Paytaxtımızda artıq Yeni ilin nəfəsi duyulmağa başlayır. Dənizkənarı Milli Parkdan tutmuş İçərişəhərin dar dolanbaclarına qədər hər yerdə gözə dəyən rəngli işıqlar, nəhəng şam ağacları və bayram rəmzləri şəhərin qış geyiminə isti ab-hava qatır. Hər kəs - uşaqlar, gənclər, yaşlılar bu nağıl aləminin bir parçasına çevrilir, Yeni ilin sehrinə düşürlər.
Bakının sərt küləyi qışın ən soyuq günlərində belə izdihamın azalmadığı, insanların yorğunluğunu unutduğu Fəvvarələr meydanından sanki yan keçir. Hər il olduğu kimi, bu il də meydanda qurulan bayram yarmarkasının xoş ovqatı dekabrın soyuğunu unutdurur. Bərq vuran şam ağacının yanında dayanıb uşaqların sevincli səslərinə qulaq asan valideynlər, əllərində isti qəhvə ilə gəzərək söhbət edən gənclər, çəkdikləri fotolarla hər anı əbədiləşdirmək istəyən turistlər buraya xüsusi ruh qatır. Uşaqların qaçışaraq şam ağacının oyuncaqlarına toxunması, Şaxta babanın qarşısında uzanan növbədə gözləri işıldayan balacaların həyəcanı bu məkanı böyük bir ailə şənliyinə çevirir. Elə bu an anlayırsan ki, Fəvvarələr meydanında hər kəs öz uşaqlığını yenidən yaşayır - istər gənc olsun, istərsə də yaşlı. Burada hər addım, hər baxış insanı gündəlik qayğılardan uzaqlaşdırıb qış nağılına aparır.
Uzun illərdir Yeni ilin gəlişini müjdələyən "Soyuq əllər, isti ürək"dəyik...
Rəngarəng kostyumlar, dekorativ fiqurlar, canlı şoular
Yarmarkanın ən cəlbedici tərəflərindən biri onun fərqli mədəniyyətləri eyni məkanda birləşdirməsidir. Bir tərəfdə xarici mətbəxin isti təamlarının qoxusu havaya qarışır, digər tərəfdə milli yeməklərimizin tanış, ana yeməyi kimi doğma ətri duyulur. Köşklərdən birində qovrulmuş şabalıdın ətri gəlir, digərində isti qarğıdalı buxarlanır, yaxınlıqda qəhvə üyüdülməsinin səsi eşidilir.
Artıq 12 ildir ki, Fəvvarələr meydanında təşkil olunan yarmarka bu il öz formatını daha da zənginləşdirərək sirk tematikası ilə təşkil edilib. Rəngbərəng kostyumlar, iri dekorativ fiqurlar, canlı şoular və musiqilər meydanı bir növ səyyar teatr səhnəsinə çevirib. Hər addımda müxtəlif personajlara, animatorlara, Santa Klausa və Qar qıza rast gəlmək mümkündür. Şəhərin ən gur yerində quraşdırılan 60 böyük və 20 kiçik ev, ikimərtəbəli restoranlar, xüsusi oyun tuneli və foto zonaları isə qonaqların sayını artırmaqla yanaşı, yarmarkanın özünəməxsus təsvirini də yaradır. Bu mənzərəyə, sadəcə, baxmaq belə insanın qəlbindəki bayram işığını yandırır.
"Soyuq əllər, isti ürəy"ə yalnız ölkə sakinləri deyil, xarici qonaqlar da böyük maraq göstərirlər. Bir çoxları üçün bu yarmarka təkcə şənlik deyil, ölkəmizin qonaqpərvərliyinin canlı nümunəsidir. Burada turistlərin pavilyonlar arasında gəzib yerli təamları daddıqca heyranlıqlarını ifadə etmələri Bakının mədəni rəngarəngliyini bir daha ortaya qoyur. İşi ilə əlaqədar Bakıya gələn qazaxıstanlı Gulnar Abişeva deyir ki, illərdir ölkəmizin mədhini eşitsə də, gəlmək bu il ona qismət olub: "Həmişə düşünmüşəm ki, bir ölkəni, onun insanlarını tanımaq üçün mütləq bayramı birlikdə keçirməlisən. Buna görə də səyahətlərimi məhz belə dövrlərə salıram. Yarmarkanı gəzdikcə, yeni insanlarla tanış olduqca doğru düşündüyümə bir daha əmin oldum. Gələnilki bayramda valideynlərimi və övladımı da gətirəcəm ki, onlar da Azərbaycanın təbiətinin, mədəniyyətinin gözəlliyinə, xalqınızın qonaqpərvərliyinə canlı şahid olsunlar".
Milli yeməklər satılan köşklərdən birinin əməkdaşı aşpaz Ruhiyyə Əliyeva deyir ki, məqsədi milli yeməklərimizi layiqincə nümayiş etdirməkdir. Onun sözlərinə görə, yarmarkada nə qədər çox xarici təamlar olsa da, qutab, ləvəngi, dolma yeyənlər yenidən bu köşkün qarşısına qayıdırlar. Turistlər milli yeməklərin adlarını, reseptlərini öyrənib qeyd etdiklərini və bunları evdə də hazırlayacaqlarını söyləyirlər. Bu isə ömrünü milli dadlarımızın hazırlanmasına sərf edən bir xanım üçün böyük qürurdur.
Xeyriyyə bayramı
Meydanı gəzərkən Santa evinin qarşısındakı uzun növbə diqqətimizi çəkir. Şaxta baba ilə şəkil çəkdirmək üçün gözləyən balacaların həyəcanı gözlərindən oxunur. Əlləri, yanaqları soyuqdan qızarmış olsa da, duyduqları sevinc onları isidir. Nəvələri ilə növbədə gözləyən Eldar kişi deyir ki, Elnurla Turqay ilboyu bu günü gözləyirlər: "Burada hər büdcəyə uyğun yeməklər, oyuncaqlar var. Başqa yerdə satılmayan, fərqli görünüşlü, dadlı "fast-food"lar uşaqlara maraqlı gəlir. Bu il bir neçə fərqli yemək köşkləri də əlavə olunub. Yarmarkada hər büdcəyə uyğun alış-veriş etmək mümkündür. Heç kim əliboş qayıtmır. Uşaqlı ailələr üçün ən əsası da elə budur".
"Soyuq əllər, isti ürəy"i dolaşdıqca köşklərin heç birinin boş qalmadığını görmək mümkündür. Oyuncaqlar satılan köşk də bunlardan biridir. Satıcı Səbinə Talıbova deyir ki, uşaqlar bu al-əlvan oyuncaqları seçərkən əməllicə çətinlik çəkirlər: "Köşkə daxil olan kimi gözlərini sevinclə açıb "Bura elə bil nağıldır" deyirlər. Ürəklərincə olan oyuncağı tapanda isə elə sevinirlər ki, o anı izləmək belə insana xoş təsir bağışlayır".
Fəvvarələr meydanında qurulan yarmarkanın şənliyi, əyləncəsi və bəzəyi nə qədər gözəldirsə, onun arxasındakı məqsəd də bir o qədər dəyərlidir. "Soyuq əllər, isti ürək" layihəsi təkcə bayram ovqatı yaratmaqla kifayətlənmir, həm də yüzlərlə uşağa ümid olan xeyriyyə missiyası daşıyır. 2013-cü ildən başlayaraq "Nargis" Fondunun təşkilatçılığı ilə keçirilən bu layihə regionun ən böyük xeyriyyə yarmarkalarından biri hesab olunur. Yarmarkanın sponsorları və kirayəçiləri tərəfindən toplanan vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldilir. Bu səbəbdən burada qurulan hər köşk, seçilən hər oyuncaq, oynanan hər oyun kiçik bədənləri xəstəliklərlə mübarizə aparan uşaqların sağlamlıqlarına qovuşması üçün bir vəsilədir. Valideynlərinin əllərindən tutub meydanı gəzən uşaqlar gələcəkdə də bu ənənəni davam etdirən böyüklərə çevrilirlər.
Ülkər XASPOLADOVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"