02 Fevral 2019 01:57
1216
Mədəniyyət
A- A+
Mirzə Cəlil dühası: satiradan lirizmə

Mirzə Cəlil dühası: satiradan lirizmə


"Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. Vətəndaş yazıçının bədii nailiyyətlərlə zəngin irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsini tapmışdır. Sənətkar həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratmışdır”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Cəlil Məmmədquluzadə - bu böyük şəxsiyyət yaradıcılığa başlayarkən qədim və zəngin Azərbaycan ədəbiyyatında bədii nəsr inkişaf etməmiş bir sahə idi və hekayə kamil janr kimi bu ədəbiyyatda hələ formalaşmamışdı. Onun bədii nəsri Azərbaycan ədəbiyyatında yeni ədəbi hadisə idi və akademik İsa Həbibbəylinin sözləri ilə desək, "Poçt qutusu” Azərbaycanda kiçik hekayə janrının ilk böyük mükəmməl proqramı” oldu. Xalq Mirzə Cəlilin hekayələri ilə bu janrı milli ədəbiyyatın faktı kimi dərhal qəbul etdi. "Kiçik adamlar”ı və "Artıq adamlar”ı, "Ölülər”i və "Dəlilər”i, "Saqqallı uşaqlar”ı da millətə çevirən, xalqa öz "mən”ini genetik yox, milli səviyyədə dərk etdirən, ibrətli əsərləri bizə hamıdan çox və hamıdan kəskin Məmmədquluzadə” yazdı.

C.Məmmədquluzadə qələmə aldığı hadisələrə, insanlara bəslədiyi münasibətdən, əhvalatları necə şərh etməsindən asılı olaraq satirik üsluba, satirik boyalara müraciət edir. Bu boyalar təsvir və təhkiyədən, obrazların taleyindən və ya ictimai mövqeyindən asılı olaraq müxtəlif çalarlarda üzə çıxır. Təbii ki ədibin yaradıcılığında formaca müxtəlif, rəngarəng olan gülüş özünün ən yüksək ifadəsini, komik qüvvəsini yalnız satirada tapır. Bununla yanaşı, ədibin satirik təqdimində ictimai ittiham məzmunlu lirika satira ilə növbələşir. Şifahi xalq ədəbiyyatından başlayaraq, "Şikayətnamə”, "Kitabi-Əskəriyyə”, "Rəşid bəy və Səadət xanım” və s. kimi əsərlərdə bu forma əlamətlərinə rast gəlmək mümkündür. Satira ilə lirikanın belə uğurlu müştərəkliyini sonrakı nəsrimizdə qüvvətli şəkildə, novatorcasına inkişaf etdirən də məhz Mirzə Cəlildir. Nəhayət, "Danabaş kəndinin əhvalatları” povestində satira ilə lirika tam qovuşuq halda, növbələnmə tərzində bir-birini tamamlamaqla çox cazibədar və kamil sintezini” tapır.

Cəlil Məmmədquluzadə irsində lirik pafos onun yaradıcılığının ilk nümunəsi olan "Çay dəstgahı” əsərində, "Molla Nəsrəddin” jurnalında çap etdirdiyi poetik nümunələrdə və s. üzə çıxan şairlik istedadında da cəmlənir. "Milli musiqini mənəviyyat, əxlaq və fəlsəfə kimi tərənnüm edən” Mirzə Cəlil müdrikliyi "Kamança” kimi daha dərin mənalı söz hikməti ilə də könülləri ovsunlayır. 1918-ci ildə, qan yaddaşımıza həkk olan Şuşada erməni-Azərbaycan savaşının ən şiddətli zamanında Qəhrəman yüzbaşı önündə "Zabul segahı” çalan, ölümə məhkum olmuş qoca erməni tarzən Baxşı dayanır. Ədib qanlı toqquşmanı silahla deyil, muğamla, istedadın lirizm harmoniyasında siyasi düşüncə tərbiyəsində susdurur. Bizdən oğurlanan məhz özümüzə qaytarıldığı üçün hissin, duyğunun gücü ilə bağışlanır: "Ədə, erməni, tez kəmənçəni yığışdır, itil get burdan”. Mirzə Cəlil humanizmi, duyumu, Mirzə Cəlil dühası budur!

