05 Noyabr 2026 19:09
267
İQTİSADİYYAT
A- A+
Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub  

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub  


Bu gün Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2027-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri birinci oxunuşda müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihələrini müzakirəyə təqdim edərək bildirib ki, sosial siyasət Azərbaycan dövlətinin daxili siyasətində daim prioritet yer tutub.

Vurğulanıb ki, Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII qurultayında əhalinin rifahının yüksəldilməsi istiqamətində tədbirlərin genişləndirilməsi ilə bağlı müəyyən etdiyi prioritetlər 2027-ci ilin büdcəsində də nəzərdə tutulub. Bu prioritetlər Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən sığorta fondunun büdcələrində də öz əksini taparaq şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alan vətəndaşların, həmçinin digər həssas qrupların sosial rifahının yaxşılaşdırılması, sosial müdafiə və sığorta təminatının dayanıqlığının qorunması üçün etibarlı maliyyə əsasları yaradır. O, qanun layihələrinin ölkə qanunvericiliyinin tələblərinə və büdcə sisteminin prinsiplərinə uyğun hazırlandığını deyib.

Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF-nin) 2027-ci il üçün gəlirləri 9 milyard 221 milyon manat təşkil edəcək ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 897 milyon 400 min manat və ya 10,8 faiz çoxdur. DSMF-nin 2027-ci il üçün nəzərdə tutulan xərcləri isə 9 milyard 273 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 790 milyon manat və ya 9,3 faiz çoxdur. Fondun daxilolmalarının 7 milyard 587 milyon manatının, yaxud 82,3 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar hesabına formalaşması nəzərdə tutulur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 67,5 faizi qeyri-büdcə sektorunun, 32,5 faizi isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək. Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,5 faizini əhaliyə ödənişlər təşkil edəcək. Əmək pensiyalarının orta aylıq məbləğinin 2027-ci ildə 640 manat olacağı proqnozlaşdırılır. Əvvəlki illərdə olduğu kimi, cari və növbəti ildə də əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti 50 faiz həddini qoruyaraq Beynəlxalq Əmək Təşkilatının sosial təminatın 40 faizlik minimum normaları haqqında müvafiq konvensiyasına cavab verəcək.

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə, 3 yaşına çatanadək uşaqlara qulluğa görə və dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 281 milyon manat vəsait nəzərdə tutulub.

Sonra komitə sədri “İşsizlikdən sığorta fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsi barədə məlumat verib. O bildirib ki, 2027-ci ildə İşsizlikdən Sığorta Fondunun (İSF-in) gəlirləri 269 milyon manat, fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitindən 2027-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən vəsaitin həcmi isə 50 milyon manat nəzərdə tutulub. Gələn ildə işsizlikdən sığorta haqları üzrə yığımların 267 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq edilmiş müvafiq göstəricisindən 31 milyon manat və ya 13 faiz çoxdur. 2027-ci ildə İSF-in xərcləri 319 milyon manat həcmində proqnozlaşdırılır ki, bu da keçən illə müqayisədə 53 milyon manat çoxdur. Gələn il fondun xərclərinin 36 milyon manatı işsizliyə görə sığorta ödənişləri üçün nəzərdə tutulub. Bu, cari ildəkindən 28,6 faiz çoxdur. İSF-in xərclərinin 113 milyon manatı, yaxud 35 faizi özünüməşğulluq tədbirlərinin maliyyələşməsinə yönəldiləcəkdir. 2027-cı ildə 14500 nəfərin özünüməşğulluq proqramına cəlb olunacağı nəzərdə tutulur.

Komitə sədri İSF-in 2027-ci il büdcəsində peşə hazırlığı, haqqı ödənilən ictimai işlərin və digər aktiv məşğulluq tədbirlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərc istiqamətləri və ayrılacaq vəsaitlər barədə məlumat verib.

