Məşhur rus tənqidçisi Belinskinin bir sözü yadıma düşür. Yaranan əsərlər də doğulan körpələr kimidir. Körpələr ana bətnində yaranır, sonra dünyaya göz açır, ayaq tutub yeriyir, böyüyür. Əsərlər isə hər bir müəllifin təxəyyülündə, təfəkküründə, ürəyinin dərinliyində dönə-dönə təkrar olunur, sonra sətirlənir, vərəqlənir, cildlənir.
Bu yazının qəlbimdə, beynimdə nə vaxt yarandığını, kök saldığını xatırlaya bilmirəm. Ancaq onu bilirəm ki, uşaq idim. Qayğılardan uzaq, dəcəl bir uşaq... Bir də kəndimiz... Və mənə onda elə gəlirdi ki, kəndimizdən başqa dünyada heç bir kənd yoxdur. Hər tərəfdən dairəvi şəkildə yerlə birləşən göy qübbəsi elə bil onun üstünü qapayırdı. Gecələr isə bu qübbəni dəlmə-deşik edən ulduzlar onu nənəmin aş süzdüyü qorapalana (aşsüzənə) oxşadırdı. Bir də onda mənə elə gəlirdi ki, göydəki günəş, ay, ulduz - hamısı ancaq bizim kəndindir və bizim üçün yaranıbdır.
Haradansa bir gün ağlıma gəldi ki, kəndimizin qurtaracağına gedib, yerlə göyün birləşdiyi yeri görməliyəm. Hətta qərara da aldım ki, ora diqqətlə baxacağam, dabanımı qaldırıb göyün ətəyinə əlimi də vuracağam. Qaçdım ora tez çatım deyə. Ancaq nədənsə o yer də məndən qaçırdı. O qədər qaçdım ki, lap əldən düşdüm. Bir də kənd evlərindən nə qədər aralandığımı bilmək üçün dönüb geri baxdım. Lakin heç bir şey görünmürdü. Hətta kəndimizin hər tərəfindən açıq-aydın görünən, sanki səmanı çiyinlərində saxlayan, Sabir müəllimin babası Fətulla kişinin haçansa əkdiyi nəhəng qovaq da gözə dəymirdi. O qovaq ki, Şorsulu adlı kəndimizi məşhur etmişdi. Axıb gedən çayın sahilindəki bu qovağın yuxarı gövdəsində taxtadan restoran da tikmişdilər. Bakı - Astara şose yolu ilə gedən avtobuslar, maşınlar xüsusilə yay aylarında burada dayanar, adamlar sudan, çaydan içib, çörək yeyib sonra yollarına davam edərdilər. Kənd uşaqları kiçik taxta yeşiklərdə iris (südlü karamel), üzüm, qaynadılmış qarğıdalı satıb özlərinə dərs ləvazimatı, əyin-baş üçün pul qazanardılar. Orta məktəbin 7-ci sinfində oxuyarkən ilk qələm təcrübəsi kimi "Qovaq" adlı şeirimi də bu təəssüratdan yazmışdım. İki misrası indi də yadımdadır:
Qovaq doğma kəndimizdə babalardan
yadigardır,
Görkəmilə gözümüzdə keçmişləri
xatırladır.
Qarşımda isə başqa bir dünya, başqa bir kənd vardı. Torpağı, səması, günəşi eynilə bizimki kimi. Geri qayıtdım və anladım ki, dünya ancaq bizim kənddən ibarət deyilmiş. Torpaq, səma, günəş, ay, ulduzlar yalnız bizim deyil, onlar bütün dünyanındır, özü də hamıya eyni gözlə baxır, heç kəsdən səxavətlərini əsirgəmirlər. Hərdən ağlıma belə bir fikir gəlir ki, yaxşı ki, günəş və havanı insanlar özəlləşdirə bilməyiblər.
