Azərbaycan rəhbərliyinə yenidən qayıdan Ümummilli Lider Heydər Əliyev respublikamızın müstəqilliyinə, suverenliyinə qarşı yaranan təhlükələrin aradan qaldırılmasında müstəsna xidmətlər göstərərək zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı və doğma Vətənə tükənməz sevgisi ilə ölkəmizi ictimai-siyasi böhrandan, xaosdan xilas edib. Azərbaycanın inkişaf strategiyasının banisi, xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində respublikamızın dövlət müstəqilliyi əbədi, sarsılmaz, dönməz olub. Bu gün dünyada söz sahibi olan müasir, müstəqil Azərbaycan dövlətinin inkişaf tarixi qürur mənbəyimizdir.
Ulu Öndərin dövlət quruculuğu və iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin sayəsində uğurla davam etdirilərək xalqımıza Azərbaycanın dövlətçilik tarixində Böyük Zəfərin təntənəsini yaşatdı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Vətən uğrunda gedən döyüş əməliyyatları zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərib.
Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində bildirilib.
Vurğulanıb ki, Ali Baş Komandanın apardığı müdrik və uzaqgörən siyasəti, yüksək diplomatik bacarığı ilə qətiyyətli addımları, eyni zamanda, ordumuzun peşəkarlığı, yüksək döyüş əzmi və mənəvi-psixoloji hazırlığı sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
“Ötən il Bakı şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün beşinci ildönümünə həsr olunmuş təntənəli hərbi parad Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyinin bir daha göstəricisidir. Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin tarixi Sərəncamı işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma, bərpa və abadlıq işlərinin aparılmasına böyük töhfədir. Bu gün Azərbaycan Ordusunun şəxsi heyətinin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə, Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir. Əminəm ki, Azərbaycan Ordusunun şəxsi heyəti xalqımızın Ümummilli Liderinin ideyalarına sədaqətini əməllərində, xidməti vəzifələrində nümayiş etdirməklə Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqlarını daha da artıraraq Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcək.
15 İyun - Milli Qurtuluş Günü münasibətilə ordumuzun şəxsi heyətini bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram”, - deyə təbrikdə qeyd edilib.