Müstəqillik illərində Azərbaycan Respublikası
Böyük Qayıdışdan - Milli Qurtuluşa - Müasir İnkişafa və Böyük Gələcəyə doğru məsuliyyətli
və şərəfli yol keçmişdir. Bu, çoxəsrlik milli dövlətçilik tariximizin Heydər Əliyev
- İlham Əliyev epoxasının keçdiyi böyük yolun tarixi mərhələləridir. Böyük Qayıdışdan
- Müasir İnkişafa qədərki çətin və şərəfli yol Milli Qurtuluşun köklərini, gedişatını
və üfüqlərini bütün reallıqları ilə əks etdirir. Görkəmli dövlət xadimi Heydər Əliyev
Milli Qurtuluşun banisi, yeni tarixi epoxanın lideri, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev isə ölkəmizin yüksək Müasir İnkişafının qüdrətli yaradıcısı
və Böyük Gələcəyin uzaqgörən sükançısıdır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev ölkəmizin və xalqımızın tarixində, taleyində böyük yer tutmuş görkəmli dövlət
xadimidir. Ulu Öndərin Azərbaycan Sovet Respublikasına uğurla rəhbərlik etməklə
Siyasi Büronun üzvü səviyyəsinə qədər hakimiyyət pillələrini böyük bacarıqla qalxması,
dünya miqyaslı bir dövlət xadimi kimi qəbul olunması mühüm tarixi hadisə olmaqla
bərabər, həm də hər bir azərbaycanlı üçün misilsiz milli iftixar hissi doğuran faktdır.
Xalqımız üçün çox məsuliyyətli və əhəmiyyətli
dövr olan dövlət müstəqilliyinin yenidən bərpa edilməsi ərəfəsində Heydər Əliyevin
Azərbaycana qayıdışı mühüm tarixi hadisədir. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin
Kreml tilsimini sındıra bilməsi, SSRİ dövlətinin siyasi təqib və təzyiqlərini yıxmağı
bacarması və yenidən vətənə qayıdışı demək idi. XX əsrin doxsanıncı illərinin başlanğıc
dövrünün mürəkkəb ictimai-siyasi şəraitində Azərbaycana qayıdış müstəqilliyin yenidən
qazanılması, qorunub saxlanılması və inkişaf etdirilməsi üçün xüsusi əhəmiyyətə
malik hadisə idi. Bu, həm də böyük siyasətə qayıdış idi. Buna görə də Milli Qurtuluş
Böyük Qayıdışdan başlanır.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyev Sovetlər İttifaqında və beynəlxalq aləmdə görkəmli dövlət xadimi kimi qəbul
olunmuşdur. Ulu Öndər Sovetlər İttifaqı kimi superdövləti təmsil edən əsas siyasi
fiqurlardan biri sayılmışdır. Siyasi Büro üzvləri arasında Heydər Əliyev yüksək
dövlətçilik istedadı, uzaqgörənliyi, praqmatik baxışları, xüsusi intellektual səviyyəsi
ilə səciyyələnmişdir.
Dünyanın tanınmış dövlət xadimləri Heydər
Əliyev fenomeninin miqyasını və əhəmiyyətini yüksək qiymətləndirmişlər. Amerika
Prezidenti Corc Buş: "Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə
və nadir natiqlik istedadına valehəm”.
Rusiya Prezidenti Vladimir Putin görkəmli
dövlət xadimi Heydər Əliyevin özünün böyük siyasətdə və dövlətçilikdə ən böyük müəllimi
olduğunu etiraf etmişdir.
ABŞ Prezidenti Bill Klinton: "Heydər Əliyev
təkcə Azərbaycanı, Amerikanı yox, bütün dünyanı idarə etməyi bacaran bir siyasi
xadimdir”.
Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman
Dəmirəl: "Heydər Əliyev təkcə Azərbaycan deyil, bütün türk dünyasının yetişdirmiş
olduğu ən məşhur dövlət xadimlərindən biridir”.
Gürcüstan Respublikasının Prezidenti Eduard
Şevardnadze: "Qafqazın azadlığı və müstəqilliyi işində Heydər Əliyevin nə qədər
böyük rol oynadığını xalq hələ sonra biləcəkdir”.
