səfərbəredici hədəfi kimi qəbul etdi. Ali Baş Komandanın “nida” işarəsi dedikdə məhz Silahlı Qüvvələr amilini nəzərdə tutduğunu tək biz hərbçilər deyil, bütün xalqımız, bütün dünya anlayırdı.

Həmin dövrdə Azərbaycan Ordusunda döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər daha intensiv hal aldı. Ali Baş Komandanın tapşırığına və illik döyüş hazırlığı planına uyğun olaraq iyul ayının əvvəllərində Azərbaycan Ordusunun cəbhəboyu zonada yerləşən hərbi hissələrində, o cümlədən Naxçıvanda Əlahiddə Ümumqoşun Orduda genişmiqyaslı hərbi təlimlər başladı. Ali Baş Komandanın Azərbaycan Ordusu qarşısında qoyduğu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində qoşunların döyüş qabiliyyətinin, şəxsi heyətin isə döyüş ruhunun, qələbə əzminin yüksəlməsini hərbi hissələrdə keçirdiyim çoxsaylı görüşlərdə şəxsən müşahidə etdim. Ön xətdə xidmət edən hərbi qulluqçularla görüşlərim, həmçinin üzbəüz yerləşən düşmən mövqelərini müşahidələrim ordumuzun nəinki düşmən təxribatına layiqli cavab verməyə, hətta Zəfər qazanmağa tam hazır olduğunu bir daha təsdiq etdi.

Təxribatçı əməllərindən əl çəkməyən Ermənistanın daha bir diversiyasının qarşısının alınması məqsədilə keçirilən və tarixə Tovuz döyüşləri kimi düşən cavab tədbirləri zamanı Azərbaycan Ordusu növbəti dəfə düşmənə sarsıdıcı zərbələr vurdu. 2020-ci il iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından da istifadə etməklə mövqelərimizi atəşə tutdu. Düşmənin məqsədi yeni əraziləri ələ keçirmək idi. Lakin işğalçı qüvvələrin irəliləməsinin qarşısı qətiyyətlə alındı, onlar itki verərək geri çəkildilər və ərazi itkisinə yol verilmədi. Əməliyyat şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altında oldu.

Təhlükəsizlik Şurasının iyulun 13-də keçirilən iclasının qapalı hissəsində Prezident İlham Əliyev hərbi vəziyyəti təhlil edərək konkret tapşırıqlar, göstərişlər verdi. İyulun 17-dək davam edən düşmən təxribatına qarşı bölmələrimiz tərəfindən sərt cavab tədbirləri görüldü. Azərbaycan Ordusunun bölmələrinin daha üstün silahlardan endirdiyi dəqiq zərbələrlə qarşı tərəfin müxtəlif təyinatlı hərbi və avtomobil texnikaları, zirehli transportyorları, döyüş vasitələri, artilleriya qurğuları, komanda, idarəetmə və dayaq məntəqələri, qərargahları, hərbi infrastrukturu, atəş nöqtələri, müdafiəsinin dərinliyindəki ehtiyatlar, köməyə gəlməyə çalışan bölmələri və xeyli sayda canlı qüvvəsi məhv edildi.

Tovuz döyüşləri yeni ərazilərin işğalına yönəlmiş Ermənistanın növbəti uğursuz təxribat cəhdi idi. Bu diversiyanın da qarşısı əvvəlkilər kimi qətiyyətlə alındı və düşmənin bir çox strateji mövqeləri darmadağın olundu. Bu döyüşlər həm də Azərbaycan Ordusu üçün bir sınaq oldu. Bütün şəxsi heyətin yüksək döyüş hazırlığına malik olduğu növbəti dəfə təsdiqləndi. Ordumuz bu döyüşdə də birmənalı olaraq əks-hücuma keçərək düşmənə daha böyük zərbələr endirə bilərdi. Lakin bu cinahda qarşımızdakı hədəf məhz Ermənistan ərazisi olduğu üçün Ali Baş Komandan “Biz ədalət savaşı aparırıq, heç kəsin torpağında gözümüz yoxdur” deyərək atəşi dayandırmaq əmrini verdi.

Tovuz döyüşlərini səciyyələndirən vacib nəticələrdən biri də Azərbaycan xalqının Ali Baş Komandanın və Azərbaycan Ordusunun ətrafında daha sıx birləşməsi, Vətən uğrunda səfərbər olmaq arzusu idi. İyulun 14-dən 15-nə keçən gecə on minlərlə gənc Bakıda yürüş edərək Prezidentə və ordumuza həmrəylik nümayiş etdirdi. Növbəti günlərdə 50 mindən artıq gənc, xaricdə yaşayan soydaşlarımız, ehtiyatda olan hərbi qulluqçular, müharibə əlilləri və veteranlar könüllü olaraq orduda xidmət etmək arzularını bildirərək, qeydiyyata alınmaq üçün müraciət etdilər. Artıq Xalq, Ali Baş Komandan və Azərbaycan Silahlı Qüvvələri torpaqların azad edilməsi üçün həlledici döyüşə və Böyük Zəfərə tam hazır idi.

- Cənab nazir, müsahibənizin əvvəlində də qeyd etdiniz ki, Vətən müharibəsi xalqımızın tarixində ən əhəmiyyətli hadisə kimi daim yaşayacaq. Bu haqq savaşının necə başlamasını, ilk dəqiqələrini məhz Sizdən öyrənmək hamıya çox maraqlıdır...

- Hələ sentyabrın əvvəllərindən etibarən cəbhə xəttində erməni silahlı qüvvələrinin aktivliyinin artması, ayın ortalarından isə döyüş hazırlığı tədbirlərinin bütün istiqamətlərdə keçirilməsi kəşfiyyat məlumatları əsasında təsdiqləndi. Ermənistanın artıq təxribata yox, müharibəyə hazırlaşması aydın görünürdü. Düşmən tərəfindən mövqelərimizin mütəmadi atəşə tutulması, eyni zamanda təmas xəttini keçmək cəhdləri intensivləşirdi. Təbii ki, biz də fəaliyyətsiz deyildik. Şübhəsiz, qoşunlarımızın yüksək döyüş hazırlığı baş verə biləcək hər hansı təxribatın qarşısını almaq üçün kifayət edirdi.

Sentyabrın 27-də saat 06.00 radələrində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlara başlaması barədə xəbər dərhal mənə məruzə edildi. Vəziyyət barədə ölkə başçısına məruzə etdikdən sonra Ali Baş Komandan hərbi əməliyyatların idarə edilməsini birbaşa öz üzərinə götürdü.

Bəli, 44 günlük Vətən müharibəsinin ilk dəqiqəsindən sonunadək döyüş əməliyyatlarına Ali Baş Komandanın özü şəxsən rəhbərlik edirdi!

Düşmənin mövqelərimizi və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində mülki əhali arasında şəhid və yaralananlar oldu. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirlərinə başladı və düşmənin hərbi obyektlərinə, atəş nöqtələrinə sarsıdıcı zərbələr endirdi.

Elə ilk həmlədən qoşunlarımız əməliyyat şəraitinə tam nəzarət etdi və cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susduruldu. Ardınca da qoşunlarımızın bütün cəbhəboyu əks-hücum əməliyyatı başladı.

