18 Mart 2026 08:30
134
İQTİSADİYYAT
A- A+
Mingəçevir tezliklə regionun təkcə energetika mərkəzi olmayacaq

Mingəçevir tezliklə regionun təkcə energetika mərkəzi olmayacaq


Şəhərin həm də beynəlxalq turizm məkanına çevriləcəyi gün uzaqda deyil


Prezidentin sərəncamı ilə 2026-cı ilin Azərbaycanda "Şəhərsalma və Memarlıq İli"nin elan edilməsinin ölkəmizin şəhərsalma tarixində mühüm əhəmiyyəti var. Ən azından o səbəbə ki, qədim yaşayış məskəni olan Azərbaycanda şəhərsalma və memarlıq ənənələri çoxəsrlik zəngin bir tarixə malikdir. 

Böyük ticarət yollarının üstündə yerləşən Azərbaycan həmin sahədə öz tarixi ənənələrini bu gün də qoruyur. Coğrafi baxımdan Azərbaycanın mühüm ticarət yollarının üzərində olması müstəqil ölkəmizin inkişafına mühüm töhfələr verir. Bu inkişaf şəhərlərimizdə də öz əksini tapır. Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız  görkəmi Bakını dünyanın ən gözəl şəhərlərindən birinə çevirmişdir. Ulu Öndər Heydər Əliyev paytaxtımız haqqında demişdir: "Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakını əsrlər boyu quranlar, yaradanlar bugünkü gün və gələcək nəsillər üçün gözəl bir şəhər salıblar. Bakıdakı memarlıq abidələri bizim milli iftixarımızdır". 

Bakı ilə yanaşı, bölgələrdə də şəhərlərin inkişafı davam etmiş və bu inkişafda memarlıq ənənələri yaradıcı şəkildə istifadə olunmuşdur. Ulu Öndər Heydər Əliyevin Azərbaycana hələ ilk rəhbərliyi  dövründə şəhərsalma sisteminin qorunması və inkişafı barədə mühüm qərarlar qəbul edilmiş, memarlıq abidələrinin qorunması və bərpası sahəsində vacib işlər görülmüşdür. Həmin işlər ölkəmiz müstəqilliyini əldə etdikdən sonra da davam etmişdir. İstər Ulu Öndər Heydər Əliyevin, istərsə də Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdikləri dövrlərdə Azərbaycanda şəhərsalma və memarlıq sahəsində mühüm irəliləyişlər olmuş, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən təsisatlar qurulmuşdur. 

Azərbaycanın memarlıq və şəhərsalma tarixində Mingəçevirin xüsusi yeri var. 1948-ci ilin noyabrında şəhər statusu almış Mingəçevirdə bu gün 104 minə yaxın yerli əhali, 20 mindən çox keçmiş məcburi köçkün yaşayır. Şəhərin ərazisi 139 kvadratkilometrdir. Mingəçevirin inzibati sərhədləri 1962-ci ilin iyununda Azərbaycan SSR Ali Sovetinin qərarı ilə təsdiq olunmuşdur. Bu gün də şəhərin inkişafı ilə bağlı bir sıra mühüm qərarlar qəbul  olunur. Nazirlər Kabinetinin 2016-cı ilin 15 noyabr tarixli qərarı ilə Mingəçevirin inzibati sərhədləri daxilində 2033-cü ilə qədərki dövrdə inkişafına dair şəhərin baş planı təsdiq edilmişdir. Baş plana əsasən, Mingəçevirin iki istiqamətində - cənub-mərkəz hissəsində 353,1 ha (Kür çayının sol sahili) və cənub hissəsində 69,28 ha (Kür çayının sağ sahili) perspektiv inkişaf əlaqələrinin müfəssəl planı hazırlanmış və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sərəncamı ilə təsdiqlənmişdir. 