Görkəmli dövlət xadimi üçün zəruri olan bu
xüsusiyyətləri Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərlik etdiyi və SSRİ-nin
rəhbərliyində təmsil olunduğu otuz beş ildən çox bir dövrdə apardığı çoxcəhətli
mübarizə, tarixin çətin sınaqları qarşısında göstərdiyi böyük qətiyyət və bacarıq,
əldə etdiyi tarixi nailiyyətlər hesabına qazanmışdır. Dünya şöhrətli böyük dövlət
xadimi Heydər Əliyev Azərbaycan Respublikasını sovet dövründə geridə qalmış bir
ölkədən ən inkişaf etmiş respublika səviyyəsinə yüksəltmişdir. Məhz Ulu Öndər Heydər
Əliyevin düşünülmüş addımları sayəsində Azərbaycan keçmiş SSRİ-də on beş müttəfiq
respublika içərisində aşağıdan ikinci yerdən ən yuxarıdan ikinci-üçüncü yerlərə
qaldırılmışdır.
Heydər Əliyev sovet hakimiyyəti illərində
Azərbaycanda milli-mənəvi dəyərləri hərtərəfli şəkildə inkişaf etdirmiş, adət-ənənələri
dirçəltmiş, azərbaycançılığın möhkəm təməllərini yaratmışdır. Sovet hakimiyyəti
dövründə Heydər Əliyevin apardığı məqsədyönlü və düşünülmüş millilik və vətənpərvərlik
siyasətinə görə ölkəmiz müstəqillik qazandıqdan sonra digər dövlət müstəqilliyi
əldə etmiş postsovet ölkələri ilə müqayisədə bir neçə addım irəlidə olmuşdur. Yeni
istiqlaliyyət qazanmış respublikalarda müstəqilliyin başlanğıc illərində milli ideologiya
baxımından yaşanmış prosesləri Azərbaycan sovet hakimiyyəti illərində Heydər Əliyevin
ölkəmizə rəhbərlik etdiyi mərhələdə keçib yaşamışdır.
SSRİ dövlətinin yuxarı dairələrində Siyasi
Büro üzvlərinin, o cümlədən də Sovet İttifaqının rəhbəri Mixail Qorbaçovun Heydər
Əliyevə qısqanc münasibət bəsləməyinin əsas səbəblərindən biri müqayisədə Heydər
Əliyev fenomeninin daha ucada dayanması idi. Bütün bunlara görə Heydər Əliyevin
qazandığı dünya şöhrəti Azərbaycan xalqının milli iftixar mənbəyinə çevrilmişdir.
Xalq şairi Cabir Novruzun aşağıdakı misraları Heydər Əliyevə ümumxalq inamı və məhəbbətinin
poetik ifadəsidir:
Bu
milləti onun qədər,
Ərzdə
tanıdan olmayıb.
Məmləkətdə
onun qədər
Qurub-yaradan
olmayıb.
Görkəmli dövlət xadimi Heydər Əliyev özünün
ölkə daxilindəki və beynəlxalq aləmdəki nüfuzuna görə SSRİ adlanan böyük derjava
miqyasından yüksəkdə dururdu.
Heydər Əliyevin həyatı və fəaliyyətinin
3 əsas mərhələsini qeyd etmək zəruridir:
1. Azərbaycana siyasi rəhbərlik dövrləri
(1969-1982 və 1993-2003-cü illər).
2. Moskva-Kreml mərhələsi (1983-1987-ci illər).
3. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan Muxtar Respublikasında fərdi təqaüdçü və Naxçıvan MR Ali Məclisinə rəhbərlik
etdiyi dövrlər (1990-1993).
Bütün gərgin anları, inkişaf ritmləri ilə
bir yerdə Azərbaycana siyasi rəhbərlik və Kreml mərhələləri Heydər Əliyevin siyasi
olimpin ən uca zirvələrinə doğru yüksəliş dövrləridir. Bu mərhələlərdə Heydər Əliyevin
simasında böyük uzaqgörənlik, yorulmaz fəaliyyət, dərin məsuliyyət və gerçək şöhrət
bir-birini tamamlamışdır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan
Naxçıvan mərhələsi isə taleyin sınaq dövrü olmaqla bərabər, ümumxalq qazanılması
məhəbbəti və yenidən Qayıdışın bünövrəsi idi. Mənalı və keşməkeşli həyatının Naxçıvan
dövrü ölkəmizdə dövlət müstəqilliyinin böyük məşqləri mərhələsi kimi tarixə düşmüşdür.
Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi tarixi tədbirlər:
Azərbaycanın üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi, Muxtar Respublikanın
adından "Sovet Sosialist” sözlərinin çıxarılması, Ali Sovetin Ali Məclis adlandırılması,
Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi, dövlət çevrilişi cəhdlərinin
qarşısını alınması, kolxoz və sovxozların ləğv edilməsi, torpaq islahatlarının həyata
keçirilməsi dövlət müstəqilliyinin mühüm dərsləri, Böyük Qayıdışın uğurlu nəticələri
idi. Bunlar eyni zamanda Milli Qurtuluşun böyük təməlləri kimi də mühüm əhəmiyyət
kəsb edir.
Görkəmli dövlət xadimi Heydər Əliyevin xalqın
təkidli tələbi ilə Naxçıvandan Bakıya - Müstəqil Azərbaycan Respublikasının rəhbərliyinə
dəvət olunması və əvvəlcə Milli Məclisin Sədri, sonra isə ölkə Prezidenti vəzifəsinə
seçilməsi xalqımızın və gənc müstəqil dövlətimizin Milli Qurtuluşunun əsasını təşkil
edir. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş müstəqil dövlətin
taleyini həll edən böyük tarixi hadisədir.
XX əsrin doxsanıncı illərinin əvvəllərində
Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması və ölkənin parçalanmaqdan
xilas edilməsi Heydər Əliyevin adı ilə bağlı olan böyük Milli Qurtuluş hadisəsidir.
Ölkəmizin əsas sərvəti olan neftin xalqın
milli istiqlalına və müstəqil dövlətin inkişafına xidmət etdirilməsi üçün Heydər
Əliyev dühasının və iradəsinin nəticəsi kimi meydana çıxmış "Əsrin müqaviləsi” Milli
Qurtuluşun böyük təməlidir.
Heydər Əliyev Azərbaycan xalqının böyük xilaskarı,
müstəqil Azərbaycan dövlətinin banisi, qurucusu və yaradıcısıdır.
Heydər Əliyev dövlət müstəqilliyinin, ölkəmizin
böyük gələcəyinin möhkəm təməllərini yaratmış, azərbaycançılıq təlimini dövlət ideologiyası
səviyyəsinə qaldırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev ölkəmizi və xalqımızı Milli Qurtuluşdan Böyük İntibaha çatdırmış görkəmli
dövlət xadimidir. Prezident İlham Əliyev müstəqil Azərbaycan dövlətini təkcə regionun
deyil, dünyanın lider dövlətlərindən biri səviyyəsinə qaldırmağın mümkünlüyünü isbat
etmişdir.
Bu gün müasir dünya İlham Əliyevi müasir
Azərbaycanın yeni tarixi epoxasının qüdrətli rəhbəri olmaqla bərabər, həm də beynəlxalq
münasibətlərdə söz sahibi olan lider kimi qəbul edir.
Prezident İlham Əliyevin siyasi hakimiyyətə
gəlməsi ilə və məqsədyönlü fəaliyyəti sayəsində Ukraynada, Gürcüstanda, Moldovada,
Qırğızıstanda və başqa respublikalarda baş vermiş yalançı demokratiya oyunları Azərbaycandan
yan keçməli olmuşdur. Azərbaycan postsovet məkanında müstəqil dövlətçiliyin inkişaf
etdirilməsinin ən mükəmməl modelinə çevrilmişdir.
Ulu Öndərin başladığı bütün böyük islahatlar,
irimiqyaslı transmilli layihələr Prezident İlham Əliyev tərəfindən uğurla başa çatdırılmışdır.
Ölkəmizdə yeni və möhtəşəm layihələrə start verilmişdir. Azərbaycan Respublikasının
bütün sahələr üzrə hərtərəfli inkişafı təmin edilmişdir. Beləliklə, Azərbaycanda
yeni tarixi epoxa başlanmışdır. Bu, müstəqil Azərbaycan dövlətinin İlham Əliyev
erasıdır.
Prezident İlham Əliyev yeni epoxanın dünyada
qəbul edilmiş görkəmli dövlət xadimi, böyük siyasi lideridir. Yeni tarixi dövr Azərbaycanda
müstəqil dövlətçiliyin daha da möhkəmləndirilməsi ilə yanaşı, həm də Azərbaycan
cəmiyyətinin hərtərəfli böyük inkişafının təmin edilməsi, ölkə həyatının müasirləşdirilməsi
və modernləşdirilməsi deməkdir. Bunlar Milli Qurtuluşdan ümummilli intibaha doğru
uğurla keçirilmiş yolların möhtəşəm hadisələridir.