Ali Baş Komandan bütün prosesləri çevik idarə edirdi. Günorta saatlarında xalqa müraciətində baş verən hadisələr barədə ictimaiyyəti məlumatlandırdı və bu təxribatı “erməni faşizminin növbəti təzahürü” adlandırdı. Prezidentin “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” sözləri xalqda ilk andan böyük qələbə əzmi, döyüş əzmi, ruh yüksəkliyi yaratdı. Bu müraciətdən sonra Təhlükəsizlik Şurasının iclasını keçirən Ali Baş Komandan birmənalı bəyan etdi ki, “bizim uğurlu əks-hücum əməliyyatımız işğala və ədalətsizliyə son qoyacaq!”

İclasda etdiyim məruzədə Ali Baş Komandana onun rəhbərliyi ilə başlamış əks-hücum əməliyyatının ilk saatlarının qələbə hesabatını verdim. Ermənistan silahlı qüvvələrinin ön xəttinin yarılması, ordumuzun zərbələrinin artıq düşmən müdafiəsinin dərinliyindəki mövqelərinə endirilməsi və rəşadətli ordumuz tərəfindən Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin işğaldan azad edildiyi barədə məruzə etdim. Eyni zamanda Ağdərə və Murovdağ istiqamətlərindəki hakim yüksəkliklərdə yerləşən düşmən postları da darmadağın edilərək nəzarətə götürülmüşdü.

Həmin gün düşmənin 3 silah-sursat anbarı, 22 tank və digər zirehli texnikası, 15 OSA zenit-raket kompleksi, 18 pilotsuz uçuş aparatı, 8 artilleriya qurğusu, 550 nəfərdən artıq canlı qüvvəsi məhv edildi. Bu göstəricilər ilk günün böyük uğuru idi və cəbhə xəttində üstünlüyün sonadək bölmələrimizdə olmasını təmin etdi.

- Yəni savaşın ilk gününün ilk saatı Azərbaycan üçün Zəfərlə başladı...

- Bəli, bu, məhz belə oldu. Mən deyərdim hətta ilk dəqiqələrdən etibarən Azərbaycan Ordusu ilkin hərbi uğurlarını qazanmağa başlamışdı. Ali Baş Komandanın göstərişi ilə həmin gündən etibarən düşmənin hərbi infrastrukturu və döyüş texnikasının məhv edilməsinin aeroçəkilişləri ictimaiyyətə təqdim edildi. Bu kadrlar xalqımızda yüksək əhvali-ruhiyyə, qələbəyə sarsılmaz inam, Ermənistan ordusu və cəmiyyətində isə böyük xaos, təşviş və çaşqınlıq yaradırdı.

Bir məqama da toxunum. Ali Baş Komandanın mənə ilk gündən verdiyi tapşırıq və göstərişlərində əsas tələblərdən biri əməliyyat planlarında şəxsi heyət itkisinin minimum səviyyəyə endirilməsini təmin etmək idi. Möhtərəm Prezident hər bir hərbi qulluqçunun həyatına önəm verir, onun təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirilməsini tələb edirdi. Onun üçün hər bir hərbi qulluqçunun döyüşlərdən sağ-salamat qayıtması olduqca önəmli idi. Ona görə də əməliyyat planlarının hazırlanmasında bu tapşırığı əsas götürür, icrasına məsuliyyətlə yanaşırdıq.

Döyüş əməliyyatlarının gedişi bu tapşırığın icrasının uğurlu olduğunu göstərdi. Şəhid olmuş bütün hərbçilərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyirəm. Hər bir şəhid yalnız ailəsinə deyil, bütün xalqımız və ordumuza böyük itkidir. Hərbi taktikaya görə, hücuma keçən ordunun itkisi müdafiə olunan ordunun itkisi ilə müqayisədə 3-4 dəfə çox olmalı idi, lakin tam əksi baş verdi. Düşmən qüvvələrinin itkisinin hücum mövqeyində olan Azərbaycan Silahlı Qüvvələrinin itkisindən dəfələrlə çox olması məhz Müzəffər Ali Baş Komandanımızın müdrik hərbi strategiyasının nəticəsi idi.

- Müharibənin gedişi ilə bağlı məlumatların əksəriyyəti məxfi olur və adətən döyüşlər bitdikdən sonra da qorunur. Bununla belə Siz hərbi əməliyyatların planlaşdırılması, hazırlığı, gedişi barədə hansı məsələləri ictimaiyyətə açıqlaya bilərsiniz?

- Ali Baş Komandanın göstərişi ilə ehtimal olunan hərbi əməliyyatların planları hazırlanarkən təmas xətti boyunca düşmənin güclü və zəif mövqeləri, hərbi infrastrukturu, gizli hərbi obyektləri, mühəndis-istehkam qurğuları, sədlər, təminat yolları, uzunmüddətli atəş nöqtələri, komanda-idarəetmə məntəqələri, canlı qüvvəsi, istifadəsində olan silah və hərbi texnika, həmçinin digər mühüm xüsusiyyətləri tərəfimizdən öyrənilir, araşdırılır və dəqiqliklə müəyyənləşdirilirdi.

Təəssüf ki, bu proses barədə sizin qeyd etdiyiniz kimi, məxfilik baxımından geniş danışmaq olmur. Sadəcə onu demək kifayətdir ki, işğal altında olan ərazilərin hər bir qarışının coğrafi-topoqrafik vəziyyəti, orada yerləşən düşmən obyektləri bizə məlum idi.

Döyüşlər başlayarkən artıq masamızda əməliyyatların xəritələri, planlar var idi və hər bir komandir qarşısında duran tapşırıqları dəqiq bilirdi. Xəritə və planları real döyüş şəraitinə uyğun müəyyən dəyişikliklərlə tətbiq edirdik. Məsələn, döyüşlərin ilk günləri hərbi əməliyyatları şimal-şərq və şimal cəbhələrində, yəni Tərtər-Ağdam və Kəlbəcər istiqamətində keçirməyimiz nəticəsində düşmən bütün əsas qüvvələrini bu istiqamətdəki cəbhə xəttinə yönəltdi. Bu, Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan əməliyyat planına tam uyğun idi. Yayındırıcı, çaşdırıcı manevrlər tətbiq edildikdən sonra Azərbaycan Ordusu əsas hücumu cənub-şərq cəbhəsindən, Füzuli-Cəbrayıl istiqamətindən başladı.

Sentyabrın 30-dək, yəni müharibənin ilk üç günündə düşmən canlı qüvvə, hərbi və döyüş texnikası sarıdan xeyli itki verərək bütün cəbhəboyu tutduğu bir çox mövqelərdən geri çəkilməyə məcbur edilmişdi.