Cəlil Məmmədquluzadə yaradıcılığında satiradan lirizmə yönlənmək, bəzən paralel müştərəklik mahiyyətcə daha çox insanların ictimai ədalətsizliklərdən doğan mənəvi iztirablarının emossional təzahürüdür. Ədibin sözaltı məna və psixoloji məzmunla zəngin olan əsərlərində hissin, yaxud fikrin güclü olduğunu demək çətindir. Burada: a) hiss və fikirlər obrazların zahirindən mahiyyətə doğru aşkara çıxır; b) əsər boyunca obrazların mənəvi iztirablarının bədii ifadəsi kimi özünü göstərir. Haqsızlıq dünyasının hər cür eybəcərliklərini özündə cəmləyən Xudayar bəy Zeynəbin oğlu Vəliquluya nəsihətində deyir: "İndi, əzizim, Vəliqulu, qardaşoğlu, sən özün də görürsən ki, sizin məndən savayı bir özgə böyüyünüz, baş çəkəniniz yoxdur. Bəs belə olan surətdə mən necə durum kənardan baxım ki, anan getsin Xalıqverdi bəyə və gözəl atanın, rəhmətlik atanın, o iki gözümün işığı atanın... Bu sözləri Xudayar bəy bir halda deyirdi ki, deyəsən pəs, ürəyi yanırdı. Sol əliylə geyməsinin ətəyini qalxızıb, guya ki, gözünün yaşını silir. Amma bir xırdaca huşyar adam olsaydı, əlüstü duyardı ki, Xudayar bəyin gözünə bir tikə yaş gəlməyibdir”. Müəllif təsvir olunan hadisələrlə obrazın adi vəziyyətindəki hisslərini deyil, müəyyən səbəbdən düşdüyü vəziyyəti, yalnız zahirdə olduğunu yığcam və dəqiq təsvir edir. Zahiri lirizm "iki gözünün işığı” olan dostu üçün göz yaşı tökərək onu şərtləşdirən yeni məqsədlərə xidmət edir, Xudayar bəy özgə nöqteyi-nəzəri vasitəsilə (mən necə durum kənardan baxım ki, anan getsin Xalıqverdi bəyə) iş görür, Zeynəbin faciəli taleyini, yaşadığı cəmiyyətin ədalətsizliyini rüsvay edən tutarlı fakt kimi isbatlayır. Satiradan adlayan, uzaqlaşan gerçək lirizm isə obrazın etirazlarını, göz yaşlarını həssaslıqla verir, onun psixoloji situasiyalarını əsər boyu məharətlə açır: "Zeynəbin işi çox çətin yerə gəldi dayandı. Ev qaranlıq, uşaqlar ac, bir tikə aşdan-zaddan bişirib, qaldı ocaqda, soyudu. Mallar qaldı ac, susuz, Vəliqulu da ki, çıxdı qoydu getdi. Kim nə bilsin, nə vaxt gələcək çörəyə?! Xudayar bəyin Vəliqulunu yoldan çıxarması, ana ilə oğul arasında nifaq əsərin təsirli epizodlarındandır: "Zeynəb qaranlıqda oturub bu tövr fikrə cummuşdu. Qızları da ağlamaqdan bir az sakit olub üzlərini qoymuşdular analarının dizləri üstə. Düz iki saat ana və balalar bu halətdə oturmuşdular. Axırı qapı açıldı. Zeynəb elə bildi Vəliquludur. Bir az ürəyi açıldı”. Mirzə Cəlil qadın faciəsini, kölə vəziyyətinə düşmüş ruhun mənəvi iflasını, tənha, çıxılmaz, ümidsiz vəziyyətdə belə ürəyin xəyal etdiyi nöqtədə dayandığını məharətlə göstərə bilir. O, nüfuz sahiblərinə üsyan edən, inamını itirmiş qadına sosial-tipik müəyyənliyin üstünlük təşkil etdiyi zaman daxilində olan münasibətə etiraz edir, ana, qadın aliliyini yüksək tutur və bu zaman sözlər məna etibarı ilə öz tonunu, mənasını da dəyişir: "Ax ana, nə gözəl zadsan!”

Eyni intonasiya ilə səslənən ifadə formasına ədibin "Ölülər” əsərində də rast gəlirik. "Ölülər”in birinci pərdəsində Kəblə Fatma şeyxin ölü diriltmək əhvalatını eşidib sevinir, il yarım əvvəl itirdiyi qızının - Saranın yenidən ona qayıdacağının həyəcanından ağlayır. Ona qarşı etinasız olan ərindən bir küncə sıxılaraq ağlayan qadına İsgəndərin ürək yanğısı da budur: "Yazıq ana”.