Nənəm kəndimiz, onun keçmiş insanları haqqında maraqlı söhbətlər edərdi. Başımı dizinin üstünə qoyub dinlədikcə haçan yuxuya getdiyimdən xəbərim olmazdı. Müharibə vaxtı Əbilqasımın, Yalamadodaq Hüseynin NKVD-yə danos verdiklərindən, camaatın başına olmazın oyunlar açdıqlarından, kənardan da Pişan adlı quldurun dəstəsinin kəndi çalıb-çapmasından danışardı. Sonralar bu haqda "Nənəmin xatirələri" adlı bir şeir nümunəsi yarandı:
Əlində tatarı, belində nağan
Pişan kəndə girdi, haray qopardı
El-oba batardı tapdağı altda,
Atını belədən-belə çapardı.
Gəlib talardı o, nəyimiz vardı,
Həddimiz olmazdı bir söz deməyə.
Arpanı-buğdanı ata çatardı,
Biz möhtac qalardıq tərə yeməyə...
Bizim Mirzəmi (Mirzə əmi) dediyimiz əmimizin oğlu Əbilin müharibədən hələ də qayıtmaması, daha doğrusu, dava qurtarandan sonra bütün əsirlikdə olanlar kimi Stalinin əmri ilə onun da dustaq edilməsi nənəmi üzürdü. Gecə-gündüz ağlamaqdan hətta gözləri tutulmuşdu.
Atam müharibədən sonra ata ocağının qonşuluğunda özü üçün ev tikmişdi. Mən və qardaşlarım nənəmin Sarıqız adlı inəyini həyətə gətirmək üçün hər gün axşamçağı naxır qabağına gedirdik. Sarı rəngli bu inəyin qəribə yerişi vardı. Yeridikcə dırnaqları yavaşca şaqqıldayırdı. Bu, Sarıqızı nəzərimizdə daha cazibədar edirdi. Nənəm gözü görməsə də inəyi özü sağar, qatıq çalardı. Sağınımız olmadığı üçün atama demək olar ki, hər gün qatıq verərdi. Bir gün qardaşlarımdan hansısa gedib nənəmə deyir ki, atam qatıq istəyir. Nənəm bir az əvvəl digər qardaşımdan qatığı göndərdiyini söyləyir. Bu əhvalatdan sonra nənəm atama qatıq üçün uşaq göndərəndə cib dəsmalını da ona verməsini tapşırır. Həmin gündən başlayaraq nənəm atamın dəsmalını alıb iylədikdən və əmin olduqdan sonra qatığı bizə verərdi.
Kəndimizdən ayaq tutub neçə-neçə kəndlər, şəhərlər gəzib-dolaşdım. Hərəsinin də öz insanları, öz təbiəti, öz gözəlliyi. Şəhərlər daha cazibədar, daha füsunkardır. Onların göydələn deyilən çoxmərtəbəli binalarına baxanda adamın papağı düşür. Yaraşıqlı küçələrilə şütüyən cürbəcür maşınlar, insan axını başqa bir aləmdir. Şəhərlərin gözəl bağları, parkları, xiyabanları, restoranları, daha nə bilim nələri, nələri var. Salyanın Şorsulusu isə onların heç birinə bənzəmir. Elektrik dirəklərinin körpə uşaq kimi yıxıla-dura ayaq tutub kəndimizə gəlməsi bu gün də yadımdadır. Bu gəlişlə adamların dünyagörüşü, həyat tərzi dəyişdi. Hər evdə elektrik lampası şölələndi. Kəndimizdə ilk televizoru sürücü işləyən qonşumuz Fəxrəddin alıb gətirmişdi. Həmin gün demək olar hamı onun evinə yığışmışdı. Anten dirəyi qaldırıldı. Handan-hana ağ-qara ekranda şəkillər göründü. Hamı uşaq kimi sevinirdi. İşığın gəlişi ilə kəndimizdə hər şey dəyişmişdi. Bizim kənd digər kəndlərə nisbətən inkişaf etmiş hesab edilirdi. Savadlı adamları da müqayisədə çox idi. Bu, əsasən, kəndimizin Bakı-Astara magistral şose yolunun lap yaxınlığında yerləşməsi ilə bağlı idi. Yol kəndimizə paralel çəkilmişdi. Ümumiyyətlə, yol kənarında olan kəndlər tarixən inkişaf etmiş olublar.