Suqovuşan istiqamətində gedən döyüşlər zamanı da düşmən istər canlı qüvvə, istərsə də hərbi texnika baxımından xeyli sayda itki verdi. Suqovuşanın azad edilməsi ilə Ağdərə ilə Ağdamı birləşdirən əsas təminat yolu Azərbaycan Ordusunun nəzarətinə keçdi. Azərbaycan Ordusu artıq dayanmadan irəliləyirdi. Oktyabr ayının 4-də Cəbrayıl şəhəri, həmin gün və səhərisi rayonun xeyli kəndi işğaldan azad edildi. Bu döyüşlərdə Azərbaycan Ordusunun müxtəlif hərbi birləşmələri, o cümlədən xüsusi təyinatlılar böyük qəhrəmanlıqlar göstərdilər.

Cəbrayılın təcavüzünə son qoyulması ilə Azərbaycan-İran sərhədinin böyük hissəsinə dövlət nəzarəti bərpa edildi. Eyni zamanda Azərbaycan Ordusunun Xocavəndin cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Oktyabrın 18-də Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının dalğalanması isə bütün ölkəyə ruh yüksəkliyi bəxş etdi, ordunun şəxsi heyətində mübarizliyi və qələbə əzmini daha da artırdı.

- Silahlı Qüvvələrimizin əsas hərbi nailiyyətlərindən biri də Hadrutun azad edilməsi idi. Həmin əməliyyatın gedişi ilə bağlı hətta qlobal informasiya məkanında belə qərəzli məlumatlar savaşı aparılırdı. Bu qəsəbə necə azad olundu?

- Oktyabrın 9-da Qarabağın qapısı, Şuşanın açarı sayılan Hadrut qəsəbəsinin işğaldan azad edilməsi “Dəmir yumruq” əməliyyatının mühüm nailiyyətlərindən oldu. Ali Baş Komandan bu qələbəni tarixi Zəfər kimi dəyərləndirdi. Həqiqətən də, mürəkkəb relyefdə, qarşı-qarşıya dayanan yüksək dağ massivləri arasında yerləşən bu qəsəbə həm də Şuşaya doğru hücum istiqamətimizin əsas dayaq nöqtəsi idi.

Müharibənin ilk günlərindən Hadrut mühüm hədəfimizə çevrilmişdi. Ətraf ərazilərdəki erməni hərbi hissələrinin idarə edilməsi və təchizatı Hadrut istiqamətindən həyata keçirilirdi. Burada həm də böyük silah-sursat anbarı vardı. Ali Baş Komandanın təsdiqlədiyi hərbi əməliyyat planına görə Cəbrayıl şəhərinin və rayonun digər yaşayış məntəqələrinin azad olunmasından sonra ilk hədəfimiz, həmləmiz bu qəsəbə idi. Yüksək peşəkarlıqla hazırlanıb böyük əzmkarlıq və şücaətlə icra olunan hərbi plana əsasən, cənub cəbhəsində irəliləyən Azərbaycan Ordusu düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi.

Oktyabrın 7-dən başlayan ağır artilleriya döyüşləri iki gün sonra Hadrutu, eləcə də onun ətrafındakı yaşayış məntəqələrinin və strateji yüksəkliklərin Azərbaycan Ordusunun nəzarəti altına keçməsinə imkan verdi. Qoşunlarımızın bir qruplaşması düşmənin nəzarətində olan hakim yüksəklikləri azad edərək, digər qruplaşması isə Cəbrayıl və Xocavənd istiqamətindən gələn yolları nəzarətə götürərək Hadruta daxil oldular.

Hadrutun işğaldan azad edilməsi ilə erməni qoşunlarının cəbhənin digər istiqamətlərində müqaviməti zəiflədi, həm də ordumuzun sürətli hücumuna şərait yarandı. Azərbaycan Ordusu bu istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Bizə məlum idi ki, düşmən Şuşaya hücumu əsasən Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdi.

Ardıcıl hücumlarımız ciddi müqavimətlə qarşılaşsa da, sürətlə davam edirdi. Ermənistan silahlı birləşmələri cəbhəboyu dinc sakinlərin məskunlaşdığı yaşayış məntəqələrimizi aramsız atəşə tuturdu. Ali Baş Komandanın vurğuladığı kimi, “təkcə orada qurulmuş istehkamlar deyil, eyni zamanda azad edilmiş torpaqların hərbi relyefi də ermənilər üçün daha sərfəlidir. Çünki biz indi həm onların istehkamlarına, toplarına, raketlərinə qarşı, həm də təbii relyefə qarşı vuruşaraq torpaqlarımızı işğalçılardan qarış-qarış azad etməliyik”.

Qarşıda Füzulinin, Xocavəndin, Cəbrayılın hələ azad olunmayan kəndləri, Qubadlı, Zəngilan vardı. Sonrakı və əsas hədəf isə əlbəttə ki, Şuşa idi.

Müharibə dövründə beynəlxalq vasitəçilərin, xüsusilə də Ermənistanın israrlı xahişləri ilə üç dəfə - oktyabrın 10-da, 18-də və 26-da humanitar atəşkəs razılaşması əldə olundu. Xüsusi qeyd edim ki, bu razılaşma Azərbaycanın ardıcıl davam edən hücum əməliyyatlarına, apardığı savaşın mahiyyətinə uyğun gəlmirdi. Birmənalı olaraq bu xaos, təşviş içində olan erməni silahlı birləşmələrinin xilasına xidmət edirdi. Lakin elə hər üç atəşkəsi Ermənistan özü pozdu. Birinci dəfə heç bir gün keçməmiş Gəncəni bombalamış, ikinci və üçüncü dəfə isə atəşkəsdən cəmi bir neçə dəqiqə sonra razılaşmanı pozmuş, yenə də xaincəsinə dinc sakinlərimizi aramsız atəşə tutmuşdu.

Azərbaycan Ordusu isə müharibənin gedişində dinc əhalini, mülki obyektləri və infrastrukturu əsla hədəfə almadı. Hədəfimiz atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastruktur oldu. Bu, Ali Baş Komandanımızın müharibənin ilk günü mənə verdiyi əmr idi. Azərbaycan Ordusu işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə Konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə uyğun hərəkət edirdi.

Ali Baş Komandan cənab İlham Əliyevin xüsusi nəzarətində olan sahələrdən biri də əks-həmlə əməliyyatlarında iştirak edən şəxsi heyətin təminat və təchizatının fasiləsiz təşkil edilməsi idi. Qoşunlarımızın ərzaq, geyim, məişət əşyaları, gündəlik tələbat məhsulları, silah-sursat, yanacaq-sürtgü materialları və digər zəruri vasitələrlə təminatı yüksək operativliklə həyata keçirilirdi.

- Cənab nazir, erməni silahlı qüvvələrinin durumu, hazırlığı, müqaviməti necə idi?

- Azərbaycan hərbçiləri döyüş meydanında hər gün Ermənistan silahlı qüvvələrinin bölmələrinə layiqli cavab verirdilər. Qoşunlarımız düşmən hədlərini müxtəlif istiqamətlərdə yarır, mövqelərindən sıxışdırıb çıxarır, qaçmağa məcbur edir və daim irəliləyirdi. Aparılan uğurlu hərbi əməliyyatlarla döyüş təcrübəsini hər saat daha da təkmilləşdirən şəxsi heyətimiz vacib istiqamətlərdə əlverişli hədd, yüksəklik və mövqeləri azad edərək nəzarətə götürürdü.

