11 Fevral 2025 09:05
1265
Mədəniyyət
A- A+
Muğam sənətinin mahir ifaçısı

Muğam sənətinin mahir ifaçısı


O sənətkarlar xoşbəxtdirlər ki, xalqın yaddaşında yazdıqları kitabları, bəstələdikləri, oxuduqları mahnıları, çəkdikləri rəsmləri, toxuduqları xalçaları, bir sözlə, xalq üçün gördükləri dəyərli işləri və yaratdıqları sənət əsərləri ilə qalırlar. Bu mənada sevilən bəstəkar, mahir muğam ustası və ifaçısı, Xalq artisti Əlibaba Məmmədov da çox xoşbəxt insandır. Səsi, sözü, ifası ilə bu xoşbəxtliyi qazanmaq heç də hər sənətkara nəsib olan səadət deyil. Görkəmli bəstəkar bu xoşbəxtliyi musiqi mədəniyyətimizin inkişafında göstərdiyi xidmətləri, həm bəstələdiyi, həm də böyük məharətlə ifa etdiyi mahnıları və muğamları ilə qazanmışdır.  

Unudulmaz sənətkar Əlibaba Məmmədov muğam sənətimizdəki bənzərsiz dəst-xətti, qəlbəyatan səsi, sevilən və seçilən mahnıları ilə xalqımızın yaddaşında dərin iz salmışdır. Sənətkarın böyük coşqu və sevgi ilə ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlar zaman-zaman dinləyicilərin, tamaşaçıların qəlbini oxşamış, ürəyini sehirləmişdi. İfa etdiyi mahnıları, həzin səsi ilə insanların könlündə özünə dərin yer etmiş Əlibaba Məmmədov xalq musiqisi üslubunda 100-dən çox mahnı və təsnif bəstələmişdi. Bu mahnı və təsniflərin yarandığı günlərdən uzun zaman keçməsinə baxmayaraq, həmişə sevilə-sevilə oxunub və dinlənilib. Bundan sonra da belə olacaqdır. Çünki bu mahnılar, musiqilər xalq musiqisinin ruhunda bəstələnib, bəşəridir, zamansızdır və əbədidir. Təəssüflər olsun ki, keçmiş sovet dönəmində xanəndənin bəstəkarlığına birmənalı yanaşmırdılar. Buna görə də Əlibaba Məmmədov bəstələdiyi mahnıları "xalq mahnısı" adı ilə təqdim edirdi.

Əlibaba Məmmədov xanəndə kimi, bəstəkar kimi musiqi mədəniyyətimizin inkişafına çox böyük töhfələr vermişdir. Sevilən sənətkar yalnız muğam və təsniflərin əvəzsiz ifaçısı kimi deyil, həm də Məhəmməd Füzuli, Əliağa Vahid, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə kimi görkəmli şairlərin sözlərinə bəstələdiyi sevilən mahnıları ilə musiqi tariximizdə özünəməxsus yer tutmuşdur. "İnandır məni", "Yaşa hələ", "Mənim Azərbaycanım", "Müxalif təsnifi", "Şur təsnifi", "Vətən yaxşıdır" və başqa mahnıları, təsnifləri xalqımızın dəyərli musiqi inciləridir.

Əlibaba Məmmədov musiqi sənətimizin yorulmaz yolçusu olmuşdur. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, musiqimizin təbliği və inkişafı üçün daim çalışmış, sonda istək və məqsədlərinə çatmışdır. Yaradıcılığı, bəstələri ilə bütün zamanlara meydan oxuyan, zəfər çalan böyük sənətkarın ifasında səslənən hər bir əsər Azərbaycan muğam sənətinin böyüklüyündən, dərinliyindən və zənginliyindən xəbər verirdi. Əlibaba Məmmədov kimi böyük ustadları da yetişdirən, yaşadan musiqi dünyamızın zənginliyi və ənginliyi idi.

Muğam və mahnılarımızın mahir ifaçısı kimi sənət tariximizə möhürünü vurmuş Əlibaba Məmmədov bəstələdiyi əsərləri ilə musiqi xəzinəmizə yeni nəfəs gətirmiş, onu daha da zənginləşdirmişdir. Böyük sənətkarın səsində olan həzinlik, kövrəklik, hikmət dolu müdriklik dinləyənləri bir an içində sehirləyib xəyal aləminə aparır. İnsanı düşünməyə, yazıb-yaratmağa, işıqlı sabahlara ruhlandırır, həyatı, dünyanı daha da dərindən dərk etməyə sövq edir. Onun səsində, ifasında bir xoşbəxtlik duyğusu, həyata sevgi, vətənə sədaqət, yurda məhəbbət, qəhrəmanlığa güclü bir çağırış duyulur. Əlibaba Məmmədovun musiqisini xalqa sevdirən də məhz bu xüsusiyyətlərdir.