Bizim M.F.Axundov adına kolxozun sədri Aslan Qəhrəmanov ətraf kəndlərin təsərrüfat rəhbərləri ilə müqayisədə mütərəqqi fikirli adam idi. O, kolxoz idarə heyəti ilə birlikdə o dövr üçün müasir sayılan bir klub tikdirmişdi. Hörmətli adam olduğundan mədəniyyət evinin açılışına rayondan, Bakıdan çoxlu sayda qonaq gəlmişdi. Kənd adamları Zeynəb Xanlarovanı ilk dəfə burada görüb mahnılarına canlı qulaq asmışdılar. A.Qəhrəmanov kluba nərd, domino, dama, bilyard da aldırıb qoydurmuşdu. Kiçik həcmdə olan bilyardın şarları dəmirdən idi. Məktəbdən gələndən sonra mən və yoldaşlarım axşamüstü kluba gedib stolüstü oyunlar oynayardıq. Mənim həvəsim daha çox bilyarda olardı.
1988-ci ilin yazı idi. O vaxt Salyan Rayon Partiya Komitəsində təşkilat partiya işi şöbəsinin müdiri işləyirdim. Birinci katibin tapşırığına əsasən hazırlanan məsələ üzərində MK-nın məsul işçisi ilə (bir neçə il sonra Cəlilabad Partiya Komitəsinə birinci katib göndərilən Eybalı Ağayevlə) bir yerdə işləyirdik. Bir gün nahar yeməyindən sonra qonaq evinin birinci mərtəbəsində qoyulan bilyardı görüb oynamağı təklif etdi. Onu udduğumu görüb: "Deyəsən, sizin işiniz-gücünüz bilyard oynamaqdır", - dedi. Etikanı gözləyib heç bir söz demədim. Amma özüm yaxşı bilirdim ki, bu, yeniyetməlik dövründə kolxoz klubunda öyrəndiyimin nəticəsi idi.
Harada olmuşamsa kəndimiz yadıma düşür, onsuz heç yerdə uzun müddət qərar tuta bilmirəm. Yəqin ki, anaları bir yerə gedəndə azyaşlı uşaqların onların dalınca necə ağladıqlarını hamı görüb. Bax mən də kəndimiz üçün elə darıxıram, elə doluxuram. Bu hissləri Rusiyada hərbi xidmətdə olduğum zaman çox yaşadım. Özü də axşam çağları. Günəş qürub edəndə. Ömrümdə fərəhli, qəmli anlarım çox olub. O sevincdən istəmişəm ki, kəndimizə də pay düşsün. Kədərli vaxtlarımda Şorsulunun dost qədri bilən oğullarını görmək istəmişəm. Elə bilmişəm ki, onlar yanımda olsalar, dərdim-qəmim azalar. O oğullar ki, heç vaxt qürurlarını sındırmayıblar, nadana, cahilə baş əyməyiblər, şəxsiyyətlərini, ləyaqətlərini uca tutublar.
Təkcə oğulları deyil, qızları, gəlinləri də zəhmətkeşdir Şorsulunun. Müharibə zamanı kişilər davaya gedəndə onlar arxa cəbhədə gecə-gündüz çalışmışlar, kişiləri əvəz etmişlər. Belə qadınlardan biri də Bibinisə Eyvazova idi. Kişi hünərli bu qadın ömrünü-gününü kolxoz təsərrüfatına həsr etmiş, suçu işləmişdi. Macal tapıb ailə həyatı da qurmamışdı. İstidən, soyuqdan sifəti tunca dönmüşdü. Sanki canlı heykəl idi. Ulu Öndər Heydər Əliyev onunla 70-ci illərdə tarlada görüşüb, işi-gücü, həyatı ilə maraqlanmışdı. Çox çəkməmişdi, ona Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. Bu məni də hədsiz dərəcədə sevindirmişdi və yazmışdım:
Şorsulu sevincdən don geyinibdir,
Bu dona bu ulduz gözəl yaraşır.
Təbrikə gəlmişdir Akkuşa çayı,
Sahilə sığmayıb, hey aşıb-daşır.