Bölmələrimiz düşmənə atəş zərbələri endirərək onun hərəkət fəaliyyətini tam məhdudlaşdırır, minlərlə erməni döyüşçüsü ölür və yaralanırdı. Ermənistan ordusu arasında idarəetmə və qarşılıqlı əlaqə itir, bölmələr arasında nizamsızlıq yaranır, şəxsi heyətin intizamı, mənəvi-psixoloji durumu pozulurdu. Bəzi istiqamətlərdə düşmən ordusunun hərbi hissələri arasında qarşılıqlı əlaqənin olmaması nəticəsində onlar bir-birini atəş açaraq məhv edirdilər. Düşmən bölmələrində döyüş sursatları və yanacaq təminatında da ciddi problemlər mövcud idi. Müqaviməti qırılan erməni qüvvələrində döyüş mövqelərini özbaşına tərk etmək, texnikanı, silah-sursat və digər hərbi vasitələri ataraq qaçmaq, fərarilik kütləvi hal alırdı.

Belə bir şəraitdə Azərbaycan Ordusu hərbi əməliyyatlarını uğurla davam etdirərək oktyabrın 17-də Füzuli şəhərini işğaldan azad etdi. Füzuli rayonunun bütün ərazisi uğrunda döyüşlər isə müharibənin son gününədək davam etdi. Noyabrın 9-da rayonun daha 17 kəndi azad olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün ərzində Füzuli şəhəri ilə yanaşı, rayonun 53 kəndi də işğaldan azad edildi. Füzulinin azad olunması cənub istiqaməti üzrə yeni strateji həmlələrə əsaslı təkan oldu. Bir faktı xüsusi vurğulayım ki, şəhər azad olunarkən Azərbaycan bayrağını ucaltmağa bir tikili də tapılmadı. Füzuli ermənilər tərəfindən tamamilə viran edilmiş, dağıdılmış, xarabalığa çevrilmişdi.

Cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində davam edən şiddətli döyüşlər uğurla nəticələndi. Ali Baş Komandanın təsdiq etdiyi əməliyyat planına əsasən Azərbaycan Ordusunun bölmələri əsas istiqamətlərdə nəzarətə götürdüyü əraziləri hər gün daha da genişləndirir, düşmənə ciddi zərbə vuraraq onun müqavimətini qırır, yeni mövqelərə doğru irəliləyirdi. Düşmənin canlı qüvvə baxımından ölən və yaralılarının sayı minlərlə idi. Onların döyüş sursatları tükənmişdi, artilleriya qurğuları isə dəqiq zərbələrlə qoşunlarımız tərəfindən sıradan çıxarılırdı.

Oktyabr ayının 18-də Zəngilan uğrunda döyüşlər başladı. Ali Baş Komandanın əmrinə əsasən qoşunlarımız yüksək əzmkarlıq və rəşadətlə hədəfə doğru irəliləyirdi. Oktyabr ayının 20-si Zəngilan şəhəri və 6 kəndin işğaldan azad edilməsi ilə bu cinahdakı əməliyyatımızın ilk mərhələsi uğurla nəticələndi. Oktyabrın 22-də isə rayonun Ağbənd qəsəbəsinin azad edilməsi ilə Arazboyu hərbi əməliyyatlar yekunlaşdı və həmin ərazilər tam nəzarətə götürüldü.

Bu döyüşlər nəticəsində qoşunlarımızın həmin istiqamətdən Qarabağın cənubuna, Zəngilan rayonunun kəndlərinə və Qubadlı rayonu ərazisinə irəliləməsi üçün strateji istiqamət açıldı. Ümumilikdə isə Zəngilan rayonunun bütün ərazisi uğrunda döyüşlər müharibənin son gününədək aparıldı. Noyabrın 9-da isə rayonun daha 6 yaşayış məntəqəsi azad edildi. Vətən müharibəsində Zəngilan şəhəri, 3 qəsəbəsi və 52 kəndi işğaldan azad edildi.

Oktyabr ayının 22-dən artıq cəbhənin Qubadlı istiqaməti uğrunda döyüşlər başladı. Növbəti gün rayonun 4 kəndi, oktyabrın 25-i isə Qubadlı şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusu Zəngilandan sonra indi Qubadlıdan Ermənistanla sərhədə doğru irəliləyir, dövlət sərhədini qarış-qarış döyüşərək bərpa edirdi. Qubadlı uğrunda döyüşlər də son günədək davam edib. Noyabrın 9-da rayonun 15 yaşayış məntəqəsi, ümumilikdə isə müharibə dövründə 41 kəndi azad edildi.

Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıdan sonrakı hədəf hamıya məlum idi. Bütün yollar artıq Şuşaya aparırdı.

- Cənab nazir, Şuşa əməliyyatına keçməmişdən öncə bir məqama da aydınlıq gətirək. Hərbi əməliyyatların koordinasiyası, komandanlığı necə həyata keçirilirdi?

- Hərbi əməliyyatlar birmənalı olaraq Prezidentin vahid komandanlığı altında keçirilirdi. Hər gün təqdim edilən hərbi məruzələr Ali Baş Komandan tərəfindən dəqiqliklə öyrənilir və növbəti gün üçün yeni döyüş tapşırıqları verilirdi. Azərbaycan Ordusunun rəhbərliyi Prezidentin tapşırıqlarını planlaşdırır və uğurlu icrasını təmin edirdi. Düşmən qoşunlarına qarşı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatı keçirilir, yeni yaşayış məntəqələrinin azadlığı uğrunda döyüşlər aparılırdı. Döyüş əməliyyatları zamanı Prezident qeyd edirdi ki, “əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından döyüş meydanında tam üstünlüyə sahibdir”.

Ali Baş Komandanın tapşırığı ilə mənim tərəfimdən mütəmadi xidməti müşavirələr keçirilir, cənab İlham Əliyevin strateji və taktiki tapşırıqları komandir-rəis heyətinə çatdırılır, əməliyyat planlarının gündəlik icrası və digər hərbi məsələlər müzakirə olunurdu. Əks-həmlə əməliyyatlarının mövcud vəziyyəti təhlil olunaraq düşmən qüvvələrinin planlı, məqsədyönlü və ardıcıl darmadağın edilməsi, torpaqlarımızdan qovulması istiqamətində göstərişlər verilirdi. Azad olunmuş ərazilərdə yerləşdirilən qoşunlara zəruri tədbirlərin görülməsi həvalə olunurdu. Azərbaycan Ordusuna arsenalındakı yüksəkdəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik müasir silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi infrastrukturuna böyük zərbələr endirməyi və əks-hücum əməliyyatları üçün əlverişli şəraitin yaradılmasını əmr etmişdim.

Vətən müharibəsindən sonra Ali Baş Komandan bildirmişdi ki, “biz əməliyyatların gedişini canlı rejimdə izləyirdik”. Həqiqətən də fasiləsiz koordinasiya nəticəsində cənab İlham Əliyev tərəfindən vahid komandanlıq həyata keçirilirdi. Bu prosesdə Prezident Azərbaycan Ordusunun rəhbərliyi ilə görüşməyə də xüsusi önəm verirdi.

