Nazirlər Kabinetinin
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran
vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev qazanılmış nailiyyətləri
daha da möhkəmləndirmək üçün iqtisadi resurslardan, mütərəqqi texnologiyalardan,
əmək ehtiyatlarından səmərəli istifadə etmək zərurətini vurğulamış, qeyri-neft sektorunun
uğurlu nəticələrindən söz açanda Mingəçevir Sənaye Parkı barədə demişdir: "Bu parkda
2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər
əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu,
bizim ixrac imkanlarımızı genişləndirir və biz mahlıcı orada ipə çevirərək artıq
daha da valyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz
artıq hazır məhsula da nail ola bilək”.
Mingəçevir
Sənaye Parkı ilk addımlarını çox inamla atır. 2018-ci ilin fevral ayında fəaliyyətə
başlayan Mingəçevir Tekstil MMC-nin hələlik 2 iplik fabriki işə düşüb. Fabriklərin
ümumi dəyəri 144 milyon manatdır. İplik fabriklərinin qurulmasında İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun
güzəştli kredit imkanlarından da istifadə edilmişdir. Müasir tələblərə cavab verən
ən son texnologiyalar əsasında yaradılmış bu fabriklər Almaniya, İsverçə, Türkiyə,
İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən gətirilən avadanlıqlarla təchiz olunmuşdur.
Fabriklərdə 10 min ton "Rinq”, 10 min ton isə "Open End” üsulu ilə müxtəlif cür
iplik istehsalı nəzərdə tutulub.
Sənaye parkının
direktoru, gənc mütəxəssis Mehman Hüseynov söhbət zamanı dedi:
- Prezident
İlham Əliyevin ölkədə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə imzaladığı
sənədlər, verdiyi tapşırıq və tövsiyələr, sahibkarlara böyük və davamlı dövlət qayğısı
qazanılan uğurların əsas şərtidir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının üçüncüsünün də icrası başa çatmaq üzrədir. "Mingəçevir Tekstil”də istehsal
edilən yüksəkkeyfiyyətli pambıq ipliyi "Made in Azerbaijan” markası ilə artıq beynəlxalq
bazara çıxarılır. Türkiyə, Rusiya şirkətləri ilə uğurlu ticarət əlaqələri qurmuşuq.
Çin sənayeçiləri ilə işgüzar danışıqlar aparırıq. Əminik ki, yaxın günlərdə Çinə
ilk iplik karvanı yola salacağıq.
Mingəçevir
Sənaye Parkı ilk addımlarını atır. Qarşıda görüləsi işlər daha çoxdur. Sənaye parkında
yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı
və tibbi kosmetika istehsalı üzrə 9 fabrik fəaliyyət göstərəcəkdir. Bu məqsədlə
150-200 milyon ABŞ dolları həcmində investisiya qoyulacağı, 5.500-dən çox yeni iş
yerinin açılacağı nəzərdə tutulub.
İnsan resursları
departamentinin direktoru Habil Salmanovla birlikdə parkın ayrı-ayrı sahələrini
gəzib fabriklərdə iş prosesi ilə tanış olduq. Hər yerdə səliqə-sahman, işlərin səmərəli
təşkili diqqət çəkirdi. Texniki təhlükəsizlik qaydalarına ciddi əməl olunur.
Nofəl Salmanov
fabrikin qayğılarından söz düşəndə dedi:
- Əsas qayğımız
kadr ehtiyatı yaratmaqla bağlıdır. Xüsusi hazırlıq keçmədən fabrikdəki yeni nəsil
avadanlıqları idarə etmək qeyri-mümkündür. Hansı xarici şirkətlərdən avadanlıqlar
almışıqsa, onlarla əvvəlcədən razılaşmamız olub. Həmin şirkətlər öz mütəxəssislərini
göndərir, onlar da burada işə götürülənlərə yeni dəzgahlarda işləməyi öyrədirlər.
Bacarıqlı kadrlar hazırlamaq üçün Gəncə Texnologiya Universiteti ilə də müqavilə
bağlamışıq. Orada bizim istəyimizlə yeni kafedra yaradılmışdır. Tələbələrin istehsalat
təcrübəsini bizim fabrikdə keçəcəkləri nəzərdə tutulub.
Fabrikdə Türkiyədən
gələn təcrübəli mütəxəssislər də çalışır. Onlardan birinin - İbrahim Kalaylının Türkiyə iplik sənayesində
30 ildən çox təcrübəsi var. Mingəçevir Sənaye Parkının bünövrəsi qoyulandan buradadır.
Azərbaycanlı qızla ailə qurub. Ayişənur Səlvər adlı bir qızları var.
Fabrik müdiri
İbrahim Kalaylı təcrübəsi, bilik və bacarığı, başlıcası hər kəsdə xoş ovqat yaradan
səmimiyyəti ilə kollektivin hörmətini qazanmışdır. Öz təcrübəsini də gənclərə həvəslə
öyrədir.
Üç növbə işləyən
fabrikdə çalışanlar qayğı ilə əhatə olunublar. Hər növbədə işçilərə bir dəfə fabrikin
hesabına yemək verilir. Burada həkim məntəqəsi də var.
Bir sözlə,
"Mingəçevir tekstil” hələ ilk addımlarını atır. Həftələr, aylar ötdükcə bu addım
daha möhkəm olur.
Lazım QULİYEV,
"Azərbaycan”