...Əlindəki bağlamadan bərk-bərk yapışmış
orta yaşlı qadın asta addımlarla həbsxana qapısına doğru irəliləyirdi. Yayın iyul
günəşinin Bakının daşını, torpağını yandırıb yaxan ən isti vədələri idi. Amma o,
ətrafdakı cəhənnəm istisini hiss etmirdi. Artıq neçənci dəfə idi ki, gəlirdi bura.
Bolşevik repressiyasının qanlı caynaqlarına keçmiş yüzlərlə günahsız insan kimi
həbsxana divarları arasında taleyinə kəsilmiş ölüm fərmanını gözləyən ömür-gün yoldaşına
yemək gətirirdi.
Giriş qapısındakı həbsxana nəzarətçisi onu
tanıdı. "Daha bura gəlmə” dedi, çiynindəki tüfəngin qayışını düzəldib bir onun əlindəki
bağlamaya, bir də sual və təlaş dolu gözlərinə baxdı: "Ərini gecə Nargin adasında güllələdilər”.
Qadının bəti-bənizi ağardı, huşunu itirdi,
gözünü açanda özünü bütün var-dövlətləri əlindən alınandan sonra sığındıqları evdə
gördü. Övladları ona sarılıb ağlaşırdılar, bu kədər mənzərəsi üzərində o gecə Nargin
adasında kor bir güllə ilə cismindən qoparılmış narahat bir ruh dolaşırdı...
Bir
məktubun izi ilə
XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış
görkəmli şəxsiyyətlərin nəcib əməlləri o qədər zəngindir ki, milli elmimiz bu mənəvi
xəzinənin bəlkə də cüzi bir hissəsinə yaxın düşə bilib. Bir çox adlar, ömürlər,
fakt və hadisələr isə yaddaşlarda, xatirələrdə, arxiv sənədlərində hələ də öz tədqiqatçılarının
yolunu gözləyir.
Bəzən heç gözləmədiyimiz halda çox qısa bir
soraqdan, kiçik bir işıq zərrəsindən bu tarixə doğru geniş cığır açılır. O sorağın
izinə düşüb irəlilədikcə xalqımızın nə qədər maraqlı tarixi keçmişə, böyük şəxsiyyətlərə
malik olduğunu bir daha dərk edirsən. Eyni zamanda gənc nəslin indiyə qədər bu tarixdən,
şəxsiyyətlərdən xəbərsiz qalmasına da təəssüflənməyə bilmirsən...
Bu il anadan olmasının 120-ci ildönümü tamamlanan
böyük ədibimiz Cəfər Cabbarlının nəşrlərindən birində - 1996-cı ildə çapdan çıxan
"Ədirnə fəthi” kitabında verilən məktublar bölməsi çox maraqlı bir mətnlə başlanır.
Bu, gələcəyin yazıçı-dramaturqunun ictimai məzmun kəsb edən ilk məktubu idi. C.Cabbarlı
bu naməni o zaman hələ Bakı şəhərindəki
7-ci Müsəlman-rus, o dövrün dili ilə desək, rus-tatar məktəbində oxuyarkən bir qrup
şagird yoldaşı ilə yazaraq imzalayıb. Həmin məktub "Tazə həyat” qəzetinin 8 aprel
1907-ci il tarixli 7-ci nömrəsində dərc edilib. Təşəkkür məzmunlu namənin ünvanlandığı
şəxsin adı və soyadı isə məktubun məzmunu qədər böyük maraq doğurur: Bəşir bəy Aşurbəyov.
"Bakı şəhərinin 7-ci Müsəlmani və rusi məktəbinin
ianə alan şagirdləri: Əsgər Hüseynzadə, Mirzə Qasım Cabbarzadə, Ağaməli Hüseynzadə,
Cəfər Cabbarzadə və Məhərrəm Mollazadə” millət qayğısına qalan, böyük neft milyonçusu
Bəşir bəy Aşurbəyov cənablarına təşəkkürlərini çatdırır və söz verib vəd edirlər
ki, elm və maarif qazanmaq yolunda daim səy göstərəcəklər. Məktub eyni zamanda Bəşir
bəy Aşurbəyov kimi şəxsiyyətlərin millət və gələcək qarşısında dərk edilmiş ictimai
məsuliyyət hissinə bir işarədir, imkanlı maarifçi cəfakeşlərin xeyirxah niyyətini,
nəcib məqsədlərini, alicənablıqlarını göstərir. Bu, həm də XX əsrin əvvəllərindəki
ictimai-siyasi ovqatın təsiri ilə milli şüurun oyanışını təsdiqləyir.