Oktyabrın 7-də Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə operativ müşavirə keçirildi. Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirədə cənab Prezident hərbi nailiyyətləri vurğulamaqla yanaşı, əməliyyatların gedişində yaranan sualların dərhal həlli və döyüşlərin daha effektiv aparılması ilə bağlı göstərişlərini verdi. Planlaşdırılan növbəti əməliyyatlara hazırlıqla əlaqədar vəziyyəti öyrənərək müvafiq əmrlərini verdi.

Oktyabrın 25-də Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində nazirliyin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə növbəti operativ müşavirə keçirildi. Cəbhə xəttindəki vəziyyət, ordunun hərbi, mənəvi-psixoloji durumu, təminat və təchizat məsələləri, yeni əməliyyat planları barədə Ali Baş Komandana məruzə edildi. Prezident ən kiçik detallar və proseslərlə bir daha dərindən maraqlandı, dəqiqləşdirdi, müvafiq tapşırıqlarını və əmrlərini verdi. Ali Baş Komandan artıq Azərbaycanın həlledici qələbəsinin qaçılmaz olduğunu bəyan etdi.

Prezidentin dediyi kimi, Vətən müharibəsi Azərbaycan Ordusu üçün böyük təcrübə idi. Prezident döyüşlərin ilkin nəticəsi olaraq bundan sonra ordu quruculuğu prosesinin daha effektiv üsullarla həyata keçirilməsinin vacibliyini, silah arsenalının daha da zənginləşdirilməsini, ən əsası isə müharibənin nəticələrinin ətraflı təhlil edilməsini qarşımızda vacib vəzifə kimi qoydu. Əsas hissəsi məxfi davam edən müşavirə barədə onu əlavə edə bilərəm ki, növbəti mərhələ üçün hərbi hədəfləri dəqiqliklə müəyyənləşdirən Ali Baş Komandan hərbi əməliyyatların daha səmərəli aparılması barədə tapşırıqlar verdi. Mənim və cəbhə bölgəsində yerləşən hərbi birlik komandirlərinin təkliflərini, fikirlərini öyrəndikdən sonra Prezident öz qərarlarını elan etdi. Bu müşavirənin nəticəsi olaraq bütün cəbhə boyu hücumlarımız daha kəskin və uğurlu oldu.

- Vətən müharibəsinin Zəfər zirvəsi əlbəttə ki, Şuşanın azad olunması idi. Bu döyüşü dünya hərb tarixinin ən önəmli əməliyyatlarından biri kimi qiymətləndirirlər. Bu əməliyyatın əsas özəlliyi nə idi?

- Oktyabr ayının sonlarından cəbhə bölgəsində Şuşa ətrafındakı halqa cənubdan, şərqdən və qərbdən qoşunlarımız tərəfindən sıxılmağa başlamışdı. Ali Baş Komandanın rəhbərliyi ilə hazırlanan və onun təsdiq etdiyi əməliyyat planının bütün detallarının, icra mexanizminin tam açıqlanması məxfilik baxımından bu gün mümkün deyil.

Şuşa ermənilər üçün bütün Qarabağı nəzarətdə saxlayan strateji yüksəklik və bölgənin əsas müdafiə sütunu idi. Şuşa Xankəndinin müdafiəsini təmin edirdi. Onu Laçın dəhlizi vasitəsilə Ermənistanın Gorus vilayəti ilə bağlayan yol da məhz buradan keçirdi. Şuşanı azad etmək Vətən müharibəsinin ən mühüm zirvəsi idi.

Ali Baş Komandan əməliyyatın hazırlanması, ilkin icrası və gedişi prosesində komandanlığı şəxsən özü həyata keçirirdi. Günün hər saatı, hər dəqiqəsi əməliyyat barədə hərbi komandanlıqdan məlumat alır, konkret əmrlərini verirdi. Hər dəqiqə cənab Prezidentə yeni məlumatları təqdim etmək üçün məruzələrimiz hazır olmalı idi.

Bölmələrimiz Laçın dəhlizinə doğru yaxınlaşmışdı. Oktyabrın son günlərindən Azərbaycan Ordusunun bölmələri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələr Şuşanın müdafiəsini yarmaq üçün müxtəlif istiqamətlərdən əməliyyata başladılar.

Əməliyyat hazırlanarkən cənab Prezidentin verdiyi tapşırıqlardan biri də o idi ki, Şuşanın mədəniyyət mərkəzi olduğu nəzərə alınmalı, şəhər dağıdılmadan, tarixi görkəmi qalmaq şərti ilə azad olunmalıdır. Yəni bu döyüşlərdə ağır artilleriyadan tam gücü ilə istifadə edə bilməyəcəkdik. Artilleriyadan əsasən Şuşa ətrafında olan Ermənistan qoşunlarının mövqeləri və atəş nöqtələri hədəf götürüldü və darmadağın edildi. Onlar həm canlı qüvvə, həm də hərbi texnika sarıdan çox böyük itki verdi. Biz isə doğma şəhərimizi, tarixi abidələrimizi artilleriya ilə vurmadıq, hava zərbələri endirmədik.

Hava buludlu keçdiyindən pilotsuz uçuş aparatlarının imkanlarından da yararlana bilmədik və kəşfiyyatın aparılmasında müəyyən çətinlik yarandı. Lakin peşəkar, mübariz, əzmkar qoşunlarımız üçün bunlar maneə olmadı. Ordumuz Azərbaycan Prezidentinin, Azərbaycan xalqının onun qarşısında müəyyənləşdirdiyi bu tarixi vəzifəni ləyaqətlə icra etdi.

Müəyyən məsələlərə diqqət yetirmək istərdim. Kəşfiyyat məlumatına görə, ermənilər bizi iki istiqamətdən gözləyirdilər. Onlar Qırmızı Bazardan Şuşakəndə, oradan isə Şuşaya qalxan yolda və Laçın istiqamətində şiddətli döyüşlərə hazırlaşırdılar. Ona görə də əsas qüvvələrini orada cəmləşdirmişdilər. Azərbaycan hərbi komandanlığının əməliyyat planına görə isə Şuşaya sıx meşələrdən yeni yol açıldı. Qəhrəman mühəndis-istehkam qoşunlarımız qısa müddətdə inanılmaz işə imza ataraq bu yolu istifadəyə hazır etdi. Mühəndis-istehkamçılarımız ensiz dağ cığırını texnikanın hərəkət edə biləcəyi meşə yoluna çevirdilər. Bu yol ermənilər üçün sözün əsl mənasında böyük şok oldu.

Nəticədə artilleriya qurğularını Şuşa ətrafına çəkə bildik. Mən artilleriyaçılarımızın qəhrəmanlığını xüsusi qeyd etmək istəyirəm. Yol çəkilmişdi, amma hava şəraiti yaxşı deyildi, palçığın içində ağır topları yüksək peşəkarlıq nümayiş etdirərək yüksəkliklərə qaldırdılar, atəş nöqtələri qurdular və Şuşa ətrafındakı düşmən mövqelərinə dəqiq zərbələr endirdilər.

