14 İyun 2025 08:25
409
SİYASƏT
A- A+
Milli Qurtuluşun davamı - şanlı Zəfər və Böyük Qayıdış

Milli Qurtuluşun davamı - şanlı Zəfər və Böyük Qayıdış


İnkaredilməz həqiqətdir ki, müstəqil Azərbaycanın qazandığı tarixi nailiyyətlər uzaqgörən liderin düşünülmüş və ardıcıl şəkildə həyata keçirdiyi strategiya, güclü siyasi iradə və gələcəyə hesablanmış məqsədyönlü fəaliyyəti ilə əlaqədardır.

Ötən əsrin 90-cı illərinin əvvəlində Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpası və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində dönüş nöqtəsi olmuşdur. Onun rəhbərliyi ilə hüquqi dövlət quruculuğuna, sosial-iqtisadi islahatlara və milli həmrəyliyə əsaslanan yeni inkişaf mərhələsi başlanmışdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan mürəkkəb və ziddiyyətli bir dövrə qədəm qoymuşdu. Ermənistanın genişmiqyaslı hərbi təcavüzü ilə Qarabağ və ətraf rayonlarımız işğal olunmağa başlamış, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. Ölkə daxilində baş verən hakimiyyət çəkişmələri, qanunsuz silahlı qruplaşmaların fəallaşması, ayrı-ayrı bölgələrdə separatizm meyillərinin güclənməsi dövlətin mövcudluğunu və suverenliyini ciddi təhlükəyə məruz qoymuşdu.

Belə ağır və taleyüklü şəraitdə xalqın yeganə ümidi dünya miqyasında tanınmış siyasi xadim, zəngin idarəçilik təcrübəsinə malik Ümummilli Lider Heydər Əliyev idi. Dövlətçiliyin iflasa uğramaq təhlükəsi ilə üz-üzə qaldığı bu mürəkkəb dövrdə Ulu Öndərin hakimiyyətə qayıtması xalqımız tərəfindən təkidlə tələb olunurdu. Həmin vaxt Naxçıvanda fəaliyyət göstərən Heydər Əliyev ümumxalq çağırışına səs verərək Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi müstəqil dövlətimizin xilası baxımından müstəsna əhəmiyyət daşıyan dönüş nöqtəsi oldu.

Ulu Öndər hakimiyyətə gəldikdən dərhal sonra ilk növbədə daxili sabitliyi bərpa etdi. Sonra dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi infrastrukturun bərpası və ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi istiqamətində tədbirlər gördü.

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası hüquqi dövlət quruculuğu yolunda fundamental mərhələ oldu. Bu mühüm sənəd dövlətin idarəetmə prinsiplərini, hakimiyyət qolları arasında səlahiyyət bölgüsünü, insan və vətəndaş hüquq və azadlıqlarının təminat mexanizmlərini dəqiq müəyyənləşdirdi. Konstitusiyada qanunun aliliyi əsas prinsip kimi götürüldü, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, parlamentin rolu və demokratik seçki hüququ konstitusion qaydada təsbit olundu. Milli suverenliyin və dövlət müstəqilliyinin hüquqi təminatı məhz bu sənədlə möhkəmləndirildi. 

Konstitusiya həmçinin vətəndaşların sərbəst toplaşmaq, fikir və söz azadlığı, vicdan və etiqad azadlığı kimi fundamental hüquqlarını da təmin edərək demokratik cəmiyyətin hüquqi təməlini yaratdı. Eyni zamanda dövlətin sosialyönümlü siyasət yürütməsi, təhsil, səhiyyə və mədəniyyət sahələrində vətəndaşların rifahının təmin olunması da Konstitusiya ilə dövlətin üzərinə qoyulan əsas vəzifələr kimi müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də müstəqil dövlət quruculuğunun əsas ideya-siyasi platforması idi. 

Ulu Öndər Heydər Əliyev təhsili milli inkişafın əsası kimi dəyərləndirərək bu sahəyə strateji önəm verirdi. Onun təşəbbüsü ilə təhsil sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində islahatlara başlandı. Ali məktəblərə qəbulda şəffaflıq təmin olundu və biliyin obyektiv qiymətləndirilməsi sistemi formalaşdırıldı. Azərbaycan dili və milli-mənəvi dəyərlərin qorunması təhsil siyasətinin əsas sütunları kimi müəyyənləşdirildi. Ulu Öndər həmçinin xaricdə təhsilin stimullaşdırılmasını və gənc mütəxəssislərin elmi potensialının inkişafını önə çəkdi. 