Harada bir toy görürəmsə, kəndimizin toyları yadıma düşür. Nəcəfqulunun hər toy günündən bir gün əvvəl at belində kəndin başından tutmuş ayağına kimi bütün evlərə "sabah filankəsin oğlu filankəsin toyudur", - deyə car çəkməsi qulaqlarımda səslənir. Qızların, gəlinlərin sığallanıb, xonçalanıb durna qatarı kimi toy yerinə yollanması, aşığın saz havası, toyxana başında sevgililərin bir-birini oğrun-oğrun gözaltı süzməsi gözlərim önündən gəlib keçir.
Son mənzilə yola salınan bir tabut görmüşəmsə, kənddə birisi rəhmətə gedəndə hamının bir nəfər kimi hüzr sahibinin dərdinə şərik olmaq üçün yas yerinə yollanması gəlib keçir gözlərimin önündən.
Yerlər görmüşəm, zümrüd meşəli, şəlalə saçlı, dağlı-dərəli. Akkuşa çayı boyunca düzülən salxım söyüdlərdən, üzümlü, əncirli, bol meyvəli bağlardan isə heç yerdə görməmişəm. Düzlərdən keçmişəm - ucsuz-bucaqsız, zəmiləri göz işlədikcə dəniz kimi dalğalanan düzlərdən. Həmin zaman kəndimizin çöllərini, düzlərini görmək istəmişəm. O çöllərini ki, yazığın bağrı duz əlindən doğram-doğram olub. Deyirəm, bölünmüş bu torpağı ağ və qara boyasalar, dünyanın şahmat yarışını bəlkə də bizim çöllərdə keçirmək mümkündür. Bu çölləri - Babaşəkəni, "Qobu ayağı"nı, Qarayanığı, Cavad və Hacı Hüseyn çalalarını və digər yerlərini qarış-qarış gəzmişəm. Payız-qış aylarında Mahmudçala gölündə ördəyini, qazını ovlamışam. Yazda yemliyini, quşəppəyini, sonra böyürtkənini yığmışam. Bu çöllərdə yay aylarında, məktəbdən tətilə buraxılarkən kolxozda işləmişəm, xırman döymüşəm, mala çəkmişəm, pambıq yığmışam. Hətta macal tapıb 11 uşaq böyütmüş qəhrəman ana haqqında "Sura xala" adlı şeir də yazmışam:
Kündələri xırda-xırda yayardın,
Uşaqları süfrə üstə sayardın.
Az olanda südə su da qatardın:
"Balalarım heç küsməsin", - deyərdin.
Ən axırda öz payını yeyərdin.
Valehinlə bir xırmanı döymüşük,
Altdan çıxan arpasını bölmüşük.
Az-çox üstdə bir-birini söymüşük.
Heç bilmirəm, hara getdi o günlər?
"Keçən günə gün çatmazmış", - deyiblər.
Valeh dediyim Valeh Quliyev indiki Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib, təhsilini davam etdirmək üçün SSRİ zamanında Moskvaya gedib, elmlər doktoru, professor, Rusiyanın görkəmli alimlərindən biri olub.
Çöllərimizi, düzlərimizi suvaran Səpmə arxı illər keçdikcə sökülüb-dağıldı. Adamlar onun yerində yurd salıb ev tikdilər. Arxın belə vəziyyətə düşməsi yeniyetməlik dövründə mənə pis təsir edirdi. Düzdür, onun əvəzinə digər yerdən daha müasir kanal çəkmişdilər. Amma nədənsə, mən o vaxtlar bunu vəfasızlıq kimi qəbul edirdim. Hətta o zamanlar belə bir şeir də yazmışdım:
Keçmişimdən bu günümə
heykəlsənmi,
Keçmişimə baxmaq üçün
çeşməksənmi,
Səpmə arxı?
Pambığımız, taxılımız
yanan zaman
Ovucunla suvarmısan
düzləri sən.
Arvad-uşaq tənəsindən
Qoymamısan qızarmağa
üzləri sən,
Səpmə arxı.