Bəs haqqında söhbət gedən həmin Bəşir bəy
Aşurbəyov özü kim idi?!
Millətin
zərrəsi
Bu suala cavab tapmaqdan ötrü ilk etibarlı
bələdçimiz Bəşir bəyin soyadıdır. Məlum olduğu kimi, Aşurbəyovlar Azərbaycan xalqının
məşhur soylarındandır. Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, Nadir şahın dövründə
Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı təyin edilmişdi.
1736-cı ildə Nadir şah Suqovuşan adlanan
yerdə (indiki Sabirabad rayonu ərazisində) böyük xalq qurultayı (Muğan qurultayı,
yaxud Suqovuşan qurultayı) çağırıb şah kimi taxta çıxır. Sonra Bakı və ətraf kəndlərdə
özünə dayaqlar yaratmaq üçün əfşar tayfasının nümayəndələrindən bir çoxunu Sabunçu,
Zabrat və Keşlə kəndlərində yerləşdirir. Onlar arasında Aşur xanın yaxın qohumları
da vardı. Sonradan bu soyun davamçıları XIX-XX əsr Bakısının məşhur əsilzadələri
kimi tanınırlar. Bu şəcərənin təmsilçisi olan görkəmli tarixçi-alim Sara xanım Aşurbəylinin
əsərlərində, eləcə də digər mənbələrdə həmin nəslin ayrı-ayrı şəxsləri haqqında
müfəssəl məlumatlar verilsə də, tədqiqatlarda Bəşir bəy Aşurbəyovun həyat və fəaliyyətinə,
təəssüf ki, çox az yer ayrılır.
Hacı
Məhəmmədhəsən bəyin yeganə oğlu
Bəşir bəy
1875-ci ildə anadan olmuşdu. Sabunçu kəndinin tacirlərindən və əsas torpaq sahiblərindən
olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi. Beş bacının bir qardaşı...
O dövrün müsəlman-Şərq
adət-ənənələrinə görə, ailədə əsas vərəsə oğlan övladı sayıldığından Hacı Məhəmmədhəsən
bəyin bütün varidatı da Bəşir bəyə keçmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində
Bakıda neft bumu başlananda Bəşir bəy böyük neft mədənlərinə sahib idi. Bu mədənləri
təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb
etmişdi. Onlara yeni mədənlər yaratmaları üçün torpaq sahələri ayırmışdı. Bəşir
bəyin birinci həyat yoldaşı da elə öz əmisi qızı Balaxanım idi. Onların izdivacından
Rübabə və Nağı adlı iki övladı dünyaya gəlmişdi. Amma bu, Bəşir bəyin yeganə evliliyi
olmamışdı.
Bakıda yaşasa
da, onun Azərbaycanın digər bölgələrində olan adlı-sanlı əsilzadələrlə sıx dostluq
əlaqələri vardı. Onlardan biri Gədəbəyin Xınna dərəsi adlanan obada yaşayan və Yelizavetpol
(Gəncə) quberniyasında böyük torpaq sahələri olan Allahyar bəy Zülqədərov idi. Allahyar
bəyin həyat yoldaşı Seyidnisə çox varlı Misir tacirinin qızı idi.
Bəşir bəy
Aşurbəyov Allahyar bəyin evində qonaq olarkən onun Nəzakət adlı qızını görüb bəyənir,
elçi göndərir və onunla ailə qurur.