Azərbaycan musiqisinin əvəzsiz və görkəmli nümayəndələrindən biri olan Əlibaba Məmmədovun həyat yolu asan olmayıb, müxtəlif keşməkeşlərdən, çətinliklərdən keçib. O, 1930-cu il fevralın 5-də Bakının qədim yaşayış məskənlərindən biri olan Maştağa kəndində dünyaya göz açıb. Orta təhsilini uğurla başa vurduqdan sonra 1956-1960-cı illərdə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbində məşhur xanəndə Seyid Şuşinskinin sinfində təhsil alıb. Bu illər ərzində mədəni irsimizin tükənməz xəzinəsi olan muğamın sirlərinə böyük həvəslə yiyələnib.

Gənc musiqiçi kimi ilk addımlarını 1940-cı illərin sonunda Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi atan Əlibaba Məmmədov sonrakı illərdə bir-birindən böyük uğurlar qazanıb. Elə ilk mahnılarından xalqın sevgisini qazanıb. Yaradıcılıq yollarında inamla addımlayan Əlibaba Məmmədov 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Humayun" xalq çalğı alətləri ansamblını yaradıb. Bu ansamblın bədii rəhbəri və ilk solisti olub. Yaratdığı bu ansamblı onun şah əsəri adlandırmaq olar. Çünki Əlibaba Məmmədov "Humayun" ansamblı ilə daha çox tanınıb və sevilib. Böyük sənətkar ömrünün sonunadək sevə-sevə yaratdığı bu musiqi kollektivinə rəhbərlik edib. Ansambl ona böyük sənət uğurları bəxş edib. Tanınmış bəstəkarlar, müğənnilər Əlibaba Məmmədovun ifasına yüksək dəyər veriblər. Görkəmli sənətkar Hacı Məmmədov Əlibaba Məmmədov haqqında fikirlərini bu sözlərlə ifadə edib: "Seyiddən sonra Əlibaba kimi "Humayun"u oxuyan yoxdur... "

 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edən Azərbaycanın böyük sənətkarları Bülbül, Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Hacı Məmmədov kimi ustadların arasında musiqi dünyasında ilk addımlarını atan Əlibaba Məmmədov da var idi. Gənc müğənni Moskvada keçirilən incəsənət ongünlüyündə ifa etdiyi "Bayatı Kürd" muğamı ilə tamaşaçıların böyük rəğbətini qazanıb. İştirakçısı olduğu belə mötəbər tədbirlər Əlibaba Məmmədovun həyatında və yaradıcılığında mühüm rol oynayıb. 

Əlibaba Məmmədov hələ gənc yaşlarından Bakının və Abşeronun qədim kəndlərinin özünəməxsus muğam mühitində bitkin xanəndə kimi formalaşıb. Ustad xanəndənin xüsusi məharətlə ifa etdiyi "Rast", "Şur", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam dəstgahları kamil sənət nümunələri səviyyəsinə yüksəlib. Böyük sənətkarın oxuduğu muğam dəstgahları və mahnılar musiqi mədəniyyətimizin qızıl fonduna daxil edilərək xalqımızın əvəzsiz sərvətinə çevrilib. 

Əlibaba Məmmədov xanəndəlik fəaliyyəti ilə yanaşı, 1963-cü ildən başlayaraq əlli ildən çox indiki Bakı Musiqi Kollecində, Bülbül adına Orta İxtisas Musiqi Məktəbində və Azərbaycan Milli Konservatoriyasında dərs deyib. Musiqinin, muğam sənətinin incəliklərini sabahın xanəndələrinə öyrədib. Daim musiqimizi təbliğ etməyə çalışıb. Neçə-neçə tanınmış müğənninin yetişməsində əvəzsiz rolu olub. Əlibaba Məmmədovun yetirmələri iştirak etdikləri müxtəlif festival və müsabiqələrdə qazandıqları böyük uğurları ilə həmişə ustadlarını sevindiriblər.