İllər keçib başın üstdən
yellər kimi,
Yuyub səni aparıblar
sellər kimi,
Səpmə arxı.
Bala Kürdən Qarayanıq
düzünəcən
Adda-budda izin qalıb.
Odun sönüb, külün qalıb,
Səpmə arxı.
Gördüm səni, keçmişlərin
düşdü yada.
Vaxt olub ki, kəndimizə
Çörək olub, su olmusan.
İndi sən də babam kimi,
atam kimi
Artıq yoxsan,
Səpmə arxı.
Çaylar görmüşəm - Ana Kürdən ayrılıb gələn, Salyanın və Neftçalanın cənub hissəsində yerləşən kəndlərin bağ-bağatlarını, əkinlərini suvaran Akkuşa çayı yadıma düşüb. Bu çay kəndimizin ortasından keçərək onu elə ikiyə bölüb ki, yuxarıdan kəndimizə baxan olsa, onu açılmış kitaba bənzədər. Bu kitabın səhifələri isə biz muğanlıların Kürün boz-bulanıq suyunu daş süzgəcdə damcı-damcı süzüb içdiyimiz kimi, babaların, nənələrin yaddaşından süzülə-süzülə bu günümüzə gəlib çıxan acılı-şirinli xatirələridir.
"Nöqsansız yalnız uca Tanrıdır" kəlamı cəmiyyət yaranandan, insan övladının ağlı kəsdiyi vaxtdan öz təsdiqini tapmışdır. Bu günün özündə inkişaf etmiş, "demokratiyanın beşiyi" hesab olunan ölkələrdə haqsızlıqların, xüsusən ikili standartların, etnik və dini dözümsüzlüyün baş alıb getdiyini görürük. Və bu zaman yaddaşım məni geriyə - ömrümün müəyyən hissəsini yaşadığım sovet dövrünə aparır. O, acısı-şirini ilə tariximizin, ömrümüzün bir hissəsidir. Sovet hakimiyyəti süquta uğrayandan sonra kimin nə əyri işi vardı onun adına yazdı. Üstəlik də 70 ildə yaradılanlar, tikilib-qurulanlar 7 ayda yerlə yeksan edildi. Halbuki sosializm cəmiyyətinin, sovet sisteminin səhvləri, çatışmazlıqları olsa da, yaxşı cəhətləri, üstün xüsusiyyətləri də az deyildi. Gəlin etiraf edək ki, onda adamlar indi olduğu qədər pula, mala, dövlətə, sərvətə həris deyildilər. Mənəviyyat, insanlıq bu qədər aşınmaya məruz qalmamışdı. Adamların gözü-könlü müəyyən mənada tox idi. Elə buna görə çoxları indi o günləri həsrətlə xatırlayır. Kolxozçular Həmkarlar İttifaqının xətti ilə payız-qış aylarında sosialist ölkələri sayılan Polşa, Çexoslovakiya, Almaniya Demokratik Respublikası, Bolqarıstan, eləcə də keçmiş SSRİ-nin müxtəlif yerlərinə, şəhərlərinə səyahətə, müalicə və istirahətə gedərdilər. Kəndimizdəki M.F.Axundov adına kolxozda arabaçı işləyən Xanlar kişinin mənimlə həmyaşıd oğlu Nurməmmədin burun nahiyəsinə tez-tez çıxan şiş bütün üz nahiyəsini bürüyər, uşaq nəfəs ala bilməz, gözləri görməzdi. Onu kolxozun maliyyə dəstəyi ilə bir neçə il dalbadal Moskvadakı onkoloji xəstəxanaların birinə aparıb müalicə etdirdilər. Nurməmməd Feyzullayev bu gün də yaşayır.