Baş plan Mingəçevirin 20 illik kompleks inkişaf planıdır. Əsas məqsəd yaşayış, iş və istirahət üçün rahat olan şəhər mühitinin yaradılmasıdır. Baş plana uyğun olaraq, müfəssəl proqram da hazırlanmışdır. Qeyd etdiyimiz kimi, bu, iki hissəli olmaqla Kür çayının sağ və sol sahilindəki əraziləri əhatə edir. Layihələndirilən ərazinin torpaqları bələdiyyə ehtiyat torpaqlarından ibarətdir. Planda Kür çayının sahilboyu ərazisində istirahət mərkəzi, park və xiyabanların salınması nəzərdə tutulur. Həmin ərazidə 14 yaşayış məhəlləsinin salınması planlaşdırılır. Məhəllələrdə 5, 9 12, 14 mərtəbəli yaşayış və inzibati binalar, məktəb və uşaq bağçaları tikiləcək, 5 hektara yaxın ərazidə yeni iş yerlərinin açılması üçün kiçik istehsal sahələri yaradılacaq. Cənub-mərkəz yaşayış ərazisində 400-ə yaxın yaşayış binasının tikintisi və təxminən 50 minə yaxın əhalinin yaşaması, sağ sahildə isə sahəsi 69,3 hektar olan cənub yaşayış ərazisində 5-9 mərtəbəli yaşayış binalarından ibarət 5 məhəllənin, ictimai binaların, məktəb və uşaq bağçalarının tikintisi nəzərdə tutulur. Sağ sahildə ümumilikdə 100-ə yaxın yaşayış binasının tikintisi, 11 minə yaxın əhalinin yaşaması planlaşdırılır. Hər iki plana görə, yaşayış məhəllələrində və ətrafında yaşıllıq zolaqları, park və xiyabanlar salınacaq. Bundan əlavə, şəhərdə yeni sənaye parkı yaradılacaq və Mingəçevir Dövlət Universiteti üçün yeni kampus tipli korpus tikiləcək. 

Bunlardan əlavə, Mingəçevirin gələcək inkişaf planı çərçivəsində su anbarı ətrafında rekreasiya zonaları, parklar və ictimai məkanlar yaradılacaq və ekoloji baxımdan layihələr həyata keçiriləcək. Azərbaycanın ən böyük su hövzəsinin - Mingəçevir su anbarının (Mingəçevir dənizinin) sahilində yerləşdiyi üçün şəhərin əsas rekreasiya (istirahət və əyləncə) potensialı məhz su və yaşıllıq zonaları üzərində formalaşır. Ona görə də həmin ərazidə istirahət və turizm zonasının yaradılması üçün 367,66 hektar ərazinin yerquruluşu planı hazırlanmışdır. Həmin planda 191,45 hektar ərazinin turizm mərkəzi kimi inkişafı nəzərdə tutulur. Planlaşmaya görə, bura həm yerli sakinlər, həm də turistlər üçün ən gözəl istirahət zonasına çevriləcək. 

Mingəçevir bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində inkişaf edir və abadlaşır. Dövlət başçısı Mingəçevirin inkişafına xüsusi diqqətlə yanaşır. Prezident İlham Əliyevin tapşırığına əsasən, son illər Qafqazın ən böyük energetika mərkəzi hesab olunan Mingəçevirdə 1880 Mb gücündə "8 Noyabr" İstilik-Eleketrik Stansiyası tikilib istifadəyə verilmişdir. Bu stansiya ölkəmizin enerji gücünü artırmaqla bərabər, həm də yeni iş yerləri yaradıb. 

Bu ilin "Şəhərsala və Memarlıq İli" elan edilməsi şəhərin inkişafına əlavə təkan verir. Cari il 5 məhəllənin abadlaşdırılması, həmin məhəllələrdəki binaların təmiri, minifutbol, idman və uşaq əyləncə meydançalarının yaradılması, yaşıllıq zolaqlarının salınması planlaşdırılmış, Heydər Əliyev prospekti boyunca, A.S.Puşkin və Nizami Gəncəvi küçələri arasında sağ və sol xiyabanların abadlaşdırılması nəzərdə tutulmuşdur. Eyni zamanda Heydər Əliyev prospekti boyunca inzibati və yaşayış binalarının fasad hissələri təmir edilərək yenilənəcək. Mingəçevirin gələcək inkişafı üçün planlaşdırılan təkliflərin reallaşdırılması şəhərin bir sənaye mərkəzi kimi inkişafına, həmçinin yeni iş yerlərinin açılmasına, mənzil fondunun artırılmasına, abadlığa və yaşıllaşdırmaya xidmət edəcək və bununla Mingəçevirin beynəlxalq istirahət və turizm mərkəzinə çevrilməsinə imkan verəcək. 


Sahib ƏLİYEV, 

Mingəçevir Dövlət Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!