İctimai-siyasi, iqtisadi-mədəni və elmi-texniki
istiqamətlərlə yanaşı, Prezident İlham Əliyev Ali Baş Komandan kimi hərbi sahədə
də böyük tarixi uğurlara imza atmışdır. Aprel döyüşlərindəki qələbə, Lələtəpə yüksəkliyinin
alınması, Cocuq Mərcanlı kəndinə qayıdış Azərbaycanın hərb tarixinə Prezident İlham
Əliyevin yazdığı parlaq səhifələrdir. Naxçıvan Muxtar Respublikasının ərazisində
düşməndən azad edilmiş 11 min kilometrlik torpaqlarımız yeni tarixi epoxanın - İlham
Əliyev erasının Qurtuluş hadisəsidir.
"Şahdəniz” müqaviləsi əsrin yeni enerji layihəsidir.
"Şahdəniz” müqaviləsi Azərbaycanın İlham Əliyev kontraktıdır.
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına, Avropa Şurasının Nazirlər Sovetinə, Qoşulmama Hərəkatına sədrlik etməyə
nail olmaq səlahiyyəti əldə etmək Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı
tarixi missiyalardır.
"Bakı-Tbilisi-Qars” İlham Əliyev epoxasının
Dəmir İpək yoludur.
"Şimal-Cənub”, "Şərq-Qərb” magistral nəqliyyat
dəhlizləri Azərbaycanın dünyaya açılan yeni qapılarıdır. İndi Şərqdən-Qərbə və Şimaldan-Cənuba
bütün yollar Azərbaycandan keçir.
Prezident İlham Əliyevin Azərbaycanda yaratdığı
ümummilli yüksəliş və dirçəliş ölkəmizin böyük inkişaf hərəkatının tarixi nailiyyətləridir.
Dünyanın yaşamalı olduğu koronavirusla mübarizə
dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirməkdə
davam etdirdiyi kompleks tədbirlər dövlət siyasətində İlham Əliyev erasının xilaskarlıq
missiyasının konkret əməli ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev pandemiyadan xilas olmaq uğrunda gedən ümumdünya hərəkatının əsas liderlərindən
biridir. Dünya üzrə koronavirusla mübarizə hərəkatının baş qərargahı olan Ümumdünya
Səhiyyə Təşkilatı Prezident İlham Əliyevin ölkəsinin və bəşəriyyətin pandemiyadan
xilas olunması yolunda apardığı məqsədyönlü siyasəti və atdığı düşünülmüş addımlarını
pandemiya dövrünün həlledici hadisələri səviyyəsində qiymətləndirməkdədir. Bu addımlar
Prezident İlham Əliyevin Azərbaycan Respublikasının və xalqımızın taleyindəki əvəzsiz
rolunun əməli ifadəsi olmaqla bərabər, beynəlxalq birliyə də Azərbaycanın layiqli
töhfələridir.
Hazırda Prezident İlham Əliyevin simasında
Azərbaycan Respublikası özünün ümummilli inkişaf və böyük intibah dövrünü yaşayır.
Bu, Azərbaycanda yeni tarixi mərhələ olan Böyük Gələcək epoxasının reallıqları və
addımlarıdır.
Böyük Gələcək inkişaf etmiş Azərbaycan Respublikasının
işıqlı bu günü və günəşli sabahı deməkdir. Müasir dövrün əsas dünya liderlərindən
biri olan Prezident İlham Əliyev Azərbaycan Respublikasının Müasir İnkişaf mərhələsinin
Böyük Gələcək erasının qurucusu və yaradıcısıdır. Müstəqil Azərbaycan dövləti və
xalqımız hər gün dövlətimizin lideri İlham Əliyevin rəhbərliyi ilə Böyük Gələcək
epoxasının salnaməsinə yeni və parlaq səhifələr əlavə etməkdə davam edir. Milli
Qurtuluş Böyük Qayıdışın nəticəsi, Müasir İnkişafın möhkəm təməlləri və daha Böyük
Gələcəyin hərəkətverici qüvvəsidir. Azərbaycan Respublikası Böyük Qayıdışdan - Milli
Qurtuluşa qədərki çətin və şərəfli yolların möhtəşəm nəticəsi, işıqlı sabahların
bələdçisidir.
İsa HƏBİBBƏYLİ,
AMEA-nın birinci
vitse-prezidenti, Milli Məclisin deputatı, akademik