Bununla belə, başqa reallıqlar da var idi. Kəndimizdə Məlikov Ərəstun adlı bir həkim vardı. Həyat yoldaşı Çimnaz xanım da həkim idi. Tibb Universitetində təhsil alarkən bir-birini sevib-seçmişdilər. Ali məktəbi bitirəndən sonra ailə qurmuşdular və hər ikisi Şorsulu xəstəxanasında həkim işləyirdi. Onlar özlərinə şərait yaratmaq üçün torpaq görürüb ev tikməyə başladılar. Gəl ki maşın hər dəfə həyətlərinə mişar daşı gətirəndən sonra "OBXSS" (SƏDM) əməkdaşları qonurdular üstünə. Yazıqlar axırda bezib saldıqları yurdu yarımçıq sataraq köçüb getdilər. Raykomun bürosunda 11 mişar daşından hündür ev tikən adamların partiya cəzası aldığını və işdən çıxarıldığını da az görməmişəm. Şükürlər ki, indi belə qadağalar yoxdur. Bu gün kəndimizdə yeni, müasir evlər tikilir, bir neçə şadlıq evi, içində nə desən tapılan kommersiya dükanları fəaliyyət göstərir. Kəndimizdən neçə-neçə adamın Bakıda da evi var.
Bu yerdə yenə yadıma bir hadisə düşdü. Orta məktəbin 8-ci sinfində oxuyurdum. Novruz bayramına 3-4 gün qalmışdı. Kənd mağazası da evimizin təqribən 20-30 metrliyində idi. Xəbər yayıldı ki, bayram münasibətilə mağazaya İran xurması gəlib. 15 kiloqram xurma çox az adama çatdı və mən ilk dəfə onda xurma gördüm. İndi bu, bəlkə də inandırıcı deyil. Çünki indi kənd adamlarının çoxunun rahat ev-eşiyi, qapısında xarici markalı minik maşını var. Bu gün kənddə o ailə yoxdur ki, pay torpağı olmasın, həmin pay torpağından qazanc götürməsin, təbii ki, işləyərsə. Və çox yaxşı haldır ki, indi belələrinin sayı çoxdur. Təxminən 10 il əvvəl torpağını satmağa və ya icarəyə verməyə meyil göstərən mülkiyyətçilər indi özləri əkib-becərir və yaxşı da qazanc əldə edirlər. Bakıya, Sumqayıta üz tutanlar geri dönürlər. Bax müstəqilliyimizin ilk illərində yaranan çətinliklər hər yerdə olduğu kimi, Şorsulu kəndində də beləcə aradan qaldırılır. İnsanların həyat şəraiti durmadan yaxşılaşır.
Vaxt, zaman bir yerdə durmur. Zamanın axarında hər şey dəyişir, yeniləşir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində Şorsulu kəndində çoxsaylı iş görülüb. Yeni məktəb binası, idman zalı, Birinci və İkinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlər üçün xatirə kompleksi tikilib, istehsal sahələri yaradılıb, kəndarası yollara asfalt döşənib, hər bir evə internet xətti çəkilib. Bu gün əhali fasiləsiz olaraq elektrik enerjisi və təbii qazla təmin olunur.
Ümumiyyətlə, şəhərlərimiz, qəsəbə və kəndlərimiz inkişaf edir, abadlaşır. Ən başlıcası isə biz müstəqil, qalib ölkənin vətəndaşlarıyıq. Fəxr etməliyik ki, Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad olunmasını gördük, onun sevincini, qürurunu yaşadıq. Bu isə o deməkdir ki, Azərbaycanın, o cümlədən mənim kəndimin daha xoş, firavan günləri hələ qarşıdadır.
Göz açdım dünyaya sənin qoynunda,
Haqq-sayın çoxdur mənim boynumda.
Xeyrində, şərində - hər bir anında
İstərəm hər zaman yanında olum,
Mənim doğma kəndim, mənim Şorsulum.
Harda olmuşamsa, səni anmışam,
Özümə ən yaxın sirdaş sanmışam.
Əgər yanmışamsa, sənə yanmışam.
Səndən başlamışdır cığırım, yolum,
Mənim doğma kəndim, mənim Şorsulum!
Sən yuva, mən isə köçəri bir quş,
Yuvadan başlayır ilk dəfə uçuş.
De qoca dünyanı kim tutub durmuş?!
Sən mənim qanadım, sən mənim qolum,
Mənim doğma kəndim, mənim Şorsulum!