Bir zamanlar xalq mahnılarının, muğamların az qala unudulması musiqimizin keşiyində dayanmış sənətkar kimi Əlibaba Məmmədovu da çox düşündürürdü. O, sənətə qədəm basdığı ilk gündən ömrünün sonuna qədər öz dəst-xətinə və ifa üslubuna sadiq qaldı. "Muğam millətin ruhudur. Ruhu heç vaxt öldürmək mümkün deyil", - onun söylədiyi bu fikirlər həyatda öz yerini tapdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sənət və sənətkarlara, xüsusilə də Azərbaycan muğamlarına, xalq mahnılarına göstərdiyi diqqət milli musiqimizə təzə nəfəs və yeni həyat verdi. Beynəlxalq Muğam Mərkəzinin tikilməsi ustad sənətkarın da ürəyincə olmuşdu. Eşitdiyi bu xoş xəbərdən sevinən Əlibaba Məmmədov demişdir: "Bakıda muğam evinin tikiləcəyi xəbərini eşidəndə qulaqlarıma inanmadım. Ara-sıra toplaşdığımız guşələr, filarmoniyanın yanı, Sahil bağı yadıma düşür. Şükür, nəhayət, bizim də bir yerdə əyləşib söhbətləşmək, sənət düşüncələrini bölüşmək üçün imkanımız və yerimiz olacaq".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 2019-cu il dekabrın 4-də milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub. Xalq artisti ilə görüşüb söhbət edib. Görkəmli bəstəkar onunla maraqlandığına, qayğısına qaldığına görə Mehriban xanıma dərin minnətdarlığını bildirib. Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli sənətkarın xoş sözlərinə cavab olaraq deyib: "Çox sağ olun, Əlibaba müəllim. Mən də sizə demək istəyirəm ki, çox yaxşı xatırlayıram ilk dəfə sizinlə tanış olmağımızı. O zaman Heydər Əliyev Fondunun böyük bir layihəsinə start verdik. Yəqin ki, yadınızdadır, bizim milli sərvətimiz olan muğamın qorunmasına yönəlmiş bir layihə idi, siz böyük yardım göstərdiniz və bu illər ərzində sizin dəstəyinizlə, iştirakınızla birlikdə böyük işlər gördük. Siz Azərbaycanın görkəmli xanəndələrindən birisiniz. Sizin özünüzə məxsus dəst-xətiniz var, çox gözəl səsə malik olan ustadsınız və bütün Azərbaycan xalqının sevimlisisiniz. Sizi hamı sevir. Onu da qeyd etmək istəyirəm ki, siz Azərbaycanın milli-mənəvi ənənələrinin daşıyıcısısınız. Ona görə də böyük hörmətə malik olan bir insansınız. Mən sizinlə ünsiyyətdə olanda özüm üçün hər dəfə nəsə yeni bir şey aşkar etmişəm, öyrənmişəm. Siz böyük müəllimsiniz, siz 50 ildən çoxdur ki, musiqi kollecində dərs deyirsiniz və yeni gənc xanəndələr nəslinin yetişməsində sizin misilsiz xidmətləriniz olub. Ona görə Əlibaba müəllim, bir daha çox sağ olun, sizi görməyə çox şadam və ən əsası sizə möhkəm cansağlığı arzulamaq istəyirəm".

Zövqləri oxşayan mahnılar, bəstələr zamanından, məkanından asılı olmayaraq, həmişə sevilə-sevilə oxunur. 44 günlük Vətən müharibəsində şəhid Xudayar Yusifzadənin oxuduğu görkəmli bəstəkar Əlibaba Məmmədovun bəstələrindən biri olan "Vətən yaxşıdır"  mahnısı qısa müddət ərzində zəfərimizin simvollarından birinə çevrildi. Xatırladaq ki, bu təsnifi Əlibaba Məmmədov məşhur qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələyib. 1960-cı ildə bənzərsiz ifası ilə ona həyat verib. Şeirin yazılma tarixi də olduqca maraqlıdır. Deyilənə görə, Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Vətən üçün darıxır və bu şeiri yazır. Beləcə, sevilə-sevilə oxunan bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə tamaşaçılara, dinləyicilərə "Şur təsnifi" kimi təqdim olunmuşdur.

Əlibaba Məmmədov təsnif haqqında  deyib ki, mən yüzlərlə bu cür vətənpərvər musiqinin müəllifiyəm. Şəhid Xudayar Yusifzadənin videosunu izlədim, çox gözəl səsi var imiş, heyif o səsdən. Bir tərəfdən, təsnifin dillər əzbəri olması məni sevindirir, digər tərəfdən isə, Xudayarın vaxtsız itkisi məni çox kədərləndirir. O görüntülər hamıdan çox mənə təsir etdi. Nə deyim, Vətən sağ olsun!

Torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Xudayar Yusifzadənin şərəfinə təsnif Əlibaba Məmmədovun razılığı əsasında "Xudayar təsnifi" adlandırılıb. Bu da böyük sənətkarın ürəyinin genişliyinin, qəhrəmanlara, şəhidlərə verdiyi dəyərin göstəricisidir. Əlibaba Məmmədovun sevilən bu mahnını "Xudayar təsnifi" adlandırması xalqın ona olan sevgisini daha da artırdı.  İndi bu təsnifdə həm Xudayar Yusifzadənin, həm də Əlibaba Məmmədovun ruhu yaşayır. 