O, 1901-ci
ildə birinci ailəsi üçün Sabunçu kəndində möhtəşəm bir imarət tikdirir. Həyat yoldaşı
Balaxanım iki övladı və qayınanası Cəvahir xanımla bu imarətdə yaşayır. Bəşir bəy
özü isə Nəzakət xanımla Bakının keçmiş Kladbişenski - 89 (indiki Mehdi Hüseyn küçəsi)
ünvanında tikilmiş evə köçür. Onların bu evliliyindən dörd övladı - üç oğlan, bir
qız dünyaya gəlir: Kazım, Məhəmmədhəsən, Midhət və Rəbiyyə.
Xeyir əməllər
Atasından
qalmış geniş torpaq sahələri, böyük neft mədənləri, Bakının müxtəlif yerlərindəki
10-a yaxın mülkü Bəşir bəy Aşurbəyova böyük sərvət qazandırır. O, qazancının müəyyən
hissəsini xeyriyyə işlərinə xərcləyirdi. Ona görə də Bəşir bəy zəmanəsinin səxavətli
mesenatlarından biri kimi ad qazanmışdı. 1897-ci ildə Sabunçu kəndində möminlərin
istifadəsinə verilmiş məscidi də Bəşir bəy Aşurbəyov tikdirmişdi.
Bu məscidin
inşası əslində onun atası Hacı Məhəmmədhəsən bəyin arzusu idi. O, həcc ziyarətinə
gedərkən Sabunçu kəndindən özü ilə 10 zəvvarı da ziyarətə aparır. Onların bütün
xərclərini ödəyir. Üstəlik, söz verir ki, kəndə qayıdandan sonra Sabunçuda böyük
bir məscid tikdirəcək.
Ziyarətdən
qayıdan kimi sözünə əməl edir. Kənd ağsaqqalları məsləhət görürlər ki, məscidi Sabunçu
kəndindəki qədim tarixi abidələrdən olan "Göynüz məbədi”nin qalıqları üzərində tikdirsin.
Nəhayət, təntənəli şəkildə təməlqoyulma mərasimi keçirilir. Lakin əfsuslar olsun
ki, arzusunun həyata keçməsini görmək Hacı Məhəmmədhəsən bəyə qismət olmur. Məscid
hazır olmamış xəstələnir və vəfat edir. Tikinti işlərini 20 yaşlı oğlu Bəşir bəy
tamamlayır.
Maarif və mədəniyyət hamisi
Bəşir bəyin
xeyriyyəçilik fəaliyyətinin mühüm bir qismini də təhsilə, maarifə dəstək təşkil
edirdi. Ayrı-ayrı məktəblərdə oxuyan şagirdlərə davamlı ianələrindən başqa o, Cənubi
Azərbaycandan olan fəhlə balaları üçün 1901-ci ildə Sabunçuda məktəb açır. El arasında
"Həmşəri məktəbi” kimi tanınan bu təhsil ocağının fəaliyyətinə uzun illər dəstək
verir. Buradakı uşaqları yeməklə, dərsliklərlə, geyimlərlə təmin edir.
Bəşir bəyin
Sabunçuda anası və birinci ailəsi üçün italyan memarlarına tikdirdiyi imarətdə indi
Xocalıdan olan məcburi köçkün ailələrinin övladları üçün məktəbin fəaliyyət göstərməsi
də, görünür, taleyin qəribə bir qanunauyğunluğu və nəcib missiyanın davamıdır.
Bu missiya
isə təkcə təhsillə, maariflə tamamlanmırdı. Ədəbiyyatı, incəsənəti çox sevən, özü
də gözəl şeirlər yazan Bəşir bəy Aşurbəyli (şeirlər kitabı AMEA-nın Əlyazmalar İnstitutunda
qorunur) mədəniyyət adamlarının da hamisi idi. Bunu mədəniyyət tariximizin keşməkeşli
məqamları ilə bağlı çox maraqlı faktlar təsdiqləyir. Həmin faktlardan biri Azərbaycanın
görkəmli musiqi və ictimai xadimi Müslüm Maqomayevlə bağlıdır. Belə ki, 1911-ci
ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin edilir. Bütün varlığı ilə
sənətə bağlı olan və akademik musiqinin, teatrın xalq üçün önəmini yaxşı dərk edən
bu böyük insan bir müddət çalışdıqdan sonra Sabunçuda teatr yaratmaq qərarına gəlir.
