Milli Məclisin sədri Sahibə Qafarova iyunun 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA-nın 14-cü plenar iclasından sonra keçirilən mətbuat konfransında çıxış edib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova TÜRKPA-ya sədrliyin Azərbaycan Respublikası Milli Məclisindən Qazaxıstan Respublikası Parlamenti Məclisinə keçdiyini xatırladaraq, bu sədrliyin təşkilatın daha da güclənməsinə, ümumi işimizin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Milli Məclisin TÜRKPA çərçivəsində əməkdaşlığa böyük önəm verdiyini deyən Sahibə Qafarova bildirib ki, Azərbaycanın qardaş ölkə parlamentləri ilə ikitərəfli və çoxtərəfli əlaqələrinin əsasını Prezident İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır. Bizim başqa ailəmiz yoxdur” fikri təşkil edir.
Onun sözlərinə görə, ortaq milli-mənəvi dəyərləri bölüşən, eyni kökdən gələn xalqlarımızın birliyi və həmrəyliyi təbii prosesdir. Bu həmrəylik qardaş ölkələr arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın davamlı genişlənməsində və möhkəmlənməsində öz əksini tapır.
Sahibə Qafarova qeyd edib ki, Türk əməkdaşlıq təşkilatları bu birliyin möhkəmlənməsində mühüm rol oynayır. Türk Dövlətləri Təşkilatının dövlət başçılarının iştirakı ilə keçirilən Zirvə görüşləri, həmçinin qeyri-rəsmi zirvələrin təşkili də bu gündəliyin genişliyini göstərir. Bu təşəbbüslərin müəllifi isə Azərbaycan Prezidenti İlham Əliyevdir. Belə ki, ilk qeyri-rəsmi Zirvə görüşü 2023-cü ilin iyul ayında Azərbaycanın mədəniyyət paytaxtı, işğaldan azad olunmuş Şuşa şəhərində, növbətisi isə cari ilin mayında Macarıstanın paytaxtı Budapeştdə baş tutub.
Türk xalqlarının parlament nümayəndələri olaraq, qanunverici orqanların da bu birliyə töhfə verməsinin vacibliyindən bəhs edən Milli Məclisin sədri Türk Dövlətlərinin Parlament Assambleyasının ortaq maraqları həyata keçirməyə imkan yaradan, çoxşaxəli əməkdaşlığımızı bir istiqamətə yönəldən mühüm platforma kimi çıxış etdiyini vurğulayıb.
O diqqətə çatdırıb ki, ötən illər ərzində TÜRKPA əhəmiyyətli inkişaf yolu keçib və parlamentlərarası əməkdaşlıq üçün səmərəli mexanizmə çevrilib.
Plenar iclasın sonunda qəbul edilən Astana Bəyannaməsinin isə ölkələrimizi maraqlandıran məsələlərdə ortaq mövqeyin, eləcə də parlamentlərarası etimad və dəstəyin ifadəsi olduğu bildirilib.