Musiqi mədəniyyətimizin inkişafına verdiyi töhfələrə görə Əlibaba Məmmədov dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, müxtəlif illərdə Azərbaycan SSR Əməkdar artisti, Azərbaycan SSR Xalq artisti fəxri adları alıb. Bundan başqa böyük sənətkar "Şöhrət" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatına, "İstiqlal" və "Şərəf" ordenlərinə layiq görülüb.

Bir-birindən gözəl mahnı və bəstələri ilə milyonların qəlbini fəth edən Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də ömrünün 92-ci ilində vəfat edib. Görkəmli sənətkar Birinci Fəxri xiyabanda dəfn edilib.

Əlibaba Məmmədovun yaradıcılığını və ömür yollarını yaxından izlədikcə, ifa etdiyi və bəstələdiyi mahnılara qulaq asdıqca onun bir zamanlar söylədiyi bu dəyərli sözlər yada düşür: "Mən ölümdən qorxmuram! Mənim qorxum odur ki, dünyadan köçüb gedəndən sonra musiqiləri, muğamları eşidə bilməyəcəyəm".

İtkilər həmişə ağır olur. Böyük sənətkarların ölümü isə onu sevənləri daha çox kədərləndirir. Əlibaba Məmmədov bir-birindən gözəl mahnılar bəstələyə-bəstələyə, oxuya-oxuya bu dünyadan köç etdi. Özü dünyasını dəyişsə də xalqı üçün böyük bir musiqi xəzinəsi qoyub getdi. Bundan sonra Əlibaba Məmmədov bəstələdiyi mahnılarda yaşayacaq, xatırlandıqca xatırlanacaq...


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Lans Braun: Ağ Şəhər layihəsində ağır sənaye zonalarının şəhər mərkəzindən uzaqlaşdırılması mühüm addımdır  

12:42
17 May

Qabonlu nazir: Azərbaycan mənzil və urbanizasiya sahəsində inkişafa dəstək göstərir  

12:39
17 May

Anaklaudia Rossbax: WUF13 çərçivəsində mənzil böhranı ilə bağlı konkret həll yollarının tapılması üzərində işləyirlər

12:33
17 May

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 500-dən çox PUA vurulub  

12:31
17 May

Yaponiyanın rəsmisi: Son illərdə daha tez-tez baş verən təbii fəlakətlərə qarşı infrastrukturun təkmilləşdirilməsi vacibdir

12:25
17 May

Nazir: Anqolada urbanizasiya dayanıqlı iqlim və iqtisadi artım aləti olmalıdır  

12:21
17 May

Şərqi Timorun nümayənbəsi: Azərbaycan qlobal əməkdaşlığın inkişafına töhfə verir  

12:20
17 May

Ruandanın dövlət naziri: Ruanda və Azərbaycan şəhərsalma sahəsində ortaq anlayışa sahibdir  

12:19
17 May

Malayziya nümayəndəsi: Mənzil siyasətində əlçatanlıq, münasib qiymət və adekvatlıq əsas prinsiplər olmalıdır  

12:18
17 May

 Beynəlxalq Davamlı İnkişaf İnstitutunun rəsmisi: Dayanıqlı şəhərlər üçün birgə fəaliyyət vacibdir  

12:18
17 May

Qambiyanın regional qubernatoru: Azərbaycanın dayanıqlı şəhərsalma sahəsində böyük potensialı var  

12:11
17 May

Milli koordinator: Assambleyalar bizim ən güclü dəyərləri təmsil edir  

12:08
17 May

Prezident İlham Əliyev Esvatini Kralının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb YENİLƏNİB  

12:07
17 May

Litva rəsmisi Azərbaycanın Ukraynadakı yenidənqurma proseslərinə verdiyi dəstəyi yüksək qiymətləndirib

12:03
17 May

Say Samal: Kamboca ilə Azərbaycan arasında əməkdaşlıq üçün geniş imkanlar mövcuddur 

12:01
17 May

Türkiyənin bələdiyyə sədri: WUF13 yeni layihələrin mühüm istiqamətvericisi olacaq  

11:57
17 May

Yağıntılı hava şəraiti gün ərzində davam edəcək – PROQNOZ

11:54
17 May

Prezident İlham Əliyev Pakistanın Pəncab əyalətinin Baş nazirini qəbul edib YENİLƏNİB

11:52
17 May

Konqolu nazir: Bakının şəhərsalma modelindən nümunə götürüləsi çox məqam var

11:49
17 May

BMT-nin koordinatoru: Azərbaycanın həyata keçirdiyi layihələr digər ölkələr üçün faydalı təcrübə ola bilər  

11:48
17 May

Kriştof Şerski: Şəhərsalmada sosial vəhdət, iqtisadi şanslar və dayanıqlığın hər kəs üçün bərabər olmasına çalışmalıyıq 

11:43
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!