Gündəliyin üçüncü və dördüncü məsələləri barədə məlumat verərkən Musa Quliyev bildirib ki, “Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən, gələn il yaşayış minimumu ölkə üzrə 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat məbləğində müəyyən edilməklə, illik artım tempi saxlanılıb. “Azərbaycan Respublikasında 2027-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsində isə bu hədd 314 manat məbləğində müəyyən olunub.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, əhalinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər növbəti ildə də davam etdiriləcək. Vurğulanıb ki, Yeni Azərbaycan Partiyasının VIII Qurultayında dövlət başçısı tərəfindən verilmiş tapşırığa uyğun olaraq, əməkhaqqı və sosial ödənişlərin artırılması məqsədilə növbəti – 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcəsində müvafiq maliyyə təminatı yaradılıb. Qeyd olunub ki, son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat zərfi icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil etmişdir.

Cari ildə görülmüş tədbirlər nəticəsində orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10,4 faiz artaraq 596 manata, yaşa görə pensiyanın orta məbləği isə 10 faiz artaraq 634 manata, orta aylıq əməkhaqqı 7,2 faiz artaraq 1173 manata çatıb, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımı üzrə ödənişlər isə 8,4 faiz artaraq 1,9 milyard manat olub.

Nazir vurğulayıb ki, 2027-ci ildə də dövlət və icmal büdcələr sosial yönümlüyünü saxlayacaq. Belə ki, növbəti ildə dövlət büdcəsində sosial xərclər 222,7 milyon manat və ya 1,7 faiz çox olmaqla 13 milyard manat, sosialyönümlü xərclər isə 1,6 milyard manat və ya 9,2 faiz çox olmaqla 18,7 milyard manat nəzərdə tutulur. Sosialyönümlü xərclərin növbəti ilin dövlət büdcəsindəki çəkisinin 44,2 faizə yüksələcəyi, ÜDM-də payının isə 13,3 faiz olması gözlənilir.

Anar Əliyev çıxışında dövlət büdcəsindən növbəti il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə ayrılan vəsaitlərin həcmi və strukturu barədə də məlumat verib. Qeyd olunub ki, 2027-ci ilin dövlət büdcəsinin layihəsində ƏƏSMN-in fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, həssas kateqoriyadan olan əhali üzrə tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Nazir qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun 2027-cı il üçün gəlirlərinin 82,3 faizinin və ya 7 milyard 587 milyon manatının məcburi dövlət sosial sığorta daxilolmalarından formalaşacağı proqnozlaşdırılır. Bu isə cari ilin müvafiq göstəricisindən 995,4 milyon manat və ya 15,1 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə 2027-ci il üçün daxilolmalar 2,5 milyard manat, qeyri-büdcə təşkilatları üzrə isə 5,1 milyard manat proqnozlaşdırılır. Ümumilikdə 2026-cı ilin təsdiq edilmiş göstəriciləri ilə müqayisədə 2027-ci il üçün büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 17 faiz və ya 357,9 milyon manat, qeyri-büdcə sektoru üzrə daxilolmalar isə 14,2 faiz və ya 637,5 milyon manat artımla proqnozlaşdırılıb.

2027-ci ildə sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1,6 milyard manat həcmində proqnozlaşdırılır ki, bu da 2026-cı il üzrə təsdiqlənmiş müvafiq göstəricidən 100 milyon manat və ya 5,9 faiz azdır.

Fondun 2027-cı il üzrə ümumi xərclərinin 96,5 faizi və ya 8 milyard 950 milyon manatı əhaliyə ödənişlərin payına düşür. Bu göstərici 2026-cı illə müqayisədə 753,6 milyon manat çoxdur. Bu məbləğin 8 milyard 669 milyon manatı əmək pensiyalarının, 280,6 milyon manatı isə sosial sığorta hesabına verilən müavinət xərclərinin payına düşür. Qeyd olunub ki, mövcud proqnoza əsasən, 2027-ci ildə əmək pensiyalarının təqribən 7,5 faiz səviyyəsində indeksləşdirilməsi məqsədilə 575,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev İşsizlikdən Sığorta Fondunun (İSF-in) 2027-cı il üçün büdcəsi barədə deyib ki, fondun gəlirlərinin 2026-cı ilin təsdiq edilmiş göstəricisinə nisbətdə 30,6 milyon manat və ya 12,9 faiz çox proqnozlaşdırılıb. Sığorta haqları üzrə yığımın 77,7 faizi qeyri-büdcə sektorunun payına düşür.

İSF-in 2027-ci il üzrə xərcləri cari ilin təsdiqlənmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8 faiz çox proqnozlaşdırılır.