Ulu Öndər gəncləri müstəqil Azərbaycanın gələcəyi kimi dəyərləndirmiş, onların intellektual, mənəvi və fiziki inkişafına xüsusi önəm vermişdir. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 2 fevral tarixinin Gənclər Günü kimi təsis olunması bu baxımdan xüsusi qeyd olunmalıdır. Heydər Əliyevin təşəbbüsü ilə gənclər təşkilatlarının formalaşması və onların ictimai-siyasi proseslərdə iştirakı dəstəklənmişdir. Bu strateji yanaşma nəticəsində ölkədə vətənpərvər, bilikli və fəal gənclər yetişməyə başlamışdır. Gənclər arasında milli ruhun möhkəmləndirilməsi, Vətənə sədaqət və dövlətçilik dəyərlərinin aşılanması istiqamətində ardıcıl proqramlar həyata keçirilmişdir. 

Heydər Əliyev idmanı gənclərin fiziki və mənəvi tərbiyəsində mühüm vasitə kimi görür, bu sahənin inkişafını milli maraqlar baxımından zəruri sayırdı. O dövrdə beynəlxalq idman qurumları ilə əməkdaşlıq genişləndirildi, idman federasiyaları yenidən quruldu və infrastruktur layihələri həyata keçirildi. Ümummilli Liderin idmana verdiyi dəstək nəticəsində Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəni layiqincə təmsil etməyə başladılar. 

Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində vahid komandanlıq sistemi formalaşdırıldı, hərbi hissələrin fəaliyyəti ardıcıl şəkildə təkmilləşdirildi, döyüş hazırlığının artırılmasına və peşəkar zabit korpusunun yetişdirilməsinə xüsusi önəm verildi. Ordunun strukturlaşdırılması, intizamlı və mərkəzləşdirilmiş idarəetmə sisteminin qurulması ilə yanaşı, hərbi təhsil sahəsində də mühüm addımlar atıldı. Hərbi liseylər, akademiyalar və zabit hazırlığı mərkəzləri fəaliyyətə başladı. Müdafiə sənayesinin təşkili istiqamətində sistemli tədbirlər görülərək ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş yerli istehsal infrastrukturunun əsası qoyuldu. Hərbi vətənpərvərlik tərbiyəsi dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrildi. 

Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən xarici siyasət kursu müstəqil Azərbaycanın milli maraqlarına əsaslanmaqla qarşılıqlı faydalı əməkdaşlıq prinsipi üzərində quruldu. Ölkənin beynəlxalq nüfuzu artdı, etibarlı və dialoqa açıq tərəfdaş imici formalaşdı. Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın maraqlarını qoruyan təşəbbüslər irəli sürüldü, ölkənin ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqeyi qlobal platformalarda dəfələrlə səsləndirildi və getdikcə daha çox dəstək qazandı.

1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" Azərbaycanın sosial-iqtisadi təhlükəsizliyinin təmin olunması, xarici sərmayələrin cəlb edilməsi və ölkənin qlobal enerji bazarına inteqrasiyasında tarixi əhəmiyyət kəsb edir. Bu layihə ilə ölkəmiz zəngin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmağa və həmin sahədə transmilli şirkətlərlə strateji tərəfdaşlığa başladı. Ulu Öndərin müəllifi olduğu neft strategiyası həm də geosiyasi və diplomatik güc amilinə çevrildi.

Bütün bu addımlar Azərbaycanın beynəlxalq aləmdə söz sahibi olan, uğurlu bir yol seçmiş dövlət kimi tanınmasına şərait yaratdı. Heydər Əliyevin uzaqgörən xarici siyasəti ölkənin gələcək geosiyasi mövqeyinin möhkəmlənməsində mühüm rol oynadı. 

Beləliklə, Heydər Əliyevin sabitlik, inkişaf və dövlətçiliyin gücləndirilməsi strategiyası sayəsində Azərbaycan regionun aparıcı ölkəsinə çevrildi. Ümummilli Liderin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi islahatlar, dövlət idarəçiliyinin gücləndirilməsi, ordu quruculuğu və milli həmrəyliyin təmin olunması istiqamətində atılan addımlar sonrakı illərdə ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan mübarizənin əsaslarını formalaşdırdı. Bütün bu amillər müstəqil dövlətimizi gələcək zəfərlərə aparan yolun başlanğıcı idi.

2003-cü ildə xalqın böyük etimadı ilə prezident seçilən İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirdi. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, beynəlxalq əlaqələrin gücləndirilməsi, hərbi potensialın artırılması sayəsində Vətən müharibəsində Azərbaycanın tarixi qələbəsi təmin olundu. 2023-cü ildə isə şanlı ordumuzun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi tam bərqərar oldu.

15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının tarixi yaddaşında azadlıq, sabitlik və qurtuluş ideyalarının təcəssümüdür. Ulu Öndərin siyasi irsi və Prezident İlham Əliyevin uzaqgörən liderliyi sayəsində Azərbaycan XXI əsrdə qalib dövlət kimi dünya miqyasında böyük nüfuz qazanıb. Qurtuluşdan başlanan bu yolun davamı şanlı Zəfər və Böyük Qayıdışdır.


Məşhur MƏMMƏDOV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!