Hazırda federasiyalarımızın yalnız bir neçəsində təhlükəsiz idman üzrə mütəxəssis fəaliyyət göstərir. Məhz buna görə belə mütəxəssisləri olmayan federasiyaların nümayəndələrini bir araya gətirərək ilk təlimi təşkil etdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə “Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı” barədə keçirilən tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, son illər dünya idmanında əsas müzakirə mövzularından biri təhlükəsizlik məsələləridir və Azərbaycan da bu istiqamətdə ciddi fəaliyyət göstərir: “Azərbaycan artıq üç ildir ki, bu mövzu ilə bağlı beynəlxalq forumlar təşkil edir. Bu dəfə isə ölkədə fəaliyyət göstərən olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri üçün təhlükəsiz idman sahəsində mütəxəssis hazırlığı məqsədilə ikigünlük tədbir keçirdik. Tədbir çox uğurlu oldu. Federasiyaların məsul əməkdaşları iştirak etdilər və təlimin sonunda sertifikatlarla təltif olundular. Bundan sonra onlar öz federasiyalarında idmanın təhlükəsizliyi sahəsində fəaliyyət göstərəcəklər”.
MOK rəsmisi qeyd edib ki, federasiyalara dəstək məqsədilə Komitə nəzdində xüsusi işçi qrupu yaradılıb: “Bu qrupda Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, İdmançılar Komissiyasının rəhbərliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri təmsil olunurlar. Federasiyalar hər hansı çətinliklə üzləşdikdə bu qrupa müraciət edə biləcəklər. Qrup məsələlərin araşdırılması və həlli prosesində federasiyalara dəstək göstərəcək”.
Çingiz Hüseynzadə vurğulayıb ki, təhlükəsiz idmanla bağlı məsələlərin gizli saxlanılmasının qarşısının alınması üçün də müvafiq mexanizmlər mövcuddur: “Bəzən federasiyalar müəyyən məsələləri öz daxilində həll etməyə çalışırlar. Lakin Milli Olimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən Ədalətli Oyunlar və İdmançılar komissiyaları bu cür halların araşdırılması ilə məşğul olur. İdmançılar birbaşa həmin qurumlara müraciət edə bilərlər. Buna görə də düşünürəm ki, heç bir məsələ gizli qalmayacaq”.
MOU-un vitse-prezidenti, həmçinin bildirib ki, təhlükəsiz idman sahəsində keçirilən beynəlxalq forumlar artıq ənənə halını alıb və bu tədbirlərdə xarici ekspertlərlə yanaşı, müxtəlif ölkələrdən nümayəndələr də iştirak edirlər: “Federasiya nümayəndələrinin gələcəkdə bilik və bacarıqlarının artırılması üçün beynəlxalq təlimlərə cəlb olunmaları da mümkündür”.