Gələn ildə İşsizlikdən sığorta fondunun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir. Əlavə olaraq, il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. Həmçinin məşğulluq tədbirlərinin maliyyələşdirilməsinə İşsizlikdən sığorta fondunun xərclərinin 61 faizinin və ya 194,2 milyon manatının yönəldilməsi nəzərdə tutulur.

Bildirilib ki, növbəti ildə nazirlik tərəfindən imtiyazlı şəxslərə mənzillərin, avtomobillərin və reabilitasiya vasitələrinin verilməsi proqramları da davam etdiriləcək. Qeyd olunub ki, şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə gələn il 600 mənzilin alınması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Sonra iclasda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov gündəlikdəki məsələlər barədə fikirlərini açıqlayıb. O, ölkəmizdə iqtisadi siyasətlə sosial siyasətin uzlaşdırılmasının, bir-biri ilə əlaqələndirilməsinin dövlət siyasətinin əsas prinsiplərindən olduğunu qeyd edib. Komitə sədri maliyyə sabitliyinin təmin olunmasının, iqtisadi fəallığın yüksək səviyyədə qorunub saxlanılmasının, iqtisadi artımın dayanıqlı olmasının vətəndaşlarımızın həyat səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin “iqtisadi artım olmadan, sadəcə sosial xərcləri və digər büdcə xərclərini artırmaqla rifahı təmin etmək mümkün deyil” fikirlərinin vacibliyini vurğulayıb.

Azər Əmiraslanov ölkəmizdə işsizliyin aşağı salınması istiqamətində ciddi nəticələrin əldə edildiyini, yeni mərhələdə effektiv məşğulluğun təmin edilməsinin əsas hədəflərdən olduğunu, 2027-ci ildə də vətəndaşlarımızın rifahının yüksəlməsi üçün dövlət büdcəsində sosial paketin nəzərdə tutulduğunu diqqətə çatdırıb. O qeyd edib ki, stabil daxilolmaların təmin edilməsi, iqtisadi artım, iqtisadi fəallıq nəticəsində Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun dayanıqlığı təmin edilə bilər. Bildirilib ki, 2027-ci ilin dövlət büdcəsinin icrası həm iqtisadi inkişafı təmin edəcək, həm də vətəndaşlarımızın rifahının daha da yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi üçün lazımi maliyyə əsasları yaradacaq.

İclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək, Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun 2027-ci il üzrə büdcə layihələri barədə palatanın rəylərini təqdim edib. Palata sədri qeyd edib ki, DSMF-nin və İSF-in büdcə layihələri müvafiq qanunvericiliyin tələblərinə uyğun hazırlanıb. O, fondların gəlir və xərc istiqamətləri, pensiya təminatı sisteminin dayanıqlığı ilə bağlı palatanın təhlillərini və qeydlərini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası maliyyə nazirinin müavini Himalay Məmişov dövlət büdcəsində neftdən asılılığın getdikcə azalması tendensiyasından və bu istiqamətdə qarşıya qoyulan hədəflərdən söz açıb. Büdcə xərclərindən danışarkən nazir müavini xərclərin sosial iqtisadi ehtiyaclara uyğun tərtib olunduğunu deyib. O, büdcənin xərc istiqamətləri üzrə parametrlərini və göstəricilərini diqqətə çatdıraraq, gələn ilin dövlət büdcəsini regionda ən investisiya yönümlü büdcə kimi xarakterizə edib.

Sonra tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov çıxış edib. O, son illər ərzində Azərbaycan iqtisadiyyatında dinamik artımın müşahidə edildiyini, qarşıdakı dövr üçün də davamlı inkişafın proqnozlaşdırıldığını bildirib. Nazir müavini iqtisadi artımın və məşğulluğun genişləndirilməsində investisiya fəallığının mühüm rolunu vurğulayaraq, ölkədə investisiya mühitinin yaxşılaşdırılması və qeyri-neft-qaz sektoruna investisiya qoyuluşlarının artırılması istiqamətində müsbət meyillərin iqtisadiyyatın şaxələndirilməsinə, yeni istehsal və xidmət sahələrinin inkişafına, eləcə də regionlarda iqtisadi fəallığın yüksəlməsinə töhfə verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, qarşıdakı dövrdə əsas vəzifələr qəbul edilmiş dəstək mexanizmlərinin tam tətbiqi və onların iqtisadi təsirinin mütəmadi qiymətləndirilməsi, sənaye və istehsal layihələrinin uzunmüddətli maliyyələşdirilməsi, qeyri-neft-qaz ixracının həcminin və coğrafiyasının genişləndirilməsi, strateji investisiya layihələrinin sürətləndirilməsi, nəqliyyat dəhlizləri boyunca iqtisadi fəallığın təşviqi kimi prioritet istiqamətlərin icrasından ibarətdir.

