Muğamlarımız milli yaddaşımızın, tariximizin, mədəniyyətimizin, dünyagörüşümüzün, düşüncələrimizin ən ülvi təcəssümüdür. Muğamlarımız xalqımızın min illər boyu keçib gəldiyi və bu günündən gələcəyinə uzanan yoluna yoldaşdır.
Zamanın sınağından keçərək bu günümüzə gəlib çatan muğamı xanəndələr, musiqiçilər öz ifaları ilə daha da cilalayıb, bu sənətin ənənələrini nəsildən-nəslə ötürüblər. Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Yavər Kələntərli, Rübabə Muradova, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, İslam Rzayev, Əlibaba Məmmədov, Arif Babayev və başqa böyük sənətkarların yaratdığı məktəb bu gün də yaşayır.
Muğam sənətinin yolu hamar olmayıb, çox çətin və mürəkkəb mərhələlərdən keçib. Xüsusilə sovet hakimiyyətinin sərt dövrlərində, 1930-ci ildən 1970-ci ilədək muğam sənətini bəsit, primitiv hesab edənlər olub. Lakin xalqın könlündə yaşatdığı, yaddaşında qoruduğu bu sənəti nə gözdən salmaq, nə də unutdurmaq mümkün olub. Muğam hər yeni ifaçının yaradıcılığında sanki yenidən doğulub.
Yalnız Azərbaycanda, Şərq ölkələrində deyil, dünyada sevilən muğam bəşəriyyətin mənəvi irsinin dəyərli xəzinələrindəndir. Hələ 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət "Dünya ənənəvi musiqisinin antologiyası" kolleksiyasına "Şərqin musiqi antologiyası" seriyasında çıxan "Azərbaycan musiqisi" plastinkasını daxil etməsi bunun bariz nümunəsidir. Azərbaycan muğamları 1975-ci ildə UNESCO tərəfindən "Musiqi mənbələri" seriyasında buraxılıb. 1977-ci ildə ABŞ Milli Kosmik Agentliyi Azərbaycanın milli sərvəti olan muğam musiqi nümunəsini peyklə kosmosa göndərib.
Hər ilin bu günü - 26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunması da bu sənətə qlobal maraqdan xəbər verir. Bu barədə qərar 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən qəbul olunub. O vaxtdan həmin gün bütün muğamsevərlərin, xüsusən, bu sənətin dəyərini bilən, qoruyub yaşadanların, təbliğ edənlərin bayramıdır.
Tarixin keşməkeşli yollarından keçmiş muğam sənətimiz bu gün həm öz vətənində, həm də dünyada layiq olduğu kimi sayılıb-seçilir, sevilir. Milli-mənəvi irsimizin digər nümunələri kimi, muğam sənətimizin qorunmasına, yaşadılmasına, inkişafına və təbliğinə dövlətimiz tərəfindən diqqət və qayğı göstərilir. Ölkəmizdə uzun illərdir həyata keçirilən tədbirlər, ənənəyə çevrilmiş muğam müsabiqələri, festivalları və digər layihələr də bu münasibətin nəticəsidir.
Ölkəmizin paytaxtında Beynəlxalq Muğam Mərkəzinin yaradılması muğam sənətinin təbliği və ifa ənənələrinin yaşadılması baxımından mühüm hadisə idi. Bundan başqa, regionlarda Muğam mərkəzlərinin yaradılmasına dəstək verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədi şəhərində də Qarabağ Muğam Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan muğamının inkişafı və dünyada tanıdılması məqsədilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif müsabiqələr, beynəlxalq festivallar təşkil edilir. Bunlardan biri də dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin 120 illik yubileyi münasibətilə 2005-ci ildən keçirilən Muğam Televiziya müsabiqəsidir. Ənənəyə çevrilmiş bu tədbir muğamlarımızın təbliği və gənc ifaçıların üzə çıxarılmasında mühüm rol oynayır.
Müasir dünyada Azərbaycan muğamının tanıdılması, xalqımızın ənənəvi musiqi sənətininin dünya musiqi irsində layiq olduğu yeri tutması üçün 2009-cu ildə Novruz bayramı ərəfəsi respublikamızın paytaxtında Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə "Muğam aləmi" Beynəlxalq Muğam Festivalı keçirilib. Bu tədbir də ən uğurlu layihələrdən biri olaraq ənənəyə çevrilib. "Muğam aləmi" Beynəlxalq Muğam Festivallarında dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edirlər. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilir, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunur.
Ümumiyyətlə, Heydər Əliyev Fondu muğam sənətinin qorunub saxlanılması, zəngin tarixə malik ifaçılıq sənətinin gələcək nəsillərə çatdırılması, yeni ifaçılar nəslinin yetişdirilməsi istiqamətində təqdirəlayiq işlər görür. 2008-ci ildə Azərbaycan, rus və ingilis dillərində "Azərbaycanın muğam ensiklopediyası"nın (iki cilddə), "Azərbaycan muğamları" layihəsi çərçivəsində "Qarabağ xanəndələri" musiqi albomunun nəfis şəkildə nəşr olunması həmin saysız işlərin yalnız ikisidir.
Qeyd edək ki, musiqiçilərimizin və xanəndələrimizin də Azərbaycan muğam sənətinin dünyada tanıdılmasında xidmətləri təqdirəlayiqdir. Onlar dünyanın bir çox ölkəsinin konsert salonlarında çıxış edərək, fərqli dilə və milli mənsubiyyətə mənsub olan tamaşaçılara muğamlarımızı sevdirə bilirlər.
Muğam sənətinin ən böyük xüsusiyyətlərindən biri onun ənənəyə sadiqliyi qədər də yeniliyə meyilli olmasıdır. Bu sənət bir məcrada qalmır. Ustad xanəndələr öz məktəblərini yaradırlar, bəstəkarlar isə muğamın imkanlarını yeni musiqi janrları ilə birləşdirirlər. Üzeyir bəy Hacıbəylinin yaradıcılığından başlayaraq, Fikrət Əmirovun simfonik muğamlarına, Vaqif Mustafazadənin caz improvizələrinə və başqa bəstəkarlarımızın yaratdıqları müxtəlif janrlı əsərlərə qədər muğamın zəngin və tükənməz sənət mənbəyi olduğunu göstərir.
Muğam xalqımızın yaddaş kitabıdır. Bu kitabın səhifələrində Qarabağın, Şuşanın, Bakının və digər yerlərimizin qədim musiqi məclislərinin, ustad xanəndələrin, tar və kamança ifaçılarının adları var. Onların ifaları əsrləri aşaraq bu gün də yaşayır.
Muğamın hər pərdəsində, hər boğazında xalqımızın ruhu var. Bu ruh yaşadıqca muğam da yaşayacaq. Muğam yaşadıqca isə Azərbaycan xalqının zəngin milli-mənəvi yaddaşı gələcək nəsillərə ötürüləcək.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"