Fəlakət və müsibət içində göz yaşlarına qərq olan, köməksiz qadın - anaların faciəsi, insan psixologiyasının ən gözəl, ən incə nöqtələrini duymaq və aça bilmək, təhlil etmək məharəti kimi hər iki əsərdə oxşar şəkildə lirik fonda sənətkarlıqla qələmə alınır.

Ədib bəzən obrazların hisslərində portret detallarından istifadə edərək fikri daha qabarıq ifadə edir: "Bir az kənarda 45-50 sinnində bir övrət çömbəlib, dalını dayayıb kürsüyə və çənəsini hər iki əlinin kəfəsinə qoyub qaş-qabaqnan Əhmədin ağlamağına tamaşa edirdi. Köhnə çarğat, köhnə ağ çit arxalıq və köhnə solmuş şiləyi dizlik - övrətin libası ancaq budur. Əgər deyək ki, bu övrətin ayaqlarında heç başmaq da yoxdur, yəqin eləmək lazımdır ki, bu övrət kasıb bəndənin övrətidir”.

Son cümlə lirik situasiyanın ən kəsərli dönüş nöqtəsi, həlledici anı olaraq mahiyyətə doğru istiqamətlənir: "Bəli, bu övrət Məhəmməd Həsən əminin övrəti - İzzətdir” - təsdiqi tutarlı fakt kimi satiradan lirizmə, lirizmdən isə yenidən mühitin ittiham dolu ifşasına yönlənir.

Ədibin nəsrində dramatik əsərin tərkib hissələrindən biri olan təksəslilik əsərdə iştirak edən obrazlardan birinin tək, öz-özünə danışması psixoloji təhlil kimi müəllifin obraza verdiyi müstəqim xasiyyətnamə xarakteri daşıyaraq lirik intonasiyanın yaranmasında mühüm rol oynayır. "Danabaş kəndinin əhvalatları” əsərində Məhəmməd Həsən əminin taleyi, süjet boyu kifayət qədər tanış olduğumuz "qaragünçülük” onun öz-özünə şikayətlənməsində dövrün aynası kimi daha konkret təsəvvür yaradır: "Lap işlərim çətin yerə dayandı. Vallah, bilmirəm kasıblıq dərdi çəkim, arvad-uşaq dərdi çəkim, eşşək dərdi çəkim. Yəni, eşşəyi də verməmək olmazdı. Söz yox, nə tövr verməmək olar? Eşşəyi verməsəm, onda dəxi kənddə baş gəzdirmək olar? Genə necə olsa, hakimdi, katdadı. Günün günorta çağı gəldi, nahaq yerdə yaxaladı ki, bu qədər iştrafındı ver, onda bəs necə olsun? Xeyr, olmazdı ki, vermiyeydim”. Məhəmməd Həsən əmi hökm sürən özbaşınalığı, haqsızlığı, çarəsizliyi görür. O bilir ki, hakim təbəqəni özündən narazı salmaq olmaz. Obrazın sarsıntıları, düşdüyü vəziyyətdən çıxış yolları axtarması, həyəcanlı, gərgin, müdafiəsiz və itaətkar vəziyyəti, bu vəziyyətdə öz xasiyyət və xarakterinə tənqidi münasibət, bəzən haqq qazandırma mövqeyi ictimai və psixoloji cəhətlərin əyani şəkildə yekunu olaraq ədibin insan psixologiyasını məharətlə aça bilmək bacarığı kimi şərtlənir: "Hələ mən bilmirəm ki, vallah, bu arvad-uşaq nə deyir?! Hələ bu küçük niyə belə özünü yerdən yerə çırpır?! Deyinən görək axır mənnən bir yerdə alnının tərini silib pul qazanmısınız? Verdim, çox yaxşı elədim verdim. Öz eşşəyimdir, özüm də verdim də. Dəxi sizə nə dəxli var? A kişi, yəni, insafən onların da günahı yoxdur. Onlar da elə məndən ötrü qalmaqal eləyirlər da”. Göründüyü kimi, ədibin yaradıcılığında satira və lirizm bir birini əvəzləyən ifşa və lirizm paradoksu kimi sanki bir nöqtədə birləşir, yaradıcılıq manerasının mükəmməlliyini bir daha isbatlayır.

Səadət VAHABOVA,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!