Sənsən ana yurdum, elim, obam da.
Qoynunda uyuyur atam, babam da.
Məni də qucarsan bir gün - son anda.
Dünənim, bu günüm, sabahım, ulum,
Mənim doğma kəndim, doğma Şorsulum!
Seyran CAVADOV,
"Azərbaycan"
Ömür yolum
Dünyadan köçdü anam,
Dünyaya gəldi nəvəm.
Birinin gedişindən
Ağlayıb üzülürəm,
Birinin gəlişindən
Sevinirəm, gülürəm.
Belə keçibdir ömrüm,
Sevincli, həm kədərli.
Həm yağmursuz il kimi
Qovrulub arzularım,
Həm yağmurlu il kimi
Arzularım bəhərli.
Qazanıb itirmişəm...
Əlimin qabarıyla,
Kirpiyimin ucuyla
Oddan köz götürmüşəm.
İndi baxıb görürəm,
İllər ötüb yel kimi.
Bəzən dönüb lal olub,
Bəzən coşub sel kimi.
Ömrümün azı qalıb,
Çoxunu xərcləmişəm.
Toplayıram, vururam...
Özümə sual verib,
Şagird məsumluğuyla
Lövhə öndə dururam.
Nə vermişəm elimə?
Nə vermişəm obama?
Bu ömürlə, bu yaşla
Az qalmışam çatam mən
Atama, həm babama.
Bəlkə, sabah bəd xəbər,
Bəlkə, sabah bir xəta
Döyəcləyib qapımı
Deyəcək ki, gəlmişəm,
Buyur, mənimlə gedək.
Nə edərəm mən onda?
Axı nə etmək olar?
De, necə vermək olar
Bir ömürün borcunu
Son məqamda, son anda?
Arzular, qayğılarla
Yüklənibsə ömürlər,
Hər saatın, günün də,
Hər ayın da, ilin də
Öz mənası, adı var.
Ömrün fəsillərinin
Öz meyvəsi, dadı var.
Bu gün əkməlisənsə,
Bir ağacı əgər sən,
Gərək bu gün əkəsən.
Zaman yetişibsə, sən
Torpağın sinəsinə
Səpəcəyin toxumu
O zaman səpməlisən -
Məqamında, yerində...
Sözü gətirsən dilə,
Hədəfə dəydi güllə.
Deməli, sən qalibsən.
Vaxt ki keçdi, gec olur.
Çəkdiyin o zəhmət də
Bəzən dönüb heç olur.
Əlvida, ötən illər.
Siz günlərlə, aylarla
Böyüyüb boy atdınız.
Özünüz qocalırkən
Məni də qocaltdınız.
Amma bir fərqimiz var:
Neçə yaxşı əməllə,
Gələcəyə yol açan,
Qaranlığa nur saçan
Möhkəm-möhkəm təməllə
Siz tarixə düşdünüz,
Siz tarixdə qaldınız.
Bəs mənim nəyim qalıb?
Heç özüm də bilmirəm.
Salam, gələn sabahım!
Sizin əlinizdədir
Olan səhvim, günahım.
Siz mənə hünər verin,
Siz mənə təpər verin.
Yarımçıq işlərimi
Qurtarıb başa vurum.
Ömrümün keçmişinə
Olan bütün borcumu
Ödəyib rahat ölüm.
Başqa yoxdur diləyim.
Bunları asta-asta
Köksümdən qulağıma
Pıçıldadı ürəyim.
Mənim bir təsbehim var
Mənim bir təsbehim var,
Dənələri ağlı-qaralı,
yaxşılı-yamanlı.
Tökülür təsbehimdən gilələr
bir-bir.
Heç bilmirəm, hara düşür,
harda itir.
Bir ömrün zirvəsinə
qalxandamı?
Pillələrin arxasınca
baxandamı?
Eh! Heç qorxmuram,
qoy tökülsün.
Bir dənəsi qalmasın da.
Ancaq, ancaq... Bir arzum
var:
İtirdiyim dənələri
Kaş sevənlər tapaydılar,
Kaş sevənlər tapaydılar!