Amma kəndin söz sahibləri, nüfuzlu, varlı-karlı adamları ona mane olmağa başlayırlar.
Bu zaman Bəşir bəy irəli çıxır, Sabunçuda teatrın yaradılmasında Müslüm Maqomayevə
dəstək olur, lazımi köməyi göstərir. Qaragüruhçular onun nüfuzu qarşısında geri
çəkilməli olurlar. Bir maraqlı məqamı da diqqətə çatdıraq ki, 1925-ci ildə ilk Azərbaycan
filmlərindən birinin çəkilişləri də Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında
yetim uşaqlar üçün tikdirdiyi və yerli əhali arasında "Putovski dvor” adlanan yerdə
aparılıb. Sabunçuya ilk dəfə fotostudiyanı gətirən də Bəşir bəy Aşurbəyov olub.
Mədənlərində
çalışan yoxsul, kimsəsiz gənclər də Bəşir bəyin himayəsində idilər. O, belə gənclərin
ailə qurub ev-eşik sahibi olmalarına kömək göstərmək üçün indiki Sabunçu vağzalının
yaxınlığında ikimərtəbəli binalar inşa etdirmişdi. Bəşir bəy qohumu Nabat xanım
Aşurbəyovanın tikdirdiyi xəstəxanada imkansız insanların müalicəsinə dərmanla da
kömək göstərirdi.
"Qafqaz İttihad Firqəsi”
Bəşir bəy
Aşurbəyovun ömrünün ən maraqlı səhifələrindən biri də onun ictimai-siyasi fəaliyyətidir.
O, 1917-1920-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş "Qafqaz İttihad Firqəsi”nin
yaradıcılarından idi. Bu siyasi partiya özünün əsas xətti kimi islam ideologiyasını
siyasət səviyyəsinə qaldırmağa çalışırdı. Firqənin ideoloji əsasını ittihadi-islam,
islam modernizmi, islam reformizmi kimi o dövrdə çox populyar olan nəzəriyyələr
təşkil edirdi.
Bəşir bəy
Aşurbəyov partiyanın formalaşması prosesində "Rusiyada Müsəlmanlıq” təşkilatının
nümayəndəsi kimi iştirak edirdi. O, bu firqənin təşkilində də böyük rol oynamışdı.
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının 2-ci cildində (Bakı, "Lider” nəşriyyatı,
2005, s. 110) oxuyuruq ki, qurumun formalaşmasında Bəşir bəy Aşurbəyovdan başqa
Sultanməcid Qənizadə, Mir Yaqub Mehdiyev, Mahmud Quliyev, Kərimağa Sultanov, Hacı
Hüseyn Tağıyev, Qasım Cəfərov, Ağa Zeynal Tağıyev (Hacı Zeynalabdin Tağıyevin nəvəsi)
də fəal iştirak etmişlər.
Azərbaycan
Parlamentində "Qafqaz İttihad Firqəsi” sayca ikinci böyük fraksiya (əvvəl 11, sonra
isə 13 deputatla) idi. Parlamentdə bu fraksiyaya Qara bəy Qarabəyli rəhbərlik edirdi.
Partiya bir müddət "İttihad`i-islam-Rusiyada müsəlmanlıq” adı altında fəaliyyət
göstərmişdi. Onun əvvəlcə "Müsəlmanlıq” adlı qəzeti nəşr olunurdu. Daha sonra isə
Ceyhun bəy Hacıbəylinin redaktorluq etdiyi "İttihad” qəzeti partiyanın orqanına
çevrilmişdi. Bəşir bəy Aşurbəyov bu mətbuat orqanlarının nəşrinə maliyyə yardımı
göstərir, dəstək olurdu.
1920-ci il
yanvar ayının 25-də partiyanın ikinci qurultayı keçirildi. Bəşir bəy Aşurbəyov bu
qurultayda partiyanın Mərkəzi Komitəsinə seçilir. MK-nin digər üzvləri isə Nəcəf
bəy Vəzirov, Həbib bəy Mahmudbəyov, Cəmil bəy Lənbəranski və başqaları idi.