İclasda Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Vahab Məmmədov bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri rəsmi statistik məlumatlar əsasında aparılmış təhlillərə uyğun hazırlanıb. O, qeyd edib ki, qanun layihələri hazırlanarkən demoqrafik yük, eləcə də əmək bazarında mövcud vəziyyət nəzərə alınıb və müvafiq qiymətləndirmələr aparılıb.

Məsələlərin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, deputatlar Tahir Mirkişili, Jalə Əliyeva, Göydəniz Qəhrəmanov, Vüqar Bayramov, Rövşən Muradov, Əlibala Məhərrəmzadə, Əli Məsimli, Soltan Məmmədov çıxış ediblər, rəy və təkliflərini bildiriblər, bəzi suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

İclasda gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Tədbirdə Əmək və sosial siyasət komitəsi sədrinin müavini Elşad Musayev, deputatlar Bədəl Bədəlov, Əziz Ələkbərov, Sevinc Hüseynova, Nigar Məmmədova, Səttar Möhbalıyev, Ziyad Səmədzadə, Müşfiq Cəfərov, Heydər Əsədov, Məşhur Məmmədov, Zaur Şükürov və digər rəsmi şəxslər iştirak ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın KTMT-yə üzvlüyü məsələsinə Moskvada sammitində baxıla bilər  

21:39
05 Noyabr

Rusiya XİN vətəndaşlarına müvəqqəti olaraq İrana səfər etməməyi məsləhət bilib  

20:51
05 Noyabr

Nazirlikdə Cibuti və Qvineya-Bisaunun nümayəndə heyətləri ilə görüşlər keçirilib  

20:06
05 Noyabr

Bakıda keçirilən BMT-nin İdarəetmə İnnovasiyaları Sammitinin ilk iş günü yekunlaşıb  

19:34
05 Noyabr

Milli Məclisin sədri Qazaxıstanda işgüzar səfərdədir

19:21
05 Noyabr

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin Büdcə Zərfinə daxil olan sənədlər müzakirə olunub  

19:09
05 Noyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirilib 

18:57
05 Noyabr

Dayanıqlı, çevik və qabaqlayıcı institutlar üçün regional həllər - PANEL SESSİYA  

18:49
05 Noyabr

Firavan və inklüziv cəmiyyətlərin qurulmasında liderlik - PANEL SESSİYA  

18:36
05 Noyabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:29
05 Noyabr

Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin üzvlərindən

18:23
05 Noyabr

Melaniya Trampla görüşdə Rusiyanı Yana Lantratova və Kirill Dmitriyev təmsil edəcəklər  

18:19
05 Noyabr

İngiltərə Bankı üç ildən çox müddətdə ilk dəfə faiz dərəcəsini artırıb  

18:13
05 Noyabr

Azərbaycanın futzal millisi Çexiya ilə heç-heçə edib  

18:03
05 Noyabr

Daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətlərin layihələri “AIREX 2026” sərgisində vahid stenddə təqdim olunur

17:29
05 Noyabr

Vətən müharibəsinə həsr edilən ekspozisiya və Zəfər zalı təqdim olunub  

17:23
05 Noyabr

Azərbaycanda hava çirklənməsinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı hazırlanacaq  

17:17
05 Noyabr

Şanlı tariximizin zəfər zirvəsi Polis Akademiyasında qeyd olunub  

17:09
05 Noyabr

Azərbaycanın Zəfər Günü Berlində təntənə ilə qeyd olunub  

17:06
05 Noyabr

Xəzərdə yeni qorunan ərazi: Abşeronun sərhədləri dənizə doğru genişlənir  

16:52
05 Noyabr

Bakıda Birinci Azərbaycan Regional Akvakultura Forumu keçirilib 

16:43
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!