Noyabrın ilk günlərindən Şuşa uğrunda döyüşlər kəskinləşdi. Xüsusi Təyinatlı Qüvvələrin və digər hərbi birləşmələrin şəxsi heyəti artıq Şuşaya doğru atəş dəstəyi olmadan sıldırım qayalar, yarğanlar, meşələr vasitəsilə irəliləyir, ciddi mühafizə olunan Laçın dəhlizindən keçərək ətraf kəndləri mühasirəyə alırdı. Belə əməliyyat isə düşmənin ağlına gəlmirdi və o, belə bir addım atılacağını əvvəlcədən hesablaya bilməmişdi. İgid döyüşçülərimizin çətin relyefli ərazilərlə hərəkəti hətta düşmən kəşfiyyatçıları tərəfindən belə müşahidə olunmurdu.

Mərhələlərlə Şuşa ətrafındakı kəndlər, yüksəkliklər azad edilir, hərbçilərimiz gizli yollarla Şuşaya doğru irəliləyirdilər. Laçın dəhlizinin əsas hissələrinə nəzarətin təmin olunması, Daşaltı kəndi ətrafındakı strateji yüksəkliklərin nəzarətə götürülməsi nəticəsində Şuşanın mühasirəsi daralırdı.

Noyabrın 6-da qoşunlarımız və bölmələrimiz artıq şəhərin hüdudlarına çatmışdılar. Bir həftəyə yaxın müddətdə əlverişsiz hava şəraitində sıldırım qayalarla, keçilməz yollarla böyük məsafəni dəf edən hərbçilərimiz artıq şəhərə dörd tərəfdən daxil olmuşdu və yaxın məsafədən ağır döyüşlər başlamışdı.

Həmin gün hava çox buludlu, dumanlı, yağmurlu idi. Şuşaya daxil olan şəxsi heyətin əlində yalnız yüngül silahlar var idi. Şəhərdə hər küçə, məhəllə, ev uğrunda qanlı döyüş baş verirdi. Ermənilərin itkiləri kütləvi idi və böyük təşviş içində Şuşadan qaçırdılar. Sonradan ermənilər bir neçə dəfə yenidən şəhərə daxil olmağa cəhd göstərsələr də, bütün həmlələri igid hərbçilərimiz tərəfindən dəf edildi. Hətta noyabr ayının 7-də Şuşaya Ermənistan tərəfindən qadağan olunmuş “İsgəndər-M” ballistik raketləri atıldı. Düşmənin bir neçə əks-hücumuna baxmayaraq, Azərbaycan Ordusu öz mövqelərini qorudu, möhkəm müdafiə yaratdı və şəhərdə qalan Ermənistan silahlı qüvvələrinin bölmələrini məhv edərək əraziləri düşməndən təmizlədi.

Noyabr ayının 8-də Ali Baş Komandanın Şəhidlər xiyabanından verdiyi “Əziz Şuşa, sən azadsan!” müjdəsi Azərbaycan xalqının taleyində dönüş mərhələsinə çevrildi. Bununla təkcə 28 illik işğala son qoyulmamışdı, eyni zamanda Azərbaycan bayrağı Şuşanın timsalında bütün Qarabağda dalğalanırdı.

Şuşa zəfərinin növbəti günü Azərbaycan Ordusunun irimiqyaslı hərbi əməliyyatları davam etdi və mühüm uğurlar qazanıldı. Bir gün ərzində 72 yaşayış məntəqəsi və 8 strateji yüksəklik azad olundu.

Noyabrın 9-dan 10-na keçən gecə Ermənistanın baş naziri Azərbaycan Prezidenti İlham Əliyevin bütün şərtlərini qəbul etdiyini bildirərək razılaşmanı imzaladı. Bu sənəd Ermənistanın kapitulyasiya aktı idi. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə imzalanan üçtərəfli Bəyanat Qarabağ münaqişəsinin ölkəmizin və ordumuzun qələbəsi ilə başa çatdığını rəsmiləşdirdi. Bu razılaşmanın tarixi əhəmiyyəti ilə yanaşı, mühüm strateji önəmi də var. Ağdam, Kəlbəcər və Laçın rayonları cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində bir güllə də atılmadan, itkisiz Azərbaycana qaytarıldı. Bu rayonların hərbi əməliyyatlar nəticəsində azad olunacağı təqdirdə itkilərin sayı arta bilərdi. Lakin Ali Baş Komandan bu məsələni də böyük peşəkarlıq və məharətlə həll etdi.

Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə keçirilən möhtəşəm Zəfər paradı Azərbaycan Ordusunun dünyanın ən güclüləri sırasında olduğunun əyani göstəricisi olmaqla bərabər, eyni zamanda “bir millət, iki dövlət” qardaşlıq münasibətlərinin növbəti təntənəsi idi. Azərbaycan xalqı Vətən müharibəsində qardaş Türkiyənin mənəvi dəstəyini heç vaxt unutmayacaq.

Azərbaycan Böyük Zəfərini döyüş meydanında qazandı və siyasi qələbəsini hərbi qələbəsi ilə tamamladı. Azərbaycan xalqı və ordumuz bu Zəfərin nailiyyətlərini əsrlər boyu qoruyub saxlamalı və Ali Baş Komandanın yorulmaz fəaliyyətini hər zaman yüksək dəyərləndirməlidir.

- Cənab nazir, bu müsahibə həm də tarixi bir mənbəyə çevriləcək. Bu baxımdan gələcək nəsillərin, elə müasirlərimizin də prosesləri dəqiq bilməsi üçün bu suala cavab vermənizi istərdim: Biz necə düşmənə qalib gəldik?

- Bu sualın kontekstində mən Böyük Zəfərin əldə olunması prosesindəki müəyyən məqamlarla bağlı fikirlərimi bildirmək istəyirəm. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən əsas amalını Qarabağın işğaldan azad olunması kimi elan etmişdi. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev də dəfələrlə bildirib ki, qüdrətli sələfinin ona ən önəmli vəsiyyəti məhz Qarabağın işğalına son qoyulması olub. 1993-cü ilin sonlarından başlayan ordu quruculuğu Prezident İlham Əliyev tərəfindən daha müasir və sürətli mərhələyə qədəm qoydu,

2013-cü ildən Ali Baş Komandanın rəhbərliyi altında keçirilən hərbi islahatların yeni mərhələsi isə Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına çıxardı.

2020-ci ilin sentyabrınadək dünyada və regionda bəziləri hesab edirdilər ki, Ermənistanın Qarabağ ərazisində “keçilməz hərbi sədlər”, “radiolokasiya sistemləri”, “silah və hərbi texnika”, “döyüşkən ordu” və bu kimi digər “üstünlüklərə” malik olması səbəbindən torpaqlarımızın guya işğaldan azad edilməsi mümkünsüzdür. Lakin Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qazandığı tarixi Zəfərlə əsl hərbi reallığın necə olduğunu bütün dünyaya nümayiş etdirdi və işğalçı Ermənistan ordusu haqqındakı mifləri darmadağın etdi.

