18 Mart 2026 09:00
127
İQTİSADİYYAT
A- A+
Cəbrayıl “Şəfəq”i tezliklə işıq saçacaq

Cəbrayıl “Şəfəq”i tezliklə işıq saçacaq


BP-nin əməliyyatçı olduğu bu layihə Azərbaycanın "yaşıl enerji" səylərinə dəstək vermək məqsədi daşıyır


Hazırda Cəbrayıl rayonunda tikilən "Şəfəq" Günəş-Elektrik Stansiyasının təməli 2024-cü il noyabrın 12-də  Bakıda keçirilən COP29 çərçivəsində qoyulub. 2025-ci il iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində isə layihə üzrə  yekun investisiya qərarı qəbul edilib.

Daha sonra biri mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edən, digəri isə modul təchizatı üçün olan iki əsas müqavilə imzalanıb. Bu müqavilələr çərçivəsində ötən il layihə sahəsində hazırlıq  işləri  tamamlanıb və  avqust ayında ilk panellər uğurla əraziyə çatdırılıb.

Keçən ilin dördüncü rübündə "Şəfəq"in tikintisi  qrafikə uyğun  irəliləyib və bu gün də öz qaydasında davam edir. Layihənin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli  bu ayın əvvəlində jurnalistlər üçün keçirdiyi brifinqdə stansiyanın tikintisində işlərin vüsət aldığını  deyib. O bildirib ki, günəş panellərinin quraşdırılacağı sahədə taxta   şalbanlar, yəni dayaqlar qaldırılıb və görülən işlər məmnunluq yaradır. 

 Bu layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Tikinti zamanı  yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət yetiriləcək. İnşaat işlərinin  pik dövründə layihədə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.

 240 meqavatlıq "Səfəq" stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidirlər. Səngəçal terminalının investorları STEL laytihəsini  keçən il iyunun 2-də təsdiqləyiblər.

230 milyon dollar dəyərində olan bu layihə terminalın "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa olunacaq.

"Virtual enerji ötürmə mexanizmi"nə əsasən, "Şəfəq" stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda "Azərenerji"yə verəcək, "Azərenerji" isə sonra eyni həcmdə elektrik enerjisini Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismarı dövründə terminal əməliyyatlarından yaranan emissiyaları təxminən yarıbayarı azaldacaq.

Qeyd edək  ki, hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə söküləcək və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

2025-ci ildə STEL layihəsi üzrə üç əsas müqavilə imzalanıb  və hazırda bu müqavilələr üzrə iş həcminə daxil olan fəaliyyətlər, o cümlədən mühəndis-layihələndirmə, təchizat, quraşdırma və tikinti işləri  təhlükəsiz şəkildə və qrafikə uyğun olaraq davam edir.   Layihə üzrə tikinti işlərinin iki mərhələdə  aparılacağı nəzərdə tutulub. Birinci mərhələnin 2027-ci ilin ortalarında, ikinci mərhələnin isə 2028-ci ilin sonunadək  başa çatacağı  gözlənilir. 

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti   bu layihələrlə ölkəmizin bərpaolunan enerji səylərinə yardımçı olmaq məqsədi daşıdıqlarını deyir. Xatırladaq ki,  BP  Azərbaycanda  uzun illərdir ən iri neft, qaz və ixrac layihələrinin operatorudur. İndi artıq onun ölkəmizdəki fəaliyyətinə "yaşıl enerji" sahəsi də daxil olub.  


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!