Prezident İlham Əliyevin AQEM-in VII Zirvə görüşündəki çıxışında toxunduğu bir məsələ də müharibə cinayətlərinə görə məsuliyyətin tam təmin olunmaması ilə bağlı idi. Dövlət başçısı çıxışında Ermənistanın keçmiş rəhbərlərinin məsuliyyətindən də danışdı. Çünki bu məsələ Azərbaycan üçün həm hüquqi, həm də mənəvi əhəmiyyət daşıyır. Çünki müharibənin başa çatması öldürülmüş insanların, dağıdılmış ailələrin və yurdlarından didərgin salınmış şəxslərin ədalət tələbinin aradan qalxması demək deyil.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad ABDULLAYEV “Azərbaycan” qəzetinə açıqlamasında dedi ki, ABŞ-dəki bəzi konqresmenlərin məhkəmə hökmü verilmiş erməni əsilli şəxsləri “siyasi məhbus” kimi təqdim etmək təşəbbüsləri qiymətləndirilərkən onların arxasında hansı siyasi əlaqələrin dayandığına da nəzər yetirmək lazımdır: “Məsələn, Bred Şerman uzun illərdir ki, konqresdə erməni məsələləri üzrə qrupun rəhbərliyində təmsil olunur. Onun erməni diaspor təşkilatları ilə əməkdaşlığı məlumdur. Bu il iyun ayında onun hökm verilmiş erməni şəxslərin azad olunması tələbi ilə keçirdiyi mətbuat konfransında Amerika Erməni Milli Komitəsinin, yəni ANKA-nın nümayəndələri də iştirak etmişdilər. Yəni söhbət konkret məsələ ətrafında birgə siyasi fəaliyyətdən gedir və bu əməkdaşlığın seçki tərəfi də var. ANKA oktyabrın 14-də açıqladığı siyahıda Şermanın namizədliyini dəstəkləyib və fəaliyyətinə yüksək qiymət verib. Təşkilat konqresmenləri qiymətləndirərkən, təbii ki, onların Azərbaycana qarşı fəaliyyətlərini də nəzərə alır və bunu açıq şəkildə bildirirlər”.
Ekspertin fikrincə, bu faktlar elə həmin bəyanatlar və təşəbbüsləri qiymətləndirərkən, yəni diaspor təşkilatlarının siyasi təsirini və seçici dəstəyi amilini nəzərə almağa əsas verir. Qeyd etmək lazımdır ki, konqresmenlərin və senatorların sonuncu müraciətinin əsas təşəbbüskarlarında da oxşar əlaqələr müşahidə olunur. Məsələn, Frank Pallone Konqresdə erməni məsələləri üzrə qrupun yaradıcılarındandır və həmsədrlərindən biridir. Qas Bilirakis də həmin qrupun həmsədridir. Senator Adam Şiff uzun müddətdir ki, erməni icmasının gündəliyini fəal müdafiə edir və s.
F.Abdullayev bildirib ki, nəticə etibarilə bu, təşəbbüsün diaspor təşkilatlarının apardığı kampaniya ilə əlaqəsini görməyə imkan verir: “Bu səbəbdən burada fərqi görmək vacibdir, ona görə ki, yəni ayrı-ayrı siyasətçilərin mövqeyini ABŞ-nin ümumi mövqeyi kimi təqdim etmək düzgün olmaz. Bununla yanaşı, onu da qeyd etmək istərdim ki, oktyabrda yayılan bu müraciət bütövlükdə Nümayəndələr Palatasının qərarı deyil, senator və konqresmenlərin dövlət katibinə ünvanladığı birgə məktubdur. Əsas məsələ, yəni hökm verilmiş erməni əsilli şəxslərə hansı adın verilməsi deyil, onların konkret hansısa əməllərə görə məsuliyyətə cəlb olunmasıdır. Azərbaycanda keçmiş separatçı rəhbərlər barəsində müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və digər ağır ittihamlar üzrə hökmlər çıxarılıb. Buna görə müzakirənin mərkəzində konkret hadisələr, sübutlar və hər bir şəxsin fərdi məsuliyyəti dayanmalıdır. Yəni siyasi vəzifə tutmuş olmaq insanı cinayət məsuliyyətindən azad etmir və heç bir status da onların müharibə cinayətinə görə məsuliyyətini aradan qaldırmır”.
Ekspertin fikrincə, insan hüquqlarından danışan siyasətçilər azərbaycanlı qurbanların və onların ailələrinin ədalət tələbini də həssaslıqla nəzərə almalıdırlar. Mülki insanların öldürülməsi, dinc sakinlərin evlərindən didərgin salınması və yaşayış məntəqələrinin dağıdılması məsələləri siyasi müzakirənin kölgəsində qalmamalıdır. Sülh qurmaq keçmişdə baş verənlərə göz yummaq demək deyil, davamlı sülh üçün insanlar əmin olmalıdırlar ki, törədilmiş cinayətlər araşdırılır, məsuliyyət sübutlarla müəyyənləşdirilir. Bu həm də o deməkdir ki, belə faciələrin təkrarlanmasına yol verilməyəcək.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”