Müdafiə naziri və uzun illər xidmət edən hərbçi kimi bir məsələyə aydınlıq gətirmək istəyirəm. Döyüşlərin gedişində biz Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olduğunun və çətin vəziyyətlərdə fərarilik etdiyinin şahidi olduq. Ancaq onu da etiraf etməliyik ki, Ermənistan ordusu bir çoxlarının düşündüyü qədər zəif və gücsüz deyildi. Onlar 30 il ərzində işğalda saxladıqları əraziləri mühəndis-istehkam baxımından tam möhkəmləndirə bilmişdilər. Ərazidə düşmənin kifayət qədər silah və hərbi texnikası var idi. Maraqlısı odur ki, iqtisadiyyatı zəif olan bir ölkə bu qədər silaha necə sahib ola bilmişdi?

Təbii ki, Ermənistan bu qədər silahı döyüşmək üçün əldə etmişdi və onlar cəbhənin əksər istiqamətlərində ciddi müqavimət göstərirdilər. Onların böyük silah arsenalı, komanda-müşahidə və idarəetmə məntəqələri, qərargahları var idi. Həmin ərazilərdə salınmış müxtəlif təminat yolları, qurulmuş geniş hərbi infrastruktur uzunmüddətli döyüşün aparılmasına hesablanmışdı. Eyni zamanda ərazidəki strateji yüksəkliklərin təxminən 95 faizi onların nəzarətində idi.

Dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, o cümlədən erməni lobbisi və onların havadarları illər boyu böyük miqdarda maliyyə vəsaitini bu ərazilərdə keçirilə biləcək döyüş əməliyyatlarında ermənilərin üstünlüyə malik olmasına, oradakı separatçı rejimin, Ermənistan ordusunun və qanunsuz silahlı dəstələrin güclənməsinə, təminatına xərcləmişdi. Məhz bunun müqabilində erməni hərbi birləşmələri yetərincə müqavimət göstərmək imkanına malik idi. Sadəcə Azərbaycan Ordusunun qələbə əzmi, döyüş ruhu, peşəkarlığı, gücü və təchizatı qarşısında düşmən aciz idi.

Mən müdafiə naziri kimi bu prosesləri işıqlandıraraq tarixə çevirən yazarlara, jurnalistlərə və digər peşə sahiblərinə tövsiyə edərdim ki, Vətən müharibəsi barədə fikir yürüdəndə, rəy yazanda, münasibət bildirəndə mütləq bu amilləri nəzərə alsınlar. Bir daha xatırlatmaq istəyirəm ki, düşməndir deyə onun gücünü kiçiltmək, həddən ziyadə zəif göstərmək yanlışdır və ordumuzun misilsiz qəhrəmanlığına kölgə salmaqdır.

Danılmaz faktdır ki, “Dəmir yumruq” əməliyyatı nəticəsində arxasında dünyanın böyük gücləri dayanan, müxtəlif lobbi təşkilatları tərəfindən maliyyələşdirilən, sıralarına peşəkar və yüksək hazırlıqlı xarici muzdlu döyüşçüləri cəlb edən işğalçı bir ordu əzildi, darmadağın edildi.

- Ali Baş Komandan, xalq və ordu möhtəşəm Zəfər tarixini birgə yazdı. Bu üç amilin vəhdəti həm də qarşılıqlı inamı, etimadı əks etdirir...

- Əlbəttə ki, məhz bu inam, etimad Zəfəri gerçəkləşdirdi. Ali Baş Komandan Azərbaycan Ordusunun şəxsi heyətinə hər zaman inanıb, güvənib və onun qarşısında qoyduğu tapşırıqların uğurla yerinə yetiriləcəyinə əmin olub. Vətən müharibəsindən danışarkən Ali Baş Komandanın söylədiyi “Torpaqlarımızı ancaq Azərbaycan əsgəri azad edir, Azərbaycan zabiti azad edir, sinəsini qabağa verərək, heç nədən qorxmayaraq əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. Eşq olsun bizim əsgərlərimizə!” sözləri ordumuza göstərilən yüksək etimadın bariz nümunəsidir.

Hərbi qulluqçular da Ali Baş Komandanımızın bu etimadını şərəflə, ləyaqətlə, qanı bahasına doğruldub və məsuliyyətli vəzifələri yüksək vətənpərvərlik hissi və peşəkarlıqla yerinə yetirib. Məhz ordumuza olan inam Vətən müharibəsinin Zəfərlə başa çatmasının ən birinci səbəblərindəndir.

Müharibədən sonra cənab Prezident tərəfindən Zəfər təltifləri adını almış orden və medalların təsis olunması, on minlərlə hərbi qulluqçunun bu mükafatlarla təltif edilməsi Vətən müharibəsi iştirakçılarına - şəhidlərə, qazilərə, hərbi qulluqçulara və könüllülərə dövlətin, xalqın yüksək ehtiramının nümunəsidir. Bu orden və medalları igidlərimiz bir ömür boyu sinələrində qürur və iftixarla gəzdirəcəklər.

44 gün ərzində Ali Baş Komandanı olduğu Azərbaycan Ordusunun döyüş meydanında irəliləyib, qələbə qazanmasına nail olan, dünyanın hərb tarixinə düşən əməliyyatları hazırlayıb, yüksək peşəkarlıqla idarə edən, güclü strategiyası ilə yeni nəsil hərbi sərkərdəlik nümunəsi formalaşdıran cənab İlham Əliyevin “Dəmir yumruq” əməliyyatı Azərbaycanın birliyinin və gücünün təcəssümü oldu.

Qazanılan Qələbədə dövlətimizin başçısının illər boyu apardığı uğurlu diplomatiyasının da mühüm töhfəsi vardır. Müharibənin gedişində isə biz cənab Prezidenti Müzəffər Hərbi Sərkərdə olmaqla yanaşı, informasiya qarşıdurmasının bacarıqlı Komandanı kimi də gördük, böyük qürur yaşadıq. Həmin dövrdə dünyanın aparıcı KİV-inə verdiyi 30-dan artıq müsahibəsində cənab İlham Əliyev Azərbaycanın haqq işini, bu müharibədə ədalətli tərəf olduğunu beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, erməni faşizminin acı fəsadlarını da bütün dünyaya nümayiş və ifşa etdirdi.

Prezident qazanılan Zəfərdə xalqın rolunu çox dəqiq ifadə edib: “Biz hamımız, bütün Azərbaycan xalqı xalqımızın, dövlətimizin ən parlaq səhifəsini birlikdə yazırıq. Biz həm-rəylik, qarşılıqlı dəstək, birlik göstərərək bu şanlı tarixi yazırıq. Döyüş meydanında göstərdiyimiz güc və onun mənbəyi Azərbaycan xalqının iradəsidir”.

Daim ordumuzun yanında olan xalq 2020-ci ilin iyul ayında onun bir parçasına çevrildi. Ordu ilə xalq vəhdət təşkil edərək vahid gücə çevrildi. Elə döyüş meydanında da hər addımda xalqımızın dəstəyi aydın görünürdü, hiss olunurdu, səmimi şəkildə özünü göstərirdi. Müharibənin gedişində vətəndaşlarımız ordumuza hər cür dəstək göstərib. Saysız-hesabsız müraciətlər edir, yardım karvanları ilə hərbi hissələrin qarşısına gəlirdilər. Müdafiə Nazirliyi olaraq dəfələrlə minnətdarlıqla bəyan etdik ki, Azərbaycan Ordusu dövlətimizin, şəxsən cənab İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Azərbaycan Ordusunun hərbi hissələri, xüsusilə də ön xətt bölmələri bütün təminat növləri ilə tam təmin edilib və əlavə yardıma ehtiyac yoxdur. Azərbaycan əsgərinin yalnız xalqımızın mənəvi dəstəyinə ehtiyacı var ki, bu da daim göstərilir. Lakin vətəndaşların davamlı yardımlarının ardı-arası kəsilmirdi. Xalq öz ordusunun yanında olmağı özünə borc sayırdı. Bu da qələbəmizin əsas səbəblərindən biri idi.

Vətən müharibəsinin gedişində dövlət qurumları və onların mənsubları da bir yumruq kimi birləşib Ali Baş Komandanın sədaqətli əsgərləri kimi vahid məqsəd uğrunda çalışdılar. Eyni zamanda ölkənin ictimai, siyasi, elmi təbəqəsinin mənsublarına, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələrinin nümayəndələrinə də təşəkkür edirəm. Hərbi və mülki tibbi heyət Vətən müharibəsi dövründə xüsusi fəaliyyətləri ilə seçilirdi. Onlar Müdafiə Nazirliyinin hərbi-səhra hospitallarında hərbçilərimizə fasiləsiz tibbi xidmət göstərir, minlərlə hərbçimizin sağlamlığını qoruyur, həyatını xilas edirdilər. Həkimlər, tibb bacısı və qardaşları, sanitarlar, texniklər, təcili yardım sürücüləri hospitallarla yanaşı, ön cəbhədə, döyüş meydanında da fəaliyyət göstərirdilər. Tibbi heyət arasında şəhid və yaralıların olması bu insanların cəsarətinin, qəhrəmanlığının əyani göstəricisidir.

Azərbaycan Ordusunun böyük qayğıkeşi, himayədarı olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Vətən müharibəsi günlərində və sonrakı dövrdəki xeyirxahlıq missiyası şəxsi heyətimizin yaddaşında daim yaşayacaq. Ali Baş Komandan ilə dəfələrlə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına gələrək yaralı hərbçilərimizlə görüşən Mehriban xanım onların müalicə prosesini şəxsi nəzarətinə götürdü.

Minlərlə hərbi qulluqçumuz bu qayğının nəticəsində sağlamlığını bərpa edib, sonrakı dövrdə isə Mehriban xanımın maddi və mənəvi dəstəyi ilə tibbi, sosial, psixoloji reabilitasiyanı uğurla keçdilər. Onlarla hərbçimizin yeni nəsil protezlər ilə təmin edilməsi, xarici ölkələrdə müalicələrinin davam etdirilməsi də məhz Mehriban xanımın şəxsi diqqətinin nəticəsidir. Mehriban xanım Əliyevanın həyata keçirdiyi sosial layihələr Azərbaycan Ordusuna böyük dəstəkdir və bu qayğıya görə Azərbaycan Ordusunun şəxsi heyəti ona daim minnətdardır.

- Cənab nazir, Zəfərin yaratdığı yeni reallıqlar Azərbaycan Ordusu qarşısında indi hansı yeni vəzifələr müəyyənləşdirir?

- Müharibədən sonra Ali Baş Komandan Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstəriş verib. Cənab İlham Əliyev modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb. Ali Baş Komandanın etimadını ən böyük məsuliyyət kimi qəbul edən Azərbaycan Ordusu islahatların yeni mərhələsi nəticəsində daha da güclənəcək, tam modern və qüdrətli hərbi gücə çevriləcək.

Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyət daim nəzarətimiz altındadır. Burada baş verən hər hansı bir təxribata dərhal adekvat cavab verilir. Azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrimizdə qoşun xidmətinin təşkili, şəxsi heyətin döyüş hazırlığının və döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması, yeni hərbi infrastruktur obyektlərinin yaradılması, bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin yaxşılaşdırılması, döyüş planlarının dəqiqləşdirilməsi, maddi-texniki, tibbi təminatın davamlı yüksəldilməsi, ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi və bu kimi digər məsələlərin həlli gündəlik fəaliyyətimizin əsas prioritetlərindəndir.

Ali Baş Komandanın rəhbərliyi ilə keçirilmiş “Dəmir yumruq” əməliyyatı Ermənistanın faşizm və işğalçılıq siyasətinin başını əzdi. Cənab İlham Əliyev şəxsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu, Azərbaycan tarixinin ən möhtəşəm hərbi zəfəridir. Bu, əsrlər boyu davam edəcək qürur mənbəyimizdir.

Vətən müharibəsinin Zəfərindən sonra Azərbaycanın tarixində yeni mərhələ başlayıb. Tarixin ən şərəfli dövrünü yaşayan ölkəmiz bütün sahələr üzrə qazandığı nailiyyətlərin miqyasını genişləndirir, gələcəklə bağlı düzgün hədəflər müəyyənləşdirir və ona doğru böyük əzmlə gedir. Azərbaycan xalqı bugünündən razı, sabahına isə daha inamlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni hərbi, siyasi, iqtisadi reallıqlar Azərbaycanı Cənubi Qafqazdan Avrasiya məkanınadək bütün platformalarda böyük nüfuz sahibinə çevirərək qlobal miqyasda lider mövqeyinə çıxardı.

Ən əsası isə 30 il müddətində xarabalığa çevrilən, erməni vandalları tərəfindən dağıdılan Qarabağ torpağı və Şərqi Zəngəzur artıq quruculuq, inkişaf mərkəzinə, Qafqazın ən böyük inşaat meydanına çevrilir. Bir müddət öncə hər qarışı uğrunda şəhidlərimizin qanının töküldüyü torpaqlar indi gülüstana çevrilir.

Vaxt keçdikcə amansız işğalın və savaşın izləri bu torpaqlardan silinəcək. Lakin xalqımız tariximizin həm faciəli, həm də şərəfli dövrlərini əhatə edən 32 illik zaman kəsiyini - işğaldan Zəfərədək olan mərhələni heç vaxt unutmayacaq. Ali Baş Komandanın, Azərbaycan xalqının və Azərbaycan Ordusunun müəllifləri olduqları möhtəşəm əsər - Vətən müharibəsinin böyük Zəfəri əsrlər boyu xalqın yaddaşında yaşayacaq, onu yeni qələbələrə istiqamətləndirəcək.

Heç kəc unutmamalıdır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğ”u daim düşmənlərimizin başı üzərindədir və Azərbaycanın rəşadətli ordusu indi hərbi xidmətdə daha ayıq-sayıq, daha əzmli, daha güclü və daha hazırlıqlıdır. Azərbaycan Ordusu üçün Vətən müharibəsindəki Zəfər nəticə yox, başlanğıcdır. Növbəti Zəfərlərin başlanğıcı. Qarabağ Azərbaycandır!

 

Müsahibəni apardı:

İxtiyar HÜSEYNLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video