İttihadçılıq
ideologiyasının ana xəttini ideal islama, peyğəmbər dövrünün mövhumat və xurafatdan
uzaq ənənələrinə qayıdış prinsipi təşkil edirdi. Özü də bu zaman islam qanunlarının
bu dövr üçün populyar olan demokratiya, azadlıq, bərabərlik kimi prinsiplərinin
açıqlanmasına xüsusi fikir verilirdi. Bu xətt Bəşir bəy Aşurbəyovun ruhuna çox uyğun
idi. O, insanların münaqişələrdən, zorakılıqlardan, qanunsuzluqlardan uzaq şəkildə,
sülh və inkişaf mühitində yaşamalarını, elm və mərifət sahibi olmalarını istəyir,
bunun üçün çalışırdı.
Ermənilərlə üz-üzə
XX əsrin əvvəllərində
Bakının neft sənayesində yaxından iştirak edən və bu el-obadan qazandıqları sərvətlərin
bir qismini öz nankor xislətlərindən irəli gələrək həmin yurdun insanlarına - Bakının
türk-müsəlman əhalisinə qarşı təxribatlara, kütləvi soyqırımı niyyətlərinə xərcləyən
erməni neftxudaları 1906-cı ildə məkrli bir plana əl atırlar.
Onlar qədim
tarixə malik Sabunçu kəndinin məscidinin də olduğu aşağı məhəlləsinin ləğv edilməsi,
sakinlərin köçürülməsi və burada erməni sahibkarlara məxsus neft mədənlərinin salınması
barədə iddia qaldırırlar. Məqsəd Sabunçu torpaqlarını ələ keçirib bol sərvət qazanmaq
idi. Bakı Qubernatoru Alışevski iddianı təmin etmək üçün öz nümayəndəsini Sabunçuya
göndərir. Qubernatorun nümayəndəsi kəndə çatanda qarşısında Bəşir bəyi görür. Bəşir
bəy onu tikdirdiyi məscidin həyətinə aparır. Su quyusunu açır və içindəki suyu göstərir.
Deyir ki, əgər buradan neft çıxsaydı, mən həmin yerdə məscid tikdirməzdim, neft
çıxarardım. Bəşir bəy Aşurbəyov bu ərazidə yaşayanların hamısının onun qohumları
olduğunu və onların köçürülməsinin yolverilməzliyini bildirir. Halbuki evləri köçürüləcək
ailələrin heç birinin Bəşir bəyə qohumluğu çatmırdı. Amma o, dövlət idarələri rəhbərlərinin
yanındakı yüksək nüfuzundan istifadə edərək erməniləri geri oturdur. Sabunçu kəndinin
dağıdılmasına imkan vermir. "Həyat” qəzetinin 1906-cı il tarixli saylarında bu barədə
dəfələrlə geniş təfsilatlar öz əksini tapıb.
Erməni daşnaklarının
bolşeviklərlə birləşərək 1918-ci ilin martında azərbaycanlılara qarşı törətdikləri
soyqırımı zamanı da Bəşir bəy Aşurbəyli Sabunçu kəndi sakinlərinin kütləvi qətllərdən
qorunması üçün böyük qəhrəmanlıqlar göstərmişdi. O, Qoçu Yusif kimi tanınan xalası
oğlu və digər yerli qoçularla birgə Sabunçu dairəsi yaxınlığında müdafiə mövqeləri
qurur, ətraf kəndlərdən də əlisilahlı insanlar köməyə gəlir. Burada güclü atışmalar
baş verir. Daşnakların Sabunçuya girməsinin qarşısı alınır. Beləliklə, Qafqaz İslam
Ordusu gələnə qədər həm kənd sakinlərinin, həm də ərazidəki neft mədənlərinin mühafizəsi
təmin olunur.
"Qırmızı terror”un hədəfi
XX əsrin əvvəllərində
yenicə təşəkkül tapmaqda olan Azərbaycan milli burjuaziyasının bir çox təmsilçiləri
kimi Bəşir bəy Aşurbəyov da sovet hakimiyyəti qurulandan sonra çox çətin tale ilə
üzləşir. Əksər qohumları təqiblərdən yaxa qurtarmaq üçün Türkiyəyə, İrana köçüb
məskunlaşırlar. Ona da vaxtında ailə üzvlərini götürüb ölkəni tərk etmək tövsiyə
olunur. Amma Bəşir bəy bütün var-dövlətini yeni hökumətə bağışladığından bolşeviklərin
bir quruca canı ona çox görməyəcəklərini düşünür. "Nəyim var təhvil vermişəm, qalan
bir quru canımdır, istəyirlər, gəlib onu da alsınlar”, - deyir. Bəşir bəy Aşurbəyovun
yeni hakimiyyətin Nəriman Nərimanov kimi milli ruhlu təmsilçiləri ilə də çox yaxın
münasibətləri vardı. Nərimanov kiminsə ona toxunmasına imkan verməyəcəyini bildirmişdi.
Onda Bakıda qalması üçün əminlik yaradan həm də bu idi. Nəriman Nərimanovun Moskvada
vəfatına qədər həqiqətən kimsə Bəşir bəyə dəyib dolaşmır. O, Sabunçu kəndində, bir
vaxtlar xidmətçilərinin yaşadığı sadə bir komada ailəsi ilə birgə həyatına davam
edir. Nə qədər çətin olsa da, dəyişən tarixi reallıqlara dözümlə yanaşmağı öyrənir.
Ailənin Sabunçudakı imarətini sovet hökuməti onlardan alıb Qadın Klubuna çevirir.
Kluba ayaq açan erməni, rus qadınları isə qısa müddətdə evin bütün mükəlləfiyyətini,
əşyalarını talan edirlər. Bütün bunları, təbii ki, Bəşir bəy də eşidir, amma hər
şeyə rəğmən vəziyyətlə barışmağa, var-dövlət əldən çıxandan sonra quru canını da
olsa, qorumağa çalışır. Amma tezliklə bunu da Bəşir bəyə çox görürlər. 1925-ci ildə
o, tutulur, 5 illik həbs həyatından sonra, 1930-cu ildə Nargin adasında güllələnir.
Yaxınları onun maddi imkanlarına, yəni o dövrün ifadəsi ilə desək, qolçomaq olduğuna
görə güllələndiyini düşünürlər. Amma "qırmızı terror”un onu hədəf götürməsində,
böyük ehtimalla Bəşir bəy Aşurbəyovun "Qafqaz İttihad Firqəsi”ndəki siyasi fəaliyyətinin
də mühüm rolu olmuşdu.
Qız nəvəsi
Nəzakət xanım Aşurbəyova - Ələkbərova söyləyir ki, nənəm axırıncı dəfə Bayıl həbsxanasında
olanda qəfildən ona Bəşir bəyin güllələndiyi xəbərini verirlər: "O, elə oradaca
huşunu itirir. Bu hadisədən sonra heç bir il də yaşamır. Həmin vaxt Kazım dayımın
9, anam Rəbiyyənin cəmi 13, Midhət dayımın 15, Məhəmmədhəsən dayımınsa 17 yaşı vardı.
Ailə bununla da pərən-pərən düşür”.
Nəzakət xanım
1989-cu ildə Respublika Prokurorluğuna müraciət edir. Babasının repressiya qurbanı
kimi günahsızlığı təsdiqlənir və 1991-ci ilin 13 noyabrında Bəşir bəyə bəraət verilir.
"Mən ərizəni təqdim edəndə Respublika Prokurorluğunda yaşlı bir ədliyyə işçisi vardı.
Bəşir bəy Aşurbəyovun nəvəsi olduğumu biləndə dedi ki, xəbəriniz varmı, Bakıya ilk
avtomobili sənin baban gətirib”.
Nəzakət xanım
Aşurbəyova - Ələkbərova bolşevizmin taleyini qaraltdığı doğma insanların ömürlüyündən
kədərli epizodları xatırladıqca gözləri dolur.
Bizsə bu kədərli
gözlərin ardında sovet repressiyasının min bir əzab-əziyyətə düçar etdiyi milyonlarla
insanın faciəsini, bütöv nəsillərin taleyinə vurduğu sağalmaz yaraları görürük.
İradə ƏLİYEVA,
"Azərbaycan”