21 May 2025 08:35
656
Mədəniyyət
A- A+
"Mənim var-dövlətim ifalarım və bəstələdiyim mahnılardır"

"Mənim var-dövlətim ifalarım və bəstələdiyim mahnılardır"


Vədələşdiyimiz kimi, illərlə çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin Xalq çalğı alətləri kafedrasında - onun iş otağında görüşürük. Köhnə tanışlar kimi hal-əhval tutduqdan sonra masanın üzərindəki tara baxdığımı görüb "Etiraz etmirəm, söhbətə tarı "dilləndirməklə" başlayaq deyirsən, elə də olsun!" dedi.

O, tarı sinəsinə sıxıb sehirli mizrabı simlərə toxundurdu. Barmaqlar pərdələrin üstü ilə gəzdikcə sanki tar dilə gəlib nalə çəkirdi. Mənə elə gəlirdi ki, "danışan" simlər yox, onun ürəyidir. "Bayatı Şur" muğamını ifa edirdi. Başını tarının üstünə qoyub, gözlərini yumub öz aləminə qapılmışdı. İlahi, bu nə ifa, bu nə səsdir belə? Elə bil tar da sahibinin sinəsindən od alıb cuşa gəlmişdi. İlahi, bu, tar səsi deyil, xalqın minillik ruhunun mədəniyyətinin səsidir. O, muğam yox, sevgi nəğməsi, Vətən nəğməsi çalırdı. Ana laylası qədər doğma, əziz səsə bənzəyirdi bu səs...

Kim nə deyir desin, kim nə düşünür düşünsün, tar Azərbaycan xalqının ruhundan yaranmış musiqi alətidir. Azərbaycanda adlı-sanlı məşhur tar ifaçıları çox olub - Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, sonralar Məmmədxan Bakıxanov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov, Əhsən Dadaşov... 

Bu gün də bu sənətin layiqli davamçılarının sayı heç də az deyil. Onlardan biri də 25 may 1950-ci ildə Bakı şəhərində doğulan Zamiq Balarza oğlu Əliyevdir.

Ustad sənətkar söhbətə Nizami Gəncəvidən iqtibas gətirməklə başlayır: "Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan". İnsan gərək sənətinin vurğunu olsun, sənətini sevsin. Bütün sənətlərdə bu belədir. O cümlədən musiqidə də... Əgər qəlbən musiqiyə bağlanırsansa, ondan əl çəkməyəcəksən. Mənə gənc olanda desəydilər ki, sən dünyanı gəzəcəksən, 50-dən çox ölkədə müsiqi mədəniyyətimizi təmsil edəcəksən, Xalq artisti olacaqsan, professor kimi ali məktəbdə dərs deyəcəksən, festivalların qalibi, Prezident təqaüdçüsü olacaqsan, inanmazdım. Deyərdim, bu, çox gözəl yuxudur. Yaxşı yuxudur. Kaş doğru olaydı..." 

Xəyalı onu uşaqlığına, yeniyetməlik illərinə qaytarır. Xatirə dəftərinin vərəqlərini çevirirmiş kimi ehtiyatla keçmişini xatırlayır:

- Atam sürücü işləyirdi. Mənim tarzən olmağımı heç istəmirdi. Deyirdi, tar çalmaqla ailə saxlamaq, ev-eşik sahibi olmaq mümkün deyil. "Sovetski"də - Nərimanov heykəlinin yaxınlığında "40 pilləkən" deyilən məhəllədə yaşayırdıq. "Baksovet"lə üzbəüz 132 nömrəli məktəbdə oxumuşam. O dövrdə bədii özfəaliyyət dərnəkləri, məktəbimizin yanında Yuri Qaqarin adına Pionerlər Evi var idi. Onlar məktəbləri gəzər, istedadlı uşaqları seçib incəsənətin müxtəlif sahələrinə cəlb edərdilər. Mənim də saqqızımı oğurladılar. O zaman 10 yaşındaydım...

Sənətdəki uğurlarından söz salan tarzən ilk uğurundan söz açanda gözləri dolur. Sanki o anların sevincini yenidən yaşayır. İlk qızıl medal aldığı günü belə xatırlayır: "O zaman "Cücələrim" ansamblı məşhur idi. Biz birlikdə ongünlüklərdə, Moskvada, Moldaviyada, "Artek"də dekadalarda iştirak etmişik. 1965-ci ildə 15 yaşım var idi. "Artek" pioner düşərgəsində konsertimiz var idi. Bizə demişdilər ki, İran şahı Rza Pəhləvi və həyat yoldaş Fərəh xanım da orada olacaq. "Bayatı Şiraz" muğamını solo ifa etdim. Tarın ifasını çox bəyəndilər. Bu ifama görə qızıl medalla təltif olundum".

Ömrünün 75 ilini yola salmağa hazırlaşan sənətkar sanki özü də bir həyat məktəbidir. Danışdıqca dinləmək istəyirsən. Bəlkə də ömür boyu musiqi ifa etdiyindən səsi də ahəngdar, həlim bir musiqiyə bənzəyir. "İnsan ona olan yaxşılıqları unutmamalıdır. Bir zamanlar kimlərsə sənin qolundan tutub, yol göstərib yaxşılıq edibsə, "bu, belə də olmalı idi" deyib düşünməyəsən. Sənin də imkanın, yaşın o həddə çatanda gərək sən də kiməsə arxa durmağı bacarasan. Çox xoşbəxtəm ki, qarşıma həmişə yaxşı adamlar çıxıb. İncəsənət Universitetində üçüncü kursda oxuyurdum. Orada da görkəmli sənətkarlar var idi. Şərqdə ilk opera yazan bəstəkar xanım Şəfiqə Axundova, "Dan ulduzu" instrumental ansamblının bədii rəhbəri  Gülarə xanım Əliyeva... Xanəndəliklə isə Qulu Əsgərov məşğul idi. Üçüncü kursda oxuyanda dedilər ki, filarmoniyada baxış var, səni də ora çağırıblar. Mən o zaman bəzən kollektivlərdə olurdum deyə, görünür, diqqəti cəlb etdiyimə görə məni də dəvət etmişdilər. Dəvət olunan on nəfər tarzəndən bir, ya iki tarzən seçdilər. Sınaqdan keçəndən sonra Əməkdar incəsənət xadimi, bəstəkar Ağası Məşədibəyov mənə yaxınlaşaraq "Sən bizim məşqlərə gələ bilərsən?", - deyə soruşdu. O gündən dərslərimi bitirən kimi gedirdim məşqlərə. Çox həvəsli idim. 1970-ci ildə filarmoniyada tarzən kimi işə qəbul edildim. Xoşbəxt sənət adamıyam ki, həmin dövrdə o böyük sənətkarları gördüm, onlarla ünsiyyətdə olub rayonlara qastrol səfərlərinə çıxdım. Filarmoniyaya işə götürüləndə tarım yox idi. Atama dedim ki, filarmoniyada işə qəbul olmuşam, amma tarım yoxdur. "Əgər işə qəbul ediblərsə, səndə bir şey hiss ediblər" dedi. Tar almağa pulum olmadığı üçün atama dedim ki, pul versin. Soruşdu ki, tar var? Xoşuma gələn bir tar var idi, onu çox baha - 400 manata verirdilər. Dedim, bir tar var, amma bahadır. Atam cavabında "Yaxşı tar olsun, baha olması səni narahat etməsin". Nə isə, o tarı aldım. Ömür boyu bir tarım oldu. Bütün dünyanı o tarla gəzdim. O, məni dünyaya tanıtdı, mən də onu..."

Zamiq Əliyev inanclı insandır. Qismətə, taleyə çox inanır. Deyir ki, çalışqanlıqla yanaşı, gərək insanda bəxt də ola. Allah zəhməti sevən Allahdır. Xalq artisti  fikirlərini belə davam etdirdi:

- Taleyim belə gətirdi ki, 3-cü kursda oxuyanda mərhum sənətkarımız Gülarə xanım məni "Dan ulduzu" instrumental ansanblına dəvət etdi. Ansamblda xalq çalğı alətlərindən bir tar, bir də ud var idi. Belə bir ansamblda tək tar ifaçısı olaraq çalışmaq mənim üçün çox böyük şərəf idi. Bir gün Gülarə xanım çağırıb mənə dedi ki, oxuyan solistimiz gəlməyib, sən get radio studiyasında bir lent yazdıracaqsan. Tarımı götürüb getdim. Mənə bir blantrant verdilər. Emin Sabitoğlunun "Bu gecə" mahnısını qorxa-qorxa ifa etdim. Həmin musiqi fondda saxlanılır. İndi də səslənəndə  Gülarə xanıma rəhmət oxuyuram ki, o zaman məni məcbur etməsəydi, indi bunlar olmazdı. Sonra tale belə qismət etdi ki, mən dünyaşöhrətli müğənni Zeynəb xanımla işləməli oldum. O zaman biz ara-sıra rayonlara kiçik heyətlə konsertlərə gedirdik. Mən Ağası Məşədibəyovun rəhbərlik etdiyi kollektivdə dövlət tədbirlərində Zeynəb xanımı müşayiət etmişdim. Bir gün Zeynəb xanıma dedim ki, siz böyük sənətkarsınız, niyə sizin özünüzün ayrıca bir kollektiviniz olmasın? Dedi ki, istərdim olsun. Ancaq necə? Dedim, siz kömək edin, mən onu yaradım. Cavabında: mən istərdim Vəli Qədimov, Aftandil İsrafilov olsun, bacararsan? Düzdür, onlar məndən yaşda da, sənətdə də böyük sənətkar kimi özlərini sübut etmişdilər. Mən gənc idim. Sənətdə yeni-yeni addımlarımı atırdım. Dedim, bacararam. İlk məşqlərimiz 1979-cu ilin sonlarında Yeni il ərəfəsi, Bəstəkarlar İttifaqının binasında oldu. 1980-ci ilin Yeni il axşamı  gecə saat 12 radələrində həmin heyətlə Azərbaycan televiziyasında çıxış etdik. Bu çıxışımız xalq üçün sürpriz oldu. Üstündən üç-dörd ay keçmiş, 1980-ci ildə Daşkənddə müsiqi ongünlüyü oldu. Biz də Zeynəb xanımın iştirakı ilə  kollektiv olaraq ilk dəfə orada çıxış etdik. Özbəkistan səfərimiz çox uğurlu alındı. Bundan sonra xarici səfərlərimiz başladı. İlk xarici səfərimiz İspaniyaya oldu. Barselonada, Madriddə, Valensiyada, Seviliyada və bir çox şəhəri gəzib konsertlər verdik. 

Xarici səfərlərdən bəhs edən tarzən bildirdi ki, onlardan ən yaddaqalanı Əfqanıstan səfəridir:

- Bakıda dövlət tədbirində idik. Konsertə Ulu Öndər Heydər Əliyevlə birlikdə Moskvadan gəlmiş Sov.İKP Siyasi Bürosunun üzvü də iştirak edirdi. Moskvadan gələn qonaq Zeynəb xanımın çıxışını görüb Ulu Öndərdən soruşub ki, Zeynəb xanıma təklif etsək, Əfqanıstanda konsert verməyə gedərmi? O zaman - 1982-ci ildə Əfqanıstanda vəziyyət yaxşı deyildi. Təsəvvür edin ki, gəlib bizə dedilər, Zeynəb xanım da dedi ki, məmnuniyyətlə gedərəm. Xatirimdədir ki, vəziyyətlə bağlı təyyarəmiz enə bilmədi. Biz Cəlalabad şəhərinə düşdük. Açıq yerdə böyük bir çadır qurmuşdular. Biz ora SSRİ-nin bir çox mədəniyyət, musiqi xadiminin təmsil olunduğu qrupla getmişdik. Azərbaycandan yalnız biz idik. 

Ustad sənətkar deyir ki, sənət aləmində sözünü demək istəyirsənsə, hər addaımbaşı yenilik axtarmalısan: "Ağaxan müəllimin sinfində Asəf Zeynallı adına texnikumda Simarə adlı bir qız birinci sinifdə oxuyurdu. Ağaxan bizə dedi ki, sinfimə bir qız gəlib, yaxşı olar ki, gəlib ona qulaq asasınız. Mərhum sənətkar Ədalət Vəzirovla gəlib qulaq asdıq. Bir "Mirzəhüseyn" segahı oxudu, xoşumuza gəldi. O zaman mənim gənclərlə ikinci bir kollektivim var idi. İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində gənc ifaçılarla işləyirdim. Simarə mənə yaxınlaşdı ki, məşqlərə sizin yanınıza gələ bilərəm? Dedim ki, gəl. Beləliklə, bizim Simarə xanımla birgə işimiz başladı. Mən onu böyük səhnəyə hazırladım. Nə mənada? Muğamı onsuz da ustadından öyrənirdi. Mən ona bəstəkar mahnılarını, təsnifləri, xalq mahnılarnı, zərb muğamlarımızı müşayiətlə oxumağı öyrətdim. Əmin olandan sonra bu adam böyük səhnədə istədiyimiz nəticəni əldə edə biləcək, Polad müəllimdən xahiş etdim ki, bu gənc xanım ifaçı Ulu Öndərin iştirak etdiyi dövlət tədbirində oxusun. O zaman Ulu Öndərin qarşısında sınaqdan çıxmamış 18 yaşlı bir xanımın ifasına şərait yaratmaq böyük risk tələb edirdi. Amma mən arxayın idim ki, Simarə bunu bacarar. Bir qədər vaxt keçdi. Dövlət tədbiri var idi. Polad müəllim bizim ifamızı iki dəqiqə dinləyib dedi ki, axşam saat 5-də burada olun. Simarəyə dedim ki, axşam geyimin çox səliqəli olsun. Səhnəyə kəlağayıda çıxacaqsan. Belə də oldu. Bu çıxışımız Ulu Öndərin xoşuna gəldi. Polad müəllimə demişdi ki, səhər xarici səfərə gedirəm. Bu üç nəfəri də hazırlayın, mənimlə gedəcəklər. Bundan sonra Ulu Öndər özü ilə bizi bir neçə dəfə xarici ölkəyə apardı".

Azərbaycan xalq musiqisinin uğurundan danışan tarzən deyir: "Qürurluyam ki, belə bir uğura imza atan ilk adamlardan biri də mənəm. Bir gün Mədəniyyət Nazirliyindən mənə zəng vurub dedilər ki, Səmərqənddə 46 ölkənin iştirakı ilə "Şərq təranələri" adlı ilk beynəlxalq festival keçirilir, ora gedəcəksiniz. Yay ayları idi. Səmərqənd çox isti olur. Getmək istəmədim. Polad müəllim dedi ki, mütləq siz gedəcəksiniz. Dedim, onda bir şərtlə gedərəm ki, yetirməm Simarə İmanova da bizimlə getsin. Ora başqa adamı göndərmək istəyirdilər. İsrar etdiyimi, ciddi olduğumu görüb razılaşdılar. Səmərqənddə 46 ölkədən gəlmiş böyük musiqi kollektivləri təmsil olunurdu. Azərbaycanı üç nəfər - Ədalət Vəzirov, Simarə İmanova və mən təmsil edirdik. Çox gözəl çıxış edib "Qran-pri" mükafatını aldıq.  Orada dünyanın 10 ölkəsindən gəlmiş münsiflər heyəti bizi seçmişdi. Sonra münsiflər heyəti bizi öz ölkələrinə dəvət etdilər. Azərbaycana qayıdan kimi Heydər Əliyev üçümüzü də qəbul edib fəxri adlarla mükafatlandırdı. Bu da bizə böyük yaradıcılıq stimulu verdi".

Dövlət tədbirlərində iştirakından danışan professor Zamiq Əliyev deyir: "Uzun illər dövlət tədbirlərinin iştirakçısı olduğumdan niyə mən səhnəarxası görüşlər" adlı bir kitab yazmayım? deyə düşündüm. Ulu Öndər dövlət tədbirlərində iştirak edəndən sonra nə qədər yorğun olsa da, sənət adamları ilə görüşüb onlara tövsiyə, xeyir-dua verməsinin şahidi olmuşam. Fikrimi Mədəniyyət Nazirliyinə bildirdim. İdeyam bəyənildi. Ulu Öndərin 90 illiyində bu kitab çapdan çıxdı. Sonra mən fikirləşdim ki, həmin kitab niyə üç dildə - Azərbaycan, rus və ingilis dillərində olmasın? Belə də etdim. Kitabı üç dildə nəşr etdirdim. İstəyirdim ki, bütün dünya Ulu Öndərin sənətə və sənətkara olan münasibətini bilsin".

Ömrünün 75 ilini yola salan ustad sənətkar deyir: "Sənət adamının ən böyük qazancı ondadır ki, özündən sonra elə bir var-dövlət qoysun ki, ona ölməzlik qazandırsın. Mənim var-dövlətim ifalarım və bəstələdiyim mahnılardır. Hər dəfə tarı sinəmə sıxanda deyirəm: "Oxu tar, oxu tar, səni kim unudar".


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şimali Makedoniyalı nümayəndə: QDİƏT PA-nın bir parçası olmaq ölkəmiz üçün böyük şərəfdir  

12:11
18 İyun

Ombudsman İnstitutlarının Avropa Şəbəkəsinin rəhbəri: Qarşıdan gələn illərin daha da çətin olacağı görünür  

12:11
18 İyun

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşi Fəxri xiyabanı ziyarət edib

12:07
18 İyun

Fərhad Abdullayev: Konstitusiya Məhkəməsi ilə Ombudsman təsisatı arasındakı qarşılıqlı münasibətlər böyük əhəmiyyət kəsb edir  

12:06
18 İyun

Ziyafət Əsgərov: Dövlət insan hüquq və azadlıqlarına xüsusi diqqət yetirir  

12:05
18 İyun

Prezident İlham Əliyev: Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququna hörmətlə yanaşmalıdır  

12:04
18 İyun

Şimali Makedoniya Respublikası Assambleyasının sədri Bakıda Zəfər parkını ziyarət edib  

12:00
18 İyun

Braziliyalı professor: COP30-a hazırlıq dövründə fəal əməkdaşlığa görə Azərbaycan dövlətinə minnətdarıq  

11:59
18 İyun

Türkmənistanın səfiri: Azərbaycanın beynəlxalq platformalarda ölkəmizin təşəbbüslərini dəstəkləməsini yüksək qiymətləndiririk

11:58
18 İyun

Afrim Qaşin: Parlament demokratiyası ölkələrimiz arasında davamlı münasibətlərin qurulmasında əsas vasitədir  

11:56
18 İyun

“Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına

11:50
18 İyun

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

11:49
18 İyun

Gündüz Kərimov: Azərbaycanda müasir, savadlı və vicdanlı hakim korpusu formalaşıb  

11:49
18 İyun

Milli Məclisin sədri Sahibə Qafarovaya QDİƏT PA-nın fəxri medalı təqdim olunub

11:48
18 İyun

Pirəkəşküldə istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatları məhv ediləcək  

11:47
18 İyun

Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər  

11:46
18 İyun

Azərbaycan ilə Maldiv vətəndaşları qarşılıqlı viza tələbindən azad edilir

11:45
18 İyun

Ombudsman: Ölkəmiz işğalçılıq və etnik təmizləmə siyasətinin fəsadlarından hələ də əziyyət çəkməkdədir  

11:44
18 İyun

Fuad Ələsgərov: Azərbaycan məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir  

11:31
18 İyun

Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir YENİLƏNİB

11:23
18 İyun

Nataliya Kiselova: Qara dəniz regionunda davamlı inkişaf yalnız iqtisadi əməkdaşlıq gücləndirilməklə təmin edilə